Öldükdən sonra mirası zədələndimi?

Öldükdən sonra mirası zədələndimi?

Uşaq vaxtı sadəlövhcəsinə öz kumirlərinin cazibəsi altına düşmüş iki şəxsin etirafı böyük bir faciəni üzə çıxarır. Onlar deyirlər ki, Michael Jackson onların pərəstişini ehtiyatla və nəvazişlə, eyni zamanda məqsədyönlü şəkildə və israrla öz cinsi istəyini təmin etməyə yönəldib. Bu, Nabokovun "Lolita" əsərindəki faciənin eynidir - həm aldadılmış uşaqlar üçün; həm də bədbəxt uşaqlığı, ölçüsüz var-dövləti və hüdudsuz imkanları sayəsində həyatı korlanmış Michael-ın özü üçün. Amma filmdə səsləndirilən ittihamların dəhşətini nə faciənin böyüklüyü, nə də onun yaratdığı təəssüf hissi azaldır. Michael Jackson 10 il bundan əvvəl ölməsəydi, böyük ehtimal, bu dəfə daha sərt məhkəmə istintaqıyla üz-üzə qalacaqdı. Bu möhtəşəm müğənninin karyerasını böyük məftunluq və pərəstişlə; ya da mənim kimi, səssiz hörmət və hətta qeyri-ixtiyari heyranlıqla izləyənlərin hamısı üçün sual yaranıb - belə ittihamlardan sonra "pop musiqinin kralı"nın yaradıcılığına münasibət necə olmalıdır? Onun incəsənətdə və mədəniyyətdəki rolu sarsılmazdırmı, yoxsa davranışlarını qınadığımız üçün milyonlarla insanın səmimi qəlbdən və fədakarlıqla ibadət etdiyi sənətini də qətiyyətlə bir kənara atmalıyıq?
Image captionJames Safechuck (solda) və Wade Robson "Neverlendi tərk edərkən" filmində iddia edirlər ki, uşaq vaxtı uzun illər Michael Jackson tərəfindən zorlanıblar.
"Dörd saatlıq sənədli filmin hələ üçüncü dəqiqəsində aydın olur ki, Michael Jackson-ın mədəni irsi əvvəlki yerində qala bilməz", - Britaniyanın The Guardian qəzetinin müxbiri "Neverlend-i tərk edərkən" filminin 24 yanvarda, ABŞ-ın Utah ştatındakı müstəqil kino festivalı "Sundanse"-də nümayişindən bir gün sonra belə yazmışdı. Film Amerikanın HBO kanalında nümayiş etdiriləndən cəmi bir gün sonra isə Kanada və Yeni Zenlandiyada bir neçə radiostansiya Jackson-ın mahnılarını repertuarlarından çıxardıqlarını elan etdilər. Bir çox media quruluşu BBC-yə məxsus "Radio 2"-nin də 24 fevraldan etibarən onun mahnılarını səsləndirmədiyini yazdı, amma korporasiyadan verilən açıqlamada mahnı siyahısında ancaq yeni əsərlərin yer aldığı bildirildi. Amma Michael Jackson-ın yaradıcılığına necə yanaşmaq problemi tezliklə həll olunana oxşamır. Problemin yaratdığı suallara cavab vermək lazımdır. Həm də bu suallar təkcə mənəviyyatla bağlı deyil. Michael Jackson-ın dəyəri milyardlarla ölçülən irsinin kommersiya taleyi onlara verilən cavablardan asılı olacaq.

