ƏHLİ-BEYT KİMLƏRDİR?
Qurani-Kərimin “Əhzab” surəsinin 33-cü ayəsində buyurulur:
“Həqiqətən, Allah siz Əhli-beytdən hər növ çirkinlik və günahı uzaqlaşdırıb, sizi tamamilə pak-pakizə emək istəyir!”
Bu ayə “Təthir ayəsi” adı ilə məşhurdur və bir çox şiə və sünni rəvayətlərində ayədə qeyd olunan “Əhli-beyt” sözünün beş nəfərə – Peyğəmbəri-Əkrəmə (s), imam Əliyə (ə), həzrət Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aid olduğu bildirilir.
“Təthir” ayəsi Peyğəmbərin (s) zövcələrindən söz açan ayələrin arasında yerləşsə də, fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki ondan əvvəl və sonrakı bütün ayələrin əvəzliklərində qadın cinsi cəm, bu ayədə isə kişi cinsi cəm formasında işlənmişdir. Ayənin başlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriş verilir ki, öz evlərində otursunlar, cahillik dövrünün adət-ənənələrinə uyğun camaat arasına çıxmasınlar, iffətlərini qorusunlar, namaz qılıb zəkat versinlər, Allaha və Rəsuluna tabe olsunlar. Ayədəki altı əvəzliyin hamısında qadın cinsi cəm formasındadır. Sonra isə ayənin üslubu və deyiliş tərzi dəyişir və buyurulur:
“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!”
Ayənin bu hissəsindəki əvəzliklərin hər ikisində kişi cinsi (kum – siz əvəzliyi) cəm formasındadır. Adətən, hər bir ayənin əvvəli ilə axırı eyni bir məsələni bəyan edir. Lakin bu o zaman baş verir ki, ona qarşı dəlil olmasın. Belə isə, ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə aid olduğunu deyənlər yanılırlar. Çünki ayənin hissələri arasındakı zahiri fərq tam aydındır və əvəzliklər də bir-birindən fərqlənir. Bundan əlavə, şiə və sünni alimləri Peyğəmbəri-Əkrəmdən (s) çoxlu rəvayət nəql etmişlər ki, hər iki firqənin məşhur və məqbul mənbələrində bu fakt müşahidə olunur. Bütün bu rəvayətlərə görə, hazırkı ayə İslam Peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin özünə, imam Əliyə (ə), həzrət Fatiməyə (ə.s), imam Həsən (ə) və imam Hüseynə (ə) aiddir. Təkcə “Əd-durrul-mənsur” təfsirində (c.5, səh. 196-199.) on səkkiz rəvayət (beşi Ümmü Sələmədən, üçü Əbu Səid Xudridən, biri Ayişədən, biri Ənəs ibn Malikdən, ikisi İbn Abbasdan, ikisi Əbülhəmradan, biri Vailə ibn Əsqədən, biri Səddən, biri Səhhak ibn Müzahimdən, biri də Zeyd ibn Ərqəmdən) nəql olunmuşdur.
Əllamə Təbatəbai “Əl-mizan” təfsirində bu barədə yetmişdən çox rəvayət nəql edərək yazır: “Bu mövzuda əhli-sünnə təriqilə nəql olunan rəvayətlərin sayı şiə təriqilə nəql olunan rəvayətlərin sayından çoxdur!” (“Əl-mizan”, c.16, səh.311.)
Buradabeş məsuma işarə edən həmin rəvayətlərin yalnız bir neçəsini qeyd etməklə kifayətlənirik:
1. Peyğəmbərin (s) bəzi zövcələrindən nəql olunmuş rəvayətlərdə deyilir ki, “Təthir” ayəsindən söz salıb Peyğəmbərdən (s) soruşduq: “Bu ayə bizə də şamil olurmu?” Həzrət buyurdu: “Siz də yaxşısınız, lakin bu ayə sizə şamil olmur!” O cümlədən, (4-cü və 5-ci əsrlərin məşhur əhli-sünnə alimi) Sələbi “Kəbir” təfsirində Peyğəmbərin (s) zövcəsi olan Ümmü Sələmədən belə nəql edir: Bir gün Fatimə (s.ə.) Peyğəmbərə (s) yemək gətirdi. O həzrət buyurdu: “Həyat yoldaşını (imam Əli), övladların Həsən və Hüseyni çağır.” Onlar gəldilər və yeməkdən sonra Peyğəmbər (s) əbasını onların üstünə atıb buyurdu: “İlahi! Bunlar mənimƏhli-beytim və itrətimdir, çirkinliyi onlardan uzaqlaşdır və onları pak-pakizə et!” Bu zaman “Təthir” ayəsi nazil oldu... Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də sizdənəmmi?” deyə soruşdum. Həzrət buyurdu: “Sən də yaxşısan (amma bu zümrədən deyilsən)!” (“Şəvahidut-tənzil”, Hakim Həskani, c.2, səh.56.)
