Giuseppe Verdi kimdir ?

Giuseppe Verdi kimdir ?

Bir gün Milan Konservatoriyasının direktorunun yanına cavan bir oğlan gəlir və onu qəbul imtahanına buraxmağı xahiş edir. Qəbul komissiyası iddiaçının əsərləri ilə tanış olandan sonra ona qəti rədd cavabı verir. Həmin hadisə 1832-ci ilə təsadüf edir. Bir neçə onillikdən sonra isə Milan Konsevatoriyası vaxtilə bəyənmədiyi gənc musiqiçinin adını daşımaq şərəfinə nail olmağa səy göstərir. Həmin musiqiçinin adı Cüzeppe Verdidir.

XIX əsrin 30-cu illərində italyan opera sənətinə qeyri-adi, nadir istedadlı bir sənətkar gəlir. Onun operaları Avropanın müxtəlif ölkələrində tamaşaya qoyulur və sözün əsl mənasında gurultu qoparır. Bəstəkarın yaratdığı gözəl melodiyalar dillər əzbəri olur, hətta o qədər geniş yayılır ki, onları italyan xalq mahnıları sanırlar. Bu müəllifin əsərləri indiyədək də italyan operasının ən uca, əlçatmaz zirvəsi hesab olunur, dünyanın ən nüfuzlu opera teatrları onları repertuarına daxil edir. Həmin sənətkarın adı Cüzeppe Verdidir. Taleyin hökmü ilə Verdi Vaqnerlə bir ildə dünyaya gəlmiş, sənətdə də yolları oxşar olmuşdur. O da öz yaradıcılıq axtarışlarını əsasən opera janrı istiqamətində aparmış, bu janrın inkişafına mühüm töhfələr vermişdir. Lakin Verdinin opera janrına münasibəti — onun həm məzmununa, həm də musiqi üslubuna qarşı qoyduğu tələblər Vaqnerdən tamamilə fərqlidir. Belə ki, Verdi qədim əfsanə və rəvayətlərə qətiyyən maraq göstərmir, real həyatdan götürülmüş və mütləq gərgin emosiyalar və kəskin təzadlarla yoğrulmuş süjetlərə müraciət edir. Əgər Vaqner simfonik orkestrin səlahiyyətlərini genişləndirməyə meylli idisə, Verdi, əksinə, insan səsinə, vokal partiyalara üstünlük verir. Verdi operalarının təsir gücünün sirri onların italyan folklorundan bəhrələnməsi, canlı, ifadəli melodiyaların bir-birini əvəz etməsidir. Hətta Vaqnerin xüsusi maraq göstərdiyi leytmotiv prinsipi də Verdini biganə qoyur. Doğrudur, o da bəzi qəhrəmanlarını qısa musiqi mövzuları ilə səciyyələndirir, lakin həmin üsuldan Verdi operalarında çox məhdud şəkildə istifadə olunur.

Verdi uzun və mürəkkəb yaradıcılıq yolu keçmişdir. O, 26 opera bəstələmişdir. Onlardan birincisi — «Oberto»nu 1839-cu ildə, sonuncusu — «Falstaf'»ı 1892-ci ildə, səksənillik yubileyi ərəfəsində yazmışdır. Verdinin ən məşhur operaları sırasında: «Riqoletto» (V.Hüqonun «Kral əylənir» dramı üzrə), «Traviata» (A.Düma — oğulun «Kameliyalı qadın» əsəri üzrə), «Trubadur», «Aida», «Otello» (U.Şekspirin eyni-adlı dramı əsasında) əsərlərini göstərmək olar. Onu da qeyd edək ki, «Aida» — Misirdəki Qahirə Opera Teatrının sifarişi ilə, Süveyş kanalının təntənəli açılış mərasimində ifa olunmaqçün yazılmışdır.
Operalardan savayı, Verdi yaxın dostu və sirdaşı şair Alessandro Mandzoninin xatirəsinə möhtəşəm «Rekviyem» də bəstələmişdir. Bu əsər də Verdi irsinin ən gözəl səhifələrindəndir. Cüzeppe Verdinin vəfatı nəinki bəstəkarın vətənində, bütün dünyada dərin kədər hissi ilə qarşılanır. Dəfn günündə İtaliya Senatının göstərişi ilə məktəblər, idarələr bağlanır. Milanın yüz minlərlə sakini sevimli sənətkarını son mənzilə yola salmaq üçün küçələrə çıxır. Bu günədək italiyalılar Verdini özlərinin milli qəhrəmanı sayır, onun sənəti qarşısında hörmətlə baş əyirlər.

https://youtu.be/ZDFFHaz9GsY

Bu əsərlərlə tanış olmaq lazımdır:
✓ «Traviata» operasi: «Süfrə başında oxunan mahnı»; Alfredin ariyası
✓ «Riqoletto» operasi: Hersoqun balladası, Cildanın ariyası, Riqolettonun mahnısı, Hersoqun mahnısı
✓ «Aida» operasi: Radamesin romansi; Marş, Aida və Radamesin dueti
✓ «Nabukko» operasi: "Əsir edilmiş yəhudilərin xoru"


Mənbə Ayna uşaq ensiklopediyası MUSİQİ səmimiyyət məbədi
Müəllif Aida Hüseynova

Mənbə. kayzen.az

568 Views