Sükut | Haruki Murakami
- Cənab Ozava, siz heç dalaşanda kimisə vurmaq məcburiyyətində qalmısınız?
O, sanki qarşısında gözqamaşdırıcı obyekt görəntək, gözlərini qıyıb mənə baxdı:
- Bu, sizi niyə maraqlandırır?
Özünəxas olmayan baxışlarında qığılcımlar canlanmağa başladı və elə bir göz qırpımındaca yoxa çıxdı; dərhal üzünün adi, soyuqqanlı ifadəsi özünə qayıtdı.
- Heç, elə-belə,- mən cavab verdim. Həqiqətən də sualın heç bir anlamı yox idi. Yəqin ki, mənim bunu soruşmağımın səbəbi, sadəcə, mənasız yerə doğan maraqdan irəli gəlirdi.
O dəqiqə söhbətin mövzusunu dəyişdim, lakin Ozavanı aldatmaq mümkün olmadı. Aydın idi ki, o, həmişə nəsə haqqında düşünür. Elə bil, ya nəyinsə qayğısını çəkir, ya da ona qarşı mübarizə aparırdı.
Mənə isə, ard-arda düzülmüş gümüşü təyyarələrin sırasına pəncərədən boş-boşuna tamaşa etmək qalırdı.
Bu cür sualın yaranmağına səbəb onun boks haqqında danışdıqları idi.
Ozava hələ yeddinci sinifdən bu idmanla məşğul olmağa başlamışdı.
Biz təyyarəyə minməzdən öncə vaxtımızı öldürmək üçün lazımsız şeylərdən danışmağa başladıq və bu söhbət də, sanki, öz-özlüyündə yarandı.
Otuz bir yaşlı insan, hələ də uşaqlığında olduğu kimi, həftədə bir dəfə idman zalına məşq etməyə gedirdi.
Tələbələr arasındakı yarışların dəyişməz qalibi olaraq onu milli komandanın tərkibinə də qatırdırlar.
O zaman Ozavanı dinləyərkən məni qəribə fikir bürümüşdü: öz xasiyyətinə görə o, heç də ömrünün iyirmi ilini boksa həsr etmiş birisinə bənzəmirdi.
Axı mənə onunla birgə işləmək qismət olmamışdı.
Nə deyə bilərdim? İnsan kimi yaxşı insan idi: sakitdi, zəhlətökən deyildi.
İşində düzgün və səbirli olan bu şəxs işçilərlə də yolagedən idi. Bütün iş zamanı nəinki onlara qışqırar, heç bir dəfə də olsun qaşlarını çatmazdı.
Mən onun kiməsə şikayət etdiyini və ya kiminsə dalınca danışdığını eşitməmişdim.
Bir sözlə, Ozava insanların rəğbətini qazanmışdı.
Xoşagələn xarici görünüşü, təmkinlilik ona hər hansı bir əxlaqsız hərəkət etməyə izin vermirdi...
Mən, sadəcə, təsəvvür edə bilmirdim ki, belə bir xasiyyətdə insan necə boksçu ola bilər?
Buna görə də bu sualı ona vermişdim.
Biz birlikdə hava limanının restoranında qəhvə içərək, Niiqataya uçmağa hazırlaşırdıq. Dekabrın əvvəlləri idi.
Səmanı ağır buludlar çulğalamışdı, elə bil, onu kip qapaqla örtmüşdülər.
Bu gün səhərdən başlayaraq Niiqatada çovğun şiddətlənmişdi və təyyarə reysləri saatbaasaat təxirə salınırdı.
Hava limanı ağzına qədər adamla dolmuşdu. Səsucaldan cihazlar vasitəsilə reyslərin gecikməsini elan edərək, gözləməkdən yorulmuş sərnişinlərin yerlərini tərk etmələrinə imkan vermirdilər.
Restoranda, sanki, amansızcasına nə isə qaynadırdılar və mən də tez-tez dəsmalla tərimi silmək məcburiyyətində qalırdım.
- Nəticə etibarilə bir dəfə də olsun yox. - Uzunsürən sükutdan sonra Ozavanın sözə başlaması mənim üçün gözlənilməz oldu. - Boksla məşğul olduğum vaxtdan heç bir dəfə də kimisə vurmamışam.
Yeni məşğul olanlar bərkdən, ya da yavaşca başlarına vurdururlar: heç kimi meydançadan kənarda vurmaq olmaz, xüsusilə də əlcəklərsiz. Haradasa adi insan zərbə endirsə belə, boksçu üzr istəyib geri çəkilməlidir. Ancaq özünlə eyni səviyyədə olan birisinə güc tətbiq edə bilərsən.
Mən başımla razılığımı bildirdim.
- Lakin düzünü desəm, yenə də mən bir dəfə adam vurmuşam, - o dedi. –O vaxt mənim on dörd yaşım vardı. Yeni-yeni boksla məşğul olurdum. Bunu, özünəbəraət kimi qiymətləndirməyin, onda mən təkbətək vuruşmağın texnikasını belə bilmirdim və bir müddət ancaq ümumi bədən tərbiyəsinin tərkib hissəsi olaraq, ip üstündən tullanmaq, dartınmaq və qaçmaqla eyni təlimləri yerinə yetirirdim. Vuranda da bunu etməyə öncədən hazırlaşmamışdım. Özümdən çıxmışdım, düşünməyə vaxt qalmamışdı və əlim yay kimi qeyri-ixtiyarı olaraq çox cəld hərəkət etdi. Özümə gələndə o, yerdə uzanıqlı qalmışdı. Mən isə, zərbədən sonra da hikkəmdən əsirdim.
Ozavaya boksla məşğul olmaq əmisindən keçmişdi, o da idman zalı işlədərdi.
Özü də bu zal hansısa ucqar bir şəhərdə gözəçarpmayan yer deyil, birinci dərəcəli çempionların mərkəzi hesab olunurdu.
Valideynləri uşağın həmişə kitablarla otağında oturmasından narahat olaraq, onun ümumi inkişafı üçün idmanla məşğul olmasını tövsiyə etdilər.
Ozava özünü boksa həsr etmək fikrində deyildi, sadəcə olaraq, əmisini bir insan kimi sevir və idmanla məşğul olmağa laqeyd yanaşırdı. Bir şərtlə ki, bu məşğuliyyət onu bezdirəndə atacaqdı.
