MİRZƏ ƏLƏKBƏR SABİR (1862-1911)
Yeni dövr dünya ədəbiyyatının şöhrətli simalarından olan Sabir Azərbaycanın böyük xalq şairi, vətənsevər mütəfəkkiri və ictimai xadimidir. O, milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vidadi, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin «Hophopnamə» adı ilə tanınan şeir kitabı realist ədəbiyyatımızın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsidir.
Sabir türk xalqları arasında tək-tək şairə nəsib olan şan-şöhrət sahibidir. «Molla Nəsrəddin» ədəbi məktəbinin başçılarından biri kimi o, Azərbaycanla birlikdə Şərqin bir çox ölkələrindəki ədəbi inkişafa qüvvətli təsir göstərmiş, orijinallığı, böyük fikri-estetik qüvvəsi ilə seçilən poeziya məktəbi yaratmışdır.
1
M.Ə.Sabir 1862-ci il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur. Həmin dövrdə burada islam dininə etiqad çox güclü idi. Onun babası Hacı Tahir də dindar və cəmiyyətdə özünə görə mövqeyi olan bir adam idi. Şairin atası isə ömrünün gənclik illərində islam ehkamlarına bir qədər sərbəst yanaşıb, gününü xoş keçirməyə çalışsa, məşhur messenat və musiqi xiridarı kimi öz malikanəsində tez-tez musiqili-əyləncəli ədəbi məclislər keçirən Mahmud ağanın evinə meyl etsə də, atasının və yaxın qohumlarının səyi ilə sonralar «sakit» həyata qayıdıb ailə qurmuşdur. Zeynalabdinin arvadı – Ələkbər Sabirin anası Səltənət xanım da əsl mömin müsəlman övladı idi. Onların izdivacından olan yeddi qız, iki oğlan uşağından ikincisi gələcəyin qüdrətli qələm sahibi olacaq Ələkbər Sabir idi. Sabirin qüdrətli bir sənətkar, ədəbiyyat xadimi və şəxsiyyət kimi formalaşmasında Azərbaycan mədəniyyətinin çoxəsrlik ənənələri ilə yanaşı, xalq mənəviyyatının, adətlərin və islam təfəkkürünün də təsiri olmuşdur.
Zeynalabdinin kiçik bir baqqal dükanı var idi. Valideynləri Ələkbəri də ruhani görmək istəyirdilər. Bu ümidlə atası onu səkkiz yaşında mollaxanaya qoymuşdu. Gələcək şairin ilk bədii yaradıcılıq «addımı» da bu zamandan başlayır.
Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün ona dərs deyən molla tərəfindən falaqqaya salınıb döyülmüşdü. Mehriban və qayğıkeş ata-anası səkkiz yaşlı oğullarını namaz qılmağa və oruc tutmağa təlqin edirdilər. Sabirin üç misralıq ilk şeri də bu əhvalatlarla əlaqədar keçirdiyi sarsıntılardan doğmuşdur. O yazırdı:
Tutdum orucu İrəmazanda,
Qaldı iki gözzərim qazanda,
Mollam da döyür yazı yazanda.
12 yaşında ikən məşhur maarifpərvər şair Seyid Əzimin yeni üsulda açdığı məktəbə keçməsi Ələkbərin mənəvi inkişafına çox kömək etmişdi. Məktəb yoldaşı H.Mahmudbəyov sonralar o günləri xatırlayaraq yazırdı ki, «bütün yoldaşlarından yaşca kiçik, bədəncə qayət zəif olan Sabir dinc, sakit və olduqca zəki və cəld idi»
1. Başqa bir yoldaşı – S.M.Qənizadə isə etiraf edirdi ki, «Tahirov (Sabir – red.) bizim çoxumuzdan istedadlı» idi
2.
Müəlliminin Ələkbərə fars dilindən şeirlər tərcümə etdirməsi və bu tərcümələri oxuyub məsləhətlər verməsi onun yaradıcılıq həvəsini qüvvətləndirir, şairlik istedadını artırırdı. Məktəbli gəncin ilk məlum tərcüməsi də Sədinin «Gülüstan»ından «Didəm güli-tazə çənd dəstə»
3 misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır.
Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:
Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər, –
Seyid Əzim şagirdinin tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Müəlliminin dini təriqətlər barədə söhbəti və zarafatyana dediyi bir atmacanın təsiri ilə Ələkbərin yazdığı şeir Seyid Əzmin redaktəsindən sonra aşağıdakı şəklə düşmüşdü:
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək mən.
Muğanda muğbeçə, məsciddə Əkbər,
Təfavütü yox… həqiqətdə zirək mən.
Burada Ələkbər atasının sünni, anasının isə şiə təriqətinə mənsubluğuna və ona görə də özündə islamın bütün tərəflərini birləşdirən zirək, qoçaq bir türk olduğuna işarə etmişdir.
Getdikcə Seyid Əzimlə Ələkbər Sabir arasındakı müəllim-şagird münasibətləri ədəbi dostluğa çevrilməyə başlayır. Seyid Əzim ziyarətdən gələn həmyerlilərindən birinə öz şagirdini istedadlı şair kimi təqdim edərkən həmin şəxs Seyid Əzimə iki, Sabirə isə bir limon verərək gənc şair bu vəziyyətə dair şeir söyləsin, deyə Ələkbəri imtahana çəkmişdi. Ələkbər Sabir isə bədahətən
Xümsi şərabı Seyyidə saqi verib dedi: –
Sabir fəqirdir yetər ancaq zəkat ona.
beytini söyləyib imtahandan üzüağ çıxaraq müəllimini də sevindirmişdi. Bir dəfə də Sabir müəllimi Seyid Əzimin göndərdiyi «Ey məh, bilirəm, fitneyi-dövran olacaqsan» misrası ilə başlanan qəzəlinə:
Sən piri-cahandidəsən, ey Seyyidi-Sərkar,
Məndən çək əlin, eyləgilən pir ilə rəftar.
mətləli cavab yazmışdı. Gənc həmkarının hər hansı uğuru müəllimini sevindirdiyi üçün Seyid Əzim ona bəzən minnətdarlıq əlaməti olaraq hədiyyə də verirdi. Belə hədiyyələrdən biri N.Gəncəvinin «Xəmsə»si idi. S.Ə.Şirvani «Xəmsə» ilə bərabər Sabirə belə bir məktub da yazmışdı:
«Nuri-didəm Sabir! Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından həmin kitabı sənə silə göndərirəm. Yadigari-ustadanəm olmaq təriqi ilə qəbul edəsiniz və şairlikdə tərəqqi etmənizi arzu edirəm».
Bütün münasibət və yazışmalar Ələkbər üçün yaradıcılıq təcrübəsi olub, onu böyük ədəbiyyata hazırlayırdı. Amma bir-iki il sonra atası oğlunu təhsildən ayırıb, dükanında köməkçi kimi işlədir. Buna baxmayaraq, elm və ədəbiyyata həvəsi sönməyən cavan yenə oxumağında və yazmağında davam edir. «Alış-verişdən ziyadə oxuyub-yazmağa həvəsnak olduğundan atası diltəng olub, onu məzəmmət edirmiş; hətta bir dəfə şeir dəftərini də cırmışdı»
4. Atasının hərəkətindən çox təsirlənən cavan bu münasibətlə yazdığı farsca qitədə şairlikdən əl çəkməyəcəyini, həm də Şamaxıdan çıxıb getmək niyyətində olduğunu bildirir.
Bizə gəlib çatan ilk şeirlərindən aydın olur ki, gənc Ələkbər müəllimi Seyid Əzimin və oxuduğu kitabların köməyi ilə Şərq poetikası və əsatiri ilə yaxşı tanış olmuş, tənqid və satiraya daha çox meyl etmişdir. Dostu A.Səhhətin yazdığına görə, Sabir bu zamanlar «…qəsidə deyib bəzi əyanı tərif etməyə heç mail olmamışdır. Qəsidə yazmaqda bacarıqsız olduğunu söyləyənlərə şair belə cavab verərmiş: «Puldan ötrü yalan mədhlər yazmaqda iqtidarım yox isə də, doğru həcv yazmaqda çox hünərliyəm»
5
Sabir 23 yaşında ikən 1884-cü ildə ziyarət adı ilə səyahətə çıxır. Həmin münasibətlə şeirlə yazdığı maddeyi tarixdə oxuyuruq:
Sabiri-Şeyda ki tərki-şəhri-Şirvan eylədi,
Bülbülə bənzərdi kim, meyli-gülüstan eylədi.
Min üç yüz birdə, hicrətdən sonra meymun ili.
Axiri-şəvvalda əzmi-Xorasan eylədi.
6
Beləliklə, Sabir 22 avqust 1884-cü ildə səyahətə çıxmışdır.
7 A.Səhhətin yazdığına görə, o, Xorasan, Səbzəvar, Nişapur, Türbəti-Heydəriyyə, Türbəti-Cami, Xoy, Səmərqənd, Buxara tərəfləri gəzmiş və bu zaman səyyar ticarətlə öz güzəranını təmin etmişdir.
1893-cü ildə, Yaxın Şərqə ikinci səfəri zamanı Aşqabadda vaxtı ilə buraya köçmüş şirvanlılarla ünsiyyət bağlayır. Onunla tanış olan Salman Mümtazın xatiratından öyrənirik ki, Sabir şamaxılı tanışlarından biri ilə şərik olub, sabun bişirməklə dolanırmış
8. Həmin xatiratdan onun öz müasirlərindən bəzilərini (məs. Şamaxılı şair Müştaqı) «loğaza qoyduğu», yəni satiraya hədəf etdiyi, habelə öz mərsiyələri ilə yerli camaat arasında şöhrət tapdığı da aydınlaşır.
Sabir Aşqabaddan Mərvə gedir. O yerlərin həyatı, əhalinin yoxsulluq və cəhaləti şairə ağır təsir bağışlayır. Mərvdə bir neçə tərəqqipərvər alim və yazıçı ilə görüşüb tanış olur. O zaman yazdığı satirik şeirlərdən birində Həmədan şəhərinin geriliyi tənqid olunur…
İlk səfərindən qayıdandan sonra, 1887-ci ildə şair qohumlarından birinin qızı Büllurnisə xanımla ailə qurmuş, on beş il ərzində onların səkkiz qızı, 1908-ci ildə isə bir oğlu olmuşdur.
(Red: Daha dəqiq məlumat üçün keçid: Azərbaycan Məktəbi Jurnalı, No 7, Səh 72-79, 1962 )
Qızı Səriyyənin də xatirəsindən məlum olur ki, Sabir fədakar, qayğıkeş, öz övladları ilə mehriban, nəvazişli rəftar edən bir ata olmuşdur. Şamaxı zəlzələsindən dərhal sonra uçmuş evinin yerində kiçicik bir daxma tikən Sabir kimsəsiz qalmış qonşu uşaqlarının daldalanması, sığınacaq tapması üçün də əlindən gələni etmişdir. Ailəsi böyüdükcə qayğıları da artmış, bir müddət sabun bişirib satmaqla dolanmışdır. 1894-1895-ci illərə aid bir şeirində o özü kimi «bədbəxt kasıb»ların dərdlərinin tərcümanı olaraq yazır:
Tanrı hər yerdə pulu bir ürəyi səxtə verər,
Mərifət müftədi çün, kasibi-bədbəxtə verər…
Sabir sözə haqqın nazil etdiyi bir nuri-həqiqət kimi baxırdı. Şairə görə, bədii söz bəşər övladının düzgün yola istiqamətləndirilib istiqbala işıqlı gələcəyə çıxmasına kömək edən ən təsirli tərbiyə vasitələrindəndir. Bu düşüncələrlə o, «Söz»
9 şeirində yazırdı:
Növi-bəşərə tərbiyə bəxş olduğun üçün –
Gər densə səzadır sənə ümmül-ədəbiyyat.
…Mümtaz elədin növu-bəni adəmi əlhəq,
İnsan sənin ilə edib ehrazi- məqamət.
Göründüyü kimi, Sabir sözü bəşər övladının digər canlılardan seçilməsinə səbəb olan əvəzsiz bir nemət sayırdısa, bədii sözü həm də insanları tərbiyə edib, onları haqqa yaxınlaşdıran çox qiymətli bir gövhər hesab edirdi. Odur ki, şair qələm əhlini onun qədrini bilib sözdən yerli-yerində və şeirin daşıdığı tərbiyəvi məqsədə uyğun istifadə etməyə səsləyirdi:
Şeir bir gövhəri-yekdageyi-ziqiymətdir,
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.
Deyərəm həcv, sözüm doğru, kəlamım şirin,
Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.
10
Sabir şeiri, poetik sözü sədəf içində nadir hallarda təsadüf edilən tək dənəli, iri və çox qiymətli inciyə bənzədərək, bu gövhəri heç vaxt qiymətdən salmayacağını bəyan edirdi. Özü də o, poetik yaradıcılıqda satiraya (o dövrkü istilaha görə, həcvə) üstünlük verirdi. Lakin Sabirin satirası ifşaçılıqdan daha çox sağlam tənqidə, insan ləyaqətinin yüksəldilməsinə, ictimai milli idealın təsdiq və təntənəsinə xidmət edirdi
11. Akademik Kamal Talıbzadənin yazdığı kimi:
«Sabir müsbəti, idealı, gələcəyi təsdiq edən tənqidin, inamı rədd etməyən qəzəb və kədərin tərəfdarı idi. Gələcəyin insanlarını hazırlaya bilən inkarı faydalı sayırdı. Buna görə şair xalq həyatına müşahidəçi münasibət bəsləyən, real əsası və həqiqi olmayan tərif və təsviri rədd edirdi. Müasir cəmiyyətin qaranlıq, kədərli, qüssəli, qəzəb oyadan tərəflərini qələmə almağa üstünlük verirdi»
12. Başqa sözlə desək, Sabirin tənqidi (satirası) milli-mənəvi ruhun sındırılmasına, əzilib tapdanmasına deyil, xalqın mənəvi-əxlaqi potensiyasında özünü qoruyub saxlayan və onun inkişafına təkan verib səbəb olan cəhətlərin üzə çıxarılmasına xidmətə yönəldilmişdi. Odur ki, şair daha çox həyat həqiqətlərindən yazmağa meyl göstərirdi. Məsələn, onun 1902-ci il 31 yanvar tarixli Şamaxı zəlzələsinə həsr etdiyi «Üç yüz on doqquz idi bəd həzar» misrası ilə başlanan mənzuməsində baş verən təbii fəlakətin dağıdıcılıq miqyası, bu zaman insanların keçirtdikləri vahimə və qorxu, şəhərin od tutub yanması, insan tələfatının miqdarı və s. real bədii boyalarla təsvir olunmuşdur. Sabir insanların təbii fəlakətdən duyduqları vahimə və çaşqınlıqla yanaşı, şəhərdə baş verən yanğın, dağıntı və fəlakətləri də real bədii boyalarla təsvir edərək yazırdı:
… Hamı bu halə valehü məftun,
Nagəhan hadis oldu bir yanğın;
Tutdu dünyanı od şərarələri,
Yaxdı dükkanları, imarələri…
…İki mindən ziyadə əhli-diyar
Torpaq altında can verib naçar.
Maraqlıdır ki, Sabirin zəlzələ haqqında poetik təsvirindəki bədii boyalarda olan real təsvirlər dövrün mətbuatında həmin hadisə ilə bağlı dərc olunan məqalələrdəki faktlarla səsləşir.
