Xristian kilsəsinin parçalanması.Səlib yürüşləri
Xristian kilsəsinin parçalanması. Kilsənin qüdrətinin artması. XI əsrin ortalarına qədər xristian kilsəsi vahid kilsə hesab edilirdi. Qərbi Roma kilsəsinin başçısı Roma papası idi. Bizansda isə kilsənin başçısı Konstantinopol patriarxı idi. Şərqi Avropanın bir çox ölkələri, o cümlədən Serbiya, Bolqarıstan və Kiyev Rus dövləti xristianlığı Bizansdan qəbul etmişdilər. Lakin Roma papası bu ölkələrin kilsələrini özünə tabe etmək istəyirdi. Papa və patriarx xristian kilsəsinə ağalıq və onun gəlirini bölüşdürmək uğrunda mübarizəyə başladılar. Nəticədə 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə parçalandı. Qərb kilsəsi katolik (ümumdünya kilsəsi), Şərq kilsəsi isə pravoslav (həqiqi din) kilsəsi adlanmağa başladı. Bundan sonra hər iki kilsə müstəqil oldu.
Feodal dağınıqlığı dövründə İtaliyada Roma papasının başçılıq etdiyi bir dövlət var idi. Papa vilayəti adlanan bu dövlət Avropa krallarını özünə tabe etmək istəyirdi. XI əsrin sonunda Roma papası VII Qriqori ilə Almaniya kralı IV Henrix arasında müharibə başlandı. Müharibənin başlanmasına səbəb yepiskopun kimin təyin etməsi olmuşdur. Roma papası alman feodallarını krala qarşı qaldıra bildi. IV Henrix təbəələri ona tabe olmadılar. O, Roma papası ilə barışmağa məcbur oldu və Romaya getdi. IV Henrix 3 gün gecə-gündüz ayaqyalın, başı açıq İtaliyanın simalındakı Kanossa qəsrində gizlənmiş Roma papasından bağışlanmasını xahiş etdi. Papa onu bağışladı. «Kanossaya getmək» ifadəsi müasir dövrdə məcburiyyət qarşısında alçaldıcı güzəştə getmək mənasında işlənir. Lakin bundan sonra da Alman kralı IV Henrix papaya qarşı müharibədən əl çəkmədi. Bu müharibə fasilələrlə 200 ilə qədər davam etdi.
Roma papasının ən qüdrətli dövrü III İnnokenti (1198-1216) zamanında olmuşdu. O deyirdi: papalar bütün xalqlara və dövlətlərə ağalıq etməlidir. Hamı onun qarşısında diz çökməli, ayağını öpməlidir. Katolik kilsəsi Avropada ən böyük torpaq sahibi idi. Avropada torpaqların üçdə biri kilsəyə məxsus idi. Bütün Qərbi Avropa əhalisindən kilsə üçün onda bir vergisi alınırdı. Bundan əlavə kilsə dini mərasimlərə, kəbin kəsməyə, xaç suyuna salmağa, müqəddəs şeyləri satmağa görə çoxlu gəlir əldə edirdi. Günahların bağışlanması haqqında Roma papasının fərmanı (indulgensiya) geniş yayılmışdı. Indulgensiya - cənnət qəbzi deməkdir. Günahların bağışlanması haqqında kilsə fərmanı belə adlanırdı. Guya kim bu fərmanı alsa, Allah onun bütün günahlarını bağışlar, fərmanı alan cənnətə gedər.
Bidətçilərə qarşı mübarizə. Kilsə təliminə qarşı çıxanlar bidətçi, yəni dönük adlandırılırdı. Bidətçilər papaya qarşı çıxır, adamları kilsəyə, Roma papasına vergi verməməyə çağırırdılar.Bidətçilər kafir elan edilir, onlara qarşı kilsə məhkəməsi (inkvizisiya) qurulurdu. XIII əsrdə kilsə məhkəməsi inkvizisiya adlanırdı. XI-XIII əsrlərdə kəndli və yoxsullar bidətçiləri müdafiə edirdilər, ona görə ki, bidətçilər feodal vergilərinə və mükəlləfiyyətlərinə qarşı çıxırdılar. Inkvizisiya məhkəməsi bidətçiləri çox halda tonqalda yandırma cəzasına məhkum edirdi.