Lakin gəlib çatması elektrik qatarı ilə bir saata başa gələn əmisinin idman zalındakı bir neçə aylıq məşq müddətində boks sənəti qəribə olsa da, onun ürəyini fəth etmişdi.
Hər şeydən əvvəl, o, öz təbirincə, boksu az danışanların idmanı hesab edirdi.
Həmçinin, özünəməxsus növ idi. O, insana elə bir daxili sakitlik bəxş edirdi ki, təsvir etmək çətin olardı. Bu sülh, heç bir səbəbsiz onun ürəyini əhatə etmişdi.
Tərin qoxusu, zərbənin təsirindən dəri əlcəklərdən çıxan səslər, insanlardakı həyəcanın səssizliyi, öz əzələlərinin gücünü cəld və təsirli istifadə etmək – bütün bunlar tədricən, lakin bütünlüklə onun qəlbini əsir almışdı.
Artıq şənbə-bazar günləri idman zalına baş çəkmək onun birbaşa maraq sahəsinə çevrilmişdi.
- Məni boksa sövq edən nə oldu? – əsas onun necə dərin olduğunu hiss etməkdir. Mənə elə gəlir ki, məni məhz bu cəzb etdi, başqa şeylə müqayisə etmək əhəmiyyətsizdir: sən döyürsən, yaxud əksinə.
Burada nəticəni düşünmək mənasızdır. Olur ki, qalib gəlirsən, olur da uduzursan.
Onun mənasını dərk etdikdən sonra lap məğlub ol, fərq etməyəcək. Axı “insan məğlubedilməzdir” deyilən bir şey yoxdur, - sözsüz, o gec və ya tez alçalmağa da dözməyi öyrənəcək.
Çox vacibdir, həmin dərinliyi anlayasan, hansı ki, elə boksu tamamlayan da odur, - ən azından, mənə görə bu belədir.
Bəzən, əlcəklərlə boks meydançasında durduqda mənə elə gəlir ki, dərin bir quyudayam. O qədər dərindir ki, heç nə görsənmir, hətta mən özüm də. Və bu quyunun dibində kölgə ilə mübarizə aparıram.
Özümü tənha hiss edirəm, lakin bu məni qətiyyən ruhdan salmır.
“Tənhalıq” deyəndə biz fərqinə varmırıq ki, onun da cürbəcür formaları var.
Tənhalıq var ki, insanın əsəblərini korlayır və özünü tamamən bədbəxt hiss edirsən və ya tam tərsi olur. Ona nail olmaq üçün bütün gücünlə bədənini təkmilləşdirməlisən. Necə deyərlər, “iş insanın cövhəridir”. Bu, boks vasitəsilə əldə etdiyim həqiqətin bir hissəsidir.
Ozava yarım dəqiqəlik susdu.
Mən saata baxdım. Vaxt... - nə qədər istəsən!
- Düzünü desəm, keçmişi qurcalamaq istəmirəm. Əlacım olsaydı unudardım, bir daha xatırlamamaq şərti ilə, - gülümsəyərək dedi və tələsmədən öz hekayəsinə başladı...
Ozava öz sinif yoldaşı Aokini vurmuşdu. Ozava bu insana təhəmmül edə bilmirdi. Niyə? – o heç özü də anlamırdı. Sadəcə, bu hiss onların ilk görüşündən yaranmışdı. Artıq nəsə etmək mümkünsüz idi! Bu hal ilk dəfə idi ki, onun həyatında başqalarına qarşı çox qabarıq şəkildə müşahidə olunurdu.
“Necə düşünürsüz, belə bir şey olur?” – o soruşdu. – “Deyəsən, hər kəsin həyatında bir dəfə də olsa, buna bənzər hadisə baş verir, hansı ki, heç bir səbəb yoxdur, amma birisindən zəhlən gedir. Mən özümü nifrətə bağlı insan hesab etmirəm, lakin mənim də canımda hər kəs kimi onun xofu var: əsassız olaraq. Lakin bütün fəlakət odur ki, bir qayda olaraq, əks tərəf də eyni hissləri keçirir.
Aoki bütün fənlərdən aldığı ən yaxşı qiymətlərinə görə çalışqan şagird sayılırdı.
Mən oğlanlar üçün nəzərdə tutulmuş xüsusi məktəbdə təhsil alırdım, o da məhz orada ətrafdakıların rəğbətini qazanmışdı.
Şagirdlər ona liderləri kimi baxır, müəllimlər isə onu öz sevimliləri hesab edirdilər.
Dərslərdəki uğurlarına baxmayaraq heç bir vaxt lovğalanmaz, demək olar ki, əksər şagirdlərlə dostlaşar və şaqraq zarafatlar edərdi.
Onda hətta saflıq da hiss olunurdu...
Lakin mənim lap əvvəldən onun cüzi də olsa sezilən quruluğuna səbrim çatmırdı və intuitiv olaraq bunların, sanki, onun alnına cızıldığının fərqində idim.
Konkret nəyisə nəzərdə tutduğumu demirəm.
Çünki buna düzgün bir misal gətirə bilmirəm. Bircə onu deyə bilərəm ki, belə başa düşürdüm.
Əsas da, qeyri-iradi onda gözçıxaran eqoizmə və özündənrazılığa dözmək çətin idi.
Necə ki başqasının bədən qoxusuna tab gətirə bilmirsən. Aoki ağıllı oğlan idi və öz “qoxusunu” gizlətməyi çox yaxşı bacarırdı.
Bəzən şagirdlərdən kimsə bunların fərqinə varmadan deyərdi: “O, çox dəqiq biridir”...
Təbii ki, mən cavabında susardım, hər dəfə bu cür ifadələrdən sonra özümü yaxşı hiss etməzdim. Aoki və mən bir-birimizə tamamilə zidd simalar idik.
Mən özümü sinifdə sakit və nəzərəçarpmaz biri hesab edirdim.
Çünki başqalarının arxa planında fərqlənməyi sevmirdim, həmçinin yalqızlığa da əziyyət çəkmədən tab gətirirdim.
Əlbəttə, bir neçə tanışlarım vardı ki, onları özümə yoldaş hesab edirdim, lakin mənim üçün onlar bundan artığı deyildilər.
