Kurban Bayramı'nın felsefesi
Bismilləhir-Rahmənir-Rahim! Qurban bayramı... Allah Evinin ziyarətinə getmiş hacılar ümrə əməllərini yekunlaşdırıb, yenidən ehramlanırlar. Təqva və paklıq rəmzi olan libası geyinərək, Ərəfət çölünə üz tuturlar hacılar. Rəbləri ilə əhd-peymanlarını təzələmək, İlahi hüzurda vücudi imtahanlarını şərəflə vermək üçün müqəddəs Ərəfət çölündə vüquf edirlər – məskun olurlar hacılar. Rəbləri qarşısında günahlardan paklanır, rəzillik və çirkinliklərdən imtina edərək, ibadət edirlər onlar... Nələrin simvolu var burada... Axşamçağı milyonlarla insandan ibarət bir möhtəşəm sel Məşhərül-hərama – Qiyamət səhnələrini xatırladan bir məkana üz tutacaq. İnsanın özünəqayıdışına təkan verən riqqətli anlarını yaşayır burada hacılar. Sübh açılır... Mübarək zilhiccə ayının 10-cu gününün sübhü. Günəşin şölələri Yer üzünü işıqlandırmağa başlayarkən, hacılar Minaya keçid edirlər. Necə də əzəmətli bir toplum! Nə möhtəşəm bir səhnə! Minada hacılar lənətlik iblisi simvolizə edən cəmərələrə - sütunlara yetişirlər. Burada öz hiddətlərini zahir edir, xəbisliklərə, nəfsani asılılıqlara nifrətlərini büruzə verirlər. Daşlayırlar lənətlik iblisi hacılar... Daşlayırlar qəlblərində olan rəzil qul psixologiyasını! Atdıqları hər daşla sanki damcı-damcı çıxarırlar rəzillikləri qəlblərindən onlar! Əslində iblisin (lən) hər bir təzahürünə, hər bir zülmünə, hər məkan və zamanda, hər rəzil sifətdə, hər mənfur cilddə olan təzühürünə daş atırlar hacılar! Daşa basırlar lənətlik şeytanı hacılar! Sonra hacılar qurbangaha gedirlər. Allah! Allah! Düşünmək istəyən insan üçün nələri simvolizə edir bu qurbangah! Bəndənin ixlasını, Rəbbi önündə gözəl imtahan vermənin rəmzidir bu qurban! Əzəmətli bir bayramdır Qurban bayramı. Mövcudiyyətin fəlsəfəsinə nə dərin eyham var burada… İlahi imtahandan sonadək ləyaqətlə çıxmağa bir abidədir bu gün. Fədakarlığı örnək edən, gözəl amal uğrunda ən qiymətlisindən belə, keçməyi öyrədən bir gündür bu gün… İsmayıl qurbanlığı Həzrət İbrahimin (ə) qurbanı – İsmayıl qurbanlığı... Allah Təala Həzrət İbrahimi (ə) – Öz müxlis bəndəsini sınağa çəkir. Sevimli övladını qurban kəsməyi buyurur ona Rəbbi. İlahi buyuruşu yerinə yetirmək üçün oğlunu götürüb Minaya gedir Həzrət İbrahim (ə). Oğlunu Allah yolunda qurban kəsmək istəyərkən, möcüzə baş verir – kəsmir bıçaq! İlahi tərəfdən bəndənin üzərinə düşən vəzifə nə qədər çətin olsa da, İlahi eşqin şirinliyi bu çətinliyə qalib qəlir və lakin, bu anda, kəsməyə məhkum olan iti bir bıçaq öz kəsmək funksiyasını yerinə yetirməyə aciz qalır! Bıçaq hərəkətə gətirilir, baş – bıçağın altında, amma iti bir bıçaq kəsmir! Allahın əmin mələyi – Həzrət Cəbrayıl (ə) nazil olaraq, Həzrət İbrahimə (ə) buyurur ki, o, İlahi imtahandan şərəflə çıxmışdır. Bir qoyun əta edilir Həzrət İbrahimə – İsmayıl qurbanlığı. İsmayılın yerinə bunu qurban kəsmək buyurulur ona. İlahi! Necə heyrətli bir səhnə! Necə vücudi bir durum! Kəsməli olan bəndə də, kəsilməli olan bəndə də şərəflə öz imtahanlarını verirlər! Bütün yaradılış aləmi bu vücudi səhnəni qibtə ilə seyr edir. Budur həqiqi insan! Budur həqiqi bəndə! Budur kamil bəndə məqamı! İnsan bəndəlik məqamına, kamillik məqamına beləcə ucalır! Bu şərəfli imtahanın müqabilində bir gerçək kəsilməli İsmayıl qurbanlığı bəşərə hədiyyə