Dahilik və cinayətkarlıq

Sənətkarın xoşagəlməz şəxsiyyəti və yaradıcılığı arasındakı ziddiyyət dünyanın özü qədər qədim problemdir. Puşkin "Kiçik faciələr"indən birini məhz bu məsələyə həsr etmiş, "Dahi və cinayət bir arada ola bilməz" yazmışdı. Amma Puşkinin bu sərt formulunda belə bir ironiya var: Mozart-ın dahi elan etdiyi Salyeri onu zəhərləyir. Hərçənd real həyatda Antonio Salyeri bu məsələdə tam da uduzmuş sayılmaz. Düzdür, onu yüksək dəyərləndirən Mozartdan fərqli olaraq tarix Salyerini dahi kimi tanımadı, amma dahi bəstəkarı öldürməsiylə bağlı Puşkinin zamanında yayğın olan mifi də dağıtdı. İroniya həm də ondadır ki, Salyerinin adı tarixə məhz bu mif sayəsində düşüb.
Fotonun müəllifiCHANNEL 4
Image caption7 yaşlı Wade Robson Michael Jackson ilə, "Neverlendi tərk edərkən" filmindən.
Vaxt keçdikcə "cinayət" kateqoriyasına elə əməllər, ideya və baxışlar daxil edilib ki, öz zamanında onlar heç də qəbahət sayılmayıb. Richard Wagner, Fyodor Dostoyevski və onların müasirləri üçün antisemitizm kifayət qədər qəbuledilən dünyagörüşüydü. Amma burda da prinsipial fərqlər var. Böyük rus yazıçısının yəhudilərə açıq nifrəti indi çox anormal görünür, amma Wagner-in antisemitimizdən fərqli olaraq bu nifrət insanlıq tarixinin ən böyük cinayətlərindən biriylə - Holokostla nəticələnmiş totalitar siyasi ideologiyanın yaranmasına kömək etmədi. Bəs, bu gün vəziyyət necədir? Cəmi yarım əsr keçib və bütün dünya, o cümlədən yəhudilər Wagner-in bəstələrinin möhtəşəmliyini qəbul edirlər. Yeri gəlmişkən, İsraildəki mənfi ictimai rəyə və hətta qeyri-rəsmi qadağaya baxmayaraq 2001-ci ildə yəhudi Daniel Barenboim Yerusəlimdəki monsertində Wagner-in də musiqisini ifa etmişdi. Leni Riefenstahl-ın yaradıcılığı isə bunun əksidir. Milli-sosializm ideyasına sonsuz sədaqəti və bağlılığı onun möhtəşəm kinematoqrafiya nümunəsi yaratmasına nəinki mane olmuş, əksinə, buna təkan vermişdi. Onun onillər boyu qadağa altında qalmış "İradənin zəfəri" və "Olimpiya" filmlərinə bu gün də haqlı olaraq ehtiyatla yanaşılır - nasizmin dirçəlməsi təhlükəsi hələ tam dəf edilməyib və Riefenstahl-ın yaradıcılığındakı məcazi nasizmin parlaq simvolu təkcə estetlər-kinosevərlər üçün apolitik ibadət obyekti olaraq qalmaya bilər. Daha bir maraqlı fakt. Bu yaxınlarda Londonda Kraliyyət İncəsənət Akademiyası Rus inqilabının 100 illiyi münasibətilə sərgi keçirdi və buna görə təşkilatçıları ötən əsrin 20-30-cu illərində "kommunist terrorunun tərənnümü və təbliğatıyla" məşğul olan sovet incəsənətini təbliğ etməkdə günahlandırdılar.