Hansısa mənada mən “vaxtından tez səhnəyə atılan” bir yeniyetmə idim. Sinif yoldaşlarımla vaxt keçirməkdənsə evdə kitab oxumaq, atamın klassik musiqi vallarını dinləmək, boks bölməsində özümdən yaşca böyük olanlarla söhbət etmək daha maraqlı idi.
Gördüyünüz kimi, xarici görünüşümə görə də mən cazibədar deyiləm.
Məktəbdə qiymətlərim demək olmaz ki pis idi, sadəcə, yaxşı da deyildi, müəllimlər hətta tez-tez adımı belə unudurdular.
Bax belə idim, bununla yanaşı, döşümü qabağa verməyə heç də çalışmırdım.
Heç kəsə məşğul olduğum boks, oxuduğum kitablar, dinlədiyim musiqilər haqqında danışmırdım. Mənimlə müqayisədə Aoki bataqlıqda ağ qu quşuna bənzəyirdi.
Çox ağıllı və cəld qavrayan başı vardı - bunu etiraf etməyə bilmərəm.
O, yay üçün insanların nə düşündüyünü, onları nələrin maraqlandırdığını mənimsəyər və öz hərəkətlərini, danışığını bunlar üzərində qurardı.
Hər kəs də elə düşünürdi ki, Aoki, guya, çox ağıllı oğlan imiş.
Məndən başqa. O, mənə böyük ürəyə malik olmayan biri kimi gəlirdi.
Hərdən öz-özümə düşünürdüm ki, nə olsun onun qədər ağıllı deyiləm. Tutalım ki, onda hər şey “qılıncla çapmaq” kimi asan alınır. Buna müqabil, özününkü olan nə var ki?
Onun insanlar qarşısında ortaya qoyacaq heç bir şeyi yoxdur. Ətrafdakılara bircə etiraf etməyi kifayətdir.
Onunku öz hazırcavablılığının verdiyi arxayınçılıq idi, vəssalam!
O, ancaq burnunu küləyin axın istiqamətinə tərəf tutardı və niyəsə məndən başqa heç kim bunu görməzdi.
Zənnimcə, Aoki onun haqqında nə düşündüyümü bilirdi, xüsusilə də baş verənlərdən xəbərdar biri kimi.
Məncə, o da mənə qarşı nifrət bəsləyirdi. Mən axmaq deyiləm axı! Belə xüsusi nəyiminsə olduğunu zənn etmirəm, lakin axmaq da deyiləm.
Lovğalıq kimi qəbul etməyin, o illərdə mənim özünəməxsus daxili aləmim var idi.
Sinifdə məndən başqa heç kim çox oxumurdu da.
Mən cavan idim, öz daxili aləmimi ətrafdakılardan gizlətməyə çalışırdım, bəzən, olurdu da sinif yoldaşlarıma özümdən asılı olmayaraq, yuxarıdan aşağı baxırdım.
Və düşünürəm, mənim bu lovğalığım Aokinin zəif damarına toxunurdu.
Bir dəfə mən ingilis dilindən yoxlama yazısına görə sinifdə ən yüksək bal aldım.
Məndə bu hal birinci dəfə baş verirdi, lakin təsadüfi demək olmazdı.
Onda mən hansısa bir şey əldə etməyi çox istəyirdim, indi, düzünü desəm, məhz nəyi nəzərdə tutduğumu heç cür deyə bilmərəm, - mənə söz vermişdilər ki, əgər hər hansı bir yoxlama yazısından sinifdə ən yüksək nəticəni göstərsəydim onu alacaqdılar.
İngilis dili üzərində seçim etdim və bu dili mütəmadi olaraq öyrənməyə başladım, özümü tez-tez yoxlayır, boş vaxtım olan kimi fellərin formasını öyrənir, dərslikləri nöqtə-vergülünə qədər oxuyur və demək olar ki, hər şeyi əzbərdən bilirdim.
Ona görə də, sinifdə hamıdan yüksək - yüz bala yaxın toplayanda heç də təəccüblənmədim. Bu öz-özlüyündə göstərilməsi lazım olan nəticə idi.
Lakin hər kəs üçün mənim nəticəm gurultulu xəbərə çevrildi.
Hətta müəllimlər üçün də. Aoki isə sanki, ruhi sarsıntı keçirdi, necə ki, ingilis dilində həmişə o hər kəsdən yaxşı idi.
Müəllim mənim işimi özümə qaytardıqdan sonra Aokiyə sataşacaq bir zarafat da etdi. Aoki qızardı.
O başa düşdü ki, gülməli bir duruma düşmüşdür. Mənim yadımda deyil müəllim nə demişdi, ancaq bir müddət sonra bildim ki, Aoki mənim haqqımda xoşagəlməz dedi-qodular yayıb.
Misal üçün, guya, mən hazır cavablardan istifadə etmişəm. Mənim uğurumun başqa izahını tapa bilmirdi.
Sinif yoldaşlarımdan bu söhbəti eşitdikdən sonra mən, doğrudan da, incidim.
Əlbəttə, bu halda ürəyimdə ona gülməli, baş verən hadisəni isə unutmalıydım. Sadəcə, mən orta məktəb şagirdi idim, hisslərimi cilovlaya bilmədim.
Və budur, dərs fasilələrindən birində mən Aokini məktəbin həyətində uzaq bir guşəyə çəkərək, bütün bu olanlar barəsində ondan hesabat tələb etdim. Aoki özünü axmaq yerinə qoyaraq soruşdu:
“Ey! Sənə nə lazımdır?
Mənə toxunma!... Səhvən yüksək bal almısan, indi də sevinirsən?!” Bu sözlərdən sonra məni yüngülcə itələyib keçmək istədi. Fakt o idi ki, özünün boyca hündür olması və gücü onu həyasızlaşdırmışdı.
Elə o zaman mən onu vurdum. Qeyri-iradi.
Özünə gələndə isə sağ çənəsinə yeni bir zərbə endirdim. Aoki sağ böyrü üstə yerə düşdü, başı da ağaca dəydi. Burnundan axan qan onun ağ köynəyini bulaşdırdı.
O, oturaqlı vəziyyətdə gözlərini mənə zillədi. O, elə təəccüblənmişdi, baş verənləri dərk edə bilmirdi.
Yumruq onun almacıq sümüyünə dəyəndə mən olanlardan peşman olmuşdum.
