Sigizmund (22 yaşında olanda adını dəyişib Ziqmund qoyur) Freyd Frayberqdə yəhudi ailəsində doğulub. Onun atası Yakob anasından - sayca üçüncü arvadından 20 yaş böyük idi. Əvvəlki evliliyindən böyük oğlanları olduğuna görə Freydin ilk dostu ondan bir yaş böyük olan qardaşı oğluydu. Atası yun satmaq biznesiylə qazanmağa cəhdlər eləsə də, deyəsən, ticarətdə əli gətirən deyildi. Atasının bu işdə fərsizliyi Freydin xasiyyətində dərin izlər buraxmışdı. Çünki bu balaca uşaq qəti qərara gəlir ki, atasının uğursuzluğunu öz nailiyyətləriylə ört-basdır edəcək.
3 yaşında olanda ailəsi antisemit sıxışdırmaya görə Leypsiqə, daha sonra Vyanaya köçməli olur. Bir az böyüyən kimi bacıları kiçik otaqda sıxışmalı olsalar da, Freydə ayrıca otaq verdilər. 8 uşaqlı ailədə hamı dərslərini şam işığında öyrənməli olduqları vaxt yalnız Ziqmunda neft lampası ayrılmışdı. Başqa uşaqlara musiqiylə məşğul olmaq qadağan idi, axı səs Ziqmundun dərslərinə mane ola bilərdi. Məktəbdə oxuyanda müəllimlərin tərifindən hiddətlənən yaşıdları qara, buruqsaç uşağı tez-tez ağlamağa məcbur edərdi. Başqasının gözünə baxa bilməmək kompleksini Ziqmund məktəb illərindən ömrü boyu özüylə daşıyıb.
Əvvəl soxulcan, sonra insan rüşeymi, sonra isə it və pişiklər...
Uşaqlığında vəkil olmağı arzulayan Freyd universitetə qəbul olunanacan Hötenin elmi araşdırmaları və Darvinin əsərlərinin təsiri altına düşərək özünü biologiya və fəlsəfəyə həsr eləməyə qərar verir. Triyestanın elmi laboratoriyasında ilk tədqiqatı soxulcanların cinsi orqanlarının axtarılmasına həsr edilmişdi. Görünməz inadkarlıqla yüzlərlə soxulcanın qarnını yortandan sonra, nəhayət ki, cinsiyyət vəziləri tapmağa nail ola bilir: «Belə çıxır ki, məndən başqa heç kim soxulcanın cinsi orqanını görməyib?!» Bu, Freydin ilk uğuru idi.
Sonra o, fiziologiya ilə maraqlanaraq Freyd neyronlarını üzə çıxarır, amma tədqiqatını sona çatdırmadığına görə bu tapıntının da müəllifliyi başqalarına qismət olur. Ahıl yaşlarında artıq məşhur psixoloq olduğu vaxtlarda dostlarından birinə yazırdı ki, mikroskop altında heyvanların onurğa beynini öyrənərkən o, dünyanın ən xoşbəxt adamı olurdu. Balıqlar, sürünənlərlə əlləşməkdən bezəndən sonra o, insan rüşeymini, pişik, it və insan balalarının beynini öyrənməklə başını qatır. Amma bu, pul gətirən sahə deyildi. Yazdığı kitabları alan olmurdu: 9 il ərzində 257 kitab satılmışdı.
30 yaşlı bakir
Ziqmund intelligent yəhudi ailəsindən olan Marta Bernesə vurulur. Ailə qurmaqçün lazımi maddi durumu olmadığından o, istəməsə də, xəstəxanada işləməliydi ki, evlənə bilsin. Həmin dövrdə o, kokainin ağrıkəsici təsirini tapmışdı. Nişanlısıyla istirahətə getdiyi qısa müddətdə gətirdiyi dərmanın keyfiyyətlərini dostları Keninqsten və Koller kəşf edib işi bitirməyə də macal tapırlar deyə bu kəşf Freydin adına biğlı deyil. Narkotikə öyrəşmə barədə isə Freyd bir qədər sonra xəbər tutacaqdı, çünki pasientlərdən bir neçəsi narkomana çevrilmişdi.
Nişanlısına yazdığı məktublarında Freyd ondan bütün sevgisini tam tələb edirdi: «Bundan belə öz ailənizdə yalnız qonaq kimi yaşaya bilərsiz... Əgər mənə görə ailənizdən imtina edə bilmirsizsə, məni itirəcək, öz həyatınızı heçə döndərəcək, ailə həyatında xoşbəxt ola bilməyəcəksiniz... Mənim xasiyyətimdə tiranlıq hiss olunur». Martaya yazdığı məktubların sayı 1500 ədədi adlayıb. Qonşuluqda yaşamasına baxmayaraq, gecə-gündüz məktublaşan bu iki gənc yalnız 4 ildən sonra evlənə bildi. Pulsuzluğun ucbatından 30 yaşına qədər gözləməli olan Freyd deyilənə görə, zifaf gecəsinə kimi bakir insan kimi yaşamışdı. Seksual pozuntular üzrə mütəxəssisin hər hansı «seksual azğınlığından» heç söhbət gedə bilməzdi. 10 illik evlilik ərzində onların 6 uşağı dünyaya gəlir. Uşaqlarından cəmi birisi - qızı Anna atasının yolunu davam etdirib uşaq psixoanalitiki olur.
