Vyetnam Asiyanın cənub-şərqində Hindçin yarımadasında yerləşir. Şimaldan Çin, qərbdən Laos və Kamboca ilə həmsərhəddir, şərq və cənub sahillərini Cənub Çin dənizi yuyur. Vyetnam parlamentli respublikadır. Dövlət başçısı prezidentdir. Paytaxtı Hanoy şəhəridir. Ərazisi təxminən 331 min kvadrat kilometr, əhalisi 86 milyon nəfərdir. Alçaq və orta dağlıqlar ölkə ərazisinin 80%-ni təşkil edir. Ölkədə ovalıqlar çox azdır, əksəriyyəti də şumlanıb. Qəribə qayaları, çəltik sahələri, yaşıl yaylaları, möhtəşəm çimərlikləri və mavi dənizi ilə turistlər və fotoqraflar üçün əsl cənnətdir. Ölkənin ən hündür zirvəsi Fanşipandır (3143 m). Vyetnamın ərazisində böyük və gur sulu Mekonq və Honqxa çayları axır. Ən böyük etnik qrup vyetlərdir (85%-dən çox), bundan başqa ölkədə çinlilər, kxmerlər, taylar və b. da yaşayır. Rəsmi dil Vyetnam dilidir. Əhalinin 85%-i buddist, 8%-i xristianlardır. Pul vahidi Vyetnam donqudur (VND). Vyetnam subekvatorial musson iqlim qurşağında yerləşir. Orta illik temperatur +26 və +29 dərəcə arasında dəyişir. İqlimin yeganə mənfi cəhəti havanın yüksək rütubətliliyidir. Yağış, adətən iyuldan sentyabradək yağır. İllik yağıntının miqdarı fərqlidir: dağlarda 2500-3000, digər ərazilərdə 700-900 mm-dir.
Vyetnamda görməli yerlər
Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, paqodaları (budda məbədi), Qaytarılmış qılınc gölünün ortasında yerləşən Tısbağa məbədi və s. ilə turistləri özünə cəlb edir. Vyetnam turizminin incisi Halonq (əjdaha) körfəzi hesab olunur. Körfəzi çoxları dünyanın səkkizinci möcüzəsi hesab edir. 1500 kvadrat kilometrlik dəniz ərazisində 1600 ədəd qəribə formada ada və qayalar səpələnib. Qışda orta temperatur +18-20, yayda +25 dərəcədən yuxarı olur. Çoxlu sayda meymunlar saxlanan Meymunlar adasına da gedə bilərsiniz. Şəhər bazarında ağ mərcanlar, balıqqulağı və dəniz mirvarisindən dekor və bəzək əşyaları satılır. Vyetnamda məşhur turizm və kurort mərkəzi Nyaçanq yerləşir. Axırıncı imperator Bao Pay burada özünün möhtəşəm yay sarayını tikdirib. Sarayda heyrətamiz okeanariumu olan Okeanologiya İnstitutu fəaliyyət göstərir. Teynin şəhərində bir çox dinləri - buddizmi, konfutsiçiliyi, daosizmi, xristianlığı, islamı özündə birləşdirən kaodaizmin əsas ziyarətgahı «ulu məbəd» Kaoday yerləşir. Ən çox turist cəlb edən yerlərdən biri də dağ kurortu Dələtdir. Kurort sərin iqlimi, həmişəyaşıl meşələri, mənzərəli gölləri və çayları ilə tanınır. Vyetnamın ən məşhur şəhərlərindən biri - Xoşiminin küçələri bazar, mağaza, kafe mərkəzidir.
Turistlərə məsləhət
Vyetnamın mağaza və bazarlarında ən aşağı qiymətlərlə yerli malları: təbii ipəkdən və nadir ağaclardan, sədəf və gümüşdən, daş, sümük və metaldan hazırlanmış məhsullar ala bilərsiniz. Hanoy və Xoşimində Avropa malları satılan çoxlu sayda ticarət mərkəzləri fəaliyyət göstərir. Qaranlıq düşəndən sonra rikşalarda (ikitəkərli arabaya qoşulub minik daşıyan adam) səyahətdən çəkinin. Şəhərlərdə orta sürət həddi 40 km/saat təşkil edir. Qətiyyən üstünüzdə böyük məbləğdə pul götürməyin, ələlxüsus da insanların daha çox olduğu yerlərə və bazarlara gedərkən. Burada krandan su içmək məsləhət deyil. Buzlu içkiləri yalnız böyük şəhər və ya otellərdə sifariş edin. Digər yerlərdə buz qaynanmamış sudan ola bilər. Buddistlərin məbədinə girərkən ayaqqabınızı qapının ağzında çıxarın, çıxarkən arxanızı məbədə çevirməyin. Məbədin ətrafında saat istiqamətində dolanın. Məbədlərin və yerli sakinlərin şəklini çəkərkən icazə almaq lazımdır (əksər hallarda bunun üçün pul ödəməli olacaqsınız). Vyetnamda hər zövqə uyğun əyləncə tapmaq olar - fillərlə gəzintidən, ilanlı restoranlardan, timsah qoruğundan tutmuş kazino və gecə klublarına kimi.