edilir... Minaya ayaq basmış hacılar, Allah dərgahında bu səhnəni yaşayaraq, Allah dərgahında qurban kəsirlər. Bu mətləbdir Qurban bayramının fəlsəfəsini özündə təcəssüm edən, İlahi Quran məntiqindən əxz edilən gözəl və dərin bir mətləb – Uca Allaha həqiqi bəndəlik etmək məqamının daşıyıcısı olmaq və bu ülvi məqamı hər bir şəraitdə yaşatmaq, çətinliklərə sinə gərərək, həyata keçirmək. Hər bir müsəlmanın üzərinə bu vücudi səhnədən lazımi nəticə çıxarmaq vəzifəsi gəlir. Həzrət İbrahimin (ə) dəvəti İndi isə müqəddəs həcc mərasimi barədə olan Quran ayələrinə diqqət edək. “Və (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kə'bənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kə'bə evinin yerini hazırladıq (və ona dedik) ki: «(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və Mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və rüku və səcdə edənlər üçün təmizlə!». «Və insanları ümumi şəkildə (Allah evinin) həcc(in)ə çağır ki, (onlar sənin dəvətin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar». «Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər və müəyyən günlərdə (Zilhiccə ayının ilk on günündə, yaxud bayram günü və ondan sonrakı üç gündə) Allahın onların ruzisi etmiş olduğu heyvanlar(ı – dəvə, inək və qoyunu qurban kəsərkən onların başı) üzərində Onun adını çəksinlər. Beləliklə, ondan özünüz də yeyin, çox ehtiyac içində olan yoxsula da yedirin». (“Həcc” surəsi, ayə 26-28). Müqəddəs ayələrdən bəlli olur ki, Kəbə evi əvvəllər də olmuşdur. Kəbə evi Həzrət Adəm (ə) tərəfindən inşa edilmişdir. Həzrət Nuhun (ə) zamanında baş verən tufan zamanı Kəbə evinə müəyyən xəsarət dəyir. Allah Təala bu müqəddəs məkanın yerini İbrahim peyğəmbərə (ə) bildirir. İbrahim peyğəmbər (ə) də buranı övladı İsmayıl peyğəmbər (ə) ilə birgə yenidən inşa edir. Kəbə evi hazır olandan sonra Allah Təala İbrahimə (ə) buyurur ki, buranı tövhid evi etsin. Təvaf edənlər, namaz qılanlar, rüku edənlər və səcdəyə gedənlər üçün bu evi təmizləsin. Həqiqədə İbrahim peyğəmbərin (ə) vəzifəsi – müqəddəs Kəbə evini zahiri və mənəvi şirklərdən təmiz saxlamaq idi. Bəndələrin burada yalnız Allaha pərəstiş etməsini təmin etmək lazım idi. Bu məkanın ən mühüm ibadəti – təvaf və namazdır. Kəbə evi ibadət edənlər üçün hazır vəziyyətə düşəndə isə Allah Təala İbrahimə (ə) əmr edir ki, insanlara həccə gəlməyi elan etsin. Təfsirlərdə oxuyuruq: “O zaman ki, İbrahim bu əmri alır, Allaha ərz edir ki, axı səsim insanların qulağına çatmayacaqdır. Ancaq Allah ona əmr edir ki, sən elan et və Mən onların qulağına çatdıraram”. Həzrət İbrahim də (ə) əllərini qulağına qoyaraq, şərq və qərbə səda edərək, deyir: “Ey insanlar! Kəbə evinin həcci sizə yazılmışdır və Pərvərdigarınızın dəvətini yerinə yetirin”. Allah onun sədasını hamının qulağına, hətta ana rəhnində olan körpələrin belə qulağına çatdırır. Onlar da cavabında dedilər: “Ləbbeyk! Əllahummə, ləbbeyk!” – “Allahım, dəvətini qəbul etdik!”