Yuxuların informasiya dili

Yuxuların informasiya dili

Yuxunun təbiəti, röyanın necə yaranması və onun özündə hansı informasiyalar daşıması bəşəriyyət tarixinin bütün dövrlərində insan zehnini daima məşğul edən məsələlərdən biri olmuşdur. Ana təbiətin orijinal ideyası olan röyanı millətindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar görür. Elm artıq sübut edib ki, hətta yatanda yuxu görmədiklərini təkid edən insanlar da vaqiə görürlər, sadəcə, onlar ayılanda öz gördüklərini yada sala bilmirlər. Ümumiyyətlə, yuxular iki cür olur: dərk olunan və başa düşülməyən. Dərk olunan yuxu adından göründüyü kimi insana müəyyən mənada aydın olur. Başa düşülməyən yuxularda isə informasiyalar kodlaşdırılmış şəkildə olur. Həmin kodları açmaq hər adamın işi deyildir. Bu işlə şamanlar, mollalar, kahinlər və peşəkar yuxu yozucuları məşğul olurlar. Yuxuların informasiya dilini anlamaq üçün bu gün bütün dünyada, demək olar ki, hər dildə yuxuları yozan müxtəlif kitablar var. Onların əksəriyyəti qədimlərdən üzü köçürülmüş, az hissəsi isə müasir yuxu kitablarıdır. Bəzi yuxu yozanlar isə yuxuları şərh etmək üçün öz üsullarını, təcrübələrini, müxtəlif prinsip və yanaşmalarını istifadə edirlər. Xarici ölkələrin bəzilərində yuxu yozanlar birbaşa xüsusi telefonlar, televiziya və radio kanalları vasitəsilə canlı yayımda insanların yuxularını izah edir, onlara gördükləri yuxuların mənasını başa salırlar. Yuxuda gizlənən informasiyanı izah etmək üçün hazırda ən çox istifadə edilən kitablardan Millerin, Freydin, Vanqanın, Nostradamusun, Svetkovun, Devid Loffanın, Yuriy Lonqonun, Assiriya, Müsəlman, Rus, bunlardan əlavə, məhəbbət, mətbəx və s. yuxu yozan kitablarını göstərmək olar. Lakin bu kitablardan istifadə edərkən hər şey nəzərə alınmalıdır. Çünki, məzmunca oxşar yuxular, yuxu görən adamın həyat tərzindən, sosial vəziyyətindən, cəmiyyətdə mövqeyindən, vəzifəsindən, cinsindən, yaşından və s. parametrlərdən asılı olaraq müxtəlif informasiyalar verə bilər. Aydındır ki, böyük vəzifəli adamın yuxusuna girən hər hansı bir obraz, fəhlənin yuxusundakından tam fərqli məna verəcək. Yaradıcı adam üçün yeni uğurlar vəd edən bir yuxu, avara adam üçün böyük uçurum vəd edə bilər. Məşhur rus həkimi İ.M.Seçenov yuxunu görünən təsəvvürlərin görünməmiş kombinasiyası kimi adlandırmışdır. Ona görə də, bu kombinasiyanı açmaq üçün bir sıra məsləhətlərə əməl etmək məqsədəuyğun olar. Belə ki, peşəkar yuxu tədqiqatçısı Robert Moss özünün “Yuxuların qapısı” əsərində bu qapını açmaq üçün doqquz açar təklif edir. Professor məsləhət görür ki, ilk növbədə ayılan kimi yuxunun məzmununu olduğu kimi bir kağıza köçürəsən, yaxud maqnitofon lentinə səslə yazasan. Belə etmədikdə yuxu elementlərindən çoxu sonradan yaddan çıxır və yuxunu düz yozmaq mümkün olmur. Yuxunu analiz edərkən insan yuxudan aldığı ilk təəssürata fikir verməli, sonra yuxu elementləri arasında ağlına gələn ilk assosiasiyanı qeyd etməli, onun gerçəkliklə oxşarlığını aparmalı, əgər bir şey alınmırsa, yuxunu tam dərk edənə kimi təkrarən eyni yuxuya qayıtmağı öyrənməlidir. Bundan əlavə, insan yuxu personajları ilə dil tapmağı və onlarla dialoq aparmağı bacarmalı, özünün yuxuda hansı rolda olduğuna fikir verməli, yuxu simvollarını sonsuz sayda tədqiq etməklə öz simvollarının mənasını dəqiqləşdirməlidir. Məsələn, hər dəfə eyni simvolu görəndən sonra nə baş verir? gün necə keçir? kim gəlir? və s. İnsan konkret bir röyanın onun şəxsiyyətinin hansı hissəsini təmsil etdiyini müəyyənləşdirməlidir. Misal üçün, vaqiədə görülən ev insanın şüuraltısını təmsil edə bilər, əgər bu evin təmirə ehtiyacı varsa, onda insan öz xarakterinin, yaxud hər hansı orqanın “təmirə” ehtiyacı olduğu barədə düşünməlidir. Sonda Robert Moss məsləhət görür ki, insanlar yuxuda olan informasiyaya ciddi yanaşmalı, müdrik və yaradıcı ruhda onların həyata keçirilməsinə çalışmalıdır.
Tanınmış Amerika filosofu R.U.Emerson deyirdi ki, təcrübəli adam vaqiələri gələcəyi görmək üçün yox, özünü dərk etmək baxımından analiz edib öyrənir. Röyalar bizə özümüz və həyatımız haqqında həqiqətləri deyir. Onların informasiya dilini açmaqla biz öz daxili aləmimizə də yol açırıq. Yuxu, hətta nə qədər dəhşətli olsa belə ondan qorxmaq lazım deyil, əksinə, biz yuxularımızla yoldaşlıq edib onu daha dərindən öyrənməklə tədricən öz həyata keçməyən arzularımızı, şüuraltı istəklərimizi başa düşə bilərik və bizə gizli surətdə əziyyət verən problemlərdən azad olarıq. Yazını tam variantda buradan oxumaq olar http://www.rabitadunyasi.info.az/print_preview.php?id=197 Mənbə. Kayzen.az YazarVüqar HAQVERDİYEV  
568 Views