13 Bu, şairin hadisələrə obyektiv və realist münasibətindən xəbər verir.
1901-ci ildə ali təhsilini tamam edib Şamaxıya qayıdan həmyerlisi Abbas Səhhətlə dostluğu və onların Ağəlibəy Naseh, Məhəmməd Tərrahla birlikdə tez-tez yığışıb poeziya, söz sənəti haqda söhbətlər etmələri, bədii yaradıcılıq problemləri və zaman barədə ədəbi müzakirələr aparırdı. O, həm də dövrün qabaqcıl ziyalılarından, Tiflisdə Aleksandr adına Pedaqoji İnstitutun məzunu Mahmudbəy Mahmudbəyovla da dost idi. M.Mahmudbəyov onun şeirlərinin üzünü köçürüb yerli ziyalılar arasında yayırdı.
Burada bir cəhət də qeyd olunmalıdır; o da Şamaxının ictimai-mədəni həyatına M.Mahmudbəyov, S.M.Qənizadə və b. kimi ali təhsilli, qabaqcıl düşüncəli, müasir baxışlı gənclərin daxil olması idi. Əgər A.Naseh klassik ədəbi ənənələrin qızğın müdafiəçisi və müəyyən ədəbi nüfuz sahibi idisə, bu ziyalı gənclər sənətə münasibətdə yenilik tərəfdarı və təbliğatçıları idilər. S.M.Qənizadənin Naxçıvana – Məhəmmədtağı Sidqiyə göndərdiyi məktublarının birindən aydın olur ki, o, Şirvanın, yəqin ki, Sabir, Səhhət, Tərrah və b. cavan şairlərinə ədəbiyyatda klassik ənənələrin əsiri olmaqdansa milli-ictimai düşüncənin inkişafına çalışmağın, bunun üçün də folklora, «millət nağılları»nın yenidən işlənilməsinə, bir sözlə aydın süjetə və ideya-tərbiyəvi keyfiyyətə malik əsərlərin yazılmasına üstünlük verməyin zamanın tələbinə görə daha faydalı olduğu fikrini söyləmiş və onları süjetli əsərlər yazmağa dəvət etmişdi. S.M.Qənizadənin qənaətinə görə, «İndiki bu mədəniyyət əsrində ki, hər şey öz rəngində dolanıb, qeyri bir səliqə üzrə təbdil olmuşdur və meydani-nəzmdə guyi-məcazidən daha bir nişan qalmamışdır, köhnə sələhşüurluq şivəsilə çövgani-zəban oynadıb zülf və kakilə mədh və rəvac oxumaqlıq sünni-şeiriyyətdə hünər sayılmayıb məsxərəbazlıq görünür. Bəs bu əsrin şairləri üçün hekayənəvislik qəzəlxanlıqdan müstəfid və vacibraqdır. Hərgah şeir yazmaqla bir nəfərin mənzuri şöhrət olmuş olsa da, bişəkk ki, yenə öz əsrinə xidmət etmək muradına nail ola bilər..!»
14
Doğrudur, «Şirvanın növcavan şairləri» S.M.Qənizadənin təklifinə əvvəlcə çox soyuq yanaşdılar. Lakin getdikcə zamanın yenilik ruhlu nəfəsi onlara da sirayət etməyə başladı. Təsadüfi deyil ki, XX əsrin yeni şeir manifestləri – realist və romantik yaradıcılıq prinsipləri nəzəri və əməli cəhətdən Sabir və Səhhət tərəfindən hazırlanıb həyata tətbiq olundu. Bu işdə Şamaxı şairləri ilə o dövrün görkəmli mədəniyyət xadimi, müəllim və ədəbiyyatçı-alim Firidunbəy Köçərlinin (1863-1920) qiyabi dostluğu və yaradıcılıq məsələləri barədə onlara yazdığı məktubların da müəyyən rolu olmuşdur.
Təsadüfi deyil ki, XX əsrin əvvəllərində Sabirin qələmə aldığı əsərlər – «Üç yüz on doqquz idi…», Şükr lillah ki…» şeirləri də əsasən maarifçilik ruhunda idi. Bu əsərlərdə o, Həsən bəy Zərdabiyə elminə, maarif yolundakı xidmətlərinə və vaxtilə nəşr etdiyi «Əkinçi» qəzetinə görə yüksək qiymət verdiyi kimi, «Şərqi-Rus» qəzetinin nəşrini də maarif və mədəniyyət günəşinin doğulması hesab etmişdi.
Orta əsrlərin ənənəvi şeir üslubunda, «xabi-qəflət», «ömri-pürmayə», «fəna» kimi təşbihlərlə yazılmış əsərində Sabir satira ilə yanaşı lirika yönümünün də uğurlu olduğunu göstərirdi. Ə.Cəfərzadə şairlə 1904-cü ildəki görüşünü xatırlayaraq yazırdı ki, Sabir M.Mahmudbəyovla bizdə olduğu saatlarda bir neçə şeir oxudu. «O şeirlərin arasında əzadarlığa və növhəyə aid olanlarından başqa,
zəmanəyə aid bir çox şeirlər də (kursiv bizimdir. – A.B.) var idi».
15
İlk Azərbaycan satirik jurnalı «Molla Nəsrəddin» qabaqcıl yazıçıları və ziyalıları öz ətrafına topladığı zaman Sabir də böyük həvəslə bu ədəbi cəbhəyə qoşuldu. Amma o, «Şərqi-Rus»dan birbaşa «Molla Nəsrəddin»ə keçməmişdi. Bundan əvvəl, 1905-ci il iyulun 1-də Bakıda «Həyat» qəzetində şairin məşhur «Müsəlman və erməni vətəndaşlarımıza» şeiri çap olunmuşdu. Çarizmin fitnəkar milli siyasətini tənqid edən və xalqları təkidlə dostluğa çağıran bu əsərdə erməni daşnaqlarının azərbaycanlılara qarşı yeritdikləri məkrli millətçi soyqrım siyastəinin siyasi-ideoloji mahiyyəti hələ axıradak dərk olunmurdu. Ancaq həmin əsər özünün məzmunu ilə Sabirin o vaxta qədərki şeirlərindən çox seçilirdi və şairin ədəbi görüşlərində ciddi bir dönüş başlandığını göstərirdi.
Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, hələ «Molla Nəsrəddin» jurnalının nəşrindən (7 aprel 1906) xeyli qabaq «Həyat» qəzetinin 10 fevral 1906-cı il nömrəsində «Bir məclisdə on iki kişinin söhbəti»
16 başlıqlı satirik şeirini çap etdirən Sabir də özünə, yeni-yeni formalaşmağa başlayan yaradıcılıq üslubuna uğyun gələn çap orqanı, fəaliyyət meydanı axtarırdı. Şeir «Bir məclisdə on iki kişinin söhbəti» adlansa da, əslində bu satiradakı tiplər bir-birləri ilə söhbət etmirlər. Onların hər biri ayrı-ayrılıqda ictimai-milli rüsvayçılıq kürsüsünə çıxaraq özlərinin iç üzlərini, əsl simalarını elan edib hələlik səhnə arxasına çəkilirlər. Bu mənada «Bir məclisdə…» satirasını Sabirin əzəmətli «poeziya teatrı»nın proloqu hesab etmək olar. Bu ictimai tiplərin hər biri öz «monoloq»unu söyləyib «səhnə arxasına» çəkilərkən «tamaşaçıya» (oxucuya) tamamilə aydın olur ki, gələcəkdə «satira teatrı»nın növbəti pərdələrində bu tiplərin təmsil etdikləri milli-ictimai zümrələr özlərinin əsl simalarını bütün genişliyi və çalarları ilə nümayiş etdirəcəklər. Gözlənilən hadisələr bütün çılpaqlığı ilə baş verdikcə Sabirin kəskin, ifşaedici satira oxları onların sinələrinə daha amansızlıqla sancılmağa, bu on iki kişidən qat-qat çox olan zümrələrin iç üzünü həmin zümrələrin təmsilçilərinin öz «təqdimatları» – monoloq və dialoqları ilə açmağa başladılar. Əgər «Bir məclisdə…» satirasında:
Vəkil
Həqsizə həqli deyib, bir çox günaha batmışam,
Həkim
Dərdi təşxis etməyib, qovm-əqrəba ağlatmışam.
Tacir
Mən həlal ilə həramı bir-birinə qatmışam.
Rovzəxan
Ümmətin pulun alıb, mən gözlərin islatmışam.
… Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.
– deyə özünü rüsvay edirsə, cəmiyyətin elm, maarif, ictimai şüur təmsilçiləri də öz növbəsində xalqdan uzaq düşüb, hər biri öz qınına çəkilməsi ilə «fəxr edir». Onlardan:
Elm
Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam
Cəhl
Ortada kef eylədib, mən həm məramə çatmışam.
… Qəzetəçi
Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.
– deyib cəmiyyətin, xalqın o dövrdəki vəziyyətləri haqda oxucuda («tamaşaçı»da) dolğun təsəvvür yaradırlar.Belə bir vəziyyətdə dövrün şairi isə «Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam»,- deyib yaxasını öhdəsinə düşən ictimai milli vəzifələrdən, xalqı oyadıb, gələcəyə, tərəqqi və inkişafa çağırmaq missiyasından kənara çəkdiyini bildirir.
Bu satirik monoloq-təqdimatlar gözlənən «tamaşa»nın dramatikliyindən, situasiyaların kəskinliyindən xəbər verirdi. Eyni zamanda həmin satiranın ruhu, canı, ideya-bədii xüsusiyyətləri bütövlükdə realizmin tələb və prinsiplərini də ifadə edirdi.Odur ki, «Bir məclisdə on iki kişinin söhbəti» satirası yeni realist şeirin, Sabir poeziya məktəbinin proqramı, manifesti kimi qəbul edilməlidir. Məhz yeni realist şeirin məramnaməsi kifayət qədər aydın müəyyənləşdirildiyi, onun üslubu qəti qərarlaşdırıldığı üçündür ki, Sabir böyük bir «nərilti və gurultu ilə» (C.Məmmədquluzadə) ictimai yaradıcılıq meydanına atıldı. Bundan sonra onun «on iki kişinin məclisi»nə yığdığı ictimai zümrələrin riyakarlıq pərdəsi arxasında gizlənən əsl simaları oxucu və tamaşaçıların gözləri qarşısında daha geniş və aydın boyalarla canlandırılmağa başladı. Sabirin tiplər qalereyası genişləndikcə poetik rəsm fırçasının boyaları da yeni-yeni çalar, rəng seçimi ilə diqqəti cəlb edən mənzərələrlə zənginləşdi, kamilləşdi. On iki kişinin məclisindəki tiplərin nümayəndələrindən biri «Molla Nəsrəddin» jurnalında
Millət necə tarac olur, olsun nə işin var?!
Düşmənlərə möhtac olur, olsun, nə işin var?!
– deyə danışmağa başladı. M.Ə.Sabirin bu satirası demokratik ictimai dairələrin, həmçinin Sabirin yeni şeir proqramını – «Bir məclisdə…» satirasını öz səhifələrində dərc edən «Həyat» qəzetinin də diqqətindən yayınmadı. Qəzetin növbəti «poçt qutusu»nun birində belə bir qeyd verildi:
«Molla Nəsrəddin»ə.
Əfəndim, 28 aprel tarixli dördüncü nömrəni əvvəlki nömrələrdən daha ziyadə bir ləzzətlə mütalilə etdik…
1
Söz yox ki, bu yüksək qiymətdə «Molla Nəsrəddin»in həmin nömrəsində çap olunan «Millət necə tarac olur-olsun, nə işim var?!» satirasının da xeyli payı var idi. Onu da qeyd edək ki, Sabir satira üslubu ilə «Molla Nəsrəddin» şeir məktəbi tarixi-ictimai şəraitin təsiri ilə milli-bədii şüurda gedən sosial-mənəvi proseslərə uyğun olaraq təxminən paralel şəkildə formalaşmışdılar. Bununla belə, «Bir məclisdə…» satirasının «Molla Nəsrəddin»in nəşrindən iki aya yaxın əvvəl cap olunub ədəbi ictimaiyyətə çatdırıldığını nəzərə alaraq «Azərbaycan şeirinin yeni dövr tarixinin»
2 bu əsərlə başlandığını qəbul etmək lazımdır.
Sabirlə C.Məmmədquluzadə arasındakı ideya-məslək dostluğu
3 kimi, şairin adı ilə bağlı olan ədəbi məktəb – Sabir ədəbi məktəbi də «Molla Nəsrəddin» jurnalı səhifələrində yetişib kamala çatdı və həmin ədəbi məktəbin Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Ə.R.Şamçızadə, M.H.Zeynalov və b. nümayəndələri yetişdi.
4 Bu satira özünün dəyişdiricilik gücü ilə xalqın ictimai-milli şüurunda mövcud acınacaqlı vəziyyətindən çıxmaq üçün silkinib ayağa qalxmaq, hərəkətə gəlmək ovqatını yaratmaqla inqilabi mahiyyət, dəyişdiricilik keyfiyyəti qazandı. Bu poeziyanın inqilabi məzmunu cəmiyyətdə olan bütün zümrələri öz dialoq və monoloqları ilə hərəkətə gətirib yeniliyə, tərəqqi və istiqlaliyyətə, parlaq istiqbala doğru yönəldə bilməsində idi. Onun hər satirasında sanki yeni, özgün danışıq, mükalimə və mühakimə çaları var. Bu çalarlar arasındakı fərq hər satiradakı ictimai tipin, hər şeirdəki qəhrəmanın, lirik «mən»in arasındakı fərq qədərdir.
«Molla Nəsrəddin»də iştirak etdiyi illər (1906-1911) zamanca bir o qədər böyük olmasa da, Sabirin yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə çox qüdrətli bir şair kimi tanındığı dövrdür. Jurnalın elə nömrələri var ki, orada onun iki əsəri çap olunmuşdur.
Sabir realist əsərləri ilə Azərbaycan, eləcə də Şərq həyatının dərin, çeşidli, inandırıcı bədii təsvirini verərək, dostu və düşməni seçməkdə, azadlıq və milli istiqlaliyyət uğrunda mübarizədə geniş xalq kütlələrinə yaxından kömək etmişdir. Şair satira qəhrəmanlarının, tənqid hədəfinə çevirdiyi ictimai tiplərin, qaraguruhun tənə və təzyiqindən qorunmaq üçün şeirlərini müxtəlif gizli imzalarla çap etdirirdi. Bu imzaların tez-tez dəyişməsi, hətta bəzi hallarda hər əsərdə ancaq bir dəfə işlənməsi həm də onların işləndiyi satiranın məzmununa və ya oradakı qəhrəmanın, satira hədəfinin xarakterinə uyğun seçilməsindən irəli gəlirdi.
1 Həmin satirik gizli imzalara «Hophop», «Güləyən», «Ağlar güləyən», «Əbunəsir Şeybani», «Çayda çapan», «Qabaqda gedən zəncirli», «Məczub», «Yetim qızcıq» və s. daxildir.
Bütün təzyiq, tənə və təhqirlərə baxmayaraq, Sabir öz ictimai-milli mübarizə əzm və amalından dönmədi. Fəaliyyət və mübarizə meydanını həm forma, həm də məzmun və miqyasca genişləndirdi.
Biz onu bir tərəfdən Şamaxıda 1906-cı il mayın 7-də açılan ilk müsəlman kitabxana-qiraətxanasının təşkilati işlərində yaxından iştirak etməklə yanaşı, bu mədəniyyət ocağının açılışındakı çıxışına görə mükafat alan bir şair və mədəniyyət xadimi kimi görür, digər tərəfdən də 1906-cı ildə erməni müsəlman davası zamanı Qarabağ zərərdidələrinə kömək məqsədilə Şamaxıda keçirilən ianə kompaniyası və Nəcəf bəy Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük» əsərinin tamaşaya hazırlanmasında iştirak edən, həm də bu prosesin və tamaşanın keyfiyyətinin mətbuat səhifələrində ictimai məzmunlu publisistik məqalələrlə işıqlandırılması şəraitində görürük… Sabir həmin tamaşaların hazırlanması zamanı təşkilati işlərlə yanaşı, pərdələrarası fasilələrdə oxunmaq üçün tamaşanın məzmununa və dövrün tərəqqiyə, maarifə çağırış ruhuna uyğun şeirlər yazıb uşaqlara əzbərlədirdi.