Mənə aydın oldu ki, yumruqla işləri yoluna qoymaq olmazdı. Bədənim qəzəbdən əsirdi, lakin axmaq bir iş gördüyümün fərqində idim.
Mən Aokidən üzr istəməyə də hazır idim, amma bacarmadım. Başqası olsaydı o dəqiqə fikirləşmədən bu addımı atardım, bircə Aokiylə olmazdı.
Əlbəttə, peşman oldum, lakin zərrə qədər şübhə yox idi ki, pis hərəkət etmişdim. “Aldın payını”, - mən düşündüm. – “İnsan deyil, sürünən heyvanlardandır. Belələrini yerində oturtmaq lazımdır”. Mən onu buna görə döyməli deyildim. Bu intuitiv həqiqətdir. Lakin.... gecdir, mən artıq vurmuşdum və Aokini oradaca qoyub getdim.
Aoki nahardan sonra dərslərdə iştirak etmədi.
Görünürdü ki, o evə qayıtmışdı. Pis əhval məni tərk etmirdi. Başımı nəyləsə qatmaq istəsəm də, mümkün olmadı; nə musiqi, nə də kitablar.
Nəsə məni içimdən yeyirdi, mənə fikirlərimi cəmləşdirməyə imkan vermirdi. Belə vəziyyətdə idim: sanki, çox pis iy verən bir həşərat udmuşdum. İndi mən öz çarpayıma dirsəklənib uzanmışdım.
Niyə tənha olduğumu anladım. İndi məni bu vəziyyətə çatdıran Aoki adlı şəxsə daha da çox nifrət edirdim.
Növbəti gündən etibarən, Aoki mənə məhəl qoymamağa başladı. Sanki, Ozava adlı biri sinifdə, şagirdlərin arasında yox idi. O, həmişəki kimi, yoxlamalarda yaxşı nəticələr göstərməkdə davam etdi. Mən isə əksinə, o hadisədən sonra hazırlaşmaq üçün barmağımın ucunu da tərpətmirdim.
Artıq heç nəyin fərqi yox idi. Mən, sadəcə, dərslərdən geri qalmamaq üçün oxuyurdum. Qalan bütün vaxtı öz işlərimlə məşğul olur, əmimin idman zalına gedirdim.
Davamlı məşqlər adi orta məktəb şagirdi üçün kifayət qədər yaxşı nəticələr vermişdi.
Bədənimdə əsaslı dəyişikliklər müşahidə edirdim: çiyinlərim böyümüşdü, sinəm, qollarım əvvəlkindən güclü görsənirdi.
Dərs ilinin sonunda Aokini paralel sinfə keçirmişdilər. Ürəyim sakitləşmişdi.
Çox sevinirdim, daha onunla eyni auditoriyada hər gün qarşılaşmayacaqdım. Zənn edirəm, o da belə düşünürdü.
Mənə elə gəlirdi ki, ürəyimi əzən pis nə varsa silinib gedəcək. Ən azından, belə olması gərəkirdi.
Aoki intiqam almaq intizarı ilə yaşayırdı. Özünə görə qüruru vardı və qisasçı tərəf olaraq asanlıqla ona dəyən zərbəni unutmamışdı.
Qoyun dərisində gizlənmiş qurd kimi lazım olan anı gözləyirdi ki, boğazımdan yapışsın.
Biz eyni məktəbə daxil olmuşduq. Qeyd edim ki, bu məktəb orta və yuxarı siniflər üçün nəzərdə tutulmuş özəl məktəb idi.
Düzünü desəm, şagirdlər hər il asanlıqla bir-birinə qarışdırılırdı, Aoki isə elə həminki paralel sinifdə qalırdı.
Buraxılış ilində biz yenidən bir araya gəldik. Auditoriyada gözlərimiz qarşılaşdı və mən bütün diqqətimi cəm elədim. Onun üz ifadəsi heç xoşuma gəlməmişdi.
Qəlbimdə xoşagəlməz hisslər yaranmışdı.
Ozava bir müddət sakit şəkildə dayandı və diqqətlə qarşısındakı qəhvə fincanına baxmağa başladı. Sonra baxışlarını mənə tərəf çevirdi və çətinliklə də olsa gülümsündü.
Pəncərədən təyyarənin gurultulu səsi gəldi; “Boinq-737” reaktiv təyyarəsi pırıldayaraq buludların arasında görünməz oldu. Ozava davam etdi:
- Dərs ilinin ilk üçdəbir hissəsi keçdi, lakin sakit ötdümü, deyə bilmərəm. Aokinin özünəgüvəni isə sarsılmamışdı. Elə adamlar var ki, irəliyə getməsələr də, aid olduqları yeri kimsəyə vemirlər və əvvəlki kimi davam edirlər. Aokinin nailiyyətləri hələ də davam edirdi, o, özü də siniflərində bundan istifadə edirdi. Tamamlanmamış on yeddi yaşına baxmayaraq, bu oğlan yumağını əlində bərk saxlamışdı. Ola bilsin, indi də elə yaşayır. Necə olursa olsun biz hətta baxışlarımızı da qarşılaşdırmamağa çalışırdıq. Əhvalıma gəldikdə isə, necə ola bilərdi ki, sinifdə belə birinin olması mənə təsir etməsin? Lakin əlimdən gələn bir şey yox idi. Yeri gəlmişkən, mən özüm də saf bəndə sayılmazdım.
Tezliklə yuxarı siniflərin sonuncu yay tətili başladı.
Mən semestri yaxşı başa vurdum. Qiymətlərdəki bəzi axsaqlıqlara baxmayaraq, əldə etdiyim nəticə ilə istənilən normal instituta işimi verib daxil ola bilərdim.
Ona görə də mən imtahanqabağı hazırlıq məsləhətlərinə vaxtımı sərf etmədən keçirilənləri təkrar edir, ev tapşırıqlarının həlli ilə məşğul olurdum.
Bacardığım bu idi! Valideynlərim də məni sıxmırdılar. Şənbə və bazar günləri idman zalına gedir, qalan boş vaxtımı sevdiyim kitabları oxumağa sərf edir və musiqi dinləyirdim.
Gözümün önündə hər şey dəyişirdi.
Məktəbimiz qəbul imtahanlarından üzüağ çıxmağa çalışırdı.
