Sən belə olmalısan!
Bir psixatriya xəstəxanasında iki nəfər bir-birləri ilə maraqlanmağa başlayırlar. Beləcə biri o birisindən soruşur ki, bəs “sizin burda olmağınıza səbəb nədir?” Digəri də belə cavab verir: - Mən hamının istədiyi kimi biri deyiləm. Hamının istədiyi kimi bir şəxs ola bilmədiyim üçün. - Başa düşmədim ki, siz nə demək istəyirsiniz?
- Atam mənimlə fəxr etmirdi, məndən utanırdı. Çünki mən çox yaxşı şagird deyildim və qiymətlərim də orta səviyyədə idi. Bu səbəbdən də məni həmişə ittiham edirdi ki, mən tənbələm. Çünki o zənn edirdi ki, bir kəs ki, onun uşağıdır, deməli o, adi insan olmamalıdır. Atam, bir gün məni də özünə qoşub, ova apardı. Orda isə məndən istədi ki, mən tüfəngi əlimə alıb, bir ceyran vurum. Çünki, belə olan halda mən onun gözündə əsl kişi hesab olunacaqdım. - Yaxşı, bəs neçə xal ilə qiymətləndirildin? (bu sualı verən həmsöhbəti də demə yaxşı ovçu imiş) Heç bir xal... Çünki, ceyranı vura bilmədim, ağlamağa başladım. O gündən sonra atam məni daha heç vaxt özüylə ova aparmadı. Atam istəyirdi ki, mən də onun kimi vəkil olum. Babam da istəyirdi ki, babamın işini davam etdirim, onun kimi dülgər olum. Anam ilə dayım özləri kimi bank işçisi, nənəm isə ki, din xadimi olmağımı istəyirdi. Məhəlləmizdə bir molla var idi, o istəyirdi ki, mələk tək qüsursuz olum, dostlarım isə film aktyorlarına bənzəməyimi istəyirdilər. Nişanlım isə ümumiyyətlə, hər şey olmağımı istədiyi halda qaynatam olacaq şəxs qızının gözündə qiymətdən düşməsin, həmişə uca qalsın deyə mənim “heç nə” olmağımı diləyirdi. Televiziyadakı nümayişlər, verlişlər, proqramlar mənə öyrədirdilər ki, içkidən istifadə edim, məni həvəsləndirirdilər ki, siqaretə, maşınlara aludə olum, “xəbərlər” verlişi isə əksinə, istəyirdi ki, mən belə şeylərdən uzaq olum Bunları dedikdən sonra bir az nəfəs alıb, sonra davam elədi: Bağışlayın, bəlkə də sizi də narahat etdim. Mən düz bir ildir bu xəstəxanadayam və artıq dəqiq bilirəm ki, mən dəli olmaq istəmirəm. Yaxşı, bəs, siz nə qədər vaxtdır ki buradasınız? - Mən buraya öz qohumumu görmək üçün gəlmişəm - Aydındır, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız.
***
Heç kim ideal deyil. Hər kəs əslində özü olmalıdır. Mənim kimdənsə ideal olmasını, mənim istədiyim kimi olmasını, mənim istədiyim kimi yaşamasını istəmək düzgün deyil, bu eqoistlik, bu haqsızlıqdır. Ətrafa boylansaq və münasibətlərə fikir versək belə hallara çox rast gələrik. Misal üçün sevənlərdən biri digərinə deyir ki, bunu belə etmə, bunu belə demə, ora getmə, bunu oxuma, sən belə ol, sən elə ol və s. Sual olunur: bəs sən bu adamın nəyini sevmisən? İnsan yoldaşına məsləhət verə bilər, nəyisə başa sala bilər, nədəsə gözünü aça bilər. Amma, ondan sənin istədiyin kimi olmasını tələb etmək olmaz. Bu onsuz da alınmayacaq. O özünü nə qədər zorlasa da bir gün elə biruzə verəcəkdir ki, o gün artıq gec olacaq. Həm səninçün, həm onunçun.
Mənbə. kayzen.az