İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zil-həccə ayının 1-ci günü (Sentyabr ayının 15-i) imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa mətni əziz oxucuların diqqətinə çatdırırıq: İmam Əli (ə) Allahın əmri və İslamın gözəl qanunlarına əsasən, gəncliyinin tufanlı dövründə öz həyat gəmisinə sakitlik və aramlıq bəxş etmək qərarına gəlir. Amma onun kimi bir şəxsiyyət həyat yoldaşı seçərkən heç vaxt nisbi və müvəqqəti rahatlıqla kifayətlənib, həyatının digər üfüqlərini nəzərindən yayındıra bilməzdi. Buna görə də, elə bir həyat yoldaşı tapmaq istəyirdi ki, iman, təqva, elm, bilik, dünyagörüş, nəciblik və əsil-nəsəb baxımından misilsiz olsun. O həzrət üçün belə bir həyat yoldaşı anadan olduğu dövrdən o vaxta kimi bütün xüsusiyyətlərindən tam agah olduğu şəxsdən – Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhra (s)-dan başqa heç kəs ola bilməzdi.  

XANIM ZƏHRANIN (S) ElÇİlƏRİ

İmam Əli (ə)-dan qabaq Əbu Bəkr və Ömər Peyğəmbər (s)-in qızı ilə evlənmək üçün elçilik etmiş, lakin hər ikisi Peyğəmbərdən (s) bu cavabı eşitmişdilər: “Zəhranı ərə vermək üçün ilahi vəhyi gözləyirəm.” O iki nəfər həzrət Zəhra (ə) ilə evlənməkdən ümidsiz olduqda, Ovs qəbiləsinin rəisi Səd-Məaz ilə söhbət edərək anladılar ki, imam Əli (ə)-dan başqa, heç kim xanım Zəhra (ə) ilə evlənməyə layiq deyil, həm də Peyğəmbər (s)-in nəzərdə tutduğu şəxs ondan başqası deyil! Buna görə də, birlikdə Əlini (ə) axtarmağa başladılar və nəhayət, o həzrəti “ənsar” zümrəsindən bir nəfərin bağında tapdılar. Əli (ə) öz dəvəsi ilə xurma ağaclarını suvarırdı. Onlar Əliyə (ə) dedilər: “Qüreyşin əyan-əşrafı Peyğəmbər (s)-in qızına elçiliyə gediblər. Peyğəmbər (s) onlara cavab verib ki, Zəhranın evlənməsi Allahın iznindən asılıdır. Biz ümidvarıq ki, əgər sən Fatimə üçün elçilik etsən, münasib cavab eşidəcəksən. Əgər sənin evlənmək üçün mal-dövlətin az olarsa, biz sənə kömək etməyə hazırıq. Bu sözləri eşidən Əli (ə)-ın gözləri sevinc yaşları ilə dolub deyir: “Mənim Peyğəmbər (s)-in qızına meyil və məhəbbətim var.” Bunu deyib işindən əl çəkir və Peyğəmbərin (s) evinə tərəf yollanır. Evin qapısını döyəndə, Peyğəmbər (s) Ümmü-Sələməyə deyir: “Qalx ayağa və qapını aç. Bu, Allahın və Onun Rəsulunun sevdiyi bir şəxsdir.” Ümmü-Sələmə deyir: “Peyğəmbər (s)-in təriflədiyi bu şəxsi görmək şövqü mənə elə təsir etmişdi ki, qapını açmaq istəyərkən az qaldı ki, ayaqlarım büdrəsin. Mən qapını açdım və Əli (ə) evə daxil olub Peyğəmbər (s)-in hüzurunda əyləşdi. Amma həyası və Peyğəmbərin məhzərinin əzəməti onun bir söz deməsinə mane oldu. Ona görə də, başını aşağı salmışdı. Otağa sükut çökmüşdü. Nəhayət, Peyğəmbər (s) sükutu pozub dedi: “Elə bil, bir iş üçün gəlmisən?” Əli (ə) cavab verdi: “Mənim risalət ailəsi ilə qohumluğum, həmçinin bu din yolunda sabitqədəm olmağım, İslamın inkişaf üçün etdiyim cihad və səylərim sizə məlumdur.” Peyğəmbər buyurdu: “Sənin məqamın deyilənlərdən də yüksəkdir.” Əli (ə) dedi: “Məsləhət görürsünüzmü ki, Fatiməni mənimlə evləndirəsiniz?” Əli (ə) evlənmə təklifini irəli sürdükdə, öz təqvası və parlaq xidmətlərinə arxalanır və bu yolla hamıya öyrədir ki, üstünlük meyarı gözəllik, sərvət və mənsəb yox, yalnız təqvadır. Peyğəmbəri-Əkrəm (s) qadının da azad şəkildə özünə həyat yoldaşı seçmə haqqını bəyan edərək Əliyə (ə) belə cavab verir: “Sizdən öncə başqaları da qızıma elçiliyə gəlmişdilər. Mən onların istəkləri barəsində qızımla məsləhətləşdim, amma qızımın üzündə onlara qarşı narazılıq hiss etdim. İndi istəyiniz barədə onunla məsləhətləşib, sonra nəticəni sizə xəbər verərəm.” Peyğəmbər (s) Zəhranın (ə) otağına daxil olur. Zəhra (ə) ayağa qalxıb əbanı atasının çiynindən götürür və Peyğəmbərin ayaqqabılarını çıxarıb mübarək ayaqlarını yuyur. Sonra Peyğəmbər (s) öz qızı ilə söhbətə belə başlayır: “Əlinin (ə) İslamdakı fəzilət və məqamı bizə aydındır. Mən Allahdan istəmişdim ki, səni Öz məxluqunun içində ən yaxşı insana qismət etsin. Hal-hazırda o, sənə elçiliyə gəlib. Bu barədə nə deyirsən?” Zəhra (ə) dərin sükuta dalır, amma üzünü Peyğəmbər (s)-dən döndərmir və hətta azacıq narazılıq belə onun üzündən görünmür. Rəsuli-Əkrəm (s) ayağa qalxıb buyurur: “Allahu-əkbər! Qızımın sükutu onun razılıq əlamətidir.”