Müəllimlərimiz kimin haraya, hansı məktəbdən neçə balla qəbul olunduğunu bilmək üçün dəridən-qabıqdan çıxırdılar.
Şagirdlər də müəllimlərdən geri qalmırdılar. Bir sözlə, sinifdə vəziyyət gərginləşmişdi.
Düzü, orta sinfə daxil olduğum ilk vaxtlardan bu vəziyyət mənim heç də xoşuma gəlmirdi.
Hətta altı il keçdikdən sonra belə, bu həyəcana heç alışa bilməmişdim.
Bütün bu illər ərzində orta sinif şagirdləri arasında bir nəfər də olsun, güvənə biləcəyim kimsə olmamışdı ki, onunla dost olum. “Yoldaş” deyə çağırdıqlarım da idman zalında birgə məşq elədiyim uşaqlar idi.
Demək olar ki, hamısı məndən yaşca böyük idilər, yarısı da işləyirdi.
Buna baxmayaraq, onlarla olmaq mənə daha maraqlı idi. Məşqdən sonra birlikdə harasa gedib pivə içirdik.
Mənim sinif yoldaşlarımdan fərqli olaraq tamam başqa düşüncənin adamları idilər. Onlarla keçən vaxtımı boşa sərf etmir, yeni, vacib şeylər öyrənirdim...
Hələ də düşünəndə məni vahimə basır ki, əmimin idman zalına gedib boksla məşğul olmasaydım, məni hansı aqibət gözləyərdi.
Yay tətilinin ortalarında bir hadisə baş vermişdi. Matsumoto adlı bir sinif yoldaşım intihar etmişdi. Tamamilə diqqətdən kənar biri idi. Daha dəqiq desək, simasız biri.
Mənə deyəndə ki, o ölmüşdü, onun görünüşünü belə çox çətinliklə xatırladım.
Bütün bir yerdə oxuduğumuz vaxt ərzində cəmi iki, ya üç dəfə söhbət etmişdik.
Sir-sifəti bir o qədər yaxşı da deyildi. Onun haqqında elə bu qədərini deyə bilərəm.
Onun ölümü 15 avqustda müharibənin bitməsi ildönümündən* (* 1937-1945 illəri əhatə edən Sakit okean müharibəsi 15 avqustda tamamlanmışdı) bir neçə gün əvvəl olduğu üçün dəfn mərasimi də elə həmin günə təsadüf etmişdi. Mən dəqiq xatırlayıram: çox isti bir gün idi.
Evə zəng edib mənə demişdilər ki, hamı kimi mütləq dəfn mərasimində iştirak edim.
Bütün sinif orada idi. Matsumoto metroda özünü qatarın altına atmışdı.
Səbəbini isə heç kim bilmirdi. Ölümqabağı yazdığı məktubunda daha məktəbə getmək istəmədiyini yazmışdı. Niyə getmək istəmir? - bunu yazmamışdı. Təbii ki, bütün müəllimlər şokda idi.
Dəfndən sonra hər kəsi məktəbdə topladılar və direktor hamıya bəlli olan çürük sözlərdən yapışıb durmuşdu: biz Matsumoto üçün qəmlənirik...ölümü nə qədər ağır olsa da bölüşməliyik... bu həqiqəti yaşamalı, ruh yüksəkliyini itirməməliyik...
Sonra yalnız bizim sinfi saxladılar. Müavin və sinif rəhbəri qarşımızda dayanaraq Matsumotonun ölüm səbəblərini saf-çürük edirdilər.
Və kim onun haqqında nə bilirsə, qoy düzgün qəbul etsin və hər kəsə bu barədə danışsın... Hamı susdu.
Bütün baş verənlər, bu səs-küy mənə hansısa təəssürat bağışlamadı. Sinif yoldaşım ölüb – Allah rəhmət eləsin. Lakin özünü öldürmək nəyə lazım idi? Məktəb xoşuna gəlmirdi, getməzdin, onsuz da, yarım il sonra buraxılış olacaqdı. Buna görə ölmək lazım idi? Mənə elə gəldi ki, onun əsəb xəstəliyi vardı. Gecə-gündüz imtahan söhbətləri, istər-istəməz, adamı dəli edirdi.
Tətil də bitdi, dərs ili başladı və mən sinifdə qəribə hal-əhval yarandığını hiss etdim. Mənə qarşı hamıda soyuqluq yaranmışdı.
Nə soruşurdum uşaqlar ya üz-gözünü əyir, yaxud da kobud cavab verirdilər. Əvvəllər elə hesab edirdim ki, heç kim o əhvalda deyil, əsəbidir, sən deyən, xüsusi diqqət də yetirmirdim. Semestr başlayandan beş gün sonra məni müəllimlər otağına çağırdılar ki: “Sən, həqiqətən, idman zalına gedirdimmi?”
- Bəli.
Məktəbdə heç bir qaydanı da pozmamışdım.
- Çoxdan məşğul olursan?
- On dörd yaşımdan.
- Düzdür ki, sən həmin il Aokini vurmusan?
- Düzdür.
- İdman zalındakı məşqlərinə qədər, yoxsa ondan sonra olub?
- Sonra. Lakin mən onda heç nə bacarmırdım. İlk üç ayda mənə hətta əlcək geyməyə izin vermirdilər, - izah etdim.
Amma müəllim, deyəsən, məni heç eşitmirdi:
- Bəs, Matsumotonu vurmuşdun?
Sizə dediyim kimi, o, çox sakit biri idi.
- Nə mənası vardı mənim onu döyməyimin? Həm də nədən ötrü? – özümü müdafiə etməyə çalışdım.
- Kimsə müntəzəm şəkildə məktəbdə Matsumotonu döyürmüş, - sinif rəhbəri qaşqabaqlı şəkildə dedi - və Matsumatonun anasının sözlərinə görə, onun bədənində və üzündə qançırlarla evə gəldiyi vaxtlar az olmayıb. Məktəbdə, məhz bu məktəbdə kimsə onu döyüb və pullarını da əlindən alıb. Lakin Matsumoto onu incidən adamın adını anasına deməyib. Qorxub ki, desə, onu döyüb öldürərlər. Beləliklə də, intihar edib. Təəssüf edirəm oğlana görə. Heç kimə müraciət də etməyib. Görünür, mökhəm döyürlərmiş. Biz indi araşdırırıq ki, kim onu belə ələ salırmış. Əgər nəsə bilirsənsə, etiraf etsən, yaxşı olar. Rahat şəkildə yoluna qoyarıq. Əks halda, polis işə qarışacaq. Başa düşürsən?