Vyetnam bayramları
Ölkədə keçirilən çoxsaylı bayramlar həm Vyetnam xalqının qədim adət-ənənələri və inancları, həm də daha sonralar tarixdə baş verən hadisələrlə bağlıdır. Tet - Vyetnamın ən təntənəli və şən keçirilən milli bayramıdır. Tetin gəlişi ay təqviminə əsasən hesablanır və baharın əvvəli hesab olunur. Bayramın gəlişinə bir neçə gün qalmış park və bağçalarda xrizantem, georgin, astra və rəngbərəng sabahgülü əkilir. Evdar xanımlar ban-tinq - yapışqan düyüdən piroq bişirirlər. Bayram üçün uşaqlara əlvan rənglərdən, gənc qızlara zərif rəngli ipəkdən, orta yaşlı qadınlara bənövşəyi rəngli parçadan paltarlar tikilir. Gənclər küçə və meydanlarda bər-bəzəkli kağız və karton əjdahalar gəzdirirlər.
29 iyun Buddanın anadan olduğu gün - buddizm tərəfdarları gün ərzində paqodalarda (budda məbədi) rahiblərə müxtəlif vegetarian yeməklər hazırlama, dua oxuma və s. kimi dini ayinlər yerinə yetirirlər. Bayram növbəti günün səhəri rahiblərə vegetarian yeməklər təqdim etməklə bitir.
Bundan başqa, Vyetnamda Qələbə günü - Sayqonun azad edilməsinin ildönümü (30 aprel), Uşaqlar günü (1 iyun), Müstəqillik günü (2 sentyabr), Vyetnam Kommunist Partiyasının yaranma günü (3 fevral), Xoşiminin anadan olduğu gün (19 may) və s. qeyd olunur.
Vyetnam mətbəxi
Vyetnamda, ən çox da böyük şəhərlərində hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Vyetnam mətbəxi öz qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşamır. Nanə yarpaqları, keşniş, lemonqras, balıq sousu, krevetlər, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan, zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini dadlı etməklə kifayətlənmir, həm də onu xeyirli edir. Ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Vyetnam mətbəxində fransız təsiri özünü paştet və pendirdə göstərir. Ölkə, həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib. Vyetnam qəhvəsi (ka fe fin), adətən mokkonun (qəhvə növü) çox tünd ətri və dadını verir. Bütün Asiyada olduğu kimi burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə yarpaqlarından, paxladan, batat (şirin kartof), maniok, zəncəfil, reyhan, limon karışı və s-dən geniş istifadə olunur. Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Ən məşhur milli yeməklərinə: «kom» (düyü), «fo» (əriştə supu), «soy» (yapışqan düyü), «çaka» (balığın qızardılmış yumşaq əti), «çajo» (ət və tərəvəzli rulet) aiddir. Müxtəlif orijinal meyvələr də var: əjdaha meyvəsi, jajabe, xaki, lonqan, pomelo, üççəyirdəkli albalı, su alması. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər burada çox populyardır. Yeməyin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklər, xırda quşlar və s-dən istifadə edilir. Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Bulkalar, un məmulatları da çox məşhurdur. Vyetnam, şərq, Avropa və vegetarian mətbəxinə rast gəlinir. Yeməklər stola heç bir sıralama olmadan gətirilir, hansı tez hazır olarsa, o da verilir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: «Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad». Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Mərkəzi hissədə demək olar ki, Vyetnam milli mətbəxinin ən çətin yeməkləri hazırlanır. Cənubda ədviyyatlardan çox istifadə olunur.
Mənbə. kayzen.az