Əxlaqsızlıq, yoxsa terapiya?
Freyd qadınları bioloji cəhətdən natamam və keyfiyyətsiz saydığına görə feministlərin qəzəbinə gəlmişdi. Amma Freyd isteriyanın yalnız qadın xəstəliyi olması barədə fikirləri darmadağın da eləyə bilmişdi. Bu isə kişilərin heç xoşuna gəlmirdi.
Evlənəndən sonra ailəsini saxlamaqçün qəzetə elan verir: «Müxtəlif əsəb xəstəliklərinisağaldıram». Evinin bir otağını kabinetə uyğun bəzəyir. Freydin pasientlərinə rahat taxtda uzanıb beyninə gələn ilk fikri nə qədər absurd və ədəbsiz olsa da, dilinə gətirmək təklif edilirdi. Bununla da o, içində qalmış mənfi emosiyalardan və xəstəliyinin səbəblərindən canını qurtarmış olurdu. Amma xəstələrin saatlarla danışdıqlarını dinləməkdən ağır nə ola bilər axı? Axı o, insanların gözünə baxmağı da sevmir! Daha sonra xəstəni uzandırmaq və gözlərinə baxmamaqçün guya pasientin rahatlığıyçün arxada oturmaq qərarına gəlir. Ən vacibi isə bir dənə də sual verməməkdi, qoy nə istəyirsə, onu da danışsın! Bir də ki, seans mütləq baha olmalıdı ki, xəstə onu hiss etsin. Gün ərzində cəmi bir nəfəri havayı qəbul etmək olar. Həmin xəstə, demək olar ki, heç vaxt sağalmırdı. Saatlarla danışan xəstələrin qabağını almaqçün o, seansı 40-50 dəqiqəyə endirir. Artıq əsrlərin qovşağında cahanı başına almış ateizm onunçün çoxlu pasient ordusu hazırlayırdı. Tənqidçilər Freydi nə qədər çox söysələr, pornoqrafiya və əxlaqdan danışsalar, onun yanına axışanların sayı bir o qədər artırdı.
İnsan qəlbində obraz və açar axtarışı
Yuxulara böyük yer ayıran Freyd ilk tədqiqatını öz yuxularından başlamışdı. Ona görə də özünü daha yaxşı başa düşməyə başlamışdı. Psixoanalizin inkişafına Freydin atasının ölümü çox böyük təsir göstərib. Çünki o, analizə böyük yer ayırmışdı. Atasına qarşı duyduğu qısqanclıq, rəqabət hissi nəticədə vicdan əzabı, peşmançılıq və əlacsızlıq hissləriylə əvəz olunmuşdu. Belə ruhi «eşələnmələri» o, «insan qəlbində obraz və açar axtarışıyçün qazıntılar» adlandırırdı. 1900–cü ildə o, belə nəticəyə gəlir ki, insan qəlbinin bütün problemləri uşaqlıqda keçirdiyi dramlarla əlaqədardır. Edip kompleksinin də açılışı həmin ilə təsadüf edir. Ən böyük açılışlar elədiyi ildə onun məruzələrinə rekord vuracaq qədər adam qulaq asıb: cəmi 3 nəfər!
Psixoterapevtliyi davam etdirərək Freyd mədəniyyətdə – miflər, nağıllar, adət-ənənələrdə komplekslərin izlərini axtarmaq cəhdləri edir. Freyd bununla bağlı belə bir qanunu elan edir ki, insan bir yaşdan o birinə keçdikcə bəşəriyyətin keçdiyi inkişaf yolunun əsas etaplarını daha tez zamanda keçir. Ona görə də uşağın fantaziyalarından bizim əcdadlarımızın cilovlanmamış instinklərini duymaq olar. Hər bir şeyi seksuallıqla bağlamaq nəzəriyyəsinin bəzi məqamlarını müəllif özü korrektə eləməli oldu. Çünki dünya müharibəsinin yaratdığı nevrozların səbəbini seksuallıqda yox, müharibədə axtarmaq lazım gəlmişdi. Ölümlə üzbəüz qalmış xəstələrin fəaliyyətini öyrənən alim indi ölüm instinkti terminini dilinə gətirərək onu ən vacib instinktər sırasında yerləşdirir.
Ağzından qaçırdığın söz sənə baha başa gələ bilər?!
