Rəssam Amedeo Modigliani kimdir ?
Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir.
«Bəlkə, bu «barama»dan rəssam çıxdı?
Modilyani soyu Roma ətrafında kəndin adından götürülüb. 4 uşaqlı ailənin sonbeşiyi olan Amedeo doğulanda atası müflisləşmişdi. Onların ev əşyaları müsadirə edilməliydi. Amma İtalya qanunlarına görə, zahı qadının əmlakı toxunulmazdı. Ona görə də müsadirədən əvvəl ev sakinləri butun qiymətli əşyalarını uşağını qucağına sıxıb uzanmış ananın çarpayısına qalayırlar. Valideynləri bunu qismətə yox, uşağın ağır ayağına yazdılar.
İkiyaşlı Dedonun ilk xasiyyətnaməsini anasının gündəliyində yazılıb: «Bir qədər əyköyün, bir az kaprizli, amma mələk kimi göyçək bir uşaqdı». Ciddi xəstəlikdən sonra bu gündəliydə yeni yazı əmələ gəldi: «Dedoda çox güclü plevrit var (ciyərə su yığılma). Xasiyyəti hələ formalaşmayıb deyə mən hələ ki, kim olacağını deyə bilmərəm. Görək də, bəlkə, bu «barama»dan rəssam çıxdı?»
Kiçik yaşında iki dəfə dalbadal yatalaqla xəstələnir. Sağalandan sonra məktəbi atan Modilyani rəssamlıqla ciddi məşğul olmağa başlayır. Bir qədər sonra xəstəliklərin sırasına vərəm də daxil olur.
Qırmızı şərfli, qara şlyapalı, boz kostyumlu rəssam
1906-cı il. Modilyani İtaliyadan Parisə gəlir. Onun 22 yaşı var. O, gözəldi, cəzedicidi. Bogema həyatına baş vuran rəssamı tez-tez sərxoş, bəzən isə çılpaq şəkildə küçələri dolaşan görmək olardı.
Parisə gələndən sonra Pol Aleksandr adlı həkim onunçün studiya icarəyə götürərək Modilyani əsərlərinin ilk kolleksionerinə çevrildi.
Reallıqdan qaçaq düşmüş lunatik
Rəssamlar və sənətşünaslar ona soyuq münasibət bildirirdilər. Müasirləri də eləcə. Modilyani Xuan Qris, Pablo Pikasso, Diyeqo Riveyra, Jak Lipşitsin də portretlərini işləsə də, sənət məsələlərinə baxışlarını onlardan heç kimlə müzakirə eləmək fikrində deyildi. Axı o, incəsənətin beşiyi olan İtaliyadan idi və özünü tamamilə müstəqil sayırdı. Onu Maks Jakob, Giyom Appoliner, Gertruda Steyn kimi ədiblər sevirsə də, bu sevgi onun yaradıcılığına aid olmurdu, amma rəssamın koloritli obrazı ədəbi əsərlərə keçirdi....
Modilyaninin dostluğunda qəribəliklər çox idi. O, təbiətcə tərki-dünya olan rəssam Moris Utrillo ilə dinməzcənə şərab sümürə, italyanca bir kəlmə anlamayan Xuim Sutin üçün saatlarla Dantedən deklomasiya edə bilərdi. Rəssam kimi ona bircə rumün heykəltaraşı Brankuzi ilə maraqlı idi. Bəzən o, heykəlləri üçün daş blokları və şalbanları yaxınlıqdakı metro tikintisindən oburlayarmış. Heykəltaraşlıq çoxlu güc də tələb eləyirdi. Bir dəfə o, halsızlıqdan küçədə yıxılıb qalandan, sonra qospitalda müalicə olunub çıxandan sonra heykəltaraşlıqla vidalaşmalı olur. Deyilənə görə bir neçə heykəli Sena çayında batırır, çünki onları yeni emalatxanaya daşımağa pulu yoxuydu.
«Həyat azlığın çoxluğa verdiyi bir hədiyyədir»
«Yaratmaqçün mənim gözümün qarşısında canlı məxluq olmalıdır, mən onu görməliyəm...» deyən rəssam nadir sənətkarlardandır ki, heç vaxt pəncərədən o yanda nə baş verdiyiylə maraqlanmır. Elə bil ətrafındakı əşyaları, təbiəti də görmürdü. Üst-üstə 5-6 peyzajı olan rəssam yalnız insan naturasıyla marqlanırdı, onaları küçədə, kafedə, bir sözlə harda gəldi çəkirdi. Orta hesabla günə 150 rəsm çəkən sənətkar insanları obraza çevirməyin özünəməxsus yolunu tapa bilib: uzun boğazlı insanların uzunsov başında güclə sezilən üz cizgiləri, bəbəksiz gözlər...
Modilyani naturasını adətən özü seçirdi. Çəkdiyi portretə bir gündən artıq vaxt ayırmazdı: «Həyat özü bir hədiyyə, sovqatdır. Azlığın çoxluğa verəcəyi, kimliyini və həyatın nə olduğunu bilənlərin onu tanımayan və sahib olmayanlara verə biləcəyi bir hədiyyə...»