«Dəbistan» (1906) və «Rəhbər» (1907) uşaq jurnallarının nəşrə başlaması, habelə Bakıda Azərbaycan müəllimlərinin birinci (1906) və ikinci (1907) qurultaylarının keçirilməsi, həmin qurultayların qəbul etdiyi mütərəqqi istiqamətli qərarlara uyğun olaraq həyata keçirilən bir sıra tədbirlər haqqında məqalə və satiralar qələmə alması «Birinci il» (1907), «İkinci il» (1908), «Yeni məktəb» (1909) dərslikləri üçün uşaq psixologiyasına uyğun «Yaz günləri», «Uşaq və buz», «Cütçü» və s. klassik uşaq şeirlərini yazması
17, bu addımlarının ədəbi və elmi-pedaqoji ictimaiyyət tərəfindən təqdir edilməsi Sabiri milli-mədəni tərəqqi və inkişaf uğrunda mübarizəyə daha şövq və qüvvə ilə qoşulmağa sövq edirdi. Bu arada Qori seminariyasında işləyən müəllim dostlarından aldığı məktublarda xəbər verilirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirdilər. Sabirin sabun bişirib satdığı baqqal dükanını sataraq səylə rus dilini öyrənməyə başlaması da seminariya müəllimliyinə hazırlaşması ilə bağlı idi. Məktublarında o, dönə-dönə yazırdı ki, buna «vaxtı müsaidə etdikcə çalışır».
Həmin dövrdə Sabir «Molla Nəsrəddin» jurnalı ilə yanaşı, Bakıda nəşr olunan mətbuat orqanlarında – «Həyat», «İrşad», «Tazə həyat» qəzetlərində, «Dəbistan», «Rəhbər», «Bəhlul» jurnallarında da şeir, məqalə və felyetonlarla fəal çıxış edir. Müəyyən müddət hətta «Həyat», «İrşad» və «Tazə həyat» qəzetlərinin Şamaxı üzrə xüsusi müxbiri olan Sabir milli mətbuatımızın inkişafı üçün əlindən gələni edir; bir tərəfdən mətbuata (məsələn, «İrşad» qəzetinə) Şamaxıdan abunəçi toplamağa çalışır, digər tərəfdən də poetik və publisistik yazıları ilə həmvətənlərini milli mətbuatın çoxalmasına və davamlılığına yardım, kömək üçün səfərbər olmağa çağırırdı. «Cavablar cavabı», «Əlminnətü-lillah ki, «Dəbistan»da qapandı» satiraları, «Mətbuat», «Ləbbeyk icabət» məqalələri və s. bu şair vətəndaş fəallığının nəticəsi kimi üzə çıxmışdı. Xalqların tərəqqisində milli mətbuatın rolunu qiymətləndirən «Mətbuat»
18 məqaləsindən görününr ki, Sabir milli mətbuatın inkişaf səviyyəsini xalqların tərəqqi, mədəniyyət göstəricisi kimi götürür. Məhz bu qənaətlərin və mətbuatı xalqın «görən gözü», «eşidən qulağı»
19 hesab etməsinin nəticəsi idi ki, şair milli mətbuatımızın sayca çoxalması və davamlılığı, inkişafı üçün vətəndaş narahatlığı keçirir, qızğın fəaliyyət göstərirdi. O, «Ləbbeyk icabət» məqaləsində bu məqsədlə xalqı «İrşad» qəzetinə abunə olmağa çağıraraq, sözlərini aşağıdakı misralarla tamamlayırdı:
Milliyyəti yad eyləyin, ey milləti naci!
Pək təhlükəli xəstədir islam məzaci!
20
Buradan görünür ki, Sabiri təkcə Azərbaycan, öz həmvətənləri deyil, bütövlükdə islam şərqi narahat edirdi. Çünki o, Azərbaycanın tərəqqi və inkişafını dünyadan, islam şərqindən təcrid olunmuş şəkildə təsəvvür etmirdi. Odur ki, «İrşad» qəzetinin 13 oktyabr 1906-cı il tarixli nömrəsində çap etdirdiyi «Qeyrət»
21 başlıqlı məqaləsində o dövrdə islam xalqlarının, islamiyyətin tərəqqisi problemləri ilə bağlı mətbuatda xüsusən «Bizə hansı elmlər lazımdır?» ümumi başlığı ilə gedən mübahisə və fikir mübadilələrinə öz münasibətini bildirərək yazırdı:
«Zənni-acizanəmə görə bunca tərqib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlə qeyrəti-islam və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-milliyyət mülahizə oluna bilər».
Sabirə gbrə, islama daxil olan xalqların milli-mənəvi tərəqqisi, onların hər birinin özgün əxlaqi keyfiyyətlərlə uğur qazanması islami dünyagörüşün qorunub saxlanması və inkişaf etdirilməsi şərtləri daxilində mümkündür. Əgər biz islami əxlaq və mənəvi dəyərlərə arxa çevirsək, tərəqqi əvəzinə mənəvi-əxlaqi aşınmalara məruz qalıb öz simamızı itirərik. Bu qənaətlə də sözünə belə davam edirdi:
«Hər halda adını tərəqqiyi-islam qoyduğumuz şu vəzifeyi-müqəddəsəni mətlub bir surətdə əncamə irişdirməkdən ötrü şüari-islamiyyəmizin izdiyadına himmət etməliyiz, tainki ismi ilə müsəmması düz olub həqiqətdə tərəqqiyi-islam olmuş olsun və illa əks surətdə edilən tərəqqiyə islam tərəqqisi denilməkdən maəda, tədənni də deyil, hətta islamiyyətin və qeyrəti-islamiyyətin nistü nabud olmağına aşkar bir səbəb olduğu həqiqətdən kənar deyil, zənn edirəm».
Sabir dünya xalqlarının tərəqqisi ilə ayaqlaşmağı milli özgünlüyün qorunub saxlanmasına qarşı qoymurdu. Əksinə, əsrlərdən bəri formalaşaraq stabilləşən və milli simamızın keyfiyyət göstəricisinə çevrilən mənəvi-əxlaqi dəyərlərin zamanın tələblərinə uyğun surətdə inkişaf etdirilməsi, milli və dini birliyin daha da möhkəmləndirilməsi tələbini irəli sürürdü. Bununla milli qeyrətimizi – simamızı, eyni zamanda islami əxlaq normalarımızı itirmək və beləliklə də simasızlaşaraq parçalanıb digər dünya xalqları arasında əriyib tələf olmaq təhlükəsindən xilas olarıq. Şair firqə və təriqətlərə parçalanmanı milli mənlik şüurumuzun, «qeyrəti-milliyyəmizin» formalaşması yolunda ən böyük təhlükə sayırdı. Ona görə «Qeyrət» məqaləsindən cəmi bir həftə sonra dərc etdirdiyi «Növheyi-milli»
22 şeirində müsəlmanların, o cümlədən öz millətdaşlarının tərəqqi əvəzinə tənəzzülə yuvarlanmalarına, buna səbəb olan ictimai-milli bəlaların getdikcə çoxalmasına sanki yas tutaraq dərin vətəndaş yanğısı ilə yazırdı:
Vahəsrəta! Ki, bərhəm oldu tafaqi-millət!
Milliyyət ictimain pozdu nifaqi-millət!
… Nəşr etdilər şüari-islami hər diyarə,
Bilittifaq olundu xidmət bu intişarə,
Bilməm kim etdi axir islamı parə-parə,
Xəlq oldu firqə-firqə, döndü məzaqi-millət!
23
Göründüyü kimi, Sabir həmvətənlərini milli mənlik şüurunun layiqincə formalaşması, milli qeyrətin qorunması, bütövlükdə dünya miqyasına öz səsimiz və nəfəsimizlə çıxmaq naminə milli və dini həmrəyliyə çağırır. Çünki qüvvətli tərəqqi və inkişafı milli birlikdə görür. Elə bu düşüncələrlə də «Təhəssür»
24 adlı növbəti şeirinə belə bir epiqraf qoyur:
İstənilir ittifaq,
Göstərilir infiraq.
Bu epiqrafdan sonra şair zamanın milli ittifaq tələb etdiyi bir vaxtda xalq arasına infiraq – təfriqə, nifaq salan sosial-siyasi səbəblərə qarşı kəskin etiraz edərək yazırdı:
Olsaydı səfa zümreyi-irfan arasında,
Qalsaydı vəfadan əsər əyan arasında,
Dursaydı sədaqət bəy ilə xan arasında,
Qalmazdı kədər zərrəcə insan arasında!
25
Şairi kədərləndirən başlıca cəhət ictimai zümrə və təbəqələr arasında qarşılıqlı inam, etibar, vəfa və sədaqətdən əsər-əlamətin olmamasıdır. Bütün bunlar insanlar arasında nifaq yaradan mənəvi-əxlaqi, sosial-siyasi bəlalardır. Həmin bəlaların nəticəsidir ki, «tapmazsan iki müttəfiqürrəy müsəlman, Qafqazda olan bir neçə milyan arasında».
Sabir zamanın millətlər qarşısına qoyduğu tərəqqi və inkişaf, özünütəsdiq və ifadə tələblərinə diqqəti cəlb edərək şair-vətəndaş yanğısı ilə sözünü belə yekunlaşdırır:
Biz millətə lazımmı deyil bu təbəiyyət?
Biz ümmətə vacibmi deyil qeyrəti-millət?
Ey vay ki, qeyrət oxuyur bizlərə lənət
Milliyyətə xidmət edən insan arasında!
26
Sabir öz həmvətənlərini, millətdaşlarını «milliyyətə», milli tərəqqi və inkişafa əsl vətəndaş yanğısı ilə xidmət edən insanların arasında görmək istəyirdi. Bunun əksini görəndə isə nalə çəkirdi ki, «ey vay…, qeyrət oxuyur bizlərə lənət». Milli qeyrət və əxlaqın lənətinə düçar olanları isə «Nəfsin qərəzi, əqlin mərəzi» və «Xəsisin heyfi, varisin keyfi» satiralarında ifşa edirdi. O, hər iki satiranı «Mirat» – Güzgü imzası ilə təsadüfən çap etdirməmişdi. Çünki bu satiralarda milli tərəqqi və inkişafımızı öz izzət-nəfslərinə qurban verən, ona mane olan sosial tiplərin bütün mənəvi-əxlaqi eybəcərliklərinə sanki güzgü tutulmuşdu.
Sabir milli tərəqqi və inkişafa mane olanları «Molla Nəsçrəddin» jurnalında, «Həyat» və «İrşad» qəzetində bir-birinin ardınca çap etdirdiyi «Ey fələk, zülmün əyandır…» sözləri ilə başlanan bəhri-təvilində, «Məsləhət», «Əlminnətü-lillah ki, «Dəbistan» da qapandı» və digər satiralarında kəskin ifşa edirdi. Odur ki, bu dövrdən başlayaraq şairin dostları ilə yanaşı düşmənləri də çoxalırdı. Onun satira hədəfinə tuş olan «millət rəisləri» Sabiri susdurmaq üçün cürbəcür çirkin əməllərə əl atırdılar. Bütün bunlar vətəndaş şairi öz yolundan döndərə bilməsə də, hər addımını ölçüb-biçməyə, son dərəcə ehtiyatlı olmağa vadar edirdi. Həmin mənəvi-psixoloji sıxıntıların, ehtiyatkarlıqların izləri Sabirin müasirlərinə məktublarında, dövri mətbuatda və dostlarının yazılarında qalmaqdadır.
Şairin «Bəhlul» jurnalı redaktoruna 27 may 1907-ci il tarixli məktubundan o da aydın olur ki, Sabir həmin ilin (1907-ci ilin) fevral ayından bir müddət dövrün mühüm aktual məsələlərinə dair redaksiyalara məqalə yazmaqdan da əl çəkir. Bunu o, «dükan açıb kəsbkara məşğul olması» ilə əlaqələndirərək yazır: «…Üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkülliyyə tərk etməyə məcburəm».
27
Doğrudan da, 1907-ci il fevralın 12-dən iyunun 15-dək mətbuatda Sabirin məqaləsi çıxmamışdır.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib Qafqaz ruhani idrəsinin verdiyi 944 nömrəli attestat ilə Ana dili və şəriət müəllimi hüququ alır.
28 Lakin Qoridən aldığı yeni bir məktubdan sonra o, seminariyaya müəllim düzəlməkdən ümidini kəsir. Sabir dostu A.Səhhətlə birlikdə Şamaxıda dövlət hesabına məktəb açmaq istəyir, ancaq hökumət icazə vermədiyinə görə bu niyyət baş tutmur.
29 Bir müddət Şamaxıda Əbdülxalıq əfəndinin məktəbində köməkçi müəllim kimi dərs deyir. Sabirin öz dostu S.M.Qənizadəyə yazdığı 17 avqust 1908-ci il tarixli məktubundan da məlum olur ki, müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsi təqdir edirlər. Maraqlıdır ki, həmin günlərdə qələmə aldığı «Cümə»
1 başlıqlı məqaləsində Sabir millətin dini və mənəvi, ruhi saflığı və kamilliyi məsələsini qoyur və bu məqsədə çatmağın başlıca yollarından birini maarif və məktəb şəbəkəsinin genişləndirilməsində görürdü. O, məqalədə mühüm bir məsələyə – həmvətənlərinin şəxsində ümumən islam aləminin mənəvi – əxlaqi birliyi, mədəni və elmi tərəqqisi, maariflənməsinin, milli tərbiyəsinin vacibliyi məsələlərinə toxunmuş, bu işdə valideynlərin və cəmiyyətdə müəyyən mövqeyi olan şəxslərin boynuna düşən məsuliyyəti diqqətə çatdırmışdır.
1908-ci ilin yayında Sabir Şamaxıdakı karvansaraların birinin iki otağını xalçaçı dostu Hacı Ağaəlinin yaxından köməyi ilə təmir etdirib, sentyabr ayında Hacıbala Zamanov adlı bir nəfər həmyerlisi ilə bərabər «Ümmid» məktəbini açır.
60-a qədər şagirdin oxuduğu bu məktəbdə də yeni üsulda olan başqa məktəblər kimi, şagirdlər skamyada oturur. Dərsdə əyani vasitələrdən istifadə edilir, uşaqlar ekskursiyaya çıxır, nəğmə dərsi də keçir, eyni zamanda şəhərdə olan kütləvi bayram tədbirlərində öz çıxışları ilə iştirak edirdilər. Burada ana dili, fars dili, hesab, coğrafiya və digər elmlərə dair ibtidai məlumat verilir, Quran və şəriət öyrədilirdi. Dövrünün görkəmli mətbuat və ədəbiyyat xadimlərindən olan Haşım bəy Vəzirov həmin günlərdə Azərbaycanın obalarını gəzərkən Şamaxıda da olmuş, bu zaman «Ümid» məktəbinə də baş çəkmişdi. O, səfər təəssüratını qələmə alarkən «Ümmid» məktəbi haqda özünün «İttifaq» qəzetində yazırdı: «…Sabirin məktəbində uşaqlar gözəl bir tərzdə təlim tapırlar. Bu məktəbdə mübtədi elmlər keçilir, lakin əsaslı və davamlı keçilir».
