Uşaqlara verilən adlarda gizlənmiş mesaj

Uşaqlara verilən adlarda gizlənmiş mesaj

Hər bir atanın vəzifələrindən biri də övladına gözəl bir ad verməkdir. Dinimizin bu mövzuda xüsusi qeydlər etməsi, mövzunun önəmli olmasına işarə verir. Ad insanın sadəcə digərlərindən fərqlənmək, onun cəmiyyətdə ayırd edilməsi üçün istifadə edilən bir məsələ deyil. Verilən ad, ilk növbədə o uşağın doğulduğu ailənin dünyagörüşündən  xəbər verir. Sovet dönəmində toplum üçün diktə edilən dəyərlər ailələrdə də öz təsiri qoyurdu. Kolxoz, Sovet, Kombayın, Ulduz və s. kimi adlar, zamanın nəbzini bizə anlatmaq üçün əsasdır. Yəni, cəmiyyətdə qoyulan adlar toplumun dəyər ölçülərini anlamaqda çox müsbət rol oynayır. Məhz bu səbəbdən illərdir ki, qoyulan adalar arasında Yusif, Hüseyn, Əli, Həsən, Fatimə və s. adların dominantlıq təşkil etməsi ənənələrin qorunduğu, hər şeyin əldən çıxmadığı anlamına da gələ bilər. Son vaxtlar adların qoyulmasında ən təsir edən mövzulardan biri – təbii ki, televiziya, sosial şəbəkələrdə gedən mövzulardır. Ölkə insanının qəhrəmanlarının ölçü meyarlarının dəyişilməsi sanki adlarda da öz əksini tapmaqdadır. Son günlərdə verilən rəsmi açıqlamalarda, bu il ölkədə  tam yeni adların verilməsinə də işarə edilib. Bunlardan Onur, Human, Zehin, Melih, Behcat, Elena kimi adları qeyd etmək olar. Adlardan da göründüyü kimi, bunların demək olar ki, hamısı türk seriallarının qəhrəmanlarının adlarındandır. Bəzi insanlar ki, baxdıqları kinoya, sadəcə maraq dairəsini təmin etmək üçün baxdığını desə də, görünən budur ki, mövzu artıq dünyagörüşünə qədər təsir edib. Söhbət bu adların yaxşı və ya pis olmasından deyil, onların haradan götürüldüyündən gedir. Təbii ki, Yusif adının da “Həzrət Yusif (ə)” kinosundan təsirlənərək qoyulduğu deyilə bilər. Amma övladına Yusif adını qoyan valideyn, övladının da Yusif kimi iffətli, ədalətli və Allah bəndəsi olmasını arzu edərək, bu addımı atır. Amma bugünkü türk seriallarındakı qəhrəmanlar iffətsizliyi, mənəviyyatsızlığı yayırlar. Anlaşılan budur ki, övladına o seriallardan təsirlənərək ad qoyan valideyn üçün bəzi mənəvi dəyərlər artıq öz statusunu dəyişib. Proses o qədər dərindən gedir ki, qəflət edilsə, bu sürəc heç də yaxşı istiqamətə getməyəcək. Torpaqlarının 20%-i işğal altında olan bir ölkədə çağırılan adlar, hansı ruhiyyədə böyüdüyümüzü göstərməlidir. Bizim üçün nə qədər adi görünən mövzu olsa da, bunun kimi bir çox mövzular göstəricidir. Ən əsası isə, bir çox beyin mərkəzləri bu mövzulara ciddi şəkildə həssaslıqla yanaşırlar. Allah bizə qəflətdən ayılmağı nəsib etsin... Mətləb Həmzəli İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Jurnalistika Məktəbinin məzunu Qaynaq. deyerler.org
568 Views