Nü
Modilyani irsinin əsasını çılpaq insan portretləri təşkil edir. Əsil italyan kimi çılpaq naturaya meylini deyilənə görə rəssamı izləmək məqsədilə tutulmuş ucuzvari naturşitçaları bilərəkdən emalatxanaya doldurmuş və bu janra meylli Zborovski özü bilərəkdən yaratmışdı. Modilyani üçün onlar hissiyyat şüalandıran modeldən daha çox qadın idealıdır.
Bir dəfə qoca Renuar və Modilyani görüşür və qoca sənətkar düşünür ki, cavan rəssam ondan çılpaq qadın çəkməyin yollarını öyrənmək istəyir: «Siz çılpaq natura çəkəndə fırçanı elə aparmalısız ki, elə bil onun ombasını sığallayırsız». Cavabında Modilyani «Mən heç kimi sığallımaq fikrində deyiləm. Məni qadın ombası heç maraqlandırmır» çığırıb heç Renuarla sağollaşmadan qapını çırpıb gedir. Axı Modilyani Renuar kimi şəhvətdən, xarici konstruksiyadan yox, daxili harmoniyadan ilhamlanırdı. İnsan qəlbi, əhvalının dəyişmə tonları, insan taleyi rəssam üçün birinci yerdə dururdu.
Birinci və sonuncu sərgisi
Zborovski adlı diler onun fərdi sərgisini təşkil edir. Polis burada «ictimai əxlaqın təhqiri» faktını görmüş və sərgini bir neçə saatdan sonra bağlamışdı. İndi Nyu-Yorkun müasir sənətlər muzeyinin incisi sayılan «Böyük çılpaq qadın» əsəri də polisin gözünə pis görünmüşdü. Əlbəttə, polis hardan öyrənəydi ki, Modilyanin «nü»sü hələ 1-ci Fransiskin sarayında işləyən «Fonteblyu məktəbi»ndən gəlib Enqrın qu kimi dartınmış «çimən qızlarına», «Ot üstündə nahar» arxasına çılpaq xanımları oturan Maneyə qədər gələn uzun yolun bir qırığıdır. Onlar necə bilə bilərdi ki, «avinyon qızları»na o, Simon Martinin, Botiçellinin gözləyilə baxır. Bütün bunlar 1917-ci ildə baş verirdi, tərs kimi sərgi salonu da polis məntəqəsiylə lap üzbəüz yerləşirdi.
Bogemanın şəhzadəsi
Modilyani hər mənada həyatdan çox tez köçüb. 36 yaşında dünyayala vidalaşan rəssam heç özü bilmədən yaşadığı dövrün nəbzini tuta bilmişdi. «Dəlisov illər»in «qarğışlanmış rəssamları» yavaş-yavaş mansardlardan salonlara enməyə başlamışdı. Amma tünlüklə heç arası olmayan Modilyani bu yolla da getmək istəmədi. Ətrafda tüğyan eləyən kubizm də heç vecinə deyildi. Çox xəstələnsə də, çox ağır şəraitdə yaşasa da Modilyani öz həyatıyla göstərdi ki, sonacan getmək, rəngkarlıqla həqiqət axtarışı, bütün ambisiyaların doyuzdurulması nə deməkdir. Parislidən Modilyanini soruşanda heç kim onun kimliyini bilməzdi, ya da onu «sərxoş div» adlandırardılar.
Mindən ikisi
Qadın üstündə davaları isə Monmartrda əsil folklora çevrilmişdi. Rəssam sadə, təcrübəsiz qadınları sevir, onlar da məşhur olacaq rəssamın yatağına məmnuniyyətlə girirdilər. Monparnas bulvarında boz velyur kostyum geymiş, qoltuğunda etüd papkası, cibindən rəngli qələmlər boylanan, qara şlyapalı və qırmızı şərfli Modilyanini görəndən sonra heç bir qadın onun emalatxanasına getmək təklifinə rədd cavabı verə bilmirdi. Çoxsaylı qadınları əsasən naturaçılardan idi. Sadə qadınları, məsələn paltaryuyan, ofisiant, kəndli qadınlara üstünlük verərdi. Saysız hesabsız romanları olsa da o, cəmi 2 qadını sevib – Beatris Xestinq və Janna Ebütern. Qadınları arasında xüsusi yerlərdən birini isə Anna Axmatova tuturdu.
Anna Axmatovanın çılpaq rəsmləri
Anna Axmatova ilə Modilyani Parisdə 1910-11-ci illərdə görüşəndə Modilyaninin 25, Annanın 20 yaşı vardı. Axmatova Parisə toy səyahəti vaxtı gəlmişdi. Cavan ər xanımını Parisin bədii boqeması toplaşan yerə «Rotonda» kafesinə gətirir. Modilyanini gözü Annanı məhz orda tutdu. Rəssam burada dava qoparır ki, niyə Qumilyov (Annanın əri) arvadına heç kimi n başa düşmədiyi rus dilində müraciət edir. Annanın ikinci dəfə Parisə gəlməyi əri Qumilyovla münasibətlərin sonu, Modilyani ilə sevgisinin zirvəsi idi.