2
Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, «Ümmid» məktəbində Sabir təkcə nümunəvi təlimlə öz işini bitmiş hesab etmirdi. O, şəhərdə (Şamaxıda) keçirilən mədəni-kütləvi tədbirlərdə – Məsələn, Novruz, Xüm-Qədir kimi milli və dini bayramlarda – şagirdlərinin çıxışlarını təşkil edirdi. Öz müəllimləri Sabir və Hacıbala Zamanov tərəfindən hazırlanan şagirdlər kütləvi bayram mərasimlərinin keçirildiyi yerə gəlib böyüklər qarşısında şeir söyləyir, sonra da onlara müraciətlə imkanlı şəxsləri məktəb və digər mədəni-maarif ocaqlarının açılmasına təşəbbüs göstərməyə və ya onları maddi və mənəvi kömək etməyə çağırırdılar. Şagirdlərin bu tipli çıxışları tədbir iştirakçıları arasında, hər halda, müəyyən qədər müsbət əks-səda doğururdu.
Lakin Sabirin getdikcə genişlənən ictimai fəaliyyətindən narazı qalanlar, bu işlərdən xoflananlar da az deyildi və onlar hər cür yeniliyin qarşısına sədd çəkmək üçün dəridən – qabıqdan çıxırdılar. Yaranmış vəziyyətə görə cəmi bir tədris ili fəaliyyət göstərən «Ümmid» məktəbi 1909-cu ilin yayında qapandı. İşsiz qalan Sabir özünə, xalqın gələcəyinə bəslədiyi ümid və arzularına göstərilən bu haqsız və qərəzli münasibətdən dərin ruhi sarsıntılar keçirir. Onun sarsıntılarının miqyasını təsəvvür etmək üçün 1909-cu ilin payızında S.M.Qənizadəyə göndərdiyi məktubuna
1 nəzər salmaq kifayətdir. Sabir məktubda yazırdı:
«Keçən sənə (1908-1909-cu tədris ili nəzərdə tutulur – A.B.) öz həmvətənlərimə xidmət etməyə himmət bağladım. Lakin bu xidmətlərə qarşı onlardan mükafat əvəzinə aldığım mücazatlara da pək ağladım. Daha taqətim, taq və səbrim başa gəlibdir. Yusif kimi ixvan əlində əsir qalmışam. Birisi sillə ilə üzümə urur; ağuşi-məhəbbət açıb o birisi tərəfə yönəldikdə yumuruğun başıma zolluyur; ondan rugərdan olub başqasına mütəvəcceh olduqda döşümdən itələyir, ağzıma urur; ona dal çevirdikdə digəri dalımdan urur, ağzı üstə yıxılıram…
Halım fəna, güzəranım bir qəmli faciə mənziləsindədir…»
Şair belə bir vəziyyətdə artıq Şamaxıda qalıb güzəranını qura bilməyəcəyini başa düşürdü. Çünki qaraguruhçular özlərinin fitnəkar əməllərini, Sabirə qarşı şantaj və iftiralarını cürbəcür hadisə və faktları süni şəkildə yozmaqla şair üçün yaratdıqları dözülməz şəraiti daha da qatılaşdırırdılar. Odur ki, Sabir məktubunda belə davam edirdi:
«Bir daha Şamaxıda qalmağa tabü təvanım qalmayıbdır. Bir nəfər havadar və qəmxarım yoxdur. Yenə sizə ümidvar olub da dərdsər verməyə cəsarət edirəm…
Acizanə istida edirəm bundan artıq mənim burada «katorqa» cəzasına məhkum olub qalmağıma razı olmayasınız. Lütf və mərhəmət əlinizi mənim tərəfimə uzadıb, bu cəhənnəmdən məni xilas edəsiniz…»
Sabir Şamaxıdakı dözülməz vəziyyətini həmin günlərdə qələmə aldığı qəzəllərindən birində belə ifadə etmişdi:
Viranə Şəmaxidə mənə gənc tapılmaz,
Bir gənc bu viranədə birənc tapılmaz…
Rüx tutmağa dərgahına bir şah bulunmaz,
Fərzini-xirəd seyrinə şətrənc tapılmaz…
Görünür, Sabirin S.M.Qənizadəyə bu müraciəti cavabsız qalmadığı üçün o, iş dalınca Bakıya yola düşür. Bu barədə şair özünün Bakı səfərinə həsr etdiyi mənzuməsində yazırdı:
Yaşadıqca xərabə Şirvanda
Bir səfa görmədim o viranda.
Yaşadıqca əzaba düşdü tənim,
Mənə zindan kəsildi öz vətənim…
…Aqibət iqtidarımız getdi,
Sabir ikən təhəmmülüm bitdi.
Güvənib əhlə olmadan faxir,
Bakıya eylədim səfər axır.
Şamaxıda ağır günlər keçirməsinə baxmayaraq, doğma şəhərdən ayrılmaq ona ağır idi. İşləmək məqsədilə məcburən gəldiyi Bakını özü üçün qürbət hesab edirdi. Bununla yanaşı, Bakıda tərəqqipərvər, qayğıkeş Sabirsevərlər tərəfindən mehribanlıqla qarşılanıb qayğı ilə əhatə olunması sanki onun yaralı qəlbinə şəfaverici məlhəm qoymuşdu. Bu barədə yenə həmin mənzumədə oxuyuruq:
Ta bulundum Bakı diyarında,
Bir bölük əhli-dil civarında…
Bakıda əhatəsinə düşdüyü insanların hamısının «əhli-hal», «əhli-zövq», «əhli-vəfa» olmaları və bunların cümləsinin eyni milli amal ətrafında birləşib fəaliyyət göstərmələri Sabiri tam razı salmış, onda daha böyük şövqlə çalışmağa həvəs oyatmışdı. Hələlik o, əsərlərini müvəqqəti fasilədən sonra öz nəşrini Əlabbas Müznibin «sər mühərrir»liyi ilə davam etdirən «Zənbur» jurnalında çap etdirir. Hətta jurnalın materiallarının planlaşdırılmasında, mövzuların seçilib sifariş verilməsində də yaxından iştirak edir. Bu isti münasibətdə, söz yox ki, «Zənbur»un «Molla Nəsrəddin» jurnalı ənənələrini davam etdirməsi də az rol oynamırdı.
Bakıda qayğıkeş və diqqətcil insanlarla getdikcə möhkəmlənən yaradıcılıq və dostluq əlaqələri ilə yanaşı, Haşım bəy Vəzirovla köhnədən tanışlığı və aralarındakı qarşılıqlı səmimi ünsiyyət Sabirlə «Səda» qəzeti arasında da işgüzar əlaqə yaranmasına əsas vermişdi.
Bildiyimiz kimi, bu vaxta qədər Sabir H.Vəzirovun «Tazə həyat» qəzetində onun Şamaxı üzrə xüsusi müxbiri kimi həm şeirləri və məqalələri ilə çıxış etmişdi. Həmin qəzetin səhifələrində Sabirin poetik istedadını təqdir edən fikirlər öz əksini tapmış, «İttifaq» qəzetində isə Haşım bəy şairin «Ümmid» məktəbindəki pedaqoji fəaliyyətini özünün səfər təəssüratında müsbət qiymətləndirmiş, onun müəllimlik qabiliyyəti və səriştəsi barədə xoş sözlər söyləmişdi.
30 Bundan başqa, Sabirin həmyerlisi və dostları Məhəmməd Hadi ilə Əbdürrəhman Tofiq Əfəndizadə də «Səda»da işləyirdilər. M.Hadi İstanbula getməyə hazırlaşdığı üçün Sabir onun yerinə «Səda» redaksiyasında işə düzəlir.
31 Elə bu vaxt uşaqlıq və məktəb dostu S.M.Qənizadənin vasitəçiliyi və köməyi ilə 1910-cu il fevralın lap ilk günlərində Balaxanı kəndində «Nəşri-Maarif» cəmiyyətinin nəzdində fəaliyyət göstərən camaat məktəbinə şəriət və (türk) Ana dili müəllimi vəzifəsinə təyin edilir. Şair 1910-cu il fevralın 7-də və 14-də «Səda» qəzetində dərc etdirdiyi şeirlərini belə imzalayır: «Balaxanı məktəbi müəllimlərindən Ə.Sabir Tahirzadə».
Balaxanı camaat məktəbinin vəkili Baxış Əhmədovun eyni gündə – 22 mart 1910-cu ildə «Həqiqət» və «Səda» qəzetlərində çap olunan «Balaxanı məktəbinə dair» adlı məqaləsində göstərilirdi ki: «Məktəbimizin şəriət müəllimi bundan əqdəm Molla Abdulla idi. Bakı qazisi Ağa Mir Məhəmməd Kərim Cəfərzadə cənablarının buyurmalarına binaən onu məktəbdən xaric edib, əvəzinə müşarileyh cənablarının (Ağa Mir Məhəmməd Kərim Cəfərzadənin – A.B) və Bakı məkatib inspektoru Mirzə Məcid Qənizadə və Nəşri-Maarif əzayi-giramından İskəndər bəy Məlikov cənablarının təhrirən və şifahən müdirə və bilzat mənə buyurmalarına binaən Şamaxı əhli Sabir ləqəbli Məşədi Ələkbəri şəriət müəllimi qəbul etdik».
Sabir Balaxanı məktəbində işlədiyi qısa müddət ərzində təlim-tərbiyədə nəzərə çarpacaq uğur qazandı. Şagirdlər digər fənnlərlə yanaşı, şəriət və Ana dilindən də müvəffəq imtahan qiyməti aldılar. Onun fəaliyyəti valideynlər və pedaqoji rəhbərlik tərəfindən təqdir olunmağa başladı. Lakin şair-pedaqoqun bədxahları burada da yatmamışdılar. Növbəti dərs ilinin başlanğıcında məktəbdə yaranan böhranlı vəziyyətdən istifadə etməyə çalışan keçmiş şəriət müəllimi Molla Abdulla və tərəfdarları məktəbin bəzi müəllimləri ilə yanaşı, Sabirin də Balaxanıdan çıxıb getməsi üçün canfəşanlıq etməyə başladılar. Onlar şair-pedaqoqa gizli imzalı hədə məktubları yazaraq, məktəbdən çıxıb getməsini tələb etdilər. Sabir isə bu hədələrə kəskin taziyanələrlə cavab verdi. Həmin taziyanələrin birində deyilirdi:
Saxtə bir xətti-xam ilə mənə kağız yazıb,
Ey məni təhdid edən min dürlü təkidat ilə!
Böylə «Xortdan gəldi, dur qaç!» sözlərin get tiflə de!
Zatını Sabir tanırkən qorxmaz övhamat ilə!…
32
Belə ağır vəziyyətdə məktəbin rəhbərliyi və Balaxanı kənd əhlinin əksəriyyəti Sabiri və digər müəllimləri müdafiə etdilər. Bu barədə yenə Baxış Əhmədovun «Adsız məktublara cavab» adlı məqaləsində oxuyuruq:
«… Yavrum, bilmiş ol ki, Sabir, yaxud məktəbimizdə olan sair müəllimlər bizim övladlarımızın ruhani pədərləri olduğu kimi, bizim həqiqi bəradərlərimizdir. Biz hər vəqt Allahın ovni ilə onların mühafizəkarlarıyız».
33
Sabir Balaxanı məktəbində işləyərkən «Səda» qəzeti redaksiyasındakı maddi böhranla əlaqədar H.Vəzirovla araları dəymiş və oradan çıxaraq 1910-cu il iyunun 10-dan Orucovların nəşr etdirdikləri «Həqiqət» qəzetinə işə düzəlmişdi.
34
Bu vaxt Üzeyir bəy Hacıbəyov həmin qəzetin redaktorluğundan getmiş, onun yerinə isə «Balaxanı camaat məktəbinin müdiri Əhməd Kamal» dəvət olunmuşdu.
3
«Həqiqət»in yeni rəhbərliyi qəzetin səhifələrində yeni rubrikalar açdı. «Həfteyi-ədəbi» və «Həfteyi-fənni» müsabiqələri də belə yeniliklərdən idi. Sabir bu hər iki istiqamət üzrə müsabiqə komissiyasının üzvü və qəzetin əməkdaşı kimi öz səmərəli təklifləri və dərc etdirdiyi əsərləri ilə «Həqiqət»in fəaliyyətində yaxından iştirak etmişdir…
«Həqiqət» qapanandan sonra onun davamı kimi, 1910-cu il avqustun 14-dən nəşrə başlayan «Günəş» qəzetində də Sabirin fəaliyyət dairəsi geniş olub. Şair demək olar ki, bu qəzetin butun nömrələrində əsər çap etdirmişdir. Onun satira və taziyanələri «Günəş»lə (Sonralar – 1911-ci ildə «Yeni həqiqət») yanaşı, ona əlavə səhifə kimi çıxan «Palanduz» adlı satirik səhifədə də ardıcıl olaraq dərc edilir.
4 Maraqlıdır ki, «Planduz»da işlənən bütün imzalar da gizli və satirik xarakterdədir.
Sabirin ədəbi aləmində böyük nüfuz sahibi kimi, öz qələmdaşları (və oxucuları) tərəfindən xüsusi hörmət və məhəbbətlə qarşılandığını, onun əsərlərinin və poetik istedadının təsiri altında başqa müəlliflər tərəfindən yeni-yeni əsərlər yazıldığını, bütövlükdə Sabir satira məktəbinin Bakıda da xeyli təmsilçisi olduğunu «Palanduz» səhifəsi və orada dərc edilən müxtəlif janr və mövzulu əsərlər, məktub və «poçt qutusu» da aydın göstərməkdədir…
5
Bakıdakı mətbuat orqanları ilə sıx əməkdaşlığı Sabirlə «Molla Nəsrəddin» jurnalı arasındakı yaradıcılıq əməkdaşlığını müəyyən qədər zəiflədib, ona bir müddət fasilə verilməsinə səbəb olsa da, bu əlaqə tamam üzülmədi. Əksinə, yeni məzmun və keyfiyyətdə davam etməyə başladı.
Həm məktəbdə, həm də mətbuat orqanlarında gərgin işləməsi və ailəsindən kənarda yaşaması Sabirin xəstələnməsinə səbəb oldu. Xəstəliyinin getdikcə şiddətlənməsi şairi 1910-cu il dekabrın lap ilk günlərində Bakıdan işdən ayrılıb Şamaxıya – öz ailəsinin yanına getməyə məcbur etdi. Lakin Sabir «Günəş» qəzeti, ümumən Bakıda çıxan mətbuat orqanları ilə əlaqəsini üzmədi. Eyni zamanda «Molla Nəsrəddin» jurnalı redaksiyası ilə əlaqəsini bərpa etdi. «Günəş» qəzeti yenə öz səhifələrində ardıcıl olaraq, Şamaxıdan Sabirin yazıb göndərdiyi müxtəlif ictimai-milli və mədəni məsələlərə həsr olunmuş taziyanələrini çap edirdi. Ancaq «Nizədar»ın «Çuvalduz» başlıqlı satiralarının «Palanduz»da bir neçə nömrə görünməməsi səhifənin diqqətcil oxucularını narahat etdi. Qəzet («Günəş» qəzeti) «Mərsiyəxan» imzası ilə sorğu yazan oxucusuna 24 dekabr 1910-cu il tarixli nömrəsində çıxan «Palanduz» səhifəsində belə cavab verdi:
«Mərsiyəxana – Nizədar əfəndimiz bir az nəqahəti olduğundan Şamaxıya getmişdir. Buna görə də bir-iki nömrədir ki, yazmayır. İnşallah, bu gələcəkdə bir mərsiyə deyəcəkdir».
