Coğrafi koordinatlar
Biliksiz adam okeanda azan
yelkənsiz gəmiyə bənzər, ya sahilə
çarpılıb parçalanar, ya da
tufana düşüb batar.
Pifaqor
Göy cisimlərinin göydə vəziyyətini təyin etmək üçün göy sferi anlayışından istifadə edilir. Bu fəsildə göy sferi və onun elementləri, göy sferinin fırlanması və onunla bağlı olan bəzi hadisələrlə tanış olacağıq. Göy sferində istiqamətlər Yerə nəzərən təyin olunduğundan bunlardan öncə coğrafi koordinatlar və iqlim qurşaqları haqqında qısa məlumat verəcəyik.
Yer də göy cisimlərindən biridir. Biz də onun üzərində məkan salmışıq. Yer formaca kürəyə çox yaxındır və əksər hallarda onu bircins kürə hesab etmək olar. O, diametrlərindən biri ətrafında fırlanır. Bu diametrə Yerin fırlanma oxu deyilir.
Yerin fırlanma oxu pNpsonun qütb mərkəzindən keçir və iki nöqtədə Yer səthini kəsir. Bu kəsişmə nöqtələri Yerin coğrafi qütbləri adlanır. Şərti olaraq Yerin o qütbü şimal qütbü adlanır ki, ona kənardan baxdıqda Yerin fırlanması saat əqrəbinin əksi istiqamətində baş verir. Şəkil 1.1 də pN Yerin şimal qütbü, ps isə cənub qütbüdür.
Müstəvisi Yerin fırlanma oxuna perpendikulyar olan böyük Yer dairəsinə Yer ekvatoru deyilir.
Aydındır ki, Yerin ekvator müstəvisi Yerin mərkəzindən keçir. Yer ekvatoru Yerin səthini təpəsində şimal qütbü olan şimal yarımkürəsinə və təpəsində cənub qütbü olan cənub yarımkürəsinə ayırır.
Müstəvisi Yerin ekvator müstəvisinə paralel olan kiçik Yer dairələri Yerin coğrafi paralelləri adlanır.
Yerin coğrafi qütblərindən və Yer səthindəki ixtiyari M nöqtəsindən keçən böyük pNMps Yer yarımdairəsinə M nöqtəsinin coğrafi meridianı deyilir.
İngiltərənin Qrinviç rəsədxanasından keçən pNGpsmeridianına başlanğıc və ya sıfırıncı meridian deyilir.
Başlanğıc meridian və ondan 180˚ fərqlənən meridian Yer səthini şərq və qərb yarımkürələrinə ayırır.
Yer səthinin istənilən nöqtəsində ağırlıq qüvvəsi Yerin kütlə mərkəzinə yönəlib. Bu istiqamətdə çəkilən xətlər (məsələn, MT xətti) şaquli xətlər adlanır.
Yer səthindəki hər bir nöqtənin vəziyyəti iki koordinatla: coğrafi enlik φ və coğrafi uzunluq λ ilə təyin olunur.
Meridian dairəsi boyunca ekvatordan M nöqtəsinə qədər olan MK qövsünün uzunluğuna və ya onun qarşısındakı MTK bucağına M nöqtəsinin coğrafi enliyi deyilir. Yəni,
φM=∠MTK vəya ∪KM.
Coğrafi enlik 0° ilə ±90° arasmda dəyişə bilər. Yerin şimal yarımkürəsində coğrafi enlik müsbət, cənub yarımkürəsində isə mənfidir.
Ekvator boyunca Qrinviç meridianından M nöqtəsinin meridianına qədər olan G'K qövsünün uzunluğuna və ya onun qarşısındakı G'TK ikiüzlü bucağa M nöqtəsinin coğrafi uzunluğu λ deyilir. Yəni,
λM=∠G'TK vəya ∪G'K.
Coğrafi uzunluq Yerin fırlanması istiqamətində, yəni, Qrinviç meridianından şərqə doğru ölçülür və 0° ilə 360° arasında qiymətlər alır.
Biz indiyə qədər Yeri kürə şəklində qəbul etdik. Əslində Yer daha sonralar dəqiq öyrənəcəyimiz kimi, kürə yox, kütləsi bircins paylanmayan sferoid (fırlanma ellipsoidi) şəklindədir.
Sferoidin verilmiş nöqtəsində ona çəkilən şaquli xətt və normal üstüstə düşməz və sferoidin mərkəzindən keçməz. Şəkil 1.2 də sferoidin səthindəki M nöqtəsində ona çəkilmiş şaquli xətt MT1, normal MT2 və radius vektor r göstərilmişdir.
M nöqtəsində sferoidə çəkilmiş şaquli xətlə ekvator müstəvisi arasındakı MT1q bucağına M nöqtəsinin astronomik enliyi deyilir.
M nöqtəsində sferoidə çəkilən MT2 normalla ekvator müstəvisi arasındakı MT2q bucağına M nöqtəsinin geodezik enliyi deyilir.
M nöqtəsinin radius vektoru ilə ekvator müstəvisi arasındakı MTq bucağına M nöqtəsinin geosentrik enliyi deyilir.
Astronomik və geodezik enlik bir-birindən cəmi 3" fərqlənir və onu çox zaman nəzərə almamaq olar. Geosentrik və astronomik enlik isə bir-birindən 12' fərqlənir.
Mənbə. kayzen.az istinadən