Cek: sadəqətli bir meymunun hekayəsi

Cek: sadəqətli bir meymunun hekayəsi

Adətən insanın ən yaxın dostu hansı heyvandır sualı səslənəndə ağla ilk öncə it gəlir, lakin aşağıdakı nümunədəki meymun bu mənada itlərdən geri qalmır, hətta üstələyir 🙂

Sözügedən meymunun adı Cekdir. Ceki tarixdə digər meymunlardan fərqləndirən məqam isə fiziki məhdudiyyətli sahibinə 9 il boyunca kömək edərək dəmiryolunda siqnalçı kimi fəaliyyət göstərməsidir.

Hekayə 1880-ci ilin Cənubi Afrikasında başlayır. Həmin Port-Elizabet ilə Keyptaun şəhərləri arasındakı dəmiryolunda işləyən Ceyms Uid adlı fiziki məhdudiyyətli dəmiryol işçisi Eytenxaxedəki bazarda gəzərkən öküzlərə çobanlıq edən paviana rast gəlir. Meymunun bacarıqlarından təsirlənən Uid onun sahibinə yaxınlaşaraq onu alır, ona Cek adını verir və onu öyrədərək şəxsi köməkçisinə çevirir.

Uidin gündəlik həyatda köməyə ehtiyacı var idi. İllər öncə hər iki ayağını da bir iş qəzası zamanı itirmişdi və bu, qatar stansiyasına gediş-gəlişini çətinləşdirirdi. Uidin kotteci stansiyadan yarım mil uzaqlıqda idi və onun Cekə öyrətdiyi ilk şey əlil arabasını itələmək idi. Daha sonra Cek ev işlərində kömək etməyə, yerləri süpürməyə, zibilləri atmağa başlayır. Əvvəlki sahibi Uidə xəbərdar etmişdi ki, əgər hər gecə Cekə bir qurtum Ceyp konyakı verməsə, Cek növbəti gün özünü qaşqabaqlı aparacaq və heç nə etmək istəməyəcək. Doğurdan da günlərin birində Uid Cekə bunu etməyə unutduğuna görə Cek onu işə aparmaqdan imtina etmişdi və Uid özbaşına işə getməyə məcbur olmuşdu 

Tezliklə Cek qatar stansiyasındakı işində də sahibinə kömək etməyə başladı. O dövrdə qatarlar Eytenxaxe dəmiryolu stansiyasındakı dəmiryol siqnalına yaxınlaşanda hansı istiqamətə gedəcəyini müəyyənləşdirən siqnalçını xəbərdar etmək üçün fit çalırdılar. Cek sahibini diqqətlə izləyərək onun işini mənimsəyir və qolları qaldırmağa başlayır.

Qısa müddət sonra Uid meymununa peşəkar şəkildə işini öyrədə bilir və köməkçisi sayəsində işi daha yüngülləşir.

Bir gün pəncərədən baxan elit qatar sərnişinlərindən biri siqnalçının insan deyil, meymun olduğunu görür və şoka düşür. Daha sonra vəziyyəti Keyptaunda dəmiryol şirkətinə şikayət edir. Dəmiryolu şirkətinin sahibləri əvvəlcə buna inanmırlar və mövzunu araşdırmaq üçün stansiyaya gəlirlər. Siqnalçının bir insan deyil, meymun olduğunu görəndə onlarda çox təəccüblənirlər, Ceki və sahibini vəzifədən azad edirlər, lakin Uid meymunun bacarıqlarının test edilməsi üçün xahiş edir. Uidin xahişi qəbul edildi və bu işi bacarıb-bacarmadığını öyrənmək üçün onu test etməyə qərar verirlər. Maşinistə gizli təlimatlar verilir ki, hər dəfə fərqli siqnal vesin. Cekin işi peşəkarca qavradığını görən dəmiryolu müfəttişləri onları işə qaytarırlar və Cekə rəsmi iş nömrəsi verirlər. Hətta Cek üçün 20 sentlik maaş və həftəlik 1 şüşə pivə təyin olunur. Dəmiryolu müfəttişlərindən biri olan Corc B. Houv xatirələrində Cek haqqında tez-tez danışırdı.

Sadəqətli meymun Cek 1890-cı ildə vərəmdən ölür. Cek düz 9 il boyunca dəmiryolundakı işi zamanı bircə dəfə də olsun səhv etməmişdi. Hazırda onun skeleti Qreyamstaun şəhərində yerləşən Albani muzeyində sərgilənir və köhnə Eytenxaxe stansiyasında ona həsr olunmuş fotoqrafik muzey yaradılıb.Nə düşündünüz?
Mənbə. bildirchin.az

568 Views