Doğrudan da belə oldu. «Palanduz»un «Yeni həqiqət» qəzetinə əlavə kimi çıxan növbəti 28 yanvar 1911-ci il tarixli nömrəsində «Nizədar»ın (Sabirin) «Yuxu» satirası çap olundu. Satirada duma (qlasnı) seçkiləri, onun saxtalıqları, qlasnıların qeyri-səmimi hərəkətləri, ikiüzlülükləri və s. tənqid olunurdu. «Planduz»çular öz ustadlarının bu yeni əsərini də maraqla qarşılayıb, səhifədə həmin mövzuya həsr etdikləri başqa bir əsər də çap etdirdilər. «Qlasnılıq məsələsi» başlıqlı həmin felyetonun məzmunu, mövzu və ideyası ilə bərabər imzasından da aydın olur ki, o, Sabirin (Nizədarın) «Yuxu» satirasının təsiri ilə yazılıb. Felyeton belə imzalanmışdı: «Balta Bizoviç Nizədarov». Bundan əlavə, «Nizədar»ın «Yuxu»sunun sonunda ona «Təbir» başlıqlı «Məbər» imzalı bir cavab – yuxunun yozulmasına həsr olunmuş şeir də əlavə edilmişdi.
***
Sabir Şamaxıda ikən «Molla Nəsrəddin» jurnalı ilə də əlaqəsini bərpa etmiş, ona çap olunmaq üçün şeirlər göndərməyə başlamışdı. Şairin Cəlil Məmmədquluzadəyə göndərdiyi 16 yanvar (1911) tarixli «Məktubi-məxsusi»sində bu barədə oxuyuruq:
«Möhtərəm əfəndim!
İki həftə bundan qabaq xüsusi məktubumla bərabər keçənlərində «İrşad»da çap olunmuş şeirlərimdən bir danə göndərmişdim. Və keçən həftə Səmədovlara yazdığım xüsusi bir məktub ilə bərabər «Məmdəlinin (İran şahı Məmmədəli – A.B.) həqqində yeni dediyim bir şeiri dəxi göndərmişdim ki, sizə yetirsinlər. Ümmid ki, vüsul olmuşdurlar. Budur, bu gün də bir şeir göndəriyorum»
35.
Sabir məktubun sonunda onu da əlavə edir ki, «Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, çox şeir yazam!»
C.Məmmədquluzadə isə öz növbəsində Sabirə məktub yazaraq onu müalicə üçün Tiflisə – «Molla Nəsrəddin» idarəsinə dəvət etdi. Özü Həmidə xanımla birlikdə Qarabağda olduğu üçün, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə də məktub yollayıb, ona Sabirin müalicəsi ilə məşğul olmağı tapşırdı. C.Məmmədquluzadə narahatlıqla M.Sidqiyə yazırdı ki; «Sabirin əhvalından mənə hər dəfə yaz!»
36
Məktubu aldıqdan sonra Sabir dostunun təkidlərinə qulaq asaraq müalicə üçün Tiflisə getdi. «Molla Nəsrəddin»in banilərindən biri, alovlu publisist Ömər Faiq Nemanzadə onu qarşılayaraq redaksiyada yerləşdirəndən sonra Axalskə getdi və şairin müalicə işləri ilə M.Sidqi məşğul oldu. Bütün bunlar haqda Sabir özü naxçıvanlı maarifpərvər dostu Qurbanəli Şərifzadəyə yazdığı 6 fevral 1911-ci il tarixli məktubunda belə məlumat verir:
«Ruhum, canım, Şərifzadə!
Bu gün bir həftədir Tiflisdəyəm…
Faiq əfəndi (Ö.F.Nemanzadə – A.B.) məni artıq düşdüyüm mənzildə qoymayıb evə, yəni Mirzə Cəlil bəradərimgilə gətirdi. Üç gündür Mirzəgildəyəm. Sidqizadədən və məxdumunuz Əbdüləzizdən (Q.Şərifzadənin oğlu, Moskva Dövlət Universitetinin mərhum professoru Əziz Şərifə işarədir. O zaman Əbdüləziz də «Molla Nəsrəddin» idarəsində, Mirzə Cəlilgildə qalırdı – A.B.) ziyadəsincə razıyam.
Bəradər! Sentyabrın birindən bu günə qədər xəstəyəm. Üç ay Bakıda doktorlar qapısında, iki ay da Şamaxıda moqtorlar qapısında təzyii-həyat etdim. Dərdimə əlac bulamadım. Axır laəlac olub, müalicə üçün Tiflisə gəlmişəm. Görəyim burada sağala biləcəkmiyəm?
Doktor Rudnikovdan dava yeyirəm. Xəstəliyim qara ciyərimin böyüməsindən nəşət etmiş.
Şamaxıda ikən Mirzə Cəlildən məktub almışdım. Yazmışdı ki, fevralın on beşinə qədər Tiflisə gedəcəyik. Hələ bu vəqtə qədər gəlməyiblər. Və Faiq əfəndi iki gündür ki, kəndə getdi»
37.
Məktubdan Sabirin xəstəliyi ilə yanaşı, onu müalicə edən həkimin də kimliyi məlum olur. Eyni zamanda, burada şairin can ağrılarından doğan həsrət və intizarı da duyulur. O, hələ Şamaxıda ikən qələmə alıb, Tiflisə gələn kimi «Molla Nəsrəddin»də çap etdirdiyi «Əzrailin istefası»
38 satirasında xəstənin dərdinə əlac etməkdənsə, üzdəniraq müalicəsi ilə onu daha da şiddətləndirib insanların vaxtından əvvəl ölümünə bais olan «həkimləri», onların nadanlıq və kütbeyinliklərini ifşa etmişdi. Satiradan aydın olur ki, həmin «həkimin» əlində ölənlərin sayı əzrayılı da dəşhətə gətirir. Ona görə Əzrayıl, insanları xilas etmək naminə Tanrıdan həmin həkimin canını almağa, əks tədqirdə özünün əzrayıllıqdan istefasına icazə istəyir.
Sabir Tiflisdə xəstəxanada yatarkən Novruz bayramı günləri ərəfəsində M.Sidqiyə təklif edir ki, «…bu gün-sabah bayram yaxınlaşır, ömrüm də günbəgün azalır. Bu dərddən xilas olmayacağıma da əminəm. Gələsən «Molla Nəsrəddin»in bayram nömrəsini yadigarlıq üçün şeirlə çıxaraq»…
39 Beləliklə, Sabir «Molla Nəsrəddin» jurnalının bayram nömrəsi üçün «Ey pulluların səfası, Novruz!», «Bayram töhfəsi», «Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız» şeirlərini yazır. Xəstəliyi şiddətləndiyi üçün axırıncı şeir yarımçıq qalır. Odur ki, xəstəxanadan jurnalın idarəsinə (bu zaman «O olmasın, bu olsun» əsərinin Tiflisdə tamaşaya qoyulması ilə əlaqədar Bakının bir qrup aktyoru ilə orada olan Üzeyr Hacıbəyov M.Ə.Sabirlə görüşür), oradan isə martın sonlarında Tiflisdən Şamaxıya qayıdır. Bir müddət Şamaxıda, öz evində qaldıqdan sonra xəstəliyi şiddətləndiyi üçün 1911-ci il mayın axırlarında təkrar Tiflisə gəlir. Bu dəfə artıq C.Məmmədquluzadə ilə Həmidə xanım da Kəhrizlidən – Qarabağdan Tiflisə qayıtmışdılar. Odur ki, böyük şairin müalicə işləri ilə onlar şəxsən məşğul olurdular. Onların Sabirə sonsuz ehtiram, qayğı və diqqət göstərmələri haqda şair özü dostu Abbas Səhhətə yazdığı 15 iyun 1911-ci il tarixli məktubunda belə məlumat verir:
«Qardaşım Səhhət!
Müalicədən ötrü Tiflisə gəldikdən sonra sənə məktub yazmamışam, zira ki, halım müsaid olmayıbdır. Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər. Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Məni mehmanxana, ya xəstəxanada yatamağa razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim; Rəbbi-təala həzrətləri əvəz versin. Bu qədər bil ki, öz evimdən artıq mənə pərəstariş edirlər»
40.
Mirzə Cəlilgil həkimləri yığaraq Sabirin müalicəsi üçün konsilium elətdirirlər. Onlar cərrahiyyə əməliyyatı aparılmasını təklif etsələr də, bunun uğurlu nəticəsinə həkimlər təminat vermədiklərinə görə bu işə də razı olmurlar.
A.Səhhətə yazdığı növbəti – 27 iyun 1911-ci il tarixli məktubundan məlum olur ki, Sabiri bu dəfə Kasparyans familiyalı bir həkim müalicə edir. Ancaq şair, C.Məmmədquluzadə ilə Həmidə xanımın hədsiz qayğıkeşliyi, bütün müalicə xərclərini öz üzərlərinə götürmələrindən bir insan kimi həya edib, xəcalət çəkir. Ona görə bir qədər tez sağalaraq dostlarını artıq xərc və əziyyətdən qutarmaq məqsədi ilə xəlvəti olaraq Qandəmirov familyalı başqa bir həkimə müraciət edib, onun yazdığı dərmanları da qəbul edir. Bu, şairin halını daha da pisləşdirir. Sabir abrına qısılıb tutduğu işi və halının pisləşmə səbəbini Mirzə Cəlilə deyə bilmir. Bütün bunlar, habelə tezliklə ümidsizcəsinə Şamaxıya qayıtmaq fikrində olması haqda yazır:
«…Qaldı ki, mənim əhvalım, sabiqdə sənə məktub yazdığım halda indiki haldan min dəfə yaxşıraq idi; özüm öz bədbəxtliyimə bais oldum. Doğrusu, Mirzə Cəlil və Həmidə xanım cənablarının həddən artıq iltifatlarından xəcalət çəkdiyimə görə çalışdım ki, bəlkə bir az tez səhhət tapım; daha da xəstəliyim şiddət elədi…
…Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram… Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam»
41.
Beləliklə, özünü bütünlüklə vətəninə, xalqına, onun abadlığına və xoşbəxtliyinə həsr edən vətəndaş şair özünün kiməsə, ən yaxın dostlarına belə əziyyət verməsinə qıymır, razı ola bilmirdi. Çünki, Sabir xaraktercə kiminsə zəhməti, narahatlığı hesabına dövran sürməyə yox, başqalarının yükünü öz üzərinə götürməyə daha çox meylli bir adam idi. Odur ki, A.Səhhətə yazdığı kimi də elədi – iyunun sonu, iyulun ilk günlərində Tiflisdən Şamaxıya qayıtdı. Bir-iki gün sonra isə, sağalmaq üçün son cəhd olaraq, Bakıya gəldi. Şairin həmin səfəri ilə əlaqədar Mehdi bəy Hacınski «Ə.Sabir, yaxud xəstə şairimiz»
42 başlıqlı məqaləsində belə yazır:
«… Bir neçə vaxtdan bəri şairi-möhtərəm Ə.Sabir cənabları naxoşdur…
…Möhtərəm şairimiz Şamaxıda qabil həkimlər bulamadığından haləti-zəif tamam ilə bərabər dübarə Bakıya övdət etməyi (qayıtmağı, geri dönməyi – A.B.) məsləhət gördüyü üçün şəhərimizə varid olubdur…
Cərrahlar məsləhət görərlər isə, şairimiz bu günlərdə (operatsiya) əməliyyate-cərrahiyyə etdirmək niyyətindədir.
Şairimiz «İslamiyyə» mehmanxanasında 18 nömrəli mənzildə bulunur».
Lakin uzun və üzücü xəstəlik Sabiri cismən çox zəiflətdiyi üçün həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparmağa ürək etmədilər. Məsləhət gördülər ki, Şamaxıya qayıdıb yaylaqda bir qədər dirçələndən sonra xəstə üzərində əməliyyat aparılsın. Bu haqda yenə «Məlumat» qəzetindəki «Xəstə şair»
43 başlıqlı yazıda deyilir:
«Keçənlərdə qəzetimizdə şairimiz Ə.Sabir cənablarının xəstə olduğunu və bu yaxın zamanda (operatsiya) əməliyyate-cərrahiyyə etdiyini yazıb, cəmaətin mumiəlihə müavinətdə bulunmalarını təmənna etmişdik.
Həkimlərin tövsiyyəsi ilə şairimiz Şamaxı yaylaqlarına qayıtmağa məcbur olmuşdur. İki ay orada qalıb təqviyat tapdıqdan sonra Bakıya gəlib operatsiya etdirəcəkdir…»
Lakin iki gün sonra – 12 iyun 1911-ci ildə Mirzə Ələkbər Sabirin can çəkişmələri sona yetdi. Şairin əbədi olaraq gözlərini yumması haqda Abbas Səhhətin vurduğu «Qara xəbər» teleqramı mətbuatda dərc olundu…
Şairin cənazəsi Şamaxıda «Yeddi künbəz» qəbristanlığında torpağa tapşırılır. Dostu və həmkarı Abbas Səhhətin təşəbbüsü ilə qəbirüstü abidəsi qoyulur. Sabirin vəfatının ildönümüləri onun xatirəsinin yadetmə mərasimləri (bu haqda dövri mətbuatda məlumatlar, xəbərlər var) ilə yad edilir, haqqında dövri mətbuatda A.Səhhət, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid, Ə.Haqverdiyev, F.Köçərli, H.İ.Qasımov və başqalarının məqalə və xatirələri çap edilir.
***
Sağlığında Sabir əsərlərini kitab halında görə bilməmişdi. Tiflisdən A.Səhhətə yazdığı 27 iyun 1911-ci il tarixli son məktubunda ona vəsiyyət etmişdi ki: «Ölürsəm, qəm etmərəm; çünki, bilirəm, siz asarımı təb etdirərsiniz».
O, yanılmamışdı. Şairin vəfatından bir il sonra – 1912-ci ildə Sabirin əsərləri həyat yoldaşı Büllurnisə xanımın, dostları Abbas Səhhət və Mahmudbəy Mahmudbəyovun gərgin əməyi ilə xalqdan yığılan ianə hesabına «Hophopnamə» adı ilə kitab şəklində çapdan çıxdı. 1914-cü ildə «Hophopnamə»nin daha təkmil nəşri oxucuların ixtiyarına verildi. Həmin nəşrlərə A.Səhhətin müqəddimə kimi yazdığı məqalələri sabirşünaslığın gələcək inkişafı üçün özül daşları rolunu oynadı. «Hophopnamə»nin yeni nəşri üçün Azərbaycan Demokratik Respublikası dövründə də cəhd edildi. Lakin vaxt və tarixi hadisələrin gedişi buna imkan vermədisə də, 1922-ci ildə Əlisgəndər Cəfərzadənin tərtibi ilə şairin kitabı yenidən və xeyli təkmilləşmiş halda işıq üzü gördü. Elə həmin il Nəriman Nərimanovun təşəbbüsü ilə Sabirə Bakıda heykəl qoyuldu.
Sabir irsinə maraq getdikcə güclənməyə başladı. Əsərləri Seyid Hüseynin (1934), Həbib Səmədzadə (1948) və Məmməd Məmmədovun tərtibi ön söz və izah və şərhləri ilə (1962-65; 1976, 1980, 1992, 2004) nəşr olundu. Şairin anadan olmasının 150 illiyi ilə əlaqədar “Hophopnamə”nin hələlik tam mətni 2012-ci ildə Alxan Bayramoğlunun tərtibi, ön söz və qeydləri ilə bir cilddə çapdan çıxmışdır. Sabirin həyat və yaradıcılığı haqqında məqalələr və monoqrafiyalar çap etdirilmiş, dissertasiyalar müdafiə olunmuşdur. Qeyd edək ki, şairin anadan olmasının 100 illiyi ilə əlaqədar buraxılan üçcildlik «Hophopnamə»nin ən mükəmməl nəşri hesab olunur. Sonrakı nəşrlərin əsasında da həmin üçcildlik dayanır.
Sabirin əsərləri rus, ukrayin, gürcü, tatar, fars, ingilis və s. dillərə tərcümə olunmuş, keçmiş sovet məkanından savayı İran, Türkiyə, ABŞ və s. ölkələrdə də çap edilərək geniş yayılmışdır.