İZDİVAC VƏ NİKAHIN  XƏRCİ

O zaman Əli (ə)-ın varı-yoxu yalnız qılıncı və zirehli paltarı idi. Onunla Allah yolunda cihad edirdi. Bir dəvəsi də var idi ki, onunla Mədinə bağlarında işləyirdi. Elçilik və nikah mərasimindən sonra əziz həyat yoldaşı üçün zəruri mənzil avadanlığı təşkil etməyin və Peyğəmbərin qızı ilə müştərək həyata başlamağın yollarını araşdırdı. Peyğəmbər (s) razılaşdı ki, Əli (ə) öz zirehli paltarını satıb onun bir hissəsini Fatimənin (ə kəbin haqqı kimi Peyğəmbərin (s) ixtiyarında qoysun. Zireh dörd yüz dirhəmə satılır. Peyğəmbər (s) onun bir qədərini Bilala verir ki, Zəhra (ə) üçün ətir alsın. Qalanını isə Əmmar Yasir və öz dostlarından bir neçəsinə verir ki, Əli (ə) və Zəhra (s) üçün ev əşyaları alsınlar. Zəhranın (ə) cehizlərindən İslamın böyük qadınının həyat şəraitini yaxşıca dərk etmək olar. Peyğəmbər (s)-in göndərdiyi adamlar bazardan qayıdırlar. İmam Əli (ə) ilə xanım Fatimənin (s) ailə həyatı olduqca sadə, dəbdəbəsiz başlayır. İslamın nümunə qadınının gəlinlik cehizinə bir nəzər salaq: Bir ədəd köynək, iki ədəd yaylıq, bir ədəd qətifə, xurma çubuğu və lifindən bir taxt, iki ədəd döşək (biri yun, biri xurma lifindən), ikisi yun, ikisi də xurma lifindən dörd balış, bir pərdə, bir həsir, bir əl daşı-dəyirmanı, dəri su tuluğu, süd üçün taxta kasa, dəri su qabı, bir küp, bir neçə kuzə, iki gümüş qolbağı, bir mis qab. Peyğəmbərin (s) dostları aldıqları əşyaları gətirib təqdim etdikdə, o həzrət qızının ev vəsaitlərinə baxıb buyurur: "İlahi, qab-qacaqlarının çoxunu saxsı təşkil edənlərin həyatını mübarək et!" Peyğəmbəri-Əkrəm (s)-in əziz qızının toy mərasimi çox sadə keçirilir. Nikahdan bir ay keçəndən sonra Peyğəmbərin (s) zövcələri həzrət Əliyə (ə) deyirlər: “Niyə həyat yoldaşını öz evinə aparmırsan?!” Əli (ə) bu iş üçün hazırlaşdığını bildirir. Ümmü-Əymən Peyğəmbərin (s) hüzuruna gedib deyir: “Əgər Xədicə sağ olsaydı, qızı Fatimənin toy mərasimində çox sevinər, şad olardı.” Peyğəmbər (s) Xədicənin adını eşitdikdə kövrəlir, gözləri yaşla dolub buyurur: “Hamı məni təkzib edən bir vaxtda o məni təsdiq etdi, Allahın dinini yaymaqda mənə kömək etdi və öz mal-dövləti ilə İslamın genişlənməsinə yardımçı oldu.” Ümmü-Əymən deyir: “Fatiməni bəxt evinə yola salmaqla hamını sevindirin!” Rəsuli-Əkrəm (s) göstəriş verir ki, otaqlardan birini Zəhranın (s) toy gecəsi üçün hazırlayıb bəzəsinlər. Gəlini bəy evinə aparmağın vaxtı gəlib çatır. Peyğəmbəri-Əkrəm (s) Zəhranı yanına çağırır. Həzrət Zəhra (ə) üzündən xəcalət təri axan bir halda atasının hüzuruna gəlir. Xəcalətin şiddətindən ayaqları əsir və az qalırdı ki, yerə yıxılsın. Bu vaxt Peyğəmbər (s) onun üçün belə dua edir: “Allah dünya və axirətdə səni xətalardan hifz etsin!” Sonra Zəhranın (s) üzünü açaraq onun əlini həzrət Əlinin (ə) əlinə verib təbrik edir və buyurur: “Ey Əli, Allah sənin Rəsulullahın qızı ilə izdivacını mübarək etsin. Fatimə necə də yaxşı həyat yoldaşıdır!” Sonra üzünü Fatiməyə tutub buyurur: “Əli çox gözəl həyat yoldaşıdır!” Bunu deyib hər ikisinə göstəriş verir ki, Allah evinə tərəf yollansınlar. Ondan sonra bəylə-gəlin bəy otağına daxil olduqda, Peyğəmbər (s) də otağa daxil olur və əlində olan qabdakı sudan təbərrük olaraq qızının başına səpib hər ikisinə belə dua edir: “Pərvərdigara, bu mənim qızımdır və camaatın içində mənə ən sevimli olan kəsdir. Pərvərdigara, bu da mənim qardaşım və camaatın içində mənə ən əziz bir şəxsdir. İlahi, bunların məhəbbət tellərini daha da möhkəmləndir!”

Yazar.Rza Şükürlü 

Mənbə. maide.az

568 Views