KİÇİK GÜNAHLAR TƏKRARLANARSA...
Peyğəmbər (s) səfərlərinin birində səhabələri ilə birlikdə susuz, otsuz-ələfsiz bir yerdə düşərgə saldı. Onların od qalamaq üçün oduna eytiyacları var idi. Peyğəmbər (s) səhabələrə odun yığmaqlarını söylədikdə, onlar dedilər ki, bura boş səhralıqdır, odun gözə dəymir. O həzrət bir daha imkan daxilində çör-çöp toplamalarını göstəriş verdi.
Səhabələrin hərəsi bir tərəfə yollandı. Onlar diqqətlə ətrafa baxır, kiçik bir budaq gördükdə, onu da götürürdülər. Hər kəs bacardığı qədər çör-çöp yığıb gətirdi. Yığdıqlarını bir-birinin üstünə tökdükdə, xeyli odun oldu.
Bu vaxt Peyğəmbər (s) buyurdu: “Kiçik günahlar da elə bu kiçik odunlar kimidir, əvvəlcə nəzərə çarpmır, amma hər bir şeyin axtaranı və təqib edəni vardır. Necə ki, siz axtardınız, nəticədə, bu qədər odun yığıldı. Sizin günahlarınız da belə yığılıb böyüyür və bir gün görərsiniz ki, nəzərə çarpmayan o kiçik günahlardan bir qalaq günah toplanmışdır.” (“Vəsailuş-şiə”, 2-ci cild, səh.462.)
Mənbə. Maide.Az