Sələbi başqa bir rəvayətdə Peyğəmbərin (s) zövcəsi Ayişədən “Cəməl” müharibəsi və onun müharibəyə qatılması haqda soruşduqda dedi: “Bu, ilahi bir təqdir idi!” Ondan Əli (ə) haqda soruşduqda dedi: “Peyğəmbərin (s) yanında ən sevimli şəxsin kim olduğunu Həzrətin ən sevimli zövcəsindən soruşursan?! Mən öz gözümlə gördüm ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyni libasının altına salıb buyurdu:
“İlahi! Bunlar mənim Əhli-beytim və himayəçilərimdir, çirkinliyi onlardan uzaqlaşdır vəonları pak-pakizə et!” Mən o həzrətdən “Ey Allahın Rəsulu! Mən də onlardanammı?” soruşduqda buyurdu: “Xeyr, sən yaxşısan (amma onlardan deyilsən)!” (“Məcməül-bəyan”, “Təthir” ayəsinin təfsirində.)
Bəli, bu rəvayətlərdə göstərilir ki, Peyğəmbərin (s) zövcələri (yaxşı olsalar da,) ayədə qeyd olunan Əhli-beytdən sayılmırlar.
2. Müxtəlif ifadələrlə bir çox rəvayətlərdə nəql olunan ”Kisa” (Əba) əhvalatında deyilir: “Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb (yaxud onların yanına gedib), üstlərinə bir əba ataraq dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir, onlardan çirkinliyi uzaq et!” Bu zaman “Təthir” ayəsi nazil oldu.” (“Səhihi-Müslim” c.4, səh.1883, hədis 2424; “Səhihi-Termizi”, c.5, səh.699, hədis 3871.)
3. Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay (bəzi rəvayətlərdə altı, bəzilərində doqquz ay) sübh namazına gedərkən xanım Fatimeyi-Zəhranın (s.ə.) evinin yanından keçərək uca səslə deyirdi:
“Ey Əhli-beyt, namaz (vaxtıdır)! (Sonra bu ayəni tilavət edirdi:) Həqiqətən, Allah siz Əhli-beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi pak etmək istəyir!”
Bu hədis məşhur təfsir alimi Hakim Həskaninin “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbülhəmradan nəql edilmiş, Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən: səkkiz ay) davam etdirdiyi yazılmışdır. (“Şəvahidut-tənzil”, c.2, səh.11-15, 28 və 92.)
Rəvayətlərdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir; mümkündür ki, bu hadisəni Ənəs ibn Malik altı ay, Əbu Səid Xudri səkkiz ay, Əbülhəmra yeddi ay və İbn Abbas doqquz ay müşahidə etmiş olsun. Beləliklə, rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir.
Ümumiyyətlə, bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O həzrət bu rəftar və ardıcıl təkidlərilə kimsədə şəkk-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-beyt yalnız bu kəslərdir və “Təthir” ayəsi məhz onların şənində nazil olmuşdur.
Nəticə: İslamın məşhur mənbələrində “Təthir” ayəsi və ondakı “Əhli-beyt”in Peyğəmbər (s), imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), imam Həsən (ə) və imam Hüseynə (ə) aid olduğunu bildirən rəvayətlər “təvatür” həddinə çatdığından, onların düzgünlüyünə heç bir şübhə yeri qalmır. (“Peyami-Quran – Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, 9-cu cild, səh.106-115.)
Yazar. Rza Şükürlü
Mənbə. maide.az