Şeyx Bəhaəddin Amili ( Bir şamla suyu qızdırılan məşhur İsfahan hamamı mühəndisi)
Şeyx Bəhai, Şeyx Bəhaəddin Amili (1546-1622) məşhur riyaziyyatçı, astronom və mühəndis.
Həyatı
Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd, ləqəbi Bəhaəddin ibn İzzuddin Harisi Həmdani Amili olan bu alim, hicri qəmərinin 953-cü ilinin zilhiccə ayının 17-də, Livanın Bələbək şəhərinin yaxınlığındakı Cəbə kəndində dünyaya göz açmışdır. (Harisi Həmdani nisbəti ona işarədir ki, İmam Əli (ə)-ın ən yaxın əshabından olan Haris Həmdani Şeyx Bəhainin ulu babası olmuşdur). O, ilk təhsilini valideynlərindən, habelə Bələbək və Cəbə alimlərindən almışdır. Burada qeyd etmək yerinə düşər ki, Livanın müsəlman əhalisinin Əhli-Beyt yolunda olması, Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Əbuzər Qəffarinin, 3-cü xəlifə tərəfindən bura sürgün edilməsi ilə bilavasitə bağlıdır. Bu diyar İslam ümmətinə, Şəhidi Əvvəl, Şəhidi Sani və Şeyx Bəhaəddin kimi alimlər töhfə etmişdir. İranda şahlıq taxtına Səfəvilər sülaləsi çıxandan sonra yaxın-uzaq ölkələrdən Əhli-Beyt alimləri, I Şah Təhmasib zamanında ölkənin paytaxtı Qəzvinə 1-ci şah Abbas dövründə isə İsfahan şəhərinə axıb gəlməyə başladılar. Şeyx Bəhaəddin də öz böyük və alim şəxsiyyət olan atası ilə birlikdə İrana köçdü. O, yuxarıda deyildiyi kimi, təhsilini atasından və bir çox böyük alimlərdən, o cümlədən Əllamə Şeyx Əbdullah Yəzdidən almışdır. Elmdə elə bir dərəcəyə çatmışdır ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmişlər. Şeyx Bəhai tarixdə ədib, fəqih, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır. O, cəbr, həndəsə, astranomiyanı Molla Əli Müzəhhəbdən, İbn Sinanın "Qanun" kitabından isə (tibb elmi) Həkimud-din Mahmud adlı alimin yanında dərs almışdır. Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir. Bir qədər sonra Şeyx Bəhai dünya və onun məqam və dövlətinə arxa çevirib bir növ tərkidünyalığa qapandı. Üzünü tutdu Mədinədə Peyğəmbərin (s) məqbərəsini də ziyarət etdi. Bundan sonra səyahətə başladı. Otuz ilə qədər səyahətlərdə oldu. Misiri, Suriyanı, Hicazı, İraqı, Fələstini, Əfqanıstanı, şəhərlərdən isə Qumu, Məşhədi, Girmanşahı, Heratı, Təbrizi, Gəncəni gəzdi dolaşdı. Çoxlu alimlərlə görüşdü, dərs aldı, kitablar yazdı. Nəhayət, İsfahan şəhərinə qayıdıb ömrünün sonuna kimi orada məskunlaşdı. Hər yerdən elm təşnələri və alimlər onun elm dəryasından bəhrələnməyə tələsdilər. O, elə bir əxlaqi-kəriməyə sahib idi ki, əgər dəryaların duzlu sularına qarışsaydı, onu şirin suya çevirərdi. Şeyx çox əzəmətli, kəramətli və bəxşişli bir kişi idi. Geniş evi qərib və yetimlərin pənahı idi. Möhtaclar hər yandan onun evinə müraciət edər və heç vaxt əliboş qayıtmazdılar. Belə maddi rifah içərisində olan Şeyx həqiqi təqva, zöhd və tərkidünyalığın mücəssəməsi idi. Həmçinin Şeyxin müxtəlif elmlərdən bəhs edən xeyli əsəri mövcuddur, o cümlədən.- "Əsrarul-Bəlağə".
- "Ustürlab"yaxud "Səhifə". Bu əsər astranomiyaya aiddir.
- "Bəhrul-hesab". Riaziyyata aiddir.
- "Təşrihul-əflak" (astranomiya barəsində). Bu kitab Hindistan və İranda çap olunmuşdur.
- "Cameyi-Əbbasi" – fiqh və şəriət məsələlərindən bəhs edir.
- "Cəhatül-qiblə".
- "Xülasətül-hesab" – bu əsər cəbr və həndəsə elmlərinə aiddir.
- "Risalətun fi mərifətul-qiblə".
- "Şərh Ərbəin" ya "Ərbəin Bəhai".
- "Fəvadius-Səmədiyyə" – ərəb dilinin qramatikasından bəhs edir. Şeyx bu kitabı, qardaşı Əbdüs-Səmədə ithaf edərək yazmışdır. Bu kitab hal-hazırda mədrəsələrdə tədris olunur.
- "Kəşkül" – müxtəlif tərbiyəvi və s. mövzular haqqındadır.
- "Eynul-həyat" – Quranın şərhi və təfsiri haqqındadır.
- "Falnamə".
- "Risalə dər kurəviyyəti zəmin".
- "Həll-hurufil-Quran" və s. əsərlərini göstərmək olar. Mühəqqiqlər şeyxin 95 cildə qədər kitabını qeyd ediblər.