Təhlükəli ideyalar və real cinayətlər

Amma antihumanist ideyalar və təhlükəli bədii məcazlar dünyası başqa, artıq baş vermiş və hüquqi cəza ehtiva edən konkret cinayətlər başqadır. Michael Jackson-a qarşı irəli sürülən ittihamlar ikincilərdəndir. Hərçənd bu məsələdə də birmənalı cavab yoxdur. Daha doğrusu, hüquqi baxımdan var və olmalıdır. Bəs, məsələnin incəsənət tərəfi necə olsun? "Beatles" qrupunun "Let İt Be" albomunun prodüseri, məşhur "səs divarı" texnikasının yaradıcısı, Michael Jackson-un həmkarı Phil Spector 2009-cu ildə aktrisa Lana Clarkson-u öldürdüyünə görə 19 illik həbs cəzasına məhkum edilib və hələ də həbsxanadadır. O hadisə böyük rezonans doğurmuşdu, amma ictimai rəy Spector-un cinayətini və musiqi sahəsindəki uğurlarını iki fərqli yerə ayırdı. Yazıçı William Burroughs haqqında da eyni sözləri demək olar. Alkoqol və narkotik düşgünü, odlu silah aşiqi olan bu adam 1950-ci ildə Meksikada olanda özü kimi sərxoş olan arvadı Joan Volmer-ə deyir: "Bizim William Tell fokusumuzu göstərmək vaxtıdır". Qadın həvəslə onunla razılaşıb maye dolu stəkanı başına qoyur, Burroughs stəkanı nişan alıb atır, amma beyni dumanlı olduğu üçün atdığı güllə hədəfə yox, arvadının alnına dəyir, Joan elə ordaca can verir. Qətli qəsdən törətməməsi, Meksika qanunlarının "yumşaqlığı" və ailəsinin imkanlı olması kimi səbəblərdən Burroughs həbsxanada cəmi iki həftə qalır - rüşvət və məhkəmə biclikləri hesabına yazıçı cəza almaqdan qurtulur. Amma onun istər narkotiklərlə dolu həyatında, istərsə də son dərəcə açıq-saçıq ədəbi irsində qətl kimi ağır bir bu hadisədə sadəcə bir epizod olaraq qalır.
Fotonun müəllifiGETTY IMAGES
Image caption"Həqiqəti axtarın. Özününz düşünün", "Yalan sprint qaçır, həqiqətsə - marafon" - Michael Jackson-un pərəstişkarları bu şüarlarla keçirdikləri aksiyada "Neverlend-i tərk edərkən" filminin Utah ştatının Park-City şəhərindəki "Sundance" festivalında nümayişinə etiraz edirlər. 23 yanvar 2019-cu il.
#MeToo dövrü Heç bir şübhə yoxdur ki, "Neverlend-i tərk edərkən" filminin bu qədər rezonans doğurması və ümumiyyətlə, bu filmin məhz 2019-cu ildə çəkilməsi və yayımlanması Harvey Weinstein qalmaqalıyla başlayan və getdikcə vüsət almaqda olan #MeToo və "Time's Up" kampaniyalarıyla bağlıdır. Hər iki kampaniya cinsi münasibətlər sahəsində hətta nisbətən keçmişə aid etika və qanun pozuntusu hallarını üzə çıxarmağı hədəfə alıb. Bu məsələylə bağlı ictimai qəzəbin ən böyük hissəsi Kevin Spacey-n payına düşdü. Çəkilişi, demək olar ki, bitmiş "Dünyanın bütün pullları" filmi üzərində iş hələ məhkəmə qərarı çıxarılmadan dayandırıldı, yeni versiyada Spacey-ni Christopher Plummer əvəz etdi. Məhşur "Kağız ev" serialının istehsalçısı "Netflix" kompaniyası Spacey-ni layihədən uzaqlaşdırıldığını açıqladı. Ancaq bu heç də o demək deyil ki, həmin serialın, o cümlədən, aktyorun çəkilmiş olduğu digər filmlərin ("Los-Ancelesin sirrləri", "Amerikasayağı gözəllik" və s.) videolentləri mağazalardan, videotekalardan və onlayn-serverlərdən yığışdırılacaq. Bəli, Spacey və Weinstein kino istehsalından "sürgün" ediliblər, öz peşələrindən uzaqlaşdırılıblar. Amma reputasiyası kəskin pisləşmiş olsa belə, Woody Allen hələ də rejissor kimi fəaliyyət göstərməkdə davam edir. Üstəlik, onun şəxsi imicinin korlanması Allen-in dünya kinosunda ən yaxşı komediyaçı biri statusuna xələl gətirmir. İki ay bundan əvvəl James Franco ilə bağlı az qala alovlanmaq həddinə çatmış ittihamlarsa artıq unudulub. "Bohema rapsodiyası"nın rejissoru Brian Singer-in eyni məsələdə itttiham edilməsi də bu filmin mükafatlar mövsümündə böyük zəfərlər qazanmasına mane olmadı.
Fotonun müəllifiALEXANDER KAN
Image captionMichael Jackson-un portreti. Rəssam Andy Warhol