2
Mirzə Ələkbər Sabir satirik şair kimi məşhurdur. O, eyni zamanda klassik səviyyəli lirik qəzəllər, sənətkarlıqla yazılmış duzlu, məzəli felyetonlar, dərin məzmunlu elmi, tənqidi və publisistik məqalələr, müxbir məktubları və poetik tərcümələr müəllifidir. Bütün bu yazılar janrından və həcmindən asılı olmayaraq, böyük istedadın, qəlbi vətəndaşlıq duyğusu ilə döyünən bir qələm sahibinin əsəri kimi diqqəti cəlb edir. Çünki Sabirin təsvir etdiyi ən kiçik hadisə və detallarda belə zamanın nəbzi, insanların duyğu və düşüncələri duyulur. «Təsvir etdiyi hadisə və insanların xarakterindən, daha doğrusu, inqilabın yüksəlib-enməsindən asılı olaraq Sabirin sözləri də müxtəlif qammalarda səslənirdi. Onun əsərlərində gah inqilabçıların qələbəsinin təsviri, sevinc, fərəh, gah təhlükə gözlənilməsi ilə əlaqədar olaraq təşviş, gah da məğlubiyyət nəticəsində əmələ gələn qüssə, qəmginlik hiss edilir»
44. Bir sözlə, Sabir yaradıcılığında dövrün sosial-siyası, milli-psixoloji, mənəvi-əxlaqi və ideya-estetik ritmi bütün rəngarəngliyi ilə görünür, təsvir edilir. Bu da şairin ideya baxımından ayıq, sənətkarlıq cəhətdən iti, bədii-estetik xüsusiyyətlərinə görə realist təsvir ustalığından irəli gəlir. Çünki, Sabir hər şeydən əvvəl dövrünün şairi olaraq, milli təəssüb hissi ilə alışıb yanan, vətəndaşlıq duyğusu ilə yazan qələm sahibidir. XIX əsrin sonralarına doğru isə milli-ictimai düşüncədə maarifçilik ideologiyası ilə yanaşı bir siyasiləşmə də özünü göstərməkdə idi. Təsadüfi deyil ki, həmin dövrdə siyasi dərnəklər yaranır. XX əsrin ilk illərində isə bu dərnəklər siyasi partiyalara çevrilməyə başlayır. Odur ki, 1905-ci il inqilabından sonra milli-ictimai şüurda maarifçiliklə yanaşı, demokratikləşmə, milli-mənəvi varlığın, türklük ruhunun Avropa müasirliyi zəminində möhkəmləndirilməsi məsələləri də ön mövqeyə keçir. «Molla Nəsrəddin», «Həyat», «Füyuzat», «Bəhlul» və s. mətbuat orqanlarının, habelə digər nəşrlərin səhifələrində həmin yeniləşmə, siyasiləşmə, milli ictimai demokratikləşmənin mənzərəsi aydın nəzərə çarpır. Maarifçilik hərəkatı yeni məzmun kəsb edir, xalq milli demokratik hüquq və istiqlal ideyaları uğrunda mübarizəyə başlayır…
45 Bütün bu məsələlər Sabir qələmində özünün real bədii əksini aydın ideya-estetik, həm də vətəndaşlıq mövqeyindən tapır. XX əsrin əvvəllərində Sabirin hansı bir vətəndaşlıq duyğusu və amalı ilə qələmə sarıldığını təsəvvür etmək üçün onun «Müsəlman və erməni vətəndaşlarımıza» şeiri ilə birlikdə «Həyat» qəzetinə yazıb göndərdiyi məktuba
46 nəzər salmaq kifayətdir.
Burada diqqəti Sabir yaradıcılığına xas olan bir neçə mühüm cəhət cəlb edir; əvvəla, Sabiri cəlb edən M.Həsən Tahirovun məqaləsindəki «hər birimiz… istiqbalımız üçün bir iş görməliyiz» sözləridir. Şair də bir vətəndaş kimi fikirləşir ki, bunun üçün birinci növbədə istiqbalımızın, milli müqəddəratımızın xoş sabahına əngəl törədən ictimai-siyasi və mənəvi problemlərin aradan qaldırılmasına çalışmaq lazımdır. Həmin günlərdə milli tərəqqimizə mane olub, onun doğru yolundan sapdırılmasına yönəldilən ən qorxulu sosial-siyasi bəla isə azərbaycanlılarla ermənilər arasında törədilən və getdikcə süni şəkildə gücləndirilən milli qırğın davası idi. Sabir «təqazayi-zəmanəmizcə bərəks», yəni zamanın ümumi inkişaf ritminə və xalqların ictimai-milli və mənəvi tərəqqisinə zidd olan bu cür halların aradan qaldırılması naminə qələmə sarılırdı. Eyni zamanda o, bəyan edirdi ki, gələcəkdə ümummilli problemlərə dair məsələlərin «öz qabiliyyətim qədərincə nəzm etməyə müştaqəm». Bununla şair, bir vətəndaş olaraq ürəyinin dövrlə, onun inkişaf ruhu ilə döyündüyünü, poetik istedad və qabiliyyətinin zəmanəyə uyğun kökləndiyini dərindən dərk etdiyini də ifadə edirdi.
Nəhayət, Sabirin milli-ictimai inkişafımıza göstərmək istədiyi xidməti şişirtmək iddiasından tamamilə uzaq olması və bu xidmətçiliyi vətən qardaşlarının tərəqqisi, xoşbəxt sabahı yolunda özünə vacib vətəndaşlıq borcu hesab etdiyi də nəzərə çarpır. Bütün bunlar Sabirin şair-vətəndaş amalının çox aydın bir məqsədə yönəldiyinə dəlalət edirdi.
Sabir ictimai-vətəndaşlıq xidmətlərinə dair verdiyi vədə ömrünün sonunadək sadiq qaldı. O, üzünü həmvətənlərinə, qələm, söz sahiblərinə tutaraq,
Ey süxəndanan, bu günlər bir hidayət vəqtidir!
Ülfətü-ünsiyyətə dair xitabət vəqtidir! –
deyə hər kəsi ictimai-milli xidmətə səsləməklə qalmayıb, azərbaycanlılarla ermənilərin indiyədək (həmin günlərədək) mehriban qonşuluq şəraitində, bir-birilərinin xeyir və şər işlərində müştərək iştirak etmələrinə dair konkret həyati hadisələrin işıqlandırılmasına həsr olunmuş məqalələr də çap etdirirdi.
Sabir iki qonşu xalq arasına düşən bu milli qırğının heç bir maddi və milli mənəvi əsası olmadığını, ancaq Qafqazı müharibə meydanına çevirməklə hər iki tərəfi olmazın müsibətlərə, cismani və maddi tələfata məruz qoyaraq tərəqqi və inkişafca dünya xalqlarından geridə qoyduğunu, odur ki, baş verən müsibətin aradan qaldırılmasının vacibliyini və bu yolda atılan addımların əhəmiyyətini özünün «İslamiyyətin insaniyyətpərvərliyi», «Bu gün Qafqaziya məmləkətində…», «Qarabağ davası qəti xüsusunda…» və s. məqalələrində də ətraflı şəkildə işıqlandırmışdır.
Nəcəf bəy Vəzirovun Şamaxıda tamaşaya qoyulan «Yağışdan çıxdıq, yağmura düşdük» əsərinin səhnə həllinin təhlilinə həsr etdiyi «Avqustun 3-də Salmanovların evində…» sözləri ilə başlayan məqaləsində Hacı Qəmbərlə Qıdı kirvənin münasibətlərini əks etdirən səhnədən təfsilatı ilə söhbət açarkən də xalqları əvvəlki sülh və əmin-amanlıq şəraitində yaşamağa çağırmaq məqsədi güdürdü. Bütün bunlar göstərir ki, Sabir dövrün mühüm sosial-siyasi, milli-bəşəri hadisələrinə, bu proseslərin düzgün məcraya yönəldilməsinə fəal və ayıq vətəndaşlıq mövqeyindən müdaxilə etməyə çalışmışdır. Bunu onun «Mətbuat», «Qeyrət», «Ləbbeyk icabət», «Zaman nə istəyir? Amma biz…», «Cümə» və s. məqalələrində də qabarıq şəkildə görmək olur. Əgər «Mətbuat» və «Ləbbeyk icabət» məqalələrində, «Əlminnatü lillah ki, «Dəbistan» da qapandı», «Ay can!… Ay can…» satiralarında olduğu kimi, milli mətbuatın xalqın tərəqqi və inkişafındakı rolundan danışılıb, onun davamlılığının qorunmasının vacibliyi məsələsi qoyulursa, «Qeyrət» məqaləsində dünya xalqlarının mədəni və mənəvi irsindən bəhrələnmənin yollarından, dünyaya inteqrasiya zamanı həm də milli-bəşəri dəyərlərin dayanıqlığının diqqət mərkəzində saxlanması və bununla da milli mənliyin itirilməsinə deyil, əksinə milli özgünlüyün və koloritin daha sistemli bir şəkildə davam etməsinə nail olunmasının vacibliyini diqqətə çatdırırdı. «Zaman nə istəyir? Amma biz…», «Cümə» məqalələrində cəmiyyətin normal inkişaf edib, xalqın və vətənin parlaq istiqbala çatması və bu problemin həlli yolları araşdırılır. Sabirə görə, hər cəhətdən kamil bir cəmiyyətə və dövlətə nail olmağın başlıca yollarından biri də gənc nəslin maarifləndirilməsi, onların əsl vətəndaş kimi yetişdirilməsidir. Bunun üçünsə şair zamanla ayaqlaşa bilən məktəb və maarif ocaqları şəbəkəsinin mümkün qədər genişləndirilməsini həlli vacib bir məsələ kimi irəli sürürdü. Çünki milli tərəqqi və səadətimizi vətən övladlarının dövrün tələbinə cavab verən təhsil ocaqlarında təlim tapmalarında və milli ruhda tərbiyə olunmalarında görürüdü. Sabir milli məktəbi cəmiyyətin sağlamlığı və inkişafında mühüm amil hesab edib onu bədəndə ruhun oynadığı rola bərabər tutur. Göstərir ki, ruhsuz bədən məhvə məhkum olduğu kimi, milli məktəbi olmayan millət və cəmiyyətin də axırı puçdur. Odur ki, şair publisist yeniyetmə və cavanlarımızın günlərini boş-boşuna keçirib millət üçün yararsız bir varlığa çevrilməmələrinin səbəbini onların təhsildən, təlim-tərbiyədən kənarda qalmalarında, bunun günahını isə valideynlərdə – atalarda görərək yazırdı: «… Biz onları tərbiyə etmədik, məktəbdə oxutmadıq, onların səadətinə, əxlaqına, hasilkəlam, onların islamiyyətinə belə xidmət qılmadıq. Ata olub da onların barəsində atalıq həqqin ifa etmədik… Neyçin övladımız haqqında bunca cəfalar rəva görürük? Və nə səbəbə onların zaye olmalarına razı oluruq? Və yenə onlar üçün məktəbi-milli açıb təlim etdirmirik?
…Yaşasın övladi-vətən ətlacına, insaniyyət və islamiyyət əhyasına, məarif və məktəb icrasına bəzl-himmət və sərifi-həmiyyət edən zəvati-möhtərəmə».
1
Bu sual və çağrışların arxasında Sabirin şair-vətəndaş ürəyinin narahatlıq dolu döyüntüləri eşidilir.
Sabirin teatr tamaşalarına, məktəb və mədəni-maarif ocaqlarının təşkilinə, məişət hadisələrinə və s. həsr etdiyi məqalələrində, müxbir məktublarında da zamanın nəbzi, xalqın ürək döyüntüsü, əsəb tellərindəki gərginliyin ifadəsi duyulur. Akademik Məmməd Cəfərin yazdığı kimi: «Bu kiçik yazılar bizə Sabiri daha yaxşı başa düşmək üçün böyük köməkdir. Belə ki, bu məqalə və məktublardan biz, heç olmasa bunu öyrənə bilirik ki, Sabiri əsrin böyük sənətkarı, böyük xalq şairi səviyyəsinə çatdıran bir çox səbəblər olmuşsa, onlardan biri də onun «xurcunları çiynində qapan günclərində taxıl almağa gələn kəndlilərin» qeydinə qalması, «təbii fəlakətlərə məruz qalan Padar köçərilərinin» halına acıması, «qışın məşəqqətlərindən xilas olduqlarına görə sevinirkən baharda da başsız sellərin qurbanı olan füqərayi-kasibənin» dərdinə qalması… Girdiman çayı üzərindən davamlı körpü salmaq arzusu ilə yaşaması və mədəniyyətə, yeniliyə güllə atanlara dərin nifrət bəsləməsi olmuşdur».
1
Sabir geniş xalq kütlələrinin zəhmətkeş insanların halına, ağır, məşəqqətli güzəranlarına, mədəni geriliklərinə milli-ictimai şüurca geri qalmalarına, ancaq öz qarınlarını, şəxsi mənafelərini güdən «kisədustların» – mülkədar, sahibkar, ruhani, ziyalı və digər peşə sahiblərinin həris pəncələrində, dini fanatizm girdabında can çəkişməsinə dözə bilməyib, özünün vətəndaş təəssüb və yanğısından güc alan etiraz səsini ucaldırdı. Odur ki, sosial-mənəvi bəlaların islahı üçün publisistikaya nisbətən şüurlara daha fəal və ideya- estetik təsir qüvvəsinə malik olan satirik poeziyaya üstünlük verirdi.
Proqram səciyyəli ilk satiralarından birində Sabir öz ifşa hədəflərinin dilindən yazırdı:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karım,
Dünyəvü cahan ac olur olsun, nə işim var?!
2
Hər hansı ülvi, müqəddəs bir amaldan məhrum olanların bu ürəkdağlayıcı, üfunət qoxulu xoru qulaqbatırıcı bir səda ilə elan edirdi ki, onlar həmvətənlərinin daim qəflət yuxusunda yatmalarını arzulayıb, əgər «tək-tək ayılan varsa», Allahdan özlərinə kömək diləyirlər ki, belələrini, tək-tək ayılanları tezliklə yox etsin. Onlar öz salamatlıqları naminə «cümlə cahanın» batmasına da razıdırlar.
Bu üzdəniraq təbəqələr milli-tarixi yaddaşlarının korşalmasını istəyirlər. Düşünürlər ki, xalqın, vətənin işıqlı gələcəyi, sabahı barədə qayğı göstərmək və bu amalla yaşayıb çalışmaq tamamilə yersizdir. Çünki «cibişdan»ə zərərdir. Təbii ki, belə düşüncə sahiblərini ancaq yeyib-içmək düşündürür. Onlar üçün həmvətənlərinin yoxsulluğu da, yetim qalmış uşaqları da, dul arvadları da bir heç gözündə görünür. Təki, özlərinin şan-şöhrətləri artsın. Milli və fərdi təəssüb hissindən məhrum olan bu adamları zamanın tələbi, dünyanın digər xalqlarının tərəqqi və inkişaf naminə çalışmaları da ayıltmır. Odur ki, hər millətin heç olmasa bir sahədə tərəqqisindən söhbət düşəndə özlərinin yuxu, xəyal aləmində «tərəqqi edəcəkləri» ilə təsəlli tapırlar. Əslində bu xorun cəhənnəm sədası milləti bütün xalqlardan hər cəhətdən geri qoyub aclıq və səfalət, cəhalət və ətalət, məhrumiyyət və fəlakət girdabına sürükləməkdə idi. Bu həqiqətləri bütün çılpaqlığı və incəlikləri ilə görüb, ürək ağrısı ilə dərindən duyan Sabir poetik istedadının nur saçan şəfəqlərini cəmiyyətdəki mövcud yaraların üstünə yönəltdi. Yönəltdi ki, xalq düşüncə və fikir gözünü açaraq düşdüyü, yaşadığı həyatın həqiqətlərini, yaralarını və mənəvi-əxlaqi iltihablarını bütün aydınlığı ilə görüb onları sağaltmaq təşəbbüsü ilə hərəkətə gəlsin, bu təşəbbüslə silkinməyə, özlərini, mənəvi-psixoloji və əqli düşüncələrini yeniləşdirmək üçün səfərbər olsun.
