PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) ƏXLAQ BARƏDƏ 12 HƏDİS

PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) ƏXLAQ BARƏDƏ 12 HƏDİS

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Siz heç vaxt camaatı mal-dövlətinizlə ələ ala bilməzsiniz, onları əxlaqınızla ələ alın.” (“Əl-əmali”, Şeyx Səduq”, səh.68.) Gözəl əxlaq hissləri birləşdirən, insanlar arasında məhəbbət və sevgi yaradan amildir. 2. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sizin ən üstününüz ən yaxşı əxlaqı olan, ətrafındakılara kömək edib onlarla ünsiyyət bağlayan, onları sevərək bir yerə toplayan və hacətlərini yerinə yetirən şəxsdir.” (“Üsuli-kafi”, 2-ci cild, səh.110.) Məqamca ən üstün, ən böyük insan gözəl əxlaqı olan, insanlarla qaynayıb qarışan və onların ehtiyaclarını təmin edəndir.   3. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Yaxşı xasiyyəti olan şəxsin savabı gündüzlər oruc tutub, gecələri namaz qılan şəxsin savabı qədərdir.” (“Əl-kafi”, 2-ci cild, səh.100.) Allah-Taala gözəl əxlaqı olan şəxs üçün çoxlu mükafat nəzərdə tutmuşdur. Onun Allah-Taala yolunda oruc tutub namaz qılan şəxsin savabı qədər əcri, mükafatı var. 4. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Gözəlxasiyyətli olun. Həqiqətən, gözəlxasiyyətli olan cənnətlikdir.” (“Camiul-əxbar”, 1-ci cild, səh.107.) Allah-Taala cənnəti gözəl əxlaqı olanlar və cəmiyyətin ən üstün, ən dəyərli şəxsləri üçün hazırlamışdır. 5. Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: İmam Əli (ə) buyurdu: “Bəli, ya Rəsuləllah (s)!” Həzrət (s) buyurdu: “Ən gözəl əxlaqı və ən böyük həlimliyi olanınız, yaxınlarına ən çox yaxşılıq edəniniz və insaf baxımından daha çox öz nəfsinə qarşı çıxanınızdır.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.340.) Doğrudan da, gözəl xasiyyət ən üstün sifətlərdəndir. Kimdə bu sifət və həlimlik olsa, deməli, o, Peyğəmbərə (s) oxşamışdır. 6. Peyğəmbəri-Əkrəm (s) imam Əliyə (ə) vəsiyyət edərək belə buyurmuşdur: “Ey Əli, ailən, qonşun və səninlə təmasda olan şəxslərə qarşı xasiyyətini gözəlləşdir ki, uca Allahın yanında yüksək mərtəbələrə ucalasan! (“Biharul-ənvar”, səh.67-74; “Tuhəfül-üqul”, səh.14.) Həqiqətən, ailə, qonşu və dostlarla gözəl davranış insanın dünyada qazandığı ən üstün əməldir. 7. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən, Allah-Taala gözəl əxlaqı sevir və alçaq sifətlərə nifrət edir.” (“Səfinətül-bihar”, 1-ci cild, səh.411.) Allah-Taala gözəl əxlaqı sevdiyi kimi, insanlar arasında pislik və düşmənçilik yaradan xoşagəlməz xasiyyətləri bəyənmir. 8. Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: “Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir: səni məhrum edənə yaxşılıq etmək, səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq və sənə haqsızlıq edəni bağışlamaq!” (“Əl-xisal”, Şeyx Səduq, səh.125.) Qeyd etdiklərimiz Peyğəmbərin (s) öz ümmətinə əxlaqlarını zinətləndirib gözəlləşdirmək, üstün sifətlərə malik olmaqla dünyanın başqa millətlərinə nümunə olmaq üçün buyurduğu bəzi hədislər idi. O həzrət həm də müsəlmanları öz aralarında düşmənçilik doğurub pis münasibət yaradan və bir-biri ilə əlaqələrini kəsməyə səbəb olan nalayiq xasiyyətlərdən çəkindirmişdir. 9. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Allah-Taala pis xasiyyəti olan şəxsin tövbəsini xoşlamaz.” “Bu necə ola bilər, ey Allahın Rəsulu (s)!?” – deyə soruşduqda, Həzrət buyurdu: “Çünki belə bir şəxs bir günahdan tövbə edib əl çəkdikdə, ondan da böyük başqa bir günaha düşür(“Biharül-ənvar”, 8-ci cild, səh.74.) Pis xasiyyət insanı günaha sürükləyir və nəticədə onu həlak edir. 10. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Pis xasiyyətdən çəkinin. Doğrudan da, pis xasiyyət oddadır.” (“Biharul-ənvar”, 74-cü cild, səh.48.) Pis xasiyyət öz sahibini həlak edib böyük təhlükəyə salır və onu cəhənnəmə aparır. 11. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Sirkə balı xarab etdiyi kimi, pis xasiyyət də əməlləri xarab edir.” (“Kənzul-ummal”, 3-cü cild, səh.443.) Pis xasiyyət insanda çatışmazlıq və naqislikdir. Peyğəmbər (s) də insanları bundan çox çəkindirmişdir. Çünki o, əməlləri batil edir. 12. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qardaşlarına qaşqabaq sallayan şəxsi Allah sevməz.“ (“Kənzul-ummal”, 3-cü cild, səh.441.) (“Əxlaqun-Nəbiyy (s) və Əhli-bəytihi (ə)“, Şeyx Baqir Şərif Qərəşi, səh.8-12.) Mənbə: Maide.az
568 Views