Oğlaq bürcünün xarakteri
Oğlaq bürcü öz qeyri-adiliyi ilə fərqlənir. Belə ki, «Oxatan» dövründə nisbi sakitlik və münasibətlərdə mülayimlik bərqərar olursa, Oğlaq bürcünün Göy qübbəsinə hakimlik etdiyi ərəfədə yenidən «alovlar püskürür». Bununsa bir neçə incə səbəbi var. Əvvəla ona görə ki, bu «soyuq» Zodiak insanlarda ilk növbədə səbrsizlik, müsahiblərlə razılaşmamaq, ailə zəminində qanqaraldıcı hadisələr vəd edir. Üstəlik, bu bürc mövcud olduğu dövrdə siyasi çəkişmələr, cəmiyyətdə gedən proseslərdə gərginlik, o cümlədən, sosial partlayışlar da baş verir. Bu səbəbdən də sözügedən «təhlükəli» bürcün əhatəsində ehtiyatlılığı maksimal həddə çatdırmaq lazımdır.
Ulduzlar sistemində 10-cu yeri tutan oğlaq bürcü bir qayda olaraq dekabrın 22-dən yanvarın 20-nə qədər davam edir. Ünsürü torpaq, planeti Saturn, düşərli günü çərşənbə axşamı, şənbə, düşərsiz günü bazar ertəsi, cümə axşamı, metalı dəmir, uğurlu rəngi tünd-yaşıl, qara, göy, uğursuz rəngi ağ, uğurlu daşı rubin, oniks, enerji verən çiçəyi ağ qərənfil, qara lalə, uğurlu rəqəmi isə 3 və 5-dir.
Oğlaq bürcünü əmələ gətirən ulduzlar Göy qübbəsinin təxminən 400 kvadrat dərəcəlik sahəsini tutur. Onun tərkibinə adi gözlə görünən 50-yə yaxın ulduz daxildir. Astronomik sırada 5-ci yer tutan Saturn Roma allahı Saturnun şərəfinə belə adlandırılıb. Astrologiyanın yarandığı ilk dövrlərdə bu planeti yeraltı aləmin hakimi hesab edir, onun himayəsinə daxil olan adamlara qazıntıda, şaxtada işləməyi məsləhət görürdülər. Antik dövrün münəccimləri Saturnu «Qəmli xatirələr planeti» adlandırırdılar. Onun radiusu 60100 km, elementi torpaq, tərkibi soyuqluq, xatakteri isə şöhrətpərəstlikdir.
Haqqında yazdığımız Zodiak işarəsi altında dünyaya gələn adamların olduqca əzablı taleyi olur. Hələ erkən yaşlarında gələcək həyatını proqramlaşdıran «Oğlaq»lar nadir hallarda istədikləri ömrü yaşaya bilirlər. Roma İmperiyası dövründə yaşayan məşhur astroloq Arbitr Petronin bu bürc haqqında olduqca dəqiq proqnoz verirdi. Belə ki, onun qələmə aldığı «Satirikon» kitabında «Oğlaq» barədə belə bir ifadə işlənir: «Oğlaq bürcü altında doğulanların dərd əlindən buynuzları çıxır». Bu məlumat məcazi mənada işlənilsə də, müəllif onun izahını ustalıqla verir. Petronin əsaslandırır ki, bu bürcün sakinləri yaşadıqları ömürdə, xüsusən də, 35 yaşına qədər hədsiz təzyiq və tənələrə, haqsızlıq və amansızlıqlara məruz qalır, son məqamda onların qəlbində hamıya qarşı kin-kidurət və qisasçılıq meylləri güclənir.
Petroninin sözündə həqiqət var. Çünki Oglaq bürcü altında doğulanlar, bir-iki nəfəri çıxmaq şərtilə heç kimə xüsusi simpatiya bəsləmirlər. Amma bu, heç də o demək deyil ki, hamıya «yuxarıdan aşağı» baxırlar. Belə adamlar çox işləyir, rahatlıq bilmir, hətta xəstə ola-ola yenə də bekar durmurlar. Onlar hər şeydən əvvəl özləri üçün, öz ideyaları naminə mübarizə aparırlar. «Oğlaq»lardan ötrü özlərindən qabaqda heç kəs yoxdur. Bəzən öz doğma övladları da onlar üçün «daha vacib» hesab olunmur.
Zodiak bürclərinin bu nümayəndələri həssas, savadlı, məğrur, təkəbbürlü, ehtiyatsız iş tutmayan, hamının hörmətini qazanmağa çalışan adamlardır. Onların ən mənfi xüsusiyyəti qəfil inadkarlıqları, fikirlərinin tez-tez dəyişməsi, xüsusən də qapalı olmalarıdır. «Oğlaq»lar yalan uydurub müsahiblərini inandırmaqda passivdirlər. Belələrinin söhbətinə qulaq asanda asanlıqla öyrənmək olar ki, nəyi ciddi deyir-nəyi yalan, nəyi süni deyir-nəyi sidq-ürəklə.
