İdris peyğəmbər bəşərin ilk müəllimi

İdris peyğəmbər bəşərin ilk müəllimi

Qurani-Kərim peyğəmbərlərindən (ə) birindən bəhs edən zaman onu sabir, sadiq, nəbi və saleh adlandırmışdır. Bu, Həzrət İdrisdir (ə). Həzrət İdris (ə) Adəm (ə) peyğəmbərin (ə) nəslindən olan ilk peyğəmbər və bəşərin ilk müəllimi olmuşdur. O, Həzrət Nuhun (ə) babasıdır. Belə ki, İslam tarixində oxuyuruq ki, o, ilk insan olmuşdur ki, dərzilik etmişdir. Paltarın tikilmək qaydasını insanlara öyrətmişdir. Ondan sonra insanlar tikilən paltarlardan istifadə etməyə başlamışdılar. O, uzunboylu və qüvvətli bir insan idi ki, ilk dəfə qələmlə xətt çəkirdi. Astronomiya və hesab elmini bilir və onu tədris edirdi. Səma kitabını insanlara öyrədir və onları öz nəsihətləri ilə bəhrələndirirdi. Ona görə də onun adını İdris qoyurlar. Bu ad “dərs” sözündən götürülmüşdür. (Tebyan) Quranda bir neçə ayə xülasə şəklində ondan bəhs etmişdir. “Həmçinin İsmaili, İdrisi və Zəlkifli (İlyası yada sal) ki, onların hamısı səbrlilərdən idilər (peyğəmbərlik yükünün ağırlığına və onun gözəl icrasının və ümmətin tərbiyə edilməsinin çətinliklərinə dözürdülər). Onların hamısını Öz mərhəmətimizə (peyğəmbərlik məqamına, mənəvi kamilliklərə, səma kitabı verilmək və cəmiyyətin tərbiyəçisi olmaq şərəfinə) daxil etdik. Çünki onlar doğrudan da yaxşı və ləyaqətlilərdən idilər”. (“Ənbiya” 85-86). “Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi. Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq)”. (“Məryəm” 56-57). Bu ayədə dərəcəsinin ucaldılmasından söhbət açılmışdır və bəzi təfsirçilər bu fikirdədir ki, o da Həzrət İsa (ə) kimi səmaya qalxmışdır. Bəzi təfsirçilərin nəzərinə görə Həzrət İdris Yer kürəsinin səma təbəqələrindən birinə qalxmışdır və hələ də sağdır. Burada adı çəkilən məkan – həmin səma, yəni maddi məkandır. Lakin bəzi təfsirçilər o cümlədən Əllamə Təbatəbai və Təbərsi onun məkanının deyil, dərəcəsinin qalxdığını bəyan edirlər. Əllamə “Əl-Mizan”da yazır: “Bu surələrdə bəhs olunan dastanlarda nübuvvət və vilayət neməti mənəvi və İlahi məqam kimi zikr edilmişdir. Bu ayədə söz açılan dərəcə isə onun məkan deyil, qürb dərəcəsindən bəhs edir. Çünki hansısa məkana qalxmaq üstünlük hesab olunmur”. Əllamənin sözünə qüvvət olsun deyə qeyd edə bilərik ki, səmanın və onun hissələrinin yuxarı və aşağısı yoxdur. Misal üçün o kəs ki, Aya gedər, Yer kürəsini başının üstündə görər. O kəs ki, Yer kürəsindədir, Ayı başının üstündə görər. Ona görə də bu məna daha çox Həzrət İdrisin (ə) mənəvi yüksəlişinə işarə edilmişdir. Bu dediklərimizə şahid olaraq, bu ayəni göstərə bilərik. “(Qardaşlar) dedilər: «Əgər o, oğurluq edibsə (bu, təccüblü deyil), keçmişdə onun bir qardaşı da oğurluq etmişdi». Belə olan halda Yusuf həmin sözü öz qəlbində gizlətdi və onlara bildirmədi (və öz-özlüyündə) dedi: «Siz səviyyəcə (insanlıq səviyyəsi baxımından) daha pissiniz (ki, əxlaqi tənəzzül və həsəd sifətiniz vardır). Allah sizin dediyiniz şeyi daha yaxşı bilir»”. (“Yusif” 77). Mənbə. deyerler.org
568 Views