Oruc tutmağın ədəb qaydaları hansıdır?
Oruc tutmağın ədəb qaydalarından danışmazdan əvvəl, oruc tutanların üç dəstəsi ilə tanış olaq. İnsanlar oruc tutmaqlarına görə üç dəstəyə bölünərlər:
1. Ümumi insanların orucudur ki, ancaq qarın və şəhvətlərinə qələbə çalarlar.
2. Xüsusi insanların orucudur ki, birinci dəstənin etdikləri ilə yanaşı gözlərinə, qulaqlarına, dillərinə, ayaq və əllərinə nəzarət edərlər ki, günaha batmasınlar.
3. Xas insanların orucudur ki, bu mərhələdə iki dəstənin etdiyi əməllərlə yanaşı, oruc tutan insanın qəlbi də dünyanın çirkin fikirlərindən uzaq olar və özünə nəzarət edər ki, günah düşüncələrinə bulaşmasın. (İslami saytlara istinadən)
Orucun ədəb qaydaları.
İslam dinində hər bir əməlin ədəb qaydaları olduğu kimi, orucun da ədəb qaydaları vardır ki, onlarla tanış olaq:
1. Günahdan çəkinmək. Allah qonağı özünü hər bir günahdan uzaq tutmalı və büdrəməkdən çəkinməlidir. İmam Əli (ə) Peyğəmbərə (s) sual verir ki, Ramazan ayının ən üstün əməli hansıdır? Həzrət (s) buyurur: “Allahın haram etdiyi hər şeydən çəkinmək”.
2. Vacibatlara əməl etmək. Allah qonağının ikinci vəzifəsi – Allahın vacib buyurduğu əməlləri yerinə yetirməkdir. Hər kim Allah qonağı olar, ancaq oruc tutmaqla kifayətlənməməlidir. Başqa vacibatları da ən gözəl şəkildə yerinə yetirməlidir.
3. Pərəstiş. Allah ziyafətinə qoşulan hər bir müsəlman bu ayda Allaha xüsusi pərəstiş edər və Allah bəndəsi olduğunu isbat etməyə çalışar. Alnını səcdəyə qoyaraq, Allah qarşısında nə qədər müti olduğunu iqrar etdirər.
Əməllərinə diqqət edər. Dua və istiğfar edər. Müstəhəb ibadətlərə xüsusi yanaşma sərgiləyər.
Mənbə. Deyerler.org/