. O gündən Qiyamət gününə qədər bu mərasimdə iştirak edənlər o kəslərdir ki, Həzrət İbrahimin (ə) dəvətini qəbul ediblər. Bir nöqtəni də qeyd edək ki, heyvanları qurban etmək – həqiqətdə bir rəmzdir ki, insan özünü Allah yolunda qurban etməyə hazırlayır. Necə ki, Həzrət İbrahim (ə) İsmayılı (ə) qurban etməyə hazırlamışdı. Onlar bu əməlləri ilə elan edirlər ki, Allah yolunda hər bir fədakarlığa, hətta canlarından keçməyə belə, hazırdırlar. Allah Təala hamımıza bu gözəl mərasimdə iştirak etmək tövfiqini nəsib etsin! Nəsib etsin ki, o gözəl Zatın gözəl cilvələrini mənəvi gözümüzlə, ruhumuzla hiss edək və günahlarımızdan paklanmağa çalışaq. Onun o Müqəddəs dərgahında söz verək ki, təqvalı insan olacaq və günahdan uzaq olmağa çalışacağıq. İnşəAllah! Qurban bayramı bizim üçün bir çağırışdır. İsmayıllarımızı Allah yolunda verməyə nə qədər hazırıq? Həzrət İbrahimlə (ə) müqayisə, bizim özümüzü də sınağa çəkməyə imkan yaradır. Qurban bayramı – əslində, fədakarlığın, sınağın formalaşdığı bir gündür. Müstəti kimdir? İndi isə bir neçə kəlmə həcc ziyarətinə getmək vəzifəsinin insanın üzərinə düşməsi barədə qeyd edək. Həcc ziyarətinə getməyin bir neçə mühüm nöqtəsi var: - İmkanı olan şəxsə (şəriətdə belə insana müstəti deyirlər) ömründə yalnız bir dəfə İslam həcci (həccətül-İslam) vacib olur. - İmkanı olan şəxsə (müstəti) həcc dərhal vacib olar. Yəni bir şəxs, müstəti olduğu ilk ildə həcci yerinə yetirməlidir və onu təxirə salmaq lazım deyildir. Təxirə saldığı təqdirdə də, sonrakı ildə həcci yerinə yetirməlidir. - Əgər mükəlləf (üzərində şəri vəzifə olan şəxs – burada həccə getməli olan şəxs) səhlənkarlıq edib həccə getməzsə, həcc onun üzərində qalar və sonradan hər bir surətdə – hətta imkanı aradan getsə də – həccə getmək onun üçün vacib olur. Həccə getməyin vacib şərtləri Həcc bir neçə şərtlə vacib olar (bu şərtlərin hamısı mövcud olmazsa, həcc vacib deyildir): a) Həddi-büluğa çatmaq. b) Aqil olmaq (ağlı başında olmaq). Deməli, uşağa və əqli naqisliyi olan şəxsə həcc vacib deyildir. c) Mal-dövlət, bədənin sağlam və qüdrətli, yolun açıq və vaxtın kifayət qədər olması baxımından müstəti olmaq. - Mal-dövlət baxımından müstəti olmaq – yol azuqəsi və nəqliyyat vasitəsinin olmasından ibarətdir. Əgər bunların özü olmasa, onları əldə etmək üçün xərcləyə biləcək miqdarda pul və ya malın olması da kifayətdir. Qayıtmaq xərclərini də təmin etmək imkanının olması şərtdir. - Həccin vacib olmasında gedib-qayıtmaq xərclərindən əlavə, öz şəninə uyğun (qazancına, imkanına müvafiq) həddə ev və ev əşyaları, nəqliyyat vasitəsi və məişət üçün zəruri olan başqa şeylərə də malik olması şərtdir. Əgər onların özü də olmasa, onları əldə etmək üçün lazımi qədər pulu, yaxud dəyərli bir əşyası olmalıdır. - Həcdən qayıdana qədər ailəsinin xərclərini ödəməyə imkanının olması – müstəti üçün şərtdir. - Həcdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyat tərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükan kimi mülkiyyət mənfəətinə malik olmaq – müstəti üçün şərtdir. Əgər öz halına uyğun qazanc əldə etmək qüdrəti olarsa, kifayətdir. Əgər qayıtdıqdan sonra dolanış tələbatı aylıq maaşla təmin olarsa, kifayətdir. - Həccin vacib olması üçün bədən, yol və zaman cəhətdən imkanın olması şərtdir. Buna görə də yol getmək qüdrəti olmayan, yaxud çox əziyyət çəkən xəstə üçün həcc vacib deyildir. Həmçinin, yolu açıq olmayan və ya həccə çata biləcək dərəcədə vaxtı olmayan şəxsə həcc vacib deyildir. - İmkanlı şəxs özü həccə getməlidir və başqasının onun tərəfindən həccə getməsi kifayət etməz. Amma həcci boynunda qalan və qocalıq, ya xəstəlik ucbatından həccə gedə