Anna Axmatovanın memuarlarında onların Lüksemburq bağında gəzişmələri, şer demələri səhnələri var. Şahidlər də təsdiq edir ki, Modilyani həddən artıq çox şeri əzbərdən bilir, saatlarla poeziyadan danışa bilərdi. Ona görə də Axmatovanın gözünə işıq saçan, sanki ilahi nurla bərq vuran bir insan kimi görünmüşdü. Parisə ikinci gəlişində Modilyaniyə çılpaq pozada durması barədə Axmatova öz xatirələrinə yer ayırmasa da 16 -dan artıq rəsm əsəri bu əlaqə barədə çox şeylər danışır.
Bu görüş hər ikisinin Modilyanini lap qısa, Axmatovanın lap uzun həyatına prelyüdiya idi: «Mən onu dilənçi kökündə yaşayanda tanımışam. Başa düşə bilmirəm, ki, o nəylə dolanır. Qəribədi ki, heç vaxt da şikayət eləməzdi. Cəmi bir dəfə ağzından qaçırdı ki, keçən qış ona o qədər pis idi ki, ən sevimli şeylər haqqında da düşünə bilmirdi. Bəzən məni ay işığı altında Panteona baxmağa aparardı. Əsil Parisi mənə o göstərdi».
Biatris və Janna
Özünü sirk artisti, səyyar, sənətşünas kimi də təcrübədən keçirən Beatris onun ilham pərisi və sevimli modeli kimi bir çox əsərlərində iştirak edir. İngilis şairəsi, jurnalist Beatris Xastinqlə birlikdə 2 ilə qədr yaşayırlar. Bəzən Modilyani qısqanclığından onun saçından tutub tratuarla sürüyə bilərdi. Amma Beatris onun üslubunun yarandığı dövrdə ilham mənbəyi idi. Romanın sonunda Beatris Modilyanini qoyub qaçır. Bu xanım sonra xatirələrində Modilyanini «donuz» adlandıracaqdı.
Arıq və solğun üzlü Janna Ebuternə rast gələndə o, artıq son dərəcə xəstə və alkoqolizmə meylli vəziyyətdə idi. Jannanın 19 yaşı vardı. Yəhudi əri öz qızlarına layiq bilməyən valideynlərin etirazına baxmayaraq onlar birlikdə yaşayırlar. Amedeonun əsas modeli kimi Janna ən azı 25 lövhənin qəhrəmanı olub. Janna rəssamın ən ağır, xəstəliklə çarpışan, koğud və dalaşqan olan illərində yanında idi.
Parisdə ölüm yatağında uzananda Modilyani Jannaya «Gəl o dünyada da sevimli modelimlə birlikdə olum və əbədi ləzzət alaq» deyərək ölümdə də birlikdə olmağı təklif edir. Rəssam ölən günü Janna heç ağlamırdı, təkgə susurdu. Sevgilisinin ölmünün sabahısı gün 8 aylıq hamilə olan Janna özünü 6-cı mərtəbədən ataraq öldürür.
Amedeo Modilyani sadə yəhudi məzarlığında başdaşısız dəfn olunub. 10 ildən sonra dostları Jannanın valideynlərin güclə inandıra bilir ki, sevgililər bir yerdə yatmalıdı. Onları bir yerdə dəfn eləyirlər. Onların uşağını Modilyaninin bacısı oğulluğa götürür.
Yaşadı, yaratdı, içdi, dava saldı, öldü...
Sağlığında əsərlərini alanları barmaqla saymaq olardı: həkim Pol Aleksandr, qardaşı, diş həkimi Cin (onun yanında dişlərini müalicə edirdi), art-dəllalı Qulyom Şeron, Şeron otağın haqqı, kətan, rənglər, şərab və cib xərcliyinin haqqı kimi bütün əsərlərini aparırdı. Modilyani bəzən əsərini bir əstəkan içki və bir qab makarona dəyişirdi.
Amma indi 20-ci əsrin sənəti deyəndə ilk əvvəl Modilyaninin adı çəkilir. Leopold Zborovski 1917-ci ildə Modilyani sənətinə hüququnu demək olar ki, qara qəpiyə almışdı. 2006-cı ildə isə Londonda Jannanın portreti 30,296 milyon dollara satılmışdı. Həmin il Nyu-Yorkda bir xanım evində Modilyanin sənətini görmək ehtirasına 31 milyon dollar vermişdi. Hazırda Modilyani ən bahalı rəssamların əlliliyində yuxarı pillələrdən birini tutur. Cəmi 14 il yaratmasına baxmayaraq Modilyani 20-ci əsrin ən mifləşmiş rəssamlarındandır.
Mənbə: Bizim Yol qəzeti
Mənbə. kayzen.az
Müəllif: Gülnarə Rəfiq