Mənə belə məlum oldu ki, Aokinin burada əli olub. Matsumotonun ölümündən heç də pis yararlanmamışdı.
Belə ki, heç yalan da danışmamışdı. Görünür, mənim boksla məşğul olmağımdan haradansa xəbər tutmuşdu.
Amma haradan, ağlıma bir şey gəlmirdi. Və bu haqda Matsumotonun ölümündən bir qədər əvvəl kiməsə danışıbmış. Arxasını isə düzüb-qoşmaq çətin deyildi: Müəllimin yanına gedib, mənim idman məşğuliyyətim haqqında danışıb və deyib ki, nə vaxtsa onu vurmuşam.
Heç şübhəm yoxdur ki, o bunları elə yaxşı başa salıb ki, guya, mən onu döyüb gözünün odunu almışam.
Ona görə də indiyə qədər qorxusundan heç kimə bu haqda bir kəlmə belə deməyib. Bununla belə, bircə səhvə belə yol verməyib ki, ilk baxışdan müəyyən edəsən. Aoki son dərəcə ehtiyatlı davranıb.
O, yalnız çılpaq həqiqətə yaxşıca don geyindirib, mükəmməl bəzəyib, şişirdilmiş və özünə sərf edəcək formada ortaya çıxarıb.
Şübhəsiz, bu onun əməyinin nəticəsidir.
Bilinir ki, müəllimləri şübhə götürmüşdü. Boksla məşğul olanlar onların gözündə şirə-pələngə dönmüşdülər. Həm də mən öz xüsusiyyətlərimə görə müəllimləri heç də qane etmirdim.
Üç gündən sonra məni polisə çağırdılar. - Deməyə sözüm də yoxdur, - mənim üçün gözlənilməz oldu.
Açıq görünürdü ki, mənə qarşı dedi-qodudan başqa dəlil-sübut göstərilməmişdi.
Mən çox təəssüflənmişdim və hər şey ağır gəlirdi. Çünki heç kim mənim bir sözümə belə inanmırdı.
Hətta həmişə insaflı olan müəllimlərimiz də mənə görə irəli dura bilmirdilər. Polisdə məni istintaq qaydasınca sınağa çəkdilər. Mən izah etdim ki, Matsumoto ilə tamamilə heç bir münasibətim olmayıb.
Bəli, mən dörd il öncə Aoki adlı şagirdi vurmuşdum, lakin bu, adi bir savaş idi. Bundan sonra aramızda xırdaca dava belə olmayıb. Bax, təxminən, bu qaydada oldu.
Müstəntiq dedi ki, eşitdiyinə görə, Matsumotonu mən döymüşəm, mən isə dedim, xeyr, bu yalandır.
- Kimsə acığa bu cəfəng söz-söhbətləri yayıb? - Müstəntiq elə beləcə də dedi. İxtiyarı bundan artığına çatmırdı; fərziyyədən başqa heç bir sübut da yox idi.
Polisə çağrılmağım barədə xəbər bütün məktəbə yayıldı. İşin üstüörtülü saxlanılacağına baxmayaraq, kimsə bunu yaxşı sızdıra bilmişdi. Hər halda, hamı mənə başqa gözlə baxmağa başlamışdı. “Polisə elə-belə çağırmazlar, demək, səbəb var idi.” - İndi hamı inanırdı ki, Matsumotonu mən döymüşəm.
Mən bilmirəm Aoki bunu hansı formada çatdırmışdı, sinifdəkilər mənim haqqımda nə düşünürdülər, bunu heç bilmək də istəmirəm.
Etiraf edim ki, əhvalatın ucunda əclaflıq dururdu.
Mənimlə artıq heç kim danışmırdı. Elə bil, əvvəldən sözləşmişdilər ki, mənə heç bir söz deməsinlər.
Hamı məndən uzaq qaçırdı. Mənə elə gəlirdi ki, mənim varlığımı belə unutmağa çalışırlar.
Nəinki şagirdlər, müəllimlər də mənimlə görüşdən qaçırdılar. Yalnız yoxlama zamanı soyadımı səsləndirirdilər, vəssalam. Ən pisi də bədən tərbiyə dərsində olurdu.
Heç kim məni komandaya qəbul etmək, nə də mənimlə birlikdə məşğul olmaq istəmirdi.
Üstəgəl, müəllim də mənə kömək etməyə cəhd göstərmirdi.
Mən necə sakitcə məktəbə gedir və dərslərdə iştirak edirdimsə, eləcə də məktəbdən evə qayıdırdım.
Günbəgün vəziyyət daha da ağırlaşırdı, nə deyim e...? İki həftə, üç... İştaham küsdü. Mən arıqladım, yuxusuz günlərim başladı.
Yerimdə uzanır və ürəyim möhkəm döyündü, gözümün önündə hər şey birbəbir canlanırdı. Necə yatasan? Gözlərini yumursan, beyninsə işləyir. Vaxt keçdikcə yatıb yatmadığımı belə dərk edə bilmirdim.
Mən məşqləri də buraxmağa başladım. Valideynlərim narahat olurdular. Hər şey qaydasındadırmı deyə soruşurdular. Onlara heç bir şey demirdim. “Hər şey qaydasındadır. Bir az yorulmuşam”. Deyək ki, mən onlara həqiqəti danışdım. Bununla nə dəyişir? Axı onlar heç biri mənə yardım edə bilməzdi. Beləliklə, mənim başıma gələnlərdən xəbər tutmadılar.
Başları işə o qədər qarışmışdı ki, işdən kənarda başqa heç bir şeylə maraqlanmırdılar.
Evə qayıtdıqdan sonra, öz otağıma çəkilib, axmaq-axmaq tavana baxmağa başladım. Başqa bir şeylə məşğul ola bilmirdim, elə ancaq tavana baxır və gic-gic şeylər haqqında düşünürdüm.
Cürbəcür səhnələr uydururdum. Daha çox Aokini necə döydüyümü təsəvvür edirdim.
