Xurafatla necə mübarizə aparmaq olar?

Xurafatla necə mübarizə aparmaq olar?

Xurafat və xurafatı yayanlar hələ qədim zamanlardan indiyə qədər mövcuddur. Ancaq onun yayılması müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. O cəmiyyət ki, elmi kənara qoyub, cəhalət ardınca gedir – əlbəttə ki, həmin cəmiyyətdə xurafat da çox yayılar və insanları yolundan azdırar. Ancaq əksinə – tərəqqi etmiş və elmli ölkələrdə xurafatın kökləri kəsilər və yayılması üçün lazımlı şərait olmaz. Bəs xurafatın kökünü tamamilə necə kəsə bilərik? 1. Elmin səviyyəsini yüksəltməklə. Xurafatın əsil mənşəyi – cəhalət və nadanlıqdır. Ona görə də elmin səviyyəsini yuxarı qaldırmaqla, xurafatın köklərini kəsə bilərik. Çünki insan o zaman xurafata inanır ki, onunla bağlı olan hadisələrin səbəblərini bilmir və elmsizlikdən çarəsiz onu qəbul etməyə məcbur olur. 2. Dini rəhbərlərin ardıcılı olmaq. İmam Əli (ə) dini rəhbərlərin əhəmiyyəti barəsində buyurur: “Yer üzü heç bir zaman hüccət və dəlillə qiyam edənlərdən – istər aşkar olsun, istərsə də gizli – boş qalmayacaqdır ki, Allahın aşkar dəlilləri zay olmasın və unudulmasın”. Hər kim Məsum İmamların (ə) davamçısı olar və onların elmindən bəhrələnər – xurafata heç bir zaman boyun əyməz. Əksinə – onun köklərini öz elmi ilə və dəlilləri ilə kəsər. “Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) – götürün və sizə nəyi qadağan edirsə – ondan əl çəkin”. (“Həşr” 7). 3. Qurana diqqət etmək. Xurafatla mübarizənin başqa bir yolu – Qurani-Kərimə diqqət etmək və onun təlimlərini yerinə yetirməkdir. Quranda keçmiş ümmətlərin sərgüzəştləri vardır ki, onu oxuyan insan bu hadisələrdən ancaq ibrət dərsi alar və onların səhvlərini həyatında təkrar etməz. Bu səma kitabında insanları xurafat və sehr yolu ilə aldatmaq istəyən insanların da sərgüzəştləri vardır ki, hər biri bir həyat dərsidir. Hər kim onları diqqətlə oxusa və həyatında həmin nöqtələrə diqqət etsə, xurafatdan uzaq olar. Din alimlərinin ən böyük vəzifəsi – insanları maarifləndirmək və hər cür xurafi fikirdən çəkindirməkdir. Əgər onlar öz vəzifələrini doğru yerinə yetirsələr, cəmiyyət bu bəladan xilas olar və onun qurbanlarından olmaz. (Hədənə)   Mənbə. /Deyerler.org/
568 Views