Çarli Çaplin - komediyanın sehrbazı
«Həmin gecə mən Nyu-Yorkun küçələrində avaralanırdım – Çarli Çaplin öz memuarında yazır, — mağazaların vitrinlərini gözdən keçirir, məqsədsiz-filansız tinlərdə dayanırdım. Nə baş verirdi? Mən şöhrətin zirvəsindəydim. Bax, indi mən — yaxşı geyinmiş cavan oğlan hara gedəcəyimi bilmirəm. Hamı məni tanıyır, amma mən heç kimi tanımıram. Nədənsə özümə çox yazığım gəldi». Bu, Çaplinin Los-Ancelesdən «Esseney» firmasıyla kontrakt bağlayıb qayıtdığı gündü. Orda olarkən o, bilmirdi ki, filmləri Nyu-Yorkda görünməz dərəcədə məşhurdur. Arzuları çin olurdu. «Myuçel»lə bağladığı üçüncü — 670 min dollarlıq kontraktdan sonra kasıblıq və təhqirlərdən canını birdəfəlik qurtarmış olacaqdı.
Artist oğlu, artist!
Çarlinin uşaqlığı o dövrdə hamınınkı kimi kasıb, ac, qəddar və tənha uşaqlıq idi. Elə bil gələcək filmləriyçün material toplayırdı. Ucuzvari varyetenin aktrisası olan anası səsini tez itirdiyindən teatrı atıb tikiş tikməklə qəpik-quruş qazanırdı. Aktyor olan atası onları atanda Çarli bir yaşındaydı. Uşaqlarını saxlaya bidməyən ana onları yetimxanaya verib özü küçələrdə sülənməklə dolanmağa başladı. Atasının ölümündən sonra məktəbi də atan Çarli işləməyə başlayır. Bu vaxt anası artıq psixiatrik xəstəxanada yerləşdilirmişdi. Çarli qəzet satır, oyuncaq yapışdırır, mətbəədə işləyir, hətta həkimin qəbul otağında da çalışırdı. Hələ uşaqkən anasının çıxışlarını izləyən Çarli oxuyub oynamaq öyrənmişdi. Anasını səsi batan gün balaca Çarli ilk dəfə səhnəyə atılıb gülməli mahnı oxumaqla vəziyyəti xilas edə bilmişdi.
Nəhayət o, ürəklənib teatr agentliyinə balaca oğlançün iş soraqlaşmağa gedir. Artıq 12 yaşında onun ilk teatr rolu vardı.
Əlahəzrət Uşaq...
Amerikaya gələn kimi Çarli bu ölkəyə valeh olur. «Kistoun» firması ona həftədə 150 dollar verməyi təklif etdiyi dövrdə o, donuz saxlamağı arzulayırdı. Onun məşhurluğu artırdı, amma rejissorlar Çarlinin sonsuz məsləhətlərindən bezərdi. Ona görə də uğuruna arxayın olan Çaplin öz ssenrisi üzrə filmləri özü çəkməyi qərara alır. Elə həmin tempdə, yəni ayda bir ikihissəli film çəkilirdi. 27 yaşlı gənc üçün gözlənilən milyonçuluq yuxuda sayıqlama kimi gəlirdi. İndi onun katibi, qulluqçusu, avtomobili və sürücüsü də vardı.
Ola bilər ki, Çaplinin filmlərini görməyənlər var. Onları görüb bəyənməyənlər də tapılar. Amma Çarli Çaplin adını heç olmasa qulağının ucuyla eşitməyən çətin ki, olsun. Onlar eşidər ki, bu nəsə böyük və qeyri-adi bir şeydi. Onun filmləri dünyanın səkkizinci mögüzəsi də sayıla bilər. Eynşteyn onu Əlahəzrət Uşaq adlandırırdı. Bu uşaq böyümür və böyümək də istəmirdi. Balaca, taqətsiz, daim ev, sakitlik axtarışında olan avara Çarliyə böyük şəhərlər tabe olub baş əyirdi.
Şlyapa, iri çəkmə və əl ağacı...
Çaplin enli şalvar və dar pencəyini geyib, böyük ayaqqabılarını ayağına, şlyapasını başına çəkib əlinə ağacını alır. Çox gəncdi və yaşından cavan görünür. Ona görə bığ yapışdırmağa məcburbu. Öz qəhrəmanı haqqında dediklrindən: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»
Çarli deyir ki, onu tanıtdıran kostyumu ilk dəfə 1914-cü ildə kəşf edib: balaca şlyapa və böyük ayaqqabı, enli şalvar və çox dar pencək kimi uyuşmayan detallar. Böyük qəmli gözlərsə kiçik bığlarıyla kontrastda olmalıydı. Qəribə yerişi isə bir qədər sonra tapılıb. Zəif, sadəlöhv, köməksiz olan balaca adam hərdən özünü də yıxır, amma zəifləri müdaifiə eləməyə, polisə, güclülərə qarşı çıxmağa özündə güc tapa bilir. «Bütün filmlərimin əsasında belə üslub durur: mən mütləq nəsə bir işə düşür, amma tam ciddi sifət alıram ki, guya bu, heç nəyi dəyişmir, əlimdəki ağacı buraxmıram və əyilmiş papağımı düzəldib beş dəqiqə əvvəl baş-ayaq olsam da, özümü o yerə qoymuram».