Oğlaq və magiya bir-birinə zidd anlayışlardır. Bu, bir tərəfdən yaxşıdır. Çünki «Oğlaq»lar magik təsirə məruz qalmır, bədnəzərdən uzaqdırlar. Onlar uzun müddət heç bir narahatlıq keçirmədən «qara» mühitdə yaşaya bilir, çox güclü vampirlərlə, pisniyyət insanlarla ünsiyyət yaradırlar. Lakin «Oğlaq»ların da mənfi xüsusiyyətləri az deyil. Belə ki, onlar bəzən qarşılarına çıxan hər şeyi darmadağın edirlər. Oğlaq bürclülərin etmək istədiyi istənilən cadu, tilsim həm onun özünə, həm də düşməninə böyük zərər gətirə bilər. Yeganə bürcdür ki, onlarda özünüinkar, daxili təzadlar boldur. Belə ki, «Oğlaq»lar bir tərəfdən qara magiyadan hücum üçün maksimum yararlanır, digər tərəfdənsə əllə toxunula bilməyən hər şeyi inkar edirlər. İkinci səbəbə görə onlar magik mərasimlərlə maraqlanmırlar.
Karmik astrologiyaya görə, oğlaq bürcündə olanlar anadagəlmə təşkilatçıdır. Əgər onun kollektivi yoxdursa, o, bu istedadını öz həyatını qurmağa tətbiq edəcək. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik «Oğlaq» üçün xarakterikdir. Onlar emosional deyillər, hətta bir qədər «quru adam» təsiri bağışlayırlar. Lakin çətin layihə və planları həyata keçirmək üçün lazım olan xarakterik xüsusiyyətlərə malikdirlər. Bu bürc altında doğulanların həyatındakı əsas hiss bədbinlikdir. Bu adam ilk baxışdan həyata nəzər yetirərkən əsasən ümidsiz dərəcədə dolaşmış xaosu və öz planlarını reallaşdırmağın qeyri-mümkün olduğunu görür. Lakin illər keçdikcə həyatda öz yerini tapır və həyata münasibəti dəyişir.Klassik astrologiyaya görə, «Oğlaq»lar son dərəcə sadəlövh və tez inanandır. Bu səbəbdən də ömürləri boyu başları qalda keçir, bəlalara düçar olurlar. Hindlilərin fikrincə, bu adamların ailədə necə olması yalnız özlərindən asılıdır. İstəsələr, bircə anda hamıda xoş əhval, yaxud da əsəbi gərginlik yaradarlar. Amma nümunəvi ailə başçısı (evdar xanım) olmağa da qabildirlər. Onlar ahıl yaşlarında törətdikləri günahlarını başa düşür, düz yola qayıdırlar. Əlbəttə ki, ömür vəfa etsə…
Oğlaq bürcündə doğulan qadınlar dünyanın ən qəribə, ən sirli, müəmmalı varlıqlarıdır. Onlarla «oyun oynamaq», onları razı salmaq çox çətindir. Belə qadınlar heç vaxt istəməzlər ki, övladları ata tərbiyəsi alsınlar. Çünki onlar ailədə aparıcı şəxs olmaq üçün hər şeyə gedirlər. Belə qadınlar ömür-gün yoldaşlarını öz iradələrinə tabe etdirir, özlərindən asılı vəziyyətə salmaq istəyirlər. Bu xanımlar həmişə həyat yoldaşlarını passivlikdə günahlandırır, "əfəl" adlandırırlar. Yeri gəlmişkən, belə «Oğlaq»lara uzunmüddətli ər olmağı hər kişi bacarmır.
Saturn öz himayəsində olan qadınlara (Oğlaq və Sutökən) yaraşıqlı, gözəgəlimli sifət verir. Hətta onlar 40 yaşında da 16 yaşında olan təravətlərini itirmirlər. Amma dediyimiz kimi, başlarına gətirilən müsibətlərə görə hamıya, bəzən öz övladlarına da nifrətlə yanaşırlar. Ərə gedənə qədər mənalı və romantik günlər yaşayan «Oğlaq» bəzən sonrakı dövrdə «qəddarlaşır». Onlar öz uşaqlarını xüsusi ampulada tərbiyə edir, hamıdan üstün görməyə çalışırlar. Təəssüf ki, bu proses övladları evlənənə qədər davam edir. «Mən çəkən əzabları sən də çəkməlisən»,- prinsipini əsas tutan bu qadınlar övladlarını əziyyətə alışdırmağa səy göstərirlər. Bu isə çox vaxt bədbəxt hadisələrlə, ayrılıqlarla nəticələnir.
Sonda bir şeyi də qeyd edək ki, verilən məlumatlara görə bizi qınamağa dəyməz. Çünki istifadə etdiyimiz və dünya münəccimlərinin təsdiqlədiyi 6 mənbənin hamısında təxminən eyni məlumatlar yazılıb. Bu bürcün sakinləri həssas və duyğulu olduqlarından daha çox yaradıcılığa meylli olurlar. Onları qələmsiz təsəvvür etmək çətindir. Tərəzi bürcündən sonra müəllim-pedaqoq peşəsinə ən yaxın olan Zodiak da məhz Oğlaqdır. Belə adamlarda musiqi istedadı da olur. Onlar xırda biznes, texnika, dilçilik, incəsənət və s. sahələrdə asanlıqla məşhurlaşırlar.
Məşhur «Oğlaq»lar: Yusif Səmədoğlu, Firudin Köçərli, Leyla Bədirbəyli, Anar, Zeynəb Xanlarova, Əlağa Ağayev, Əbülfət Əliyev, Eldəniz Zeynalov, Səməndər Rzayev, Mədinə Gülgün, Vidadi Babanlı, Yalçın Rzazadə, Ќuriyyə Əhmədova, Səfurə İbrahimova, Mikayıl Mirzə və b.