700 min insanı öldürən "Qəssab"
SSRİ-də 1930-1940-cı illərdə həyata keçirilən repressiyaların əsas təşkilatçılarından biri Nikolay Ejov haqqında çox az məlumatlar var.
Teleqraf.com XX əsr insanlığın və bəşəriyyətin düşməni olan “qəssab” Ejovun dosyesini təqdim edir.
SSRİ-nin rəsmi qeydlərinə görə, Ejov Sankt-Peterburqda doğulub. Ancaq bəzi sənədlərə görə, onun Litvada doğulduğu söylənilir. İbtidai təhsillidir. Sonra Sankt-Peterburqa gələrək burada iş axtarmağa başlayıb. 1909-cu ildən 1915-ci ilə qədər fabriklərdə işləyib. 1915-ci ildən 1917-ci ilə qədər çar ordusunda xidmət edib.
Oktyabr inqilabı ərəfəsində Vitebskdə bolşeviklərə qoşulub. 1919-1921-ci illər Rusiya vətəndaş müharibəsi zamanı Qızıl ordunun tərkibində savaşıb. 1922-ci ildən sonra siyasi işlərə meyl edib, Kommunist Partiyasının fəal üzvü olub, bir sıra regionlarda partiyanın katibi vəzifəsini tutub. 1927-ci ildə partiyanın mərkəzi qərargahında vəzifəyə gətirilib, baş məsləhətçi olub. 1929-cu ildən 1930-cu ilə qədər kənd təsərrüfatı nazirinin mavini vəzifəsini tutub. 1934-cü ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçilib, daha sonra Mərkəzi Komitədə vəzifə alıb. 1935-1939-cu illərdə partiyanın nəzarət təftiş komissiyasının rəhbərliyini edib.
1936-1938-ci illərdə NKV-yə rəhbərlik edib. Onun insanlığa düşmən olması da bu tarixdən başlayıb.
NKVD-də də əsas işi ondan əvvəl nazirliyə rəhbərlik edən “qəssab” Yaqodanın adamlarını təmizləmək olub. Qeyri-rəsmi məlumatlara görə, minlərlə insanı işindən edib, həbsə atdırıb.
Məhz onun dövründə “Kulak”, “Böyük təmizləmə” siyasəti özünün pik nöqtəsinə çatıb.
Arxiv materiallarına görə, onun dönəmində sovet rəhbərliyində təmsil olunan şəxslərin yarıdan çoxu öldürülüb, Sovet ordusu zabitlərinin böyük bir qismi repressiya aparatından keçirilib, NKVD içində 10 mindən çox insan cəzalandırılıb.
Bundan başqa, 1937-1938-ci illərdə 1 milyon 372 min insan sovet dövlətinə qarşı fəaliyyət iddiası ilə həbs edilib. 700 min insan güllələnib. Ejov NKVD-yə rəhbər təyin edildiyi zaman ölkədə cəmi 685 min “kulak” olub, ancaq yeni komissar bu sayı üç dəfə artırıb.
Şübhəsiz ki, repressiya maşınının başında Stalin dururdu, ancaq Ejov bu prosesin əsas icraedici fiquru idi və daha çox insanı qətlə yetirməklə böyük işlər gördüyünü, rəhbəri qoruduğunu, sədaqətini nümayiş etdirmək istəyib.
1937-1938-ci illər ərzində Ejov 290 dəfə Stalinin kabinetinə girib və ümumilikdə rəhbərlə 850 saat söhbət edib. Bu SSRİ tarixində rekord hesab oluna bilər. Bu sayda Stalinin kabinetində olmaq və bu qədər söhbət etmək yalnız Molotova qismət olub. Ejov Molotovdan sonra bu sırada ikincidir.
Ejov ancaq ölkə daxilində “satqınları”, “xəyanətkarları” məhv etməklə dayanmayıb, eyni zamanda xaricdə fəaliyyət göstərən şəxslərin məhvi üçün də göstərişlər verib. Məsələn, onun razılığı ilə Ukrayna millətçilərinin lideri Yevgeni Konovalç 1938-ci ilin mayında Niderlanda öldürülüb. Həmçinin Parisdə general Miller oğurlanıb.
Öz dövründə nüfuzlu olan Ejov yalnız Stalin, Molotov və Voroşilovdan sonra ölkədə faktiki dördüncü şəxs statusunda olub.
1938-ci ilin aprelində insanlığın düşməni NKVD rəhbəri postundan azad edilir. Bir müddət su nəqliyyatı sahəsində işləyir. 1938-ci ilin avqustunda Lavrenti Beriya NKVD-yə rəhbər təyin olunur. 1938-ci ilin noyabrından isə Siyasi Büroya Ejov haqqın donoslar yazılmağa başlayır. Noyabrın 23-də Ejov Stalinə məktub yazaraq ondan bağışlanmasını istəyib. 1939-cu ilin aprelin 10-da Ejov həbs edilib. Onun işi ilə şəxsən Beriya məşğul olur. Ejov əvvəlcə dövlət çevrilişi hazırlamaqda ittiham edilib. Daha sonra ona başqa ittihamlar da verilir. Ancaq məhkəmədə Ejov ittihamları rədd edib. Bildirir ki, yeganə səhv hərəkəti NKVD daxilində təmizlik işlərinə zəif aparması, bu orqanı “xalq düşmənlərindən” tamamilə təmizləməməsi olub.
O, qeyd edir ki, 14 min çekisti NKVD-dən təmizləyib, amma bu çox az saydır.
1940-cı il, fevralın 3-də Nikolay Ejovun güllələnməsi haqqında qərar çıxarır. Fevralın 4-də insanlıq qatili öldürülür. Bəzi iddialara görə, güllələnməyə aparıldığı zaman Ejov mahını oxuyub. Ejovun həbsi, daha sonra öldürülməsi haqqında ictimaiyyətə məlumat verilmir.
Sonradan SSRİ mətbuatı onun xalq düşməni olduğu və bu səbəbdən də güllələndiyi haqda informasiya yayır. Daha bir maraqlı məlumat odur ki, Ejov ondan sonra NKVD-yə nazir təyin edilən Beriyanın qarşısında diz çöküb, xilası üçün yalvarıb, ancaq bunun bir xeyri olmayıb.
Ejov NKVD-yə rəhbər təyin edildikdən sonra ilk işi sələfi Yaqodanı məhv etmək olub. Məhz onun tapşırığı ilə NKVD-nin sabiq rəhbəri soyundurularaq döyülür, işgəncələrə məruz qoyulur və sonunda alman casusu olduğunu etiraf etməkdən savayı yolu qalmır. Ejovda Beriya tərəfindən işgəncələrlə qarşılaşır və vətən xaini olduğunu etiraf etməkdən başqa yolu qalmır.
mənbə. publika.az