Skandinav mifologiyası (nağıl oxumaq istəyənlər üçün)

Skandinav mifologiyası (nağıl oxumaq istəyənlər üçün)

Dünya yaranmamışdan əvvəl o, Ginnunqaqap adlı dərin və qara uçurumdan ibarət idi. Bu uçurumun bir tərəfində Niflheym adlı buz səltənəti (qadın başlanğıcı hesab edilir), digər tərəfində isə Muspellheym adlı od səltənəti vardı (kişi başlanğıcı hesab edilir). Niflheym səltənətində Hvergelmir adlı bulaq vardı və bu bulaqdan 12 ədəd güclü su axını (Elivaqar) öz mənbəyini götürərdi. Uçurumun hər iki tərəfi birləşərək ən əvvəl dünyada ilk canlı sayılan İmiri və sonradan Audumla adlı bir düyəni əmələ gətirir. İmirin tərindən bir cüt canlı, kişi və qadın yaranır. Bu cütlükdən bir oğlan uşağı yaranır. Bunlar ilk qırovlu nəhənglər (hrimturslar) idilər.İnək Audumla duzlu daşları yalayır ki, İmiri əmizdirməyə südü olsun. Həmin bu inəkdən də ilk tanrı Buri doğulur. Burinin oğlu Byor İmirin nəvəsi nəhəng Bestlə evlənir və onların 3 oğlu, aslar, yəni baş tanrılar doğulurlar. Bu tanrılar Odin, Vali və Ve idilər. Çox keçmir ki, aslar ulu babaları olan İmiri öldürürlər və onun bədənindən Midqardı (Yer planeti), yəni orta dünyanı yaradırlar. Aslar İmirin sümüklərindən dağları, damarlarından çayları, qarnından dənizləri, saçlarından meşələri, kəlləsindən göy qübbəsini, beynindən isə buludları yaradırlar. Midqardı yaratdıqdan sonra aslar qərara gəlirlər ki, buranı insanlarla doldursunlar. Onlar dənizin sahilində bitən iki ağac tapırlar: göyrüş və qızılağacı (bəzi mənbələrdə bu söyüd ağacı kimi də göstərilir). Aslar göyrüş ağacından kişini, qızılağacdan isə qadını yaradırlar. Sonra aslardan biri onlara üfürərək nəfəs verir. Digər as onlara ağıl, üçüncü as isə kişi və qadına qan və al yanaqlar verir. Beləcə, ilk insanlar yaranırlar. Kişinin adı Ask, qadının adı isə Embla olur. Aslar dənizin o tayında Midqarddan şərqə doğru yerləşən ərazidə Yotunheym adlı bir ölkə yaradırlar və həmin ölkəni Bergelmir adlı insana və onun davamçılarına təhvil verirlər. Zaman keçdikcə asların sayı artmağa başlayır və onlar özləri üçün Midqarddan, yəni Yer planetindən yuxarıda yerləşən bir dünya, Asqardı yaradıb ora köçürlər. Aslar Asqardı tikmək üçün nəhəng canlılardan biri ilə sövdələşmə qururlar. Bu sövdələşməni Loki həyata keçirir. Şərt belə olur ki, bir il ərzində nəhəng Asqardı tikə bilsə, ona bəxşiş kimi Günəşi və Ayı, eyni zamanda Odinin arvadı Freyanı verəcəklər. Nəhəng sehrli at qısa bir müddətdə iri daşları daşıyıb Asqardı tikməyə başlayır. Onun işi vaxtından əvvəl bitirəcəyini görüb qorxan aslar bir yerə toplaşıb Lokini günahlandırırlar və cəza kimi Lokini madyana çevirib sehrli atı oğurlayıb onun yerinə qoyurlar. Odur ki, Loki kəsilmiş şərti vaxtında yerinə yetirə bilmir. Bu ərəfədə o, 3 dəfə hamilə qalır və nəticədə 3 xaotik nəhəng canlını – canavar Fenriri, nəhəng ilan Yormunqandrı və səkkiz ayaqlı Sleypniri doğur.  German-skandinav mifologiyasında baş tanrı Günəş tanrısı sayılan Odin idi. Odindən başqa daha 12 tanrı mövcud idi. Bunlar: Tor (ildırım və tufan tanrısı, onun əlində həmişə Myolnir adlı sehrli çəkic olardı), Baldr (əkinçilik tanrısı, Odinlə Freyanın oğlu), Tyur (qanun-qayda, müharibə tanrısı), Heymdal (Midqardla Asqard arasındakı Bifröst körpüsünü qoruyan tanrı, hər şeyi qoruyan tanrı), Braqi (müdriklik və natiqlik tanrısı), Hyod (musiqi, eyni zamanda tale tanrısı), Vidar (intiqam tanrısı, eyni zamanda sənətkarların tanrısı), Vali (bitki tanrısı), Ull (sağlamlıq tanrısı), Nyord (dəniz tanrısı),  Freyr (məhsul, bərəkət tanrısı) və Loki (od-alov və hiyləgərlik tanrısı) idilər.Skandinav mifologiyasının əsas qadın personajları bunlardir: Friqq – Odinin arvadı, taleləri oxuyan qadın, Freya - məhəbbət ilahəsi, İdunn - qızıldan olan cavanlıq almalarını qoruyan qadın, qızılsaçlı Siv - ildırımsaçan Torun arvadı və başqaları. Dünyanı yaradarkən tanrılar nəhəng və qorxulu varlıqları cilovlayıb bir yerə yığırlar. Bunlardan Yormunqandr adlı ilanı, Fenrir adlı canavarı və səkkiz ayaqlı Sleypniri misal göstərmək olar. Amma dünyanın sonu çatanda bu vəhşi nəhənglər azadlığa çıxacaq, ölülərin gəmisi — Naqlfar üzüb gələcək, göy qurşağı körpüsü Bifröstün üzəri ilə Muspelldən gəlmiş döyüşçülər bu körpünü dağıdacaqlar və bununla da Midqard və Asqard dağılmağa başlayacaq. Bütün bunlardan sonra Raqnarök  adlı sonuncu döyüş baş verəcək və bu döyüşdə tanrıların tərəfində həlak olmuş döyüşçülər vuruşaqcaqlar. Tanrılar və nəhəng canlılar bir-birlərini məhv edəcəklər və odlu-alovlu nəhəng Surt dünyanı dağıdacaq. Bundan sonra yeni dünya yaranmağa başlayacaq. Liv və Livtrasir adlı ər-arvad bütün bu dəhşətləri yaşayıb sağ qalacaqlar və insan nəslini davam etdirəcəklər. Raqnarökdən sağ çıxan allahlar — Vidar, Vali, Maqni, Modi və Ull olacaq, Baldr və Hyod isə canlıların dünyasına qayıdacaqlar.
568 Views