İlk əmri yerinə yetirməli olan ümmət – HEKAYƏ
- Ata, nə üçün müsəlmanlar geri qalırlar?! Bu gün müəllim dünyanın düzənini dəyişmiş tarixi kəşflərdən danışırdı. Hər dəfə bir kəşfdən danışanda, düşünürdüm ki, hansısa müsəlman bir alimin də adı çəkiləcək. Amma çox pis oldum. Bu boyda kəşflərin ardında bir müsəlmanın imzası yoxdur...
Natiq 7-ci sinifdə oxuyurdu. Dərsdən gələndən evdə fikirli halda gəzməsi, anası Validənin diqqətindən yayınmamışdı. Verilən suallara cavab verməyən Natiq, atasının işdən gəlməsini gözləmişdi. Çünki, bütün köklü suallarının cavabını tam dolğunluğu ilə atasından ala bilirdi. Bu dəfə də atasının yanına gəlib, gün ərzində onu rahat buraxmayan mövzunu atasına açdı.
- Natiq, bəzi sualların cavabı birmənalı deyil və bunun cavabı iki vur iki kimi sabit deyil. Dediyin mövzu ilə bağlı zaman keçdikcə, daha dolğun məlumatlar alacaqsan. Amma onu deyə bilərəm ki, tarixi kəşflərin öncülləri arasında müsəlmanlar az sayda deyillər.
- Ata, cəbr, fizika, həndəsə, kimya kitablarını səhərdən araşdırıram. Axı o hansı müsəlmanlardır ki, adaları bu kitablarda qeyd edilməyib?
- Yaxşı, onda sənə bu barədə bir neçə istiqamətdə cavab verməyə çalışım. İlk olaraq əziz oğlum, onu bil ki, bu kitablarda yazılanlar xüsusi olaraq tərtib edilib və hər şey kitabda olanlarla bitmir. Hətta bəzi kitabların adları belə, bu elmlərin müsəlman coğrafiyasından gəlməsinə işarə edir. Cəbr sözü ərəb mənşəlidir və mənası “doldurma” anlamına uyğun gəlir. Mikrobu ilk dəfə İbn Sina tapıb. İbn Sina 29 elmi kəşfin sahibidir.
Bir çox mənbənin də qeyd etdiyinə görə, “0”- ı tapan məhz əl-Xorəzmidir. Sosiologiyanın əsasını ibn Xəldunun adı ilə bağlayırlar. Müasir kibernetikanın banisi də əl-Xorəzmi sayıla bilər. “Alqoritm” sözü məhz bu alimin adından götürülüb.
Tusinin astronomik nailiyyətləri, İbn əş-Şatirin və Tusinin Yerin Günəş sistemində pozisiyası barədə hipotezləri, əl-Biruninin Yer kürəsinin səthini ölçmə metodologiyası, Uluqbəyin rəsədxanası, ibn əl-Baytarın bioloji kəşfləri, ibn Sərafiyunun coğrafi meridian və paralellər barədə elmi əsərləri, Məhəmməd ər-Razinin gözün bəbəyi barədə elmi traktatı, Əli ibn Abbasın xərçəng şişləri üzrə cərrahiyyə işləri – bütün bunlar yalnızca kiçicik bir sadalamadır.
Amma mövzu tək bununla bitmir.
- Bəs necə olub ki, bu qədər müsəlman ixtiraçı, elm adamları olduğu halda onların çoxsunun adı dərsliklərə salınmayıb və onlar haqqında daha az danışılır?
- Hə, əsil mövzu da budur. Bu gün dünyada nə etdiyindən daha çox, onun necə təqdim edəcəyin önəmlidir. Bu gün dünyada söz sahibləri, bir çox mühüm mərkəzlərin sahibləri müsəlmanların fərqli şəkildə tanınmasında maraqlıdır. Müsəlmanların daha çox terrorçu, savadsız, geridə qalmış biriləri kimi tanıdılması üçün milyardlar sərf edirlər. Çox təəssüflər olsun ki, bir çox yerlərdə də buna nail olublar. Məsələn bu gün sənin bu sualı verməyin – elə dediklərimə sübutdur.
- Ata, bəs müsəlmanlar bu vəziyyəti dəyişmək üçün nə edirlər? Məgər sən anladığın bu sadəlikdə həqiqəti anlamaq, bu qədər çətindir? Axı bu durumun dəyişməsi üçün, mütləq addımlar atılmalıdır.
- Əziz balam, onunla-bununla işin olmasın. Elə digər müsəlmanların da problemi budur ki, günahı kimlərdəsə, əlləri çatmadığı yerlərdə axtarır. Bu durumu sən dəyişə bilərsən. Bilirsənmi necə? Çox sadə... Dərslərini elə ali səviyyədə oxu ki, dünyada söz sahibinə çevriləsən. Digərləri sənin kimi bir müsəlmanın simasında elmli, bilikli, topluma faydalı birini görsünlər. Bax, bu günlər – Məbəs günüdür. Həzrət Muhəmmədin (s) Allah tərəfindən peyğəmbərliyə məbus edilən gündür. Heç bilirsənmi Allah Təala Öz Rəsuluna (s) ilk olaraq hansı əmri verib?
- Bəli, ata, bilirəm. Rəsulallaha (s) ilk nazil olan – “Ələq” surəsinin ilk 5 ayəsidir. Və ilk kəlmə - “Oxu” kəlməsidir.
- Əhsən, gözəl balam! Yaxşı, Rəbbimizin ilk əmri “Oxu” olduğu bir halda, bizim geridə qalmağımızın əsil səbəbini indi sən mənə deyə bilərsənmi?
Natiq bir qədər düşünüb, parıldayan gözləri ilə atasına baxdı:
- Ata, mən hər şeyi başa düşdüm!
Yazar. Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Mənbə. deyərlər.org