İnsanlar bir-birini niyə təhqir edir? - Psixoloq

İnsanlar bir-birini niyə təhqir edir? - Psixoloq

Son zamanlar cəmiyyətdə bəzi insanların ətrafındakılara qarşı aqressiv münasibət sərgiləməsini müşahidə edirik. İctimai nəqliyyatda, mağazada, restoranlarda və digər yerlərdə bu halla tez-tez rastlaşırıq. Bəs, görəsən, bu aqressiyanın səbəbi nədir və bununla necə mübarizə aparmaq olar? Məsələ ilə bağlı  açıqlama verən psixoloq Gülnar Orucova bildirib ki, insanın çata bilmədiyi arzuları və istəyib əldə edə bilmədikləri onu aqressiv edən əsas səbəblərdəndir: “Eyni səviyyədə olan insanlardan birinin önə keçməsi digərində aqressiya və paxıllıq hissi yaradır. İnsan içində hirs, nifrət, kin yığılmasından da aqressivləşə bilər. Bəzən insanlar kiməsə əsəbiləşir, lakin ondan hirsini çıxara bilmədiyi üçün ətrafındakılara aqressiv münasibət göstərir. Hər kəs aqressiv ola bilər, amma insanlar bunu müxtəlif cür göstərir. Məsələn, insan var aqressiv olanda susur, bəziləri isə kobud, nalayiq söyüşlər söyür, insan da var qırıb sındırır, bəziləri hətta cinayət törədir. Aqressiv insanlardan ailəsi də və ətrafdakılar da qaçır, onlar həmçinin böyük uğurlara addım ata bilmirlər. Çünki onlar qazandıqlarını da aqressiv hərəkətləri ucbatından itirəcək. Aqressiya ilə mübarizə aparmaq çətindir. Bunun üçün çalışmaq lazımdır ki, bizi aqressiv edən hadisələrə reaksiya verməyək, stressdən uzaq duraq. Sevdiyimiz və hobbimiz olan incəsənət sahəsi, hər hansı peşə və yaxud idmanla məşğul olaq. Mütləq bizə mənəvi rahatlıq verən və rahat hiss etdirən məşğuliyyətimiz olmalıdır. Burada hadisəyə baxış bucağı daha önəmlidir. Hər hansı hadisəni bəzi insanlar yaxşı yönünü görür, bəziləri isə pis. Bu, bizim fikrimizdən, düşüncələrimizdən daha çox asılıdır. Aqressiya ilə mübarizə aparmaq üçün insan stressə davamlı olmalıdır. Əgər bu yoxdursa, neqativ düşüncələr varsa, onlar da insanı aqressiv edir. Aqressiyaya qalib gəlmək üçün mübarizə əzmini formalaşdırmaq və neqativ fikirlərdən uzaq olmalıyıq”. Mənbə. axar.az musahibəsi  
568 Views