1902-ci ildə professor rütbəsini alması onun nailiyyətlərinin tanınması deyildi. Yaltaqlanmağı sevməyən Freyd ömründə ilk dəfə pasienti baronessadan bu rütbəni almaqçün imperatordan xahiş eləməyi rica eləmişdi. Onun kolleqaları anlamır və qəbul eləmirdilər. Freyd deyir ki, təhtəlşüur, yəni şüursuzluq ağızdan təsadüfən qaçırılmış sözlərdə, təsvirlərdə, yalançı xatirələrdə özünü büruzə verir.
Freyd öz tədqiqatlarında din, mifologiya, ədəbiyyat, mədəniyyət və cəmiyyət məsələlərinə də toxunurdu. Xüsusilə də lətifə toplamağı sevirdi. Onun dediyinə görə, ürəkdə boğulmuş hissləri tam azad eləməkçün bu, çox yaxşı vasitədir.
Kitabların autodafesi
Faşist diviziyaları şəhərə daxil olandan sonra qızı Anna Freyd Gestapo tərəfindən tutulur, amma tezliklə buraxılır. Freydin özünü, demək olar ki, faşistlərin pəncəsindən güclə qurtarıb Londona aparmaq mümkün olub. Freydə Avstriyanın sərhədlərini tərk eləməkçün icazə almağa görə tərəfdarları 20 min funt sterlinq həcmində rüşvət verməli olurlar. Bu pulu onun pasienti, yunan şahzadəsi Mari Bonapart ödəmişdi. Freyd son dəqiqəyə kimi inana bilmirdi ki, ölkə nasizmə qədər deqradasiyaya uğraya bilər. Qardaşı bütün sərvətindən məhrum olur, 4 xəstə və qoca bacısı isə tutulub konslagerdə məhv edilir.
«Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi»
«Ailədə bir-birinə incə sözlər deməyənlər tədricən münasibətlərin təravətini itirir və paslı qıfıla çevrilirlər» deyən Freyd 52 yaşına çatanda öz ailə həyatından bezməyə başladı. İşi başından aşan alim hətta bazar günlərini də yalqızlıqda, yaxud baldızı Minna ilə keçirirdi. «Biz ikimiz də Martadan (arvadı) fərqli olaraq itaətsiz və pis adamlarıq» deyən Freyd, deyəsən, yenidən vurulmuşdu. Tezliklə Minnaya qarşı da soyuduğundan qadın onu tərk edir. Bundan sonra Freyd intim münasibətlərdən tamamilə imtina eləyir.
Amerikaya məruzə üçün getdiyi dövrdə Freyd dostlarından birinə şikayət edir ki, nədənsə amerikalı fahişələr haqqında gördüyü yuxular onu narahat edir. Bu məsələni təbii yolla həll etməyi məsləhət görən dostuna «Sən nə danışırsan? Mən axı evliyəm» demişdi. Seksual qüvvənin şəxsiyyəti formalaşdırması barədə fikirləri bütün dünyaya başa salan Freyd özünə qarşı çox tələbkar idi. Freyd deyir ki, mədəniyyət insanın seksual instinktini boğaraq onun şəxsiyyətinin formalaşmasına xidmət edir. Freydin öz həyatı buna çox cözəl misaldır: «Sivil insanın seksual həyatı ciddi şəkildə şikəstdi».
«Mən özümün ən əsas pasientim olmuşam»
7 yaşından siqaret çəkməyə o qədər aludə olmuşdu ki, yaşlı vaxtında çənəsində bədxassəli şiş əmələ gəlmişdi. Dözülməz ağrılardan əziyyətinə son qoymaqçün Freyd dostu Maks Şurdan özünü öldürməkdə ona kömək etməsini xahiş edir. Həkim ona üçqat dozada morfin iynəsi vurduqdan sonra alim dünyasıyla əbədi vidalaşır.
Freydin şərəfinə qoyulmuş xatirə lövhəsində cəmi iki hərf var: yunan əlifbasının psi və alfa hərfləri. Freyd onları psixoanalizi qısa şəkildə ifadə etməkçün istifadə edərmiş.
Lətifə:
Doktor Freydin kabinetində:
- Doktor, mənim oğlum sadistdir: heyvanları təpikləyir, yaşlıları yıxır, kəpənəklərin qanadlarını qoparır və qaqqıldayıb gülür!
- Onun neçə yaşı var?
- 4 yaşı
- Onda qorxusu yoxdur, tezliklə hər şey yoluna düşəcək. O, nəzakətli və xeyirxah insan olacaq.
- Doktor, siz məni sakitləşdirdiz, sağ olun!
- Dəyməz, frau Hitler...
Müəllif: Gülnarə RƏFİQ gulnarerefiq@gmail.com
Mənbə: Bizim Yol
Məlumat bazası. kayzen .az