Dənizdə üzməyin hansı faydaları var?
Yay mövsümündə insanların ən çox üz tutduğu məkanlardan biri dəniz və onun qumlu sahilləridir. Onların hər ikisi sağlamlıq üçün çox böyük əhəmiyyət daşıyır.
"Ölkə.az" xəbər verir ki, dəniz suyunun tərkibi mikroelementlərlə zəngindir. Maqnezium immuniteti bərpa edir, kalsium sümükləri möhkəmləndirir, kalium qan təzyiqini normallaşdırır, brom sinirləri sakitləşdirir, yod orqanizmin mübadilə proseslərini qaydaya salır. Dənizdə üzmək damarların möhkəmlənməsi və əzələlərin rahatlaşmasına səbəb olur. Həkimlərin rəyinə görə, dəniz suyu dəri örtüyünün məsamələrinin təmizlənməsinə və dərinin cavanlaşmasına kömək edən ən yaxşı vasitədir. Dəniz suyu bir sıra xəstəliklər zamanı şəfaverici rol oynayır. Dənizdə çimdikdən sonra hematoma və göyərtilər itir, bədəndə olan cızıq və çapıqlar tez sağalır. Oynaq xəstəlikləri, səs tellərinin bərpası və bütün boğaz xəstəlikləri zamanı da dəniz suyu məsləhət görülür.
Qumla müalicə də təbabətdə çoxdan sınaqdan çıxarılan şəfa üsullarından biridir. Artroz, artrit, revmatizm, polimielit xəstəlikləri, habelə sinir sisteminin nevralgiya, nevrit, radikulit xəstəlikləri zamanı dəniz qumu əvəzsiz şəfa mənbəyi sayılır.
Mənbə. Ölkə.az