XAÇ (SƏLIB) YÜRÜŞLƏRI
Səlib yürüşləri fasilələrlə 1096-1270 illərdə olmuşdu. 8 xaç yürüşü təşkil edilmişdir. 1095-ildə Fransanın Klermo şəhəri yaxınlığındakı düzdə xalq yığıncağında Roma papası II Urban nitq söylədi. O, xalqı qılınca qurşanmağa, İsanın qəbrini kafirlərdən (müsəlmanlardan) xilas etməyə çağırdı. Xristian rəvayətinə görə, İsa Fələstində Qüds şəhərində (Yerusəlim) dəfn olunmuşdu. Papa vəd edirdi ki, günahkarların bütün günahı bağışlanacaq. Çoxları «Müqəddəs torpağı» azad etməyə hazır olduqlarını bildirdilər. Paltarlarına qırmızı parçadan xaç tikdilər. Şərqə yürüş edənləri səlibçilər, yürüşü isə səlib yürüşü adlandırdılar. Səlib müharibəsinin səbəbi: XI əsrin sonunda Avropada quraqlıq və aclıq, feodalların varlanmaq hərisliyi, torpaqsız cəngavərlərin olması, ruhanilərin yeni torpaqlar ələ keçirmək istəyi idi. Avropada güman edirdilər ki, Səlcuq imperiyası dağıldığına görə oram tutmaq asan olar.
I Səlib müharibəsi 1096-ilin yazında başlandı. Bu müharibədə yoxsul kəndlilər iştirak edirdilər. Bizans imperatoru onları Kiçik Asiyaya keçirdi. Səlcuqlar səlibçiləri qılıncdan keçirdilər.
1096-cı ilin payızında Fransa, Almaniya və İngiltərənin feodallarının başçılığı altında cəngavərlər Şərqə hərəkət etdilər. Onlar Kiçik Asiyada səlcuqları məğlub etdilər. 3 ildən sonra 1099-iIdə Qüdsə çatıb oranı tutdular. Səlibçilər I xaç yürüşündən sonra Suriya və Fələstinin Aralıq dənizi sahillərindəki sahil torpaqlarda, yəni sahil boyunca ensiz bir zolaqda Qüds krallığını yaratdılar. Səlibçilərin yaratdığı krallıqlar Qüdsə tabe idi.
II Səlib müharibəsi 1147-1149 illərdə oldu və tam məğlubiyyətlə nəticələndi.
III Səlib müharibəsi 1189-1192 illərdə baş verdi, buna səbəb Misir hökmdarı Səlahəddin Əyyubinin 1187-iIdə Qüdsü tutması, səlibçiləri məğlub etməsi və onları Qüdsdən qovması olmuşdu. Bu müharibədə Fransa, İngiltərə kralları və Almaniya imperatoru iştirak etmiş və məğlubiyyətə uğramışdılar.
IV Səlib müharibəsi 1199-1204 illərdə olmuş və onu Roma Papası III İnnokenti təşkil etmişdi. Səlibçilər Fələstinə gəmi ilə getməyi qərara aldılar. Onlar dəniz kraliçası adlanan Venesiya şəhər dövlətindən gəmi kirayə götürdülər. Venesiya Aralıq dənizində ticarət aparmaq üstündə Bizansla rəqabət aparırdı. Bizansı ticarətdə sıxışdırmaq üçün venesiyalılar səlibçiləri Bizansa qarşı yönəltdilər. Səlibçilər 1204-cü ildə Bizansın paytaxtı Konstantinopolu tutdular və dağıtdılar. Şəhər, hətta Müqəddəs Sofiya kilsəsi də qarət olundu. Latın imperiyası yaradıldı. Səlibçilər Bizansdan ancaq 1261-ci ildə qovuldular, IV Səlib müharibəsi səlibçilərin işğalçılıq və qarətçilik niyyətini açıb göstərdi.
V Səlib müharibəsi 1217-1221-ci illərdə oldu və səlibçilər üçün uğursuzluqla nəticələndi.
VI Səlib müharibəsi 1228-1229-cu illərdə aparıldı. Bu müharibə Misirə qarşı başlanmış və səlibçilərin məğlubiyyəti ilə başa çatmışdı.
VII Səlib müharibəsi 1248-1254-cü illərdə,VIII Səlib müharibəsi 1270-ci ildə Şimali Afrikada getmiş və səlibçilər məğlub olmuşdular.
Səlib müharibəsinin nəticələri Avropa cəngavərləri şərq ölkələrini tuta bilməsələr də oradakı xalqlara böyük bəlalar gətirdilər. Aralıq dənizində birincilik Bizansdan Şimali İtaliya şəhərləri Genuya və Venesiyaya keçdi. İtaliya tacirləri Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yaratdılar.
Avropalılar Şərqdən yeni kənd təsərrüfatı bitkilərini, xüsusilə çəltik, qarabaşaq, limon, ərik, qarpız, şəkər çuğunduru əkib becərməyi öyrəndilər. Yel dəyirmanından istifadə etdilər. Avropalılar ipək parçalar toxumağı, güzgü istehsal etməyi, metalı daha yaxşı emal etməyi öyrəndilər. Kağız, barıt və kompasla tanış oldular. Avropalılar yeməkdən qabaq əllərini yumağı, isti hamamda çimməyi, alt və üst paltarlarını dəyişməyi şərqdən öyrənməyə başladılar. Avropa feodalları dəbdəbəli yaşamağı da şərqdən öyrənmişdilər.
Mənbə. kayzen.az