Əvvəlcə onu güdür və sonra döyür... döyürdüm... Dalbadal bunu təkrar edirdim... “Sən əclafsan!” - və onu var-gücümlə vururdum.
O qışqırır, yalvarır, mən isə onun üzünü xurd-xəşil edənə qədər hey döyürəm. Vaxt keçdikcə iyrənməyə başlayıram.
Öncə heç bir vicdan əzabı çəkmirəm, “al payını!” deyə düşünürəm və elə yüngülləşirəm ki, bu məni xoşbəxt edir, lakin dayana bilmirəm və yenə də Aokini döyməkdə davam edirəm.
Tavana baxıram, onun üzünü görürəm. Bir də baxıb görürəm ki, yenə döyürəm.
Başladımsa, dayana bilmirəm. Fikirlərimdə onu o qədər kötəkləyirəm ki, getdikcə özümü pis hiss edir və öyüməyə başlayıram. Mən artıq nə etmək lazım olduğunu bilmirdim.
Bir dəfə ağlıma gəldi ki, bütün sinfin qarşısında dayanım və sübut edim ki, mən utandırıcı heç bir şey etməmişəm.
Əgər düşünürsüzsə mən günahkaram və cəzalandırılmağa layiqəm, o zaman sübut-dəlil göstərin.
Əgər ortada belə şey yoxdursa, mənimlə bu cür rəftardan vaz keçin.
Bir tərəfdən də düşünürdüm ki, əgər belə bir hərəkətə yol versəm, onsuz da, kimsə inanmayacaq.
Qarabatdaq kimi Aokinin yalanının qurbanı olduğumu göstərmək arıma gedirdi.
Özümə bəraət qazandırmağa çalışsam çaşıb qalacaqdım. Özümə heç arzulamırdım onun səviyyəsinə enməyi.
Belə olan halda heç nə etmirdim. Nə Aokini döyə bilir, nə günahlandırır, nə də özümə bəraət qazandırmağa çalışırdım.
Bircə şey qalırdı; sakitcə və səbirlə gözləmək. Bundan sonra yarım il qalırdı.
Yarım ildən sonra məktəb qurtaracaq və mən daha kimsənin üzünü görməyəcəkdim. Yarımca il...
Əgər bu səssizliyi özümlə daşıya bilsəm, yaxşı olardı. Özünəəminliyim heç qalmamışdı.
Bir ay dözərdimmi, bunu da bilmirdim. Hər evə gələndə təqvimdə keçən günü rəngli karandaşla rəngləyirdim.
Sevinirdim ki, bir gün də ömrümdən belə keçdi. Hərdən mənə elə gəlirdi ki, sonum çatıb.
Bəlkə də, günlərin birində Aokiylə qatarda rastlaşmasaydım belə də olacaqdı. İndi də xatırlayıram ki, necə əsəblərim son həddə çatmışdı...
Bu cəhənnəm əzabı əhvalat başlayandan bir ay keçənə qədər davam etdi. Təsadüfən dərsdən qayıdarkən qatarda Aokiyə rastladım.
Həmişəki kimi qatar ağzına qədər dolu idi, iynə atsan yerə düşməzdi. İki, ya da üç adam məndən o yana, kiminsə arxasında Aokinin üzünü gördüm. Demək olar ki, üzbəüz dayanmışdıq.
O da məni sezdi. Bir müddət bir-birimizin gözünün içinə baxıb durduq. Mən fizioloji cəhətdən yaxşı görsənmirdim: yuxusuzluq və əsəbilik ucbatından. İlk olaraq Aoki məni “hə, bax gör necəsən?” deyə istehzalı baxışlarıyla süzdü.
Mən bilirdim ki, bunlar başdan-ayağa qədər onun quraşdırmasıdır.
O da mənim bunu bildiyimdən xəbərdar idi.
Biz bir-birimizə nifrətlə baxmağa başladıq. Və tədricən qəribə hisslər məni bürüməyə başladı. Bu, mənə heç tanış olmayan bir hiss idi. Sözsüz ki, mən Aokiyə acıqlı idim.
Elə nifrət edirdim ki, onu öldürə bilərdim. Lakin bu hiss izdihamlı qatarda Aokiyə nifrət hissi deyil, nəsə qəm-qüssəyə, mərhəmətə oxşar bir şey idi.
Mən məəttəl qalmışdım ki, belə davranışa sahib olan şəxs necə öz hərəkətləriylə fəxr edə bilər? Necə öz istədiyinə nail olub da sevinir?...
Demək ki, Aoki həqiqi bəxtəvərlik və iftixarın nə olduğunu bilmir. Ömrünün sonuna qədər bədəninin dərin qatlarından keçən həqiqətin və mərhəmətin nə olduğunu duya bilməyəcək.
Bəzi adamların qəlbi heç bir zaman titrəmir. Bununla yanaşı mən demirəm ki, aydan ayrı, sudan duruyam. Amma demək istəyirəm ki, əsl insan bu dərinliyin fərqinə varmalıdır.
Lakin bu, onlarda yoxdur. Boş və mənasız həyat. Ancaq başqalarının diqqətini cəlb etmək, gözünə kül üfürmək, başqa heç nə.
Bütün bunlar haqqında düşünərək, sakitcə və tərpənmədən onun üzünə baxdım. Onu vurmaq kimi bir niyyətim də qalmadı.
O, mənim üçün mənasız bir insana çevrildi. Yox, həqiqətən, üstümdən, elə bil, ağır bir yükü qaldırdılar. Və mən düşündüm ki, qalan beş ayı da sükutla keçirə bilərəm, bunu bacararam.
Qürurum hələ sınmayıb. Mən anladım ki, Aoki kimi insanların fitnəsinə uymamalıyam.
Bax, məhz bu cür baxışlarla mən onu süzdüm. Biz uzun müddət baxışdıq və Aoki anladı ki, gözlərini qaçırsa, bu oyundan məğlub çıxacaq.
Növbəti stansiyaya qədər heç kim yerindən qımıldanmadı. Son anda Aoki tərpəndi.
Demək ki, boksla məşğul olmağın yaxşı bir tərəfi də bu idi ki, qarşında rəqibin göz hərəkətlərini o dəqiqə sezməyi bacarırsan. Boksçunun ayaqları dayananda göz hərəkətləri başlayır.