Sabir poeziyası öz qarşısına məhz xalqın, həmvətənlərinin həyatlarının mövcud acınacaqlı vəziyyətini köklü surətdə dəyişdirib, onları tamamilə təzə-tər, saf və sağlam bir vücudla işıqlı, parlaq istiqbala aparıb çıxartmaq missiyası ilə yenilməz əzm və qətiyyətlə mübarizə meydanına atıldı. O, xalqın və vətənin xoş gələcəyini təmin etmək üçün birinci növbədə bugünkü övladların layiqli vətəndaş kimi yetişdirilməsinin, gələcək həyat və mübarizə yoluna millətin əqli, zehni və dünyagörüşcə hazırlanmasının vacibliyi məsələsini irəli sürdü. Bunun üçün uşaqların mövcud tərbiyə və həyata hazırlanma üsulunun eybəcərliklərini satira oxuna hədəf etdi. «Ol gün ki, sənə xaliq edər lütf bir övlad, Olsun ürəyin şad» misraları ilə başlanan həmin satirada zərərli vərdiş, düşüncə və üsullara əsaslanan, nəticə etibarı ilə uşağın və ailənin fəlakətinə səbəb olan tərbiyə metodları satirik bir dillə sadalanır. Nəzərə çatdırılır ki, bu qədər dırnaqarası cah-cəlala, əslində fəlakətə oxuyub-öyrənməklə, dünyəvi təlim-tərbiyə almaqla çatmaq mümkün deyil:
… Olmaz oxumaqdan
Tapmaq bu cəlali!…
Yəni milləti bu cür bəla və fəlakətlərdən ancaq gənc nəsli dünyəvi ruhda təlim-tərbiyə edib, elm öyrətməklə xilas etmək olar. Növbəti satiralarda Sabir həyata bu cür baxışın, öz ideal və arzularının həyatda yavaş-yavaş ayaq tutmasının və buradan meydana çıxan ictimai ovqatın ayrı-ayrı səhifə və əlamətlərini satirik bir dillə göz önündə canlandırmağa başladı. Övladının elmə, təhsilə, oxuyub-öyrənməyə qızğın həvəsindən darılan cahil ata «Bilməm nə görübdür bizim oğlan oxumaqdan»,
47 – deyə gileylənməyə başladı. Onu yolundan döndərə bilmədiyini gördükdə hirs və qəzəb qarışıq bir dillə üzünü oğluna tutub ona nəsihət edir ki, «bu kardən», yəni oxumaqdan əl çək!
Cahil atanın bu nəsihətləri vermək üçün hansı çürük fəlsəfəyə əsaslanmasını diqqətə çatdıran şair onun sözlərini dünyagörüşünün sosial mənəvi dayaqlarına belə yönəldir:
Min elm oxuyub söz biləsən, hörmətin olmaz
Bu dari cahanda;
Söz bəhrinə gövhər olasan, qiyməin olmaz
Xasə bu zamanda
Yox, yox, baxıram fikrinə, səndən oğul olmaz,
Canın bəcəhənnəm!
Göründüyü kimi, cahil ata öz həyat fəlsəfəsinə uyğun gəlməyib zamanla ayaqlaşmağa çalışan oğlundan hirslə üz döndərir. Lakin az sonra yenə geri dönüb «Təhsili-elm»”,” «Ata nəsihəti»”, «Tərpənmə, amandır, bala, qəflətdən ayılma!»” və s. satiralarda təsvir edildiyi kimi, oğluna zamanın tələbinə uyğun tərəqqidən, elm öyrənməkdən həzər etməyi təlqinə çalışır. Oğlunu inandırmağa çalışır ki:
Təhsili-ülum etmə ki, elm afəti-candır,
Həm əqlə ziyandır;
… Elmə gəzənin küfrü zəbanlarda bəyandır,
Təkfirə nişandır…
48
Bütün bunların əvəzində ata öz oğluna məsləhət görür ki, elm yolunda malını, canını, irzü namusunu tələf etməkdən, sonra da divan-dərə, şah və vəzir üzünə ağ olub onlara qanun öyrətməkdənsə
… Bundan sonra qıl tövbə dəxi, məktəbə getmə,
Bircə usan, oğlum”!
Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum.
Çıx dağa, daşa, yol kəsibən qarətə başla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali-yaraq ol,
Xəlqə dadanaq ol.
Hər işdə sayaq ol,
Var cana ziyanı –
Qeyrətdən uzaq ol!…
49
Ancaq atanın öyüd-nəsihətləri səmərəsiz qalır. Getdikcə cəmiyyətdə zamanla ayaqlaşmağa çalışan yeni ruhlu, müasir düşüncəli gənc nəslin çəkisi artmağa, hətta qız məktəbləri belə açılmağa başlayır. Öz məkanlarının, fəaliyyət meydanlarının daraldığını, güclərinin zəiflədiyini, mövqe və hökmlərini itirdiklərini görən qaragüruh təşviş və həyəcanla səs-səsə verir. Onlar cəmiyyətdə, əxlaq və mənəviyyatda, şüurlarda baş verən hər cür mütərəqqi addımın qarşısını almaq üçün bir-birlərini səfərbər olmağa, əlbir fəaliyyətə çağırırlar:
Səs ucalaşdı, qoymayın!
Millət oyaşdı, qoymayın!
Rişteyi-dərsə, məktəbə…
Cümlə dolaşdı, qoymayın!
İş yavalaşdı, qoymayın!
El uyuşub azanlara,
Gündə qəzet yazanlara,
Od vurulub qazanlara,
Qaynadı, daşdı, qoymayın!
Həddidən aşdı, qoymayın!
50
Bu çağırışdakı təşviş və həyəcan satirik tipin özünü real, qarşısıalınmaz fəlakət qarşısında görən adamın fəryad və ah-naləsi, məhv olmaqdan xilasolma cəhdləridir. Sabir yeniliyə, tərəqqiyə düşmən qüvvələrin etiraz və fəryadlarının tək bir təzahürünü deyil, üzə çıxan hər hansı dalğa, ritm və qammasını qələmə almaqla mövcud vəziyyət və mənzərə haqda dolğun təsəvvür yaratmağa çalışır. Odur ki, növbəti satirasında əli hər şeydən üzüldüyü üçün gücü ancaq oturub iki əlli öz başına döyən tiplərin bədii portretini göz önündə canlandırmağa yetir:
Vay, vay! Nə yaman müşkülə düşdü işim, allah!
Fəryadimə yet kim, yanıram atəşə, billah!
İslamə xələl qatmadadır bir neçə bədxah,
İstərlər ola bəndələrin taği və gümrah,
Etdim nə yaman əsrə təsadüf, aman, ey vah!
Lahövlə vəla qüvvətə illa və billah!
Məktəblər açıb eyləyin ehsanı, – deyirlər,
Məktəbdə qoyun ustulu, dasqanı, – deyirlər,
Pərpuç eləyin çubi-fələqqanı, – deyirlər,
Molla qovula, yəni müəllim gələ, vah-vah!
Lahövlə vəla qüvvətə illa və billah!
51
Satirik tipin fəryad-monoloqundan onun düşdüyü çıxılmaz, ümidsiz vəziyyəti aydın nəzərə çarpır. O, gizli və məkrli niyyətini mümkün qədər ört-basdır edib özünü islam təəssübkeşi kimi gözə soxmağa çalışsa da, fəryad və şikayətlərinin davamı olaraq təəssüf, yanıb-yaxılma və təhdidlərindən əsl yırtıcı siması, tüfeyli xisləti üzə çıxır:
Ax, ay keçən illər, nola bir də dolaneydin,
Tazə yenə beş yüz il olunca dayaneydin,
Elmi, ədəbi, fəzli, kəmalati daneydin!
Ey bildir, inişil, nola odlarə yaneydin!
Ta eyləmiyəydin də bu qafilləri agah!
Lahövlə vəla qüvvətə illa və billah!
Bilməm nə işim vardı, başım harda qarışdı,
Elm ilə belə düşmən olan qövm barışdı,
Təcdidi-vəfa birlə məariflə barışdı,
Rahət yata bilməm mənə qəm muri darışdı,
Etməkmi olar bir də bu uymuşları ikrah?
Lahövlə vəla qüvvətə illa və billah!
52
Vəziyyətin özü üçün çıxılmazlığını dərk edən satirik tip «ey bildir, inişil, nola odlarə yaneydin!» – deyə 1905, 1906-cı illərdə (şeir 1907-ci ildə yazılıb) ölkədə cərəyan edən inqilabi proseslərin ictimai şüurlara göstərdiyi təsiri lənətləyir, bütün bunların qarşısının vaxtında alınması fürsətini əldən qaçırtdığına ürəkdən gələn bir yanğı ilə təəssüflənir. Yeniliyin, elm, ədəb, maarif və fəzilətin bəhrəsini dadan gənc nəslin ondan heç cürə əl çəkməyəcəyini dərk edərək yanıb-yaxılır.
Yenilik ruhlu tərəqqi və inkişafa düşmən qüvvələrin artıq hər şeydən ümidlərini kəsib əlacsızcasına gileylənmələrinin daha bir çalarını «Şikayət»
53 satirasında bu cür görürük:
A kişi, bundan əzəl xəlqdə hörmət var idi,
Binəva mollalara hörmətü izzət var idi!
Ağa hər yana ki, anqır desə, xəlq anqır idi,
Yer üzündə bərəkət, nemətü dövlət var idi!
… Elm hardaydı, müsəlman harda, qardaşım,
Nə tərəqqi sözü, nə söhbəti-millət var idi!
… Müftəxorluq nə gözəl peşə idi tutmuş idim,
Nə açan üstünü karın, nə şəmatət var idi!
… Ah, əfsus ki, kecdi o gözəl dövranım!
Rahət idim ki, bu xəlq içrə cəhalət var idi!
Satirik tipin ötən günlərin həsrəti ilə hansı duyğularla yaşaması onun ictimai mövqeyini təyin edir. Ancaq nəzərdən keçirdiyimiz satiralardakı tiplərin hamısı yeniliyə, cəmiyyətdə baş verən mütərəqqi meyllərə qarşı eyni sosial mövqedən çıxış etsələr də, onların hər birinin öz danışıq, öz ifadə tərzi var. Çünki onların hamısı eyni sosial mövqedən çıxış etsələr də, ifadə və etiraz tərzlərini fərdi xarakter və dünyabaxışları müəyyənləşdirir. Odur ki, satirik monoloqların hər biri özünün fərdi çalarları ilə bir-birindən fərqlənir. Bir sözlə, Sabir satiralarındakı danışıqların heç biri digərinə bənzəmir. Onlar ifşa hədəfi olan tiplərin özləri qədər rəngarəng, özləri qədər xarakterikdir. Eynilə məktəb və maarif, tərəqqi və yeniliyə qarşı mürtəce qüvvələrin müqavimətlərinin ifşasına həsr edilmiş bu satiralardan başqa «Ey fələk, zülmün əyandır…», «Arzu», «Vah!… bu imiş dərsi-üsuli-cədid?!», «Vermirəm a!…» və s. satiralardakı tiplərin monoloqları, müraciət tərzləri və ya ifşa hədəfinin təqdimi formaları bəzən bir-birinə zahirən bənzəsə də, fərdi çalarlarına, obrazın xarakterinə görə seçilirlər. Bütün bunlar da Sabir poeziyasının obrazlar qalereyası ilə ifşa üsulu və ifadə tərzinin eyni dərəcədə zəngin olmasını təmin edir. Şairin ifşa üsulları, onların çeşidləri satiralarının, hətta satirik qəhrəmanlarının sayı qədərdir. Ancaq buraya təsvir və təhkiyə tərzini də əlavə etsək, bütövlükdə Sabir poeziyasının üslub, ifadə, deyim tərzi baxımından daha böyük və çoxçalarlı olduğunu görmək çətin deyil.
3
Sabiri gənc nəslin təlim-tərbiyəsi məsələsi həmişə düşündürmüş, özünə cəlb etmişdir. O, bir tərəfdən məktəb açılması, proqram və dərsliklərin hazırlanmasında bu və ya başqa şəkildə iştirak edir, uşaq mətbuatı və ibtidai sinif dərslikləri üçün klassik şeirlərini yazır, digər tərəfdən də elm və təhsilə, əxlaq və mədəniyyətə yad münasibət bəsləyib, qeyri-əxlaqi vərdiş və hərəkətlərə meylli olan uşaqları ezopvari öyüdlərlə düz yola yönəltməyə çalışırdı. «Uşaqlara»
54 satirası bu cəhətdən xarakterikdir. Şerin əvvəlki bəndlərində övladın bəslənib boya-başa çatdırılması üçün ata-ananın qatlaşdığı əzab və məhrumiyyətlər nəzərə çatdırılır. Göstərilir ki, valideynlər bütün bunlara həm də övladlarından gözlədikləri sabahkı mənəvi, fiziki və iqtisadi rahatlıq, zövq-səfa naminə qatlaşırlar. Ancaq vay o gündən ki, həmin uşaqlar cürbəcür pis əməllərə, pis işlərə müştaq olalar. Xeyirli, faydalı əməllər əvəzinə «hərcayi gəzib, hər yeri seyran edələr, cəngü cədəlü qarətü talan etməklə gün keçirələr». Bunlar azmış kimi:
Vəqt oldu həvəs etməyəsiz məktəbə, dərsə.
Təlim alasız hər nə ki, aləmdə betərsə,
Xeyri buraxıb, əxz edəsiz hər nə zərərsə,
Mail olasız hər işə kim, fitnəsə, şərsə,
Adət qılasız hərzəvü hədyanı, uşaqlar!
Siz neyləyəsiz məktəbi, mollanı uşaqlar!
Əlbəttə bu cür başıpozuqluqla böyüyüb boya-başa çatan uşaqlar cəmiyyətdə, evdən kənarda olduğu kimi, ailədə, doğmaları arasında da müşkül bir problemə çevrilirlər. Sabir bu acınacaqlı aqibəti həyati və ibrətamiz bədii lövhələrlə göz önündə canlandırır:
Vəqt oldu vurub yıxmağa müştaq olasız siz,
Evdə gərək əvvəlcə ki, qoççaq olasız siz,
Həm validə, həm validəyə ağ olasız siz,
Dincəlimiyələr ta nə qədər sağ olasız siz,
Hər gün döyəsiz madəri-nalanı, uşaqlar!
Ta uf deməyə qalmıya imkanı, uşaqlar!
Hər istədiyin olmasa hasil pədərindən,
Vur, yıx, cala, ta qorxuya düşsün zərərindən.
Söy ağzına cürətlə, çəkinmə hünərindən,
Biçarə xilas olmaq üçün şurü şərindən,
Çıxsın canı, satsın qabı-qazqanı, uşaqlar!
Neylər dəxi ol sərvətü samanı, uşaqlar!
Övladın bu cür böyüməsi cəmiyyət üçün problemə çevrilməklə yanaşı, Sabirin yazdığı kimi, valideynə də «dərdi sər» olur. Odur ki, şair bir pedaqoq və vətəndaş kimi öz yeniyetmə həmvətənlərini cəmiyyətə və valideynə dərd-sər olmaq yox, layiqli övlad, vətəndaş kimi böyüməyi, onlara çəkilən əməyi doğrultmağı tövsiyə edirdi. Onun məqsədinə çatmaq üçün satirada istifadə etdiyi bədii təsvir və ifadə üsulları qoyulan problemə müvafiq olaraq uğurla seçilərək, bir-biri ilə sənətkarlıqla əlaqələndirilmiş, bütöv ideya-estetik kompozisiya yaradılmışdır.