İndividual seçim

"Michael Jackson" brendinin populyarlığı, cəzbediciliyi və hətta kommersiya gücü də Weinstein, Spacey və kino dünyasında hücumlara məruz qalmış bütün digərlərinin birlikdə götürülmüş populyarlığından və gücündən çoxdur. Jackson-u silib atmaq, unutmaq mümkün deyil. Dünyanın bütün radioları onun mahnılarını səsləndirməkdən imtina etsələr də, onun musiqisi heç yerə yox olmayacaq. Michael-ın əsərlərini hətta bütün onlayn-serverlərdən silsələr belə, onun təkcə "Thriller" albomu dünya üzrə 60 milyon fiziki daşıyıcıda qalmış olacaq. "Kral"ın Andy Warhol, Jeff Koons, Keith Haring və bir çox başqa məşhur rəssamlar tərəfindən çəkilmiş və artıq kanon halına gəlmiş portretləri də it-bata düşməyəcək. Ona olan sayğı və sevgisini saxlayıb-saxlamamaq qərarını isə hər kəs özü verəcək. Bəziləri qəzəblə Michael-ın plastinkalarını, disklərini və plakatlarını zibilliyə atacaq. Digərləri ona qarşı irəli sürülən bütün ittihamları eyni qəzəblə rədd edərək onun haqqında nə deyilməsindən asılı olmayaraq, öz kumirinə sarsılmaz sevgisini qoruyub saxlayacaq. "Neverlend-i tərk edərkən" filminin Britaniyada yayımından bir gün sonra qaradərili bir gənc "Mən yalan deyirəm! Mən yalan deyirəm!" qışqıraraq metro vaqonlarından birinə atılır, sərnişinlərin diqqəti ona yönələndə "Mən Wade Robson kimi yalan danışıram! Mən yalan danışıram! Mən yalan danışıram!" deyib növbəti vaqona keçdi. Heç kimə izah etmək lazım gəlmir ki, Wade Robson keçmişdə Michael Jackson-ın yeniyetmə dostu olmuş və bugünkü ifadələrinə əsasən film çəkilmiş şəxsdir. "Sənətkarın şəxsi həyatının onun yaradacılığına dəxli yoxdur" demək bütün hallarda riyakarlıqdır. Ona görə də biz Michael Jackson-ın istedadını və ittiham olunduğu cinayətləri şəxsi düşüncəmizdə necə "barışdıra" biləcəyimizi düşünməliyik. Onun musiqisi və yaratdığı obraz bizimlə qalacaq və yəqin ki, doğru olan da budur. Amma Michael-ın mahnılarını dinlərkən həm də bunu xatırlamalı olacağıq ki, yaradıcı adam həm də belə xasiyyətli adam ola bilir. Təəssüf ki, canlı insan bəzən öz istedadından pis məqsədlər üçün də istifadə edir. Sevimli müğənninin sənəti bizdə yaxşı hisslər oyadır deyə onun mütləq xeyirxah biri olduğuna inanmaq sadəlöhvlükdür. Bu inam ağır nəticələrə gətirib çıxara bilər. Mənbə. Bbc .com Qeyd.Bbc.com götürülmüş bu məqalənin son cümləsinə qatılmıram. Səbəb isə aşikar dı ki, o cür varlı şəxslərdən pul almaq qoparmaq istəyən vicdansız insanlar var bəlkədə o bunlardan birinə tuş gəldi . Kaş ölərkən müsəəlman olaraq öldüyünə inandığımız kimi təmiz bir şəxs olsun
568 Views