Talutun əsgərlərinin duası bizə nə öyrədir?

Talutun əsgərlərinin duası bizə nə öyrədir?

İnsanın istəyindən asılı olmayaraq, həyatı boyu müxtəlif çətinliklərlə qarşılaşması – qaçılmazdır. Zatən diqqət etsək, həyatın hər mərhələsi özünəməxsus çətinlikləri təqdim edir. Qurani-Kərim bu çətinliklərin müqabilində Allah dostlarının davranışlarını bizə misal çəkir. Belə ki, düşmənin təpədən-dırnağa qədər silahlanmış ordusu ilə üzbəüz gələn Allah dostlarının mübarək duası, bizə bəzi mövzulara fərqli yanaşma təqdim edir. “Onlar Calut və onun qoşunu ilə vuruşmaq üçün qarşılaşdıqları zaman dedilər: «Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə səbir və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə kafir qövm üzərində kömət et”. (“Bəqərə” 250) Bu ayədə bir sıra mövzulara mərhələli şəkildə diqqət edək. 1. Allah dostları qarşılaşdıqları çətinlik müqabilində ilk olaraq Rəbbləri ilə irtibat qurmağa çalışırlar. 2. İstədikləri ilk şey nə güc, nə üstünlük və s.-dir. Onlar ilk olaraq səbir – mənəvi güc təmənna edirlər. 3. Bütün çətinliklərin Allahın iradəsi qarşısında asan bir şey olduğuna yəqin ediblər (geri çəkilmək haqqında düşünmürlər). Calut, öz zamanında məğlubedilməz bir orduya sahib idi. 4. Sahib olduqları gücün belə, İlahi rabitə olmadan bir işə yaramayacağını qəbul edirlər. 5. Qədəmlərinin möhkəm olması ilə bağlı etdikləri duada, güclərinin İlahi rabitə yaratmasını arzu edirlər. 6. Onlar bütün bu sadalananlara malik olsalar belə, düşmən üzərində qalibiyyət əldə edə bilmələri üçün yetərli olmadığını etiraf edirlər. 7. Onlar ayənin sonunda bütün bu xüsusiyyətlərə sahibləndikdən sonra belə, qalibiyyət üçün Allah köməyinə ehtiyac duyduqlarını etiraf edirlər. Buradan bizim üçün çox mühüm mətləblər çıxır. Qarşımıza çıxan bütün çətinliklər, İlahi qüdrət qarşısında sadə və həll ediləndir. Eyni zamanda bütün çətinliklərin ilkin mərhələsi İlahi rabitənin bərpasından keçir. İlk istəniləcək şey – o problemin həlli deyil, bu problemin qarşısında Allah bəyənən səbir nümayiş etdirməkdir. Çünki problem həll edilməsə belə, sənin İlahi rabitənə kölgə düşməməlidir. Bütün çətinliklərin həllini İlahi rabitə ilə həll etmək ümidi ilə.   Yazar/ Mətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu Qaynaq Sayt. deyerler.org
568 Views