Çaplinin bişmiş ayaqqabıları acgözlüklə yeməsi səhnəsini xatırlayaq. İpləri spagetti kimi çəngələ dolayır, ayaqqabının altını bifşteks kimi kəsərək tələsmədən çeynəyir, mıxları çəyirdək kimi sümürüb tüpürür. Mimik sənətin daha bir şedevri: sevdiyi qızı cəlb eləməkçün çəngələ batırılmış iki bulkanın rəqsi. Teodor Xaffın dediklərindən: «Arxası kameraya tərəf olanda belə o, çiyinləriylə bəzi aktyorların gözləriylə deyə biləcəyindən artıq söyləyə bilirdi».
«Mən sekslə darıxanda məşğul oluram»
Ən böyük faciəsi o idi ki, daim kiçik, azyaşlı qızlara meyl eləyirdi. «Mən sekslə darıxanda məşğul oluram» deyən Çaplin nəticədə 4 evlilk, 11 uşaq və bir hərəmxana məşuqələr qazanır. Filmə dəvət elədiyi aktrisaların demək olar ki, hamısına vurulub. İlk sənət dostlarından olan Edna Pervins isə o qədər utancaq və sadə idi ki, təşəbbüsü əlinə ala bilmirdi. Çarliyə kənardan bir qədər artıq diqqət göstərilsəydi Edna qısqanclıqdan özünü xəstəliyə vurar və sevgilisini bütün axşamı onun yatağının qarşısında keçirməyə məcbur edərdi.
Tezliklə 16 yaşlı balerina Mildred Xarris Ednanın yerini tutdu. Az yaşına baxmayaraq, bu qızın zəngin və məşhur rejissora ərə getmək məqsədi vardı. Məqsədinə çatmaqçün o, hamıya məlum üsulla, yəni hamilə qalmaqla kişini ilişdirə bildi. Kaliforniyada azyaşlıları yoldan çıxarana 30 illik həbs cəzası var. Hamiləlik yalançı olsa da, düz bir ildən sonra Mildrid aktyora bir uşaq hədiyyə edə bilir. Üçgünlük uşaqları tələf olanda onlar bir-birinə son dərəcə nifrət edirdi. Boşanma ərizəsini Mildred özü yazmalı olur. Jurnalistlərin çalışqanlığı nəticəsində bu boşanma aktyora çox baha başa gəldi. Hətta üzərində bir il çalışdığı «Balaca» filminin konfiskasiyası barədə də söhbətlər gəzirdi. Bunu eşidən Çaplin plyonkanı götürüb ölkədən qaçmağa da qərar vermişdi.
Lita Qreyə rast gələndə qızın 6 yaşı vardı. Neçə illər ərzində Çarli onu gözdən buraxmamışdı. «Balaca» filmində mələk rolunun ifaçısı 12 yaşlı Lita Qreyə atalıq eləməyi ona gətirib çıxarır ki, 15 yaşında bu qız hamilə qalaraq eynilə həmin ssenariylə Çarlini ərə gedə bilir. Onları qarabaqara izləyən mətbuatı azdırıb Meksikada evlənirlər. Bal ayı, deyəsən, çox gərgin keçibmiş. Çünki evə qayıdanda Çaplin yeni qohumlarını «pul iyinə toplaşmış əclaflar» adlandıraraq hamilə qadını elə vəziyyətə salır ki, o, özünü platformadan atmaqçün addım da atır. Çarli arxadan yaxınlaşıb ona «Niyə dayandın?» sualını verir…
İki ildən sonra onların iki uşağı və bir torba problemləri vardı. Ayrılmağa ilk addımı atan Litanın 42 səhifəlik boşanma ərizəsində nələr yoxdu? Bu ərizənin surətini küçədə 25 sentə almaq olardı. Burda Lita Çaplinlə intim həyatlarının bəzi məqamlarını açıqlayırdı. İki ildə onun 5 məşuqəsi olubmuş. Dəfələrdə tapança ilə arvadını hədələyirmiş. Bir neçə dəfə Çaplin ona qrupenseks, hətta auditoriya qarşısında sekslə məşğul olmaq təklifləri də eləyibmiş… Boşanmadan sonra Çaplin əsəb xəstəxanasına düşür. Klinikadan çıxanda başında bir dənə də qara tük yoxuydu. Çaplinin bioqrafı Coy Milton yazırdı ki, Çarli və Lita Qrey arasındakı münasibətlər Nabokovun «Lolita» romanının əsasını təşkil edib. Aktyor azadlığı üçün bir milyon 125 min dollar aliment, bir milyonluq məhkəmə xərci, üstəlik dünyanın ən qalmaqallı məqalələriyçün çoxlu material verməli oldu.