bilməyən şəxsin əvəzinə başqa birisi həccə gedə bilər. Neçə dəfə həccə getmək olar? Bir nəfərə ömründə bir dəfə həccə getmək vacibdir. Amma elə olur ki, insan həcc ziyarətinə getməklə bağlı ruhi tələbat hiss edir. Cəmiyyətimizdə nədənsə həccə ikinci dəfə getmək istəyən insanlara nisbətdə: “Yaxşısı budur ki, həmin pula xeyriyyəçilik etsin” kimi yanaşma israrla yeridilir. Amma, axı bu insanın ruhi tələbatı var. Bu halda, ona “həccə getmə, əvəzində xeyriyyəçilik et” demək, digər şəxsə “bu il istirahətə getmə, evində qal, onun puluna xeyriyyəçilik et” demək kimi olar. Yəni, hər şey insanın niyyətindən asılıdır. Əgər həccə getmək onun daxili tələbatı ilə bağlıdırsa, bununla onun ruhu dincəlirsə – bu, bir məsələ. Əgər həccə getmək insan üçün belə bir səciyyə daşımırsa – bu, tam fərqli bir məsələdir. Hər şey niyyətə qayıdır. O ki, qaldı xeyriyyəçiliyə – bu, həccə gedib-getməməsindən asılı olmayaraq, insanın üzərində olan mənəvi vəzifədir. Qurani-Kərimdə buyurulur: “Onlara ruzi olaraq verdiklərimizdən infaq edərlər (xeyriyyəçiliyə xərcləyərlər)”. Hər bir insan çalışmalıdır ki, imkanı olmayanlara əl tutsun. “Hacı” rütbəsi varmı? Bir-iki kəlmə də həcc ziyarətinin bahalığı ilə bağlı demək lazımdır. Sözsüz ki, hazırkı qiymətlər yüksəkdir və bu, bir çox insanların yolunu bağlayır. Bu vəziyyətdən çıxış yolu – operatorların sayının artmasında, həcc ziyarətinin inhisarda olmamasında, sağlam rəqabət mühitinin formalaşmasındadır. Yəni, həcc ziyarətinin təşkili tamamilə rahat olaraq, peşəkar şirkətlərə həvalə oluna bilər. Orada insanların şəri suallarına, əməllərinin yerinə yetirilməsinə gəldikdə, həmin şirkətlər bu sahənin mütəxəssislərini cəlb edə bilər ki, bununla da bağlı heç bir obyektiv çətinlik yoxdur. Yəni həcci inhisarda saxlamaq üçün heç bir obyektiv səbəb yoxdur. Hacı adına gəldikdə isə, zahirən, belə bir dini rütbə yoxdur. Sadəcə, Müqəddəs Kitabımız olan Qurani-Kərimdə, hədislərimizdə həcc ziyarətində olan insanlara “hacı” deyə işarə edirlər, ənənəvi olaraq, ziyarətdən qayıdan insanları da belə çağırırlar. Və bu ad, Allah Evini – Kəbə Beytullahı ziyarət edən insanın üzərinə müəyyən mənəvi təhəddüdlər müəyyən edir. Hacı, digərlərinə nisbətən daha məsuliyyətli, əxlaqi dəyərlər baxımından daha dürüst və səliqəli olmalıdır. O, öz ətrafına təmasda olduğu nurun mübarəkliyini paylamalıdır. Qurban bayramının əməlləri Bir neçə kəlmə də Qurban bayramı gününün əməlləri barədə qeyd edək: - Bayram qüslü almaq;. - Qurban bayramının namazını qılmaq; - İmam Səccadın (ə) "Səhifeyi-Səccadiyə" dua kitabının 48-ci duasını oxumaq; - “Nüdbə” duasını oxumaq; - İmam Hüseynin (ə) Qurban bayramına məxsus ziyarətnaməsini oxumaq; - Qurban kəsmək; - Qurban bayramı gününün zöhr namazından etibarən zilhiccə ayının 12-ci gününün sübh namazına kimi 10 namazın sonunda aşağıdakı təkbiri söyləmək böyük savaba malikdir: «Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, vallahu əkbər, Allahu əkbər və lilləhil-həmd. Allahu əkbəru əla mə hədənə. Allahu əkbəru əla mə razəqnə min bəhimətil-ən’am. Vəlhəmdu lilləhi mə əblənə». Allah Təala bizləri bu əzəmətli bayramın mahiyyətini dərk edib, yaşadanlardan qərar versin! Amin! Hacı İlqar İbrahimoğlu, ilahiyyatçı-filosof İçərişəhər «Cümə» məscidinin imam-camaatı Bizim mənbəmiz. deyerler.org