Con Steynbekin haqqında

Con Steynbekin haqqında

XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçı-dramaturqları arasında Con Steynbekin (1902-1968) məxsusi yeri var. Con Steynbek ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş (1962) altıncı ABŞ yazıçısıdır. XX əsr Amerika ədəbi mühitini ən çox məşğul edən “Amerika həyat tərzi” və “Orta amerikalı” konsepsiyaları C.Steynbekin əsərlərinin əsas xəttini təşkil edir. Siyasət, bank, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər yazıçının əsərlərində öz bədii təsvirini tapıb.     C.Steynbekin ilk kamil əsəri olan “Lacivərd örüş”də bəhs olunan kiçik Salinas şəhəri Nobel mükafatlı görkəmli yazıçı Vilyam Folknerin (1897-1962) əsərlərindəki xəyali Yoknapatafa dairəsinə bənzər mistik rol oynayıb. Steynbekdə Salinas Folkner yaradıcılığında onun doğma Oksford şəhərində Missisipi çayı boyunca uzanan Lafayet qədər əhəmiyyətli təsirə malikdir. Nyu-Yorka köçərək orada qəzetçiliklə məşğul olan C.Steynbek bir müddət sonra yenidən Kaliforniyaya qayıdaraq ədəbi fəaliyyətini davam etdirir. O, erkən yaradıcılıq dövrü əsərlərində əsasən mistisizmə, naturalizmə meyil etsə də, sonradan sərt realizmə körpü salaraq çox qiymətli bədii nümunələr qələmə alıb. C.Steynbek daha çox sosial-psixoloji romanlar ustası kimi tanınıb. On altı roman, altı povest və bir sıra hekayələr toplusu daxil olmaqla ümumilikdə iyirmi beş kitabın müəllifi olub. “Konserv sırası” (1945), “Mirvari” (1947) və “Cənnətdən Şərqə doğru” (1952) daxil olmaqla yazıçının on yeddi əsəri əsasında Hollivudda filmlər çəkilib. O həm də “Hollivud yazıçısı” kimi şöhrət qazanıb. Meksika xalq nağılı əsasında qələmə alınan “Mirvari” əsərində müəllif insan təbiətinin sirlərini, şərin ən qaranlıq dərinliklərini və məhəbbətin işıqlı yollarını araşdırır. Atası və babası kimi, bir vaxtlar İspaniya krallığı üçün böyük sərvətlər qazandıran Kino artıq özünün, Yuananın və körpə oğlunun gündəlik dolanışığını təmin etmək üçün körfəz sahillərində mirvari toplayan yoxsul bir dalğıcdır. O, günlərin birində dənizdən yumurta boyda “ay kimi mükəmməl” bir mirvari tapır. Bu mirvari ona ümid, rahatlıq və təhlükəsizlik vəd edir. XX əsrin birinci yarısında ABŞ-da baş vermiş real tarixi hadisələr və bu olayların yaratdığı sosial şərait müəllifin qələmi ilə yüksək peşəkarlıqla təsvir olunub. Məlum olduğu kimi, bu ölkənin Oklahoma, Nyu-Meksika, Kanzas ştatlarında baş vermiş təbii fəlakətlər nəticəsində “Böyük quraqlıq” və “Böyük depressia” dövrü yaşanıb. Nəticədə bu ştatlardan Amerikanın müxtəlif yerlərinə, o cümlədən yazıçının yaşadığı Kaliforniyaya köç edən insanların ağır taleyi C.Steynbekin əsərlərində aparıcı mövzuya çevrilib. 1939-cu ildə yazıçının “Qəzəb salxımı” romanının çap olunması ölkədə böyük rezonansa səbəb olub. Sözügedən əsər Amerikada kənd təsərrüfatı sahəsində islahatların aparılması zərurətini ortaya qoyaraq çoxlarını bu barədə düşünməyə vadar edib. Yazıçı “Həyəcanlarımızın qışı” (1961) və “Çarli ilə səyahət” (1962) əsərlərinə görə Nobel mükafatına layiq görülüb. Məşhur qələm markalarının kolleksiyaçısı kimi də tanınan C.Steynbek yazan zaman yanına mütləq 24 qələm qoyarmış. 1968-ci ildə Nyu-Yorkda ürəktutmadan vəfat edən ədib Salinas şəhərciyində dəfn olunub. Yazıçının Salinasdakı evi 1974-cü ildə muzeyə çevrilib, geniş ədəbi-ictimai fəaliyyətə malik “Con Steynbek cəmiyyəti” yaradılıb.
Hazırladı: LALƏ
Mənbə:medeniyyet.az
568 Views