Sabir qələmə aldığı mövzuya, islahına çalışdığı problemə heç vaxt birtərəfli və ötəri yanaşmamışdır. O, hər hansı məsələni axıradək və hərtərəfli işıqlandırmağa, bu zaman rəngarəng, bir-birindən təsirli bədii təsvir vasitə və üsullarından istifadə etməyə çalışmışdır. Odur ki, hər hansı mövzunun ideya-estetik həllində şairin iti müşahidə və poetik istedadı, bir pedaqoq və psixoloq kimi məharəti özünü göstərir. Gənc nəslin tərbiyəsi, layiqli vətəndaş kimi yetişdirilməsi kimi vacib problemin ideya-bədii həllində də eyni mənzərə ilə qarşılaşırıq. Sabir bu məsələyə də bir neçə satira həsr edib. Lakin hər dəfə orijinal yolla gedərək problemin ayrı-ayır mühüm
tərəflərini diqqətə çatdırıb. «Uşaqlara» satirasından sonra həmin problemlə bağlı qələmə alınan «Olmur, olmasın!», «Bəxtəvər», «Uşaqdır» və s. satiralarda olduğu kimi.
«Olmur, olmasın!»
55 satirasında övladına həm əməli hərəkətləri, həm də «nəsihətləri» ilə pis nümunə olan ata və həmin tərbiyənin mənəvi cəhətdən şikəst hala saldığı oğul göz önünə gətirilirsə, «Bəxtəvər»
56 satirasında artıq bu cür zərərli tərbiyənin şikəst etdiyi Feyzilərin törətdiyi bəd əməllərdən qəlbi fərəh hissi ilə dolan nadan atanın verdiyi pis tərbiyənin zərərli nəticələrindən özü üçün aldığı ürəkaçan təəssüratlarını arvadı Xansənəmlə bölüşdüyünün şahidi oluruq. Burada anadan fərqli olaraq, ata fəaldır. O, öz oğlunun içki düşkünü, fağır-füqəra qənimi kimi yetişib davakar bir varlığa çevrilməsində özünün xüsusi əməyi olduğundan, övladını, yaxşı ki, məktəbə, dərsə göndərib elmlə, biliklə onun əqlini zay etmədiyindən qürur duyur. «Uşaqdır»
57 satirasında isə, əksinə, ana fəaldır. O, ərini danlaq və qınaq yağışına tutur ki, hələ təzə-təzə on bir yaşına çatan uşaqda müşahidə etdiyi tərbiyəsiz hərəkətlərin (söyüş, tənbəllik və s.) qarşısını almağa niyə cəhd göstərir. Əslində ana üçün oğlunun əməlləri tamamilə təbii və məqbuldur. Odur ki, ərinə belə bozarır:
Bir söyüşdən ötəri etmə əziyyət balama,
Göyərib coşma, utan, qonşuları yığma dama,
Sənə söydükləri getsin başı batmış atama,
Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
…Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!
Yəni məktəblə uşaq kamil edərmiş özünü?
Bir söyüşdən yana az danla bu tiflin üzünü!
Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!
Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Göründüyü kimi, övladına olan hədsiz məhəbbəti ananın gözündə mədəniyyət və qabiliyyəti, bilik və bacarıq üçün çalışmanın əhəmiyyətini bir heç etmişdir. Sabir göstərmək istəyir ki, gənc nəsli layiqli övlad, vətəndaş kimi yetişdirib onlardan istiqbalımızın qabil təminatçıları hazırlamaq istəyiriksə, birinci növbədə keçmişin zərərli adət və vərdişlərindən, düşüncə və baxışlarından əl çəkib, zamanın nəbzini tutmağı bacarmağa çalışmalıyıq. «Bu boyda!…»
58 satirasında millət balalarının kiçik yaşlarından dünyəvi elmlərin sirlərinə bələd olmaları, onların yazıb-oxumağı bacarmaları, Ana dili ilə yanaşı, bir neçə xarici dili bilmələri, astronomiya, hesab, coğrafiya və sairdən baş çıxarmaları tipin monoloqunda zahirən inkar olunub, bütün bunlar «şeytan əməli» hesab edilsə də, əslində həmin inkar yeniliyin ideya-bədii təsdiqinə, təbliğ və təlqininə xidmət edir, «bu inkarın üzərində təsdiq dirçəlir»
59 Çünki «…həmin «bu boydalar» işıqlı düşüncəyə malik, aydın fikirli, mənəvi cəhətcə pak insanlardır, gülümsər gələcəyin qurucuları olacaq balalardır»
60. Bununla şair gözlərimiz önündə XIX əsrin ortalarından başlayan maarifçilik və tərəqqi hərəkatının qızğın və ardıcıl tərəfdarı, həmin hərəkatın mücahidlərindən biri kimi canlanır.
Sabir 1906-cı ilin avqustunda I müəllimlər qurultayına hazırlıq mərhələsinin bir epizodundan bəhs edən kiçik həcmli müxbir yazısında «bu vəqtə kimi Qafqaz məktəblərində müntəzəm bir proqram olmadığından şagirdanə təlim edilən elmi-hal və elmi-tarixdən bir fayda hasil olmadığını» nəzərə çatdırıb qabaqçıl maarif xadimlərimizin «həmin əmri-mühümü nizam və intizam dairəsinə salmaq» məqsədilə çalışdıqlarını, dönə-dönə yığışıb apardıqları fikir mübadilələrinin nəticəsi olaraq proqram və ona «izahat vərəqəsi» («məramnamə və ifadeyi-məramnamə») tərtib etmələrini sevinclə xəbər verirdi.
61 Bir il sonra – 1907-ci il avqustun 25-dən sentyabrın 5-dək davam edən II müəllimlər qurultayında, onun irəli sürdüyü taleyüklü məsələlərin işıqlandırılmasından tutmuş həmin vəzifələrin həyata keçirilməsinədək olan bütün işlərdə isə şairin daha fəal iştirakının şahidi oluruq.
Məsələn, həmin qurultayın mərkəzdən uzaq məntəqələrdən daha çox nümayəndənin iştirakını təmin etmək məqsədi ilə Gəncədə keçirilməsi təşəbbüsü ətrafında meydana çıxan problemlər, nəhayət, II qurultayın da Bakıda «baş tutması» xəbəri və digər məsələlər Sabirin «Uçitellər» satirasında poetik şəkildə geniş işıqlandırılmışdır. Bununla yanaşı, o, müəllimlərin diqqətini «səs ucalaşdı, qoymayın, millət oyaşdı, qoymayın!» – deyə təşviş və həyəcanla hər cür yeniliyə qarşı çıxmağa çalışan əks qüvvələrin varlığına və onların hələ kifayət qədər güclü olmalarına cəlb edərək yazırdı:
Bildir də nə zəhmətlə bu iclasa yığışdıq,
Etdik nə qədər boş yerə söhbət, uçitellər!
Lağ-lağ danışıldı ki, nədir şiə və sünnü,
Lazım ki, bir olsun bu şəriət, uçitellər!
Derdiz ki, gərəkdir açıla məktəbi-nisvan,
Bir yanda dəxi məktəbi-sənan, uçitellər!
Bu hərzəvü hədyanlara kimlər qulaq asdı,
Kim verdi bu axmaq sözə qiymət, üçitellər!
Baş tutdumu beytülmalınız, söylə, sən allah?
Çəkdiz, mən ölüm hiç xəcalət, uçitellər?!
İslamın ölüb yoxsa sanırdız vükəlası?!
Xüdsər eləyirdiz də vəkalət, uçitellər?!
Göründüyü kimi, Sabir hadisələrin gələcək inkişafına ayıq nəzərlərlə baxır, müəllimlərə qarşı qaragüruhçuların hər addımda gözlənilən fitnə-fəsadlarını nəzərə alıb öz işlərində tədbirli olmağı məsləhət bilirdi. Bu tədbirliliyi həm də ona görə vacib hesab edirdi ki, elə həmin qara qüvvələrin səyi ilə ötən 1906-cı ildə keçirilmiş I qurultayın qəbul etdiyi qərarların çoxu həyata keçməyib elə kağız üzərində qalmışdı, müəllimlərin, Sabir demişkən, «beytülmalları baş tutmamışdı». Şair burada «çəkdizmi hiç xəcalət»? deməklə əslində müəllimləri danlamayıb, onların ötənlərdən nəticə çıxartmalarını istəyirdi.
Qurultay davam etdiyi günlərdə isə Sabir «Müəllimlər siyezdi» satirasını yazıb yenə «Molla Nəsrəddin» jurnalına göndərdi. Satira jurnalda qurultay başa çatandan sonra çıxmış olsa da, «Molla Nəsrəddin»in ona verdiyi «Bu şeirlər 33-cü nömrədə çap olunacaqdı. Bəzi səbəblərə görə bu nömrəyə qaldı», qeydindən məlum olur ki, şair onu elə qurultay davam etdiyi, bəlkə də elə lap açıldığı günlərdə, yazıb redaksiyaya yola salmışdır. Çünki, «Molla Nəsrəddin»in 1907-ci il tarixli 33-cü nömrəsi sentyabrın 2-də çapdan çıxmışdır. Bu fakt mühüm ictimai-milli hadisələrə münasibətdə Sabirin göstərdiyi vətəndaş fəallığına daha bir misaldır.
Satirada Sabirin II qurultayda da «bildirki məsailin», yəni ötən – I müəllimlər qurultayında qoyulan məsələlərin yenə təkrar olunacağını zənnlə (satirada «zənnimlə mənim» şəklində) söyləməsi də yuxarıdakı fikirimizə etibarlı dayaqdır. Bu, eyni zamanda şairin dövrün hadisə və proseslərindən düzgün nəticə çıxara bildiyini, ayıq və iti müşahidə qabiliyyətinə malik olduğunu da göstərməkdədir.
Sabir qurultayda milli əlifbanın tərtibi, təlim üsulunun təkmilləşdirilməsi, riyaziyyat və həndəsə fənlərinə geniş yer verilməsi, habelə ana dilində dərsliklərin yaradılması və digər məsələlərin qoyulması və bu vəzifələrin həyata keçirilməsi nəticəsində ümid edirdi ki, «hər kəs oxuyub elmdə bidar olacaqdır».
Bu mütərəqqi tədbirlərlə yanaşı, Sabir məktəblərdə təriqətçiliyin, yəni o dövrdə sünnü və şiə təriqətinə mənsub olan valideynlərin uşaqlarının ayrı-ayrı sinif və məktəblərdə oxumasının aradan qaldırılması məsələsinin də qurultayda ciddi müzakirə obyekti olacağını razılıqla qarşılayırdı. O, həmin problemin həlli ilə milli birliyə mane olan amillərin ən mühümlərindən birinin – təriqətçiliyin törətdiyi ayrıseçkiliyin getdikcə zəifləyəcəyindən təşvişə düşən fanatizm keşikçilərinin həyəcan və narahatlıqlarını onların öz dilləri ilə ifadə və ifşa edərək yazırdı:
Bu bir, iki, üç məsələdə yox o qədər bak,
Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır.
Lakin o yamandır ki, iki məzhəbə rəğmən
Bir məsələ üstündə də göftar olacaqdır.
Sünnilik ilə şiəliyi qaldıracaqdır,
İslama yetib rəknə xələldar olacaqdır.
Qardaş biləcək bir-birini şiə və sünni,
Hər əmrdə həmrəyü həməfkar olacaqdır…
Həmin xurafat dəllalları, milli və dini (təriqət) ayrıseçkiliyindən şəxsi mənfəət güdən din «rəisləri» maskalanaraq özlərini islamın təəssübkeşi kimi qələmə verməyə çalışırdılar. Guya ki, təriqət ayrıseçkiliyinin ortadan qaldırılması və təşəbbüsün ziyalıların əlinə keçməsi ilə İslam dininin müqəddəsliyinə zərbə dəyəcəkdir:
Əfsus, səd əfsus sənə ey gözəl islam!
Kimlər sənə gör indi tərəfdar olacaqdır!?
Əslində isə bu poetik monoloqla satirik tiplərin iç üzü, eybəcər siması Sabir qələminin gücü ilə axıradək ifşa olunur. Bu ifşada şairin milli-ictimai mövqeyinin vətəndaşlıq siqləti də göz önünə gəlir.
Sabir mövzuya müəllimlər qurultayından sonra yenidən qayıtmışdır. Bu dəfə qələmə aldığı «Zaman nə istəyir? Amma biz…» başlıqlı məqalə millət nümayəndələrinin fəaliyyətlərinin zamanın qarşıya qoyduğu tələblərə uyğun olub-olmadığını araşdırmağa çalışmışdır. Şair-publisist bildirir ki, bizim millətin digər millətlərdən geriliyinin başlıca səbəbi milli məktəblərimizin yoxluğundadır. Ən acınacaqlısı isə bu cür məktəbləri aça biləcək ziyalı cavanlarımızın qıtlığı, onların isə çoxunun ya milli ruh, ya da dini etiqad baxımından birtərəfli, yarımçıq olmalarıdır. Çünki onların çoxu ya xarici məktəblərdə yad ruhda təhsil alıb milli ruhdan və dini əqidələrindən uzaqlaşıb xalqa yadlaşıblar, ya da ömürlərini zamanla ayaqlaşa bilməyən bəzi dini məktəblərdə yelə veriblər. Vəziyyətdən çıxış yolunu Sabir, qurultayda irəli sürüldüyü kimi, ana dilində milli məktəblər açmaqda, o məktəblər üçün zamana uyğun proqram və dərsliklər hazırlamaqda, habelə bu işlərin tikiş tutması üçün milləti təşkil etməkdə, xüsusən, əsasən savadsız olduqları üçün maarifdən, onun inkişafından xoflanan sərvətdarlarımızı məktəb və maarif şəbəklərimizin inkişaf etdirilməsinə köməyə səsləyirdi. Şair-publisist inanırdı ki, ana dilində oxuyub, milli və dini əqidələrində sabitqədəm olan ziyalılar, qeyrətli cavanlarımız, avam olduqları üçün məktəb və maarifin milli-ictimai tərəqqidə oynadığı rolu başa düşməyən sərvətdarlarımızı, «…maarif yoluna təşviq, tərqib edib də məktəb açdıra bilərlər».
Sabirin qəti və doğru qənaətinə görə, cəmiyyətdə uşaqların da, qocaların da qayğı və himayəyə ehtiyacı var. Bu yükü çəkmək, milləti dolandırıb onu işıqlı sabaha çıxartmaq isə cavanların öhdəsinə düşür. Odur ki, ümidini cavanlara, özü də ana dilində oxumuş, milli və dini əqidələrinə sadiq olan qeyrətli cavanlarımıza bağladığını bildirərək, onlara müraciətlə yazırdı:
«Hərgah siz bu şanlı vəzifənizi layiqincə yerinə yetirsəniz, yəqin ki… yəqin ediniz ki, zənciri-əsarətdə, qeydi-cəhalətdə boğulub qalmış millətdaşlarımızı qərq olduqları vərteyi-həlakətdən sahili-nicata çıxarda bilərsiniz. Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oxumuş, böyük oxumuş, ana dilində əqaidi-diniyyəsindən xəbərdar olan cavanlar sahərayi-meydani-tərəqqi olsunlar.
Bir də təqazayi-zəmani mülahizə edib də iş görməli!»
62
Azərbaycan müəllimlərinin ilk iki qurultayının qəbul etdiyi qərarlara uyğun olaraq, yerlərdə ana dilində