Üfüqün cəhətləri
Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal- şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhətləri var. Dənizçilər üfüqün cəhətlərini rumb adlandırırlar. Məhəldə cəhəti günəşə, ulduzlara, qnomona, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Bu üsullarla əvvəlcə şimal, sonra isə qalan cəhətlər təyin olunur. Məs: günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində bitən mamır şimalı göstərir. Gecə ən parlaq ulduz olan Qütb ulduzu da daima şimal qütbünün üzərində dayanır. Qarışqa yuvasının ağzı, tənha ağacın ən çox qol-budağı cənubda olur.
Biz şimal qütbündə dayansaq bütün nöqtələr cənubda, cənub qütbündə dayansaq bütün nöqtələr şimalda yerləşmiş olacaqdır. Ilk kompas b.e.ə II əsrdə Çində ixtira olunub. Kompas əqrəbinin göstərdiyi əsas istiqamətlər şimal-cənub istiqamətləridir. Yer kürəsinin Şimal və Cənub coğrafi qütbləri yaxınlığında güclü maqnit sahəsinin olması maqnitlənmiş kompas əqrəbini bu səmtə yönəldir. Həmin sahələr maqnit qütbləri adlanır. Məhəldə müxtəlif obyektlərin bir-birinə nəzərən mövqeyini təyin etmək üçün azimutdan istifadə olunur.
Şimala olan istiqamətlə verilən istiqamət arasında qalan və saat əqrəbinin hərəkəti üzrə ölçülən bucaqlara azimut deyilir. Azimutun dərəcə qiyməti 0-3600 arasında dəyişir. Azimutu məhəldə kompasla, planda isə transportirlə ölçürlər. Məhəldə təpənin hündürlüyünü ölçmək üçün hündürlüyü 1 m olan nivelir adlı cihazdan istifadə olunur.
Yer səthinin 1 nöqtəsinin digərindən nə qədər yüksəkdə olduğunu göstərən hündürlüyə nisbi hündürlük deyilir. Başqa sözlə nisbi hündürlük 2 nöqtə arasında qalan hündürlük fərqidir.
Okean səviyyəsindən hesablanan yüksəkliyə mütləq hündürlük deyilir. Başqa sözlə okean səviyyəsi ilə verilmiş nöqtə arasında qalan yüksəklik fərqinə mütləq hündürlük deyilir. Planda təpənin, dağın zirvəsinin mütləq hündürlüyü nöqtə ilə qeyd olunaraq, yanında rəqəmlə okean səviyyəsindən olan mütləq hündürlük (metrlə) yazılır.
Yer səthi plan və topoqrafik xəritədə horizontallarla təsvir olunur. Horizontallar (izohipslər)-yer səthində okean səviyyəsindən eyni hündürlüyə malik nöqtələri birləşdirən xəttlərdir. Əgər yamac dikdirsə, horizontallar planda sıx, maildirsə bir-birindən aralı çəkir. Horizontalların sayının çoxluğu yamacın hündür olmasını göstərir. Planda qonşu horizontalların hündürlük fərqinə kəsmə hündürlük deyilir. Onun qiyməti planın aşağısında, xətti miqyasın altında belə yazılır: «horizontallar hər 5 m-dən 1 çəkilib».
Berqştrix - horizontallara perpendikulyar çəkilmiş xətlər olub, səth axınlarının və yamacın meyllik istiqamətini göstərir. Berqştrixlər planda təpəni təsvir edən horizontallarda kənara, çökəkliyi təsvir edən horizontallarda daxilə doğru yönəlmiş olur. Planda eyni dərinliyə malik olan nöqtələri birləşdirən xəttlərə izobatlar deyilir.
Mənbə. kayzen.az