Tarantino film maqnatının yaramaz davranışından xəbərdardımı?
ABŞ kinorejissoru Quentin Tarantino etiraf edib ki, o uzun illər kino maqnatı Harvey Weinstein-in qadınlara qarşı yaramaz hərəkətləri barədə iddialardan xəbərdar olub.
"Mənim bildiklərim, əslində etdiyimdən daha çox etməyimi tələb edirdi" - cənab Tarantino "New York Times" qəzetinə deyib . Onun qeydləri Los Angeles polisinin, cənab Weinstein-in şübhəli bilindiyi və 2013-cü ildə baş vermiş cinsi təcavüz aktını araşdırdığı vaxta təsadüf edib. Prodüser hazırda onlarca qadın tərəfindən seksual bədrəftarlıq və təcavüzdə ittiham edilir. Lakin o "razılıqsız seks" barədə bütün iddiaları "birmənalı şəkildə" rədd edir. "Bu sadəcə dedi-qodu və ya qiybət deyil. Bu, kiminsə çatdırdığı söz deyil. Mən bilirəm ki, o bir-iki dəfə belə rəftara yol verib - deyib Tarantino ABŞ qəzetinə müsahibəsində, - Kaş ki, eşitdiklərimin əsasında tədbir görmüş olaydım. Mən əgər o vaxt etməli olduğumu etsəydim, onda onunla işləməməli idim". Hollywood rejissoru cənab Weinstein-lə "Azad olunmuş Django" (Django Unchained) və "Şərəfsiz əclaflar" (Inglorious Basterds) da daxil bir çox filmlərdə yaxından işləyib. Bu arada Los Angeles polisi bildirib ki, cənab Weinstein-lə bağlı bir California epizodu barədə təhqiqata başlayıb. "Los Angeles Polis Departamentin-in (LAPD) Qarət və Adamöldürmə bölməsi iddia olunduğuna görə Harvey Weinstein-lə bağlı 2013-cü ildə baş vermiş cinsi təcavüz aktını araşdırır", - LAPD-nin sözüçü Sal Ramirez deyib "Hadisə barədə təhqiqat aparılır. İndilik bundan artıq informasiya yoxdur". California ştatının qanunlarına görə zorlama cinayəti halları baş verdiyi vaxtdan 10 il müddətində araşdırıla bilər və bu iş həmin müddətin içərisinə düşür. Beləliklə, prokurorlar kafi dəlillərin olduğu barədə qərar qəbul etsələr, kino prodüserinə qarşı cinayət işi qaldırılacaq. İddiaçı qurban 38 yaşlı italiyalı model və aktrisadır, ABŞ media qurumları bildirir. Onun bu həftə xəfiyyələrlə görüşdüyü xəbər verilib. Hazırda Harvey Weinstein-ə dair bir neçə iddia üzrə araşdırmalar ayrıca olaraq London və New York-da aparılır.