1943-cü ildə filmə yeni qəhrəman axtaran Çaplinə məşhur dramaturqun qızı Una O’Nili təklif edirlər. Şorgöz aktyor bioqrafiyasında yazır ki, «onun 17 yaşı olduğunu eşidəndə ürəyim düşdü». Axı, onların 36 yaş fərqləri vardı. Bu dəfə evlənmək qərarı verməkçün ona cəmi bir neçə həftə lazım gəldi.
Amerika Çaplinə pedofil və kommunist deyirdi
İkinci Dünya müharibəsi zamanı Çaplini «Dahi diktator» filmində Hitlerin obrazını parodiya elədiyinə və Hitler Almaniyasına qarşı cəbhənin açılması çağırışıyla çıxış etdiyinə görə kommunist adlandırırdılar. Amerikanın bəzi şəhərlərində onun filmləri hətta qadağan olunmuşdu. 1952-ci ildə ABŞ tərk edən və məzuniyyətə getməsini elan edən aktyoru sonra Amerikaya buraxmadılar. Düzdür, həmin Amerika 20 ildən sonra Çaplinə «Oskar» verməkçün xahiş-minnətlə aktyoru oraya gətizdirə bildi. Amerikanın Çaplini sevməməsinə sübut onun Coan Berri ilə məhkəmə prosesində aydınlaşır. Bu qadınla münasibətlərində Çaplin bu dəfə qurban rolundaydı. Çaplinin puluyla alınmış biletlə Los-Ancelesə köçmüş xanım iki ildən sonra bu dəfə hamilə qayıdaraq uşağın Çaplindən olduğunu sübut etmək məqsədilə məhkəməyə verir. Uşaq doğulanda Çaplin artıq evliydi. Qan analizi təsdiq elədi ki, bu uşağın Çaplinə heç bir dəxli yoxdu. Amma Çaplini «əxlaqsız» adlandıran cəmiyyətin rəyinə görə aliment vermək cəzası kəsilir. Bu qərardan anlaşılırdı ki, Hollivud heç vaxt Çaplini sevməyib. Patriotizmi «ən böyük axmaqlıq» adlandıran Çaplinin Amerika vətəndaşlığını qəbul etməməsi Hollivuddakıları qəzəbləndirirdi.
Hitleri ifşa edən «Dahi diktator» filmi ürərində işləyəndə onu xəbərdar eləmişdilər ki, başı ağrıya bilər. Burada Çaplin iki rol oynamışdı: yəhudi bərbər və qlobusu əlində çək-çevir eləyən faşist diktator. «Diktatorun» ekrana çıxışından sonra mətbuat yazırdı ki, «Çaplin kommunist barmağını gözümüzə soxmağa çalışır». Çaplinə qarşı mitinqlərdəki plakatlardan: «Çaplin qırmızıların quyruğudur», «Çaplin, çoxdandır qonaqsan ha», «Çaplin nankordur», «Çaplini Rusiyaya göndərmək lazımdı». İkinci dünya müharibəsi illərində Çaplin Rusiyaya kömək məqsədilə mitinqlərdə iştirak edirmiş. Nitqinin «yoldaşlar» müraciətiylə başlaması onu amerikalıların gözündə kommunistə çevirdi
Milyonçu və çox məşhur
54 yaşlı Çaplin 17 yaşlı arvadıyla Avropaya köçməli olur. Gəmidə artıq iki gün üzəndən sonra eşitdi ki, geri qayıtmaq üçün yenə də istintaqdan keçməli və mənəvi pozğunluğa görə cavab verməlidi. Onda Çaplin geri qayıtmamaq qərarına gəlir. Bir neçə ildən sonra o da Amerika vətəndaşlığından imtina edəcəkdi. Əlbəttə ki, Çaplinin bütün varidatını oradan çıxarandan sonra. Dahi komikin qocalığı sadə və xoşxasiyyət qadınla tam harmoniya şəraitində keçib. Onların 8 uşağı — 3 oğlan və 5 qızı olur. Gümüş toylarına cəmi bir il qalmış sonuncu övladını görəndə Çaplinin 90-a yaxın yaşı vardı.
1971-ci ildə Kann festivalında xüsusi mükafat alır, «Şərəf legionu» ordeninə layiq görülür, Venesiyada beynəlxalq festivaldan «Qızıl şir»i evinə gətirir. 1972-ci ildə Amerika kinoakademiyası ona «Oskar» mükafatı verir. 1974-cü ildə «Mənim həyatım kinoda» kitabının təqdimatı olur. Həmin ildə kraliçə Çaplinə cəngavər rütbəsi verəndə mərasim Çaplinin triumfuna çevrilmişdi. Bu da balaca adamın milyonçu və məşhura çevrilməsi əhvalatı...
Maraqlı faktlar:
* Çaplinin gözləri maviydi.
* Çaplin solaxay olub, hətta skripkanı da sol əliylə çalırmış.
* Filmlərindən 10,5 milyon dollar qazanıb.
* Çaplin «Oxşarlar müsabiqəsi»ndə gizli iştirak edib. Ona Çarli Çaplinə oxşadığına görə üçüncü yer veriblər.
Müəllif: Gülnarə Rəfiq
Mənbə: Bizim Yol qəzet kayzen.az