Yaşamaq, yoxsa həyata sahib olmaq?
Dünyada vacibi əməllərdən sonra insanlığa xidmət – Rəbbimizin ən çox bəyəndiyi əməllərdəndir. Rəbbimiz ən yaxşı bəndələrinin 124 minini məhz bu səbəbdən dünyaya göndərib. Rəbbimiz xidmət mövzusuna olan münasibətini bu ayədən də gözəl necə anlada bilərdi ki, biz bu məsələnənin dəyərini anlayaq?
“Bu səbəbdən İsrail övladlarına yazdıq və qərara aldıq ki, kim can qisası olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə, sanki bütün insanları öldürmüşdür. Kim bir insana həyat bəxş etsə, sanki bütün insanları diriltmişdir”. (“Maidə” 32)
Ayənin bizə verdiyi mesajlara bir neçə pəncərədən baxmaq olar. İlk olaraq bu ayənin içində olan qorxu və ümidi duymalıyıq. Biri – edilən günahın mislini, digəri isə edilən yaxşılığa olan həssaslığı qeyd edir.
Digər tərəfdən isə anlamalıyıq ki, bir insan Rəbbimizin nəzərində bütün insanlıq qədər xüsusi imtiyaza sahibdir. Bizim nəzərimizdə bir insana münasibətin dərəcəsindən asılı olmayaraq, pərdənin o üzündə bu münasibətə fərqli yanaşmalar var. Bu ayəni qəbul edən hər bir insan Rəbbimizinin bir insana qarşı hansı həssasiyyəti göstərdiyini anlaya bilər.
Ətrafımızda olan insanlara qarşı davranış sərgilədikdə bu bilgilərə sahib olmaq – davranışlarımızın keyfiyyətini artıracaq. Bir nəfər deyib keçməyək, nəhayətdə bu, bir insanlıq zəncirinin növbəti halqasıdır. Bu halqanın sağlamlığı insanlıq zəncirinin sağlam olmasına şərait yaradır.
Eyni zamanda ayənin bir hissəsi isə insanın əsil həyat mənbəyini təqdim edir. “Kim bir insana həyat bəxş etsə, sanki bütün insanları diriltmişdir”. Alimlər insanlığa həyat bəxş etməyi hidayət etmək kimi izah edərək, bizə yeni bir baxış bucağı təqdim edirlər. Belə ki, bir insanın əsil dirilməyi onun iman gətirməyi və ya hidayət olması göstərilir.
Dünyaya gəlmək və nəfəs almaq, yemək yemək – hələ əsil həyata sahib olmağımız demək deyil. Əsil həyat, Rəbbin bəxş etdiyi yola sahib olduqda qazanılır. Ayə bizə insanlığa xidmət etmək şansı verir. Məhz bu səbəbdən bir insanın haqqı tapması üçün mümkün olan bütün mübarək yollardan istifadə edərək, müvəffəq olmaq lazımdır.
Xəlilullah (ə) bu yolda oda atıldı, Yəhyanın (ə) bu yolda başı kəsildi, Rəsulallah (ə) bu yolda olmazın əziyyətlərinə sinə gərdi, İmam Əli (ə) bu yolda mehrabda şəhid oldu, digər İmamlar (ə) da şəhadət şərbətini məhz buna görə içdilər. Həzrət Mövla (ə.f) da məhz bu səbəbdən qeybdədir...
Allah bizə insanlığı dirildə biləcək uğurlar nəsib etsin...
Yazar. Mətləb Həmzəli
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu
Mənbə sayt. deyerler.org