Daha doğrusu, onlarla işləmək istəyirsən, lakin bacarmırsan.
Sənə elə gəlir ki, ayaqların işləyir, əslində isə onlar dayanmış vəziyyətdədir.
Onlar dayanır, çiyinlərin də hərəkət etmir və sənin zərbə endirmək üçün gücün çatmır.
Aokinin gözləri bu cür olmuşdu. Qəribədir, o özü bunun səbəbini bilmirdi.
Bu xoşbəxt hadisədən sonra mən ruhlandım. Gecələr yaxşı yatıb, iştaha ilə yeyib, məşqlərə yenidən başladım.
Mən özümü inandırdım ki, məğlub olmağa ixtiyarım yoxdur. Mənə nifrət edənlərin qarşısında əzilməyəcəyəm.
Beləcə mən qalan beş ayı da başa vurdum və bununla yanaşı, heç kimə heç nə söyləmədim. Məni sakitləndirən də bu idi ki, səhv edən mən deyiləm, başqalarıdır.
Hər gün başı dik halda məktəbə gedib, elə də evə qayıdırdım. Məktəbi qurtardıqdan sonra Kyuşuda (Yaponiyanın dörd adasından biri) universitetə daxil oldum.
Zənn edirdim ki, keçmiş sinif yoldaşlarımdan artıq heç kimlə qarşılaşmayacağam.
Ozava hekayəsini bitirdi və dərindən nəfəs aldı. Məni daha bir fincan qəhvəyə dəvət etdi. Etiraz etdim. Onsuz da, üç fincan içmişdim.
- İnsan öz həyatında müxtəlif hadisələrlə qarşılaşaraq bu və ya başqa cür dəyişməyə başlayır. - Ozava dedi. – Olur ki, ya pis tərəfə, yaxud yaxşılığa doğru. Yaxşı halda mən səbirli olmağı öyrəndim. Həmin yarım ildə çəkdiyim əzabın qarşısında sonradan gördüklərimi fəlakət saymaq olmazdı. Fikrimdə bəzi şeyləri müqayisə edəndə baxıram ki, ən çətin olanı geridə qalmışdır. Mən başqalarının dərdinə daha duyumlu olmuşdum. Bunları müsbət hal adlandırmaq olar. Mən hətta bir neçə yaxşı dost da tapdım. Lakin mənfi tərəfləri də var idi. O vaxtdan sonra mən insanlara inanmamağa başladım. Demək olmaz ki, bütün insanlığa inanmıram. Mənim həm övladım, həm də arvadım var. Biz ailədə bir-birimizi müdafiə edirik, lakin inanmadan bu mümkün deyil. Bax mən belə düşünürəm. Düşünürəm ki, ən sakit və xoşbəxt ortamda, yaxşı dostların əhatəsində yaşasan belə, sabah başına nə gələcəyindən tamamilə xəbərsizsən. Hər şey bir günün içində başdan ayağa dəyişə bilər. Elə bir gün gələ bilər ki, ətrafındakılar sənin bir sözünə belə inanmazlar. Bu, birdən baş verir. Birdən və gözlənilmədən. Mən həmişə bu barədə düşünürəm. Axırıncı dəfə bu, mənə yarım ilə başa gəldi. Bir də baş versə, kim deyə bilər ki, nə qədər uzun sürəcək... Bundan ancaq dəhşətə gələ bilərəm. Hərdən olur, yuxuda nəsə xoşagəlməz bir şey görəndə hövlnak qalxıram. Özü də belə yuxular tez-tez görürəm. O saat arvadımı da oyadıram, ona sarılıb ağlayıram. Zaman olur ki, lap bir saat sürür. Elə pis oluram ki...
O susdu və qalxıb pəncərədən qara buludların arxasınca tamaşa etməyə başladı. Buludlar isə elə bil, heç yerindən də tərpənmirdilər.
Dispetçerlərin ərazisi, təyyarələr, yük maşınları, pilləkənlər, xüsusi geyimli insanlar, hər şey ağır buludların rəngi kimi tutqunlaşmışdı.
- Mən Aokidən qorxmuram. Bu dünyada onun kimi insanlardan nə qədər desən var. Bizə ancaq bununla barışmaq qalır. Onun kimilərlə qarşılaşanda çalışıram heç bir ortaq şeyimiz olmasın.
Sadəcə, qaçmağa çalışıram. Başqa cür mümkün deyil. Xüsusi hiyləgərliyə ehtiyac yoxdur. Mənim üçün belələrini tanımaq çətin deyil. Lakin Aokinin elədiklərini də hər kəs bacarmazdı.
Sakitcə qalasan və uyğun vəziyyətdən yararlanıb, bacarıqla insanların ürəyini ələ alasan.
Bunlar ürəkbulandırıcı olsa da, etiraf edirəm ki, məncə, xüsusi talant tələb edir.
Həqiqətən də, Aoki kimi əclaf insanların yalanını bu qədər asanlıqla qəbul edən izdihamın olması çox dəhşətli bir şeydir.
Heç bir şeyi saf-çürük etmədən, kor-koranə şəkildə sənə deyilənləri qəbul edirsən.
Başqasının çaldığı yaxşı səslənən tütək havasına oynayırsan. Qətiyyən düşünmürlər ki, bü cür səhv hərəkətlər birinin həyatı bahasına başa gəlir. Öz hərəkətlərinə görə cavab verməyə hazırlaşmırlar da.
Ən dəhşətlisi budur ki, insanlar belədirlər. Mən yuxumda izdihamla dolu yer görürəm.
Ətraf isə tamamən sükutdur. Və yuxuda gördüklərimin heç birinin üzü yoxdur.
Sükut bütün ətrafı su kimi sarır. Ətrafdakı insanlar bu suyun içində qarışırlar. Mən qışqırıram, heç kim məni eşitmir.
Ozava öz sözlərinin təsiri altında başını yelləməyə başladı.
Mən əhvalatın davamını gözləyirdim. Lakin Ozava qollarını sinəsində çarpazlaşdıraraq sakitcə yerinə oturdu.
- Bəlkə də, hələ tezdir, təklif edirəm, pivə içək
- Gəlin içək – dedim. Bu anda mən, doğrudan da, pivə içmək istəyirdim.
Yanvar, 1991-ci il.
Tərcümə: Günel Əhmədova)
Mənbə. kayzen.az