Herta Müller haqqında
Qəribədir ki, dərədə inəklərin keşiyini çəkən uşağın yolu Stokholm şəhər binasına da düşdü! Burada da, həmişə olduğu kimi, özümə kənardan baxıram.
O vaxtlar anamdan icazəsiz hazırlıq məktəbinə getmişdim. O, mənim kənddə dərzi olmağımı istəyirdi. O, şəhərə köçsəm, dəyişiləcəyimi bilirdi. Dəyişildim də… Kitab oxumağa başladım. Kənd mənə bir adamın doğulduğu, evləndiyi və öldüyü bir yer kimi görünməyə başladı.
Kənddəkilər sanki köhnə zamanlara aid idilər, sanki yaşlı doğulmuşdular. Gənc qalmaq istəyirəmsə gec-tez kəndi tərk etməyin vacibliyini düşündüm. Kənddə hamı dövlət tərəfindən qısdırılmışdı, amma bir-birilərinə qarşı da, özünüməhvetmə nöqtəsinə qədər nəzarətçi idilər. Həmin qorxaqlıq və nəzarətçilik şəhərdə də var idi. İnsanların şəxsi həyatlarında mənimsədiyi özlərini yox etmə ölçüsündəki qorxaqlıq və fərdi yox edən dövlət nəzarəti. Diktatorluq zamanındakı gündəlik həyat ən qısa bu şəkildə təsvir edilə bilər məncə.
Xoşbəxtlikdən şəhərdə yeni dostlar qazandım. Aktionsgruppe Banatdan (söz azadlığı uğrunda mübarizə aparan ədəbi cəmiyyət – N.B.Z) olan dostlar da buna daxildir. Onlar olmasaydı, nə bir kitab oxuya bilərdim, nə də yaza bilərdim. Ən vacibi isə bu dostlar mənim üçün ayrılmazdı. Onlar olmasaydı, bu sıxıntılara qarşı dayana bilməzdim. Bu gün bəziləri məzarda olan və Rumıniya gizli xidmətinin vicdanına həvalə etdiyim bu dostlarımı düşünürəm.
Bir çox insanın sındığını gördüm. Mən də sındırılmağın astanasında idim, ancaq bunun reallaşmasından az əvvəl Rumıniyanı tərk etməyi bacardım. Çox şanslı idim və mən buna layiq deyildim. Onsuz da şans layiq olunmayan bir şeydir. Bəlkə xoşbəxtlik paylaşıla biləndir, amma təəssüf ki, şans paylaşılmır.
Hal-hazırda Stokholmda özümə kənardan baxarkən yenidən özümü çox şanslı hiss edirəm. Çünki bu mükafat, o əzici təzyiqi yaşayanlara yaşadıqlarını xatırlatdığı kimi, Tanrıya şükürlər olsun ki, bunu yaşamayanlara da təzyiqi həmişə hiss etmələrində yardımçı olur. Çünki bu günə qədər cürbəcür diktatorluq görmüşük. Bəzi diktatorluqlar İrandakı kimi hələ də davam edir və bizi qorxuya salır. Rusiya və Çin kimiləri isə iqtisadiyyarlarını liberallaşdıraraq, nəciblik donlarını geyirlər, ancaq insan haqları məsələsində hələ də Stalinizm və ya Maoizm təsiri altında qalırlar. Bir də Şərqi Avropada yarı-demokratlar var. 1989-cu ildən bəri bu nəciblik donunu elə tez-tez geyinib-soyundular ki, don artıq parça-parçadır.
Ədəbiyyat bütün bunları dəyişdirə bilməz. Ancaq geri baxanda başa düşülür ki, ədəbiyyat dəyərlər sıradan çıxarkən bizə içimizdə və ətrafımızda nə baş verdiyini göstərən bir gerçəklik yaratmaq üçün dili istifadə edir.
Ədəbiyyat hamı ilə tək-tək söhbət edir. O, beynimizin içindəki şəxsi mülkiyyətimizdir. Heç bir şey bizimlə bir kitab qədər qüvvətli şəkildə danışa bilməz. Və bir kitab düşündüyümüz və hiss etdiklərimiz istisna olmaqla, bizdən heç nə istəmir.
İsveç Akademiyasına təşəkkür edirəm.
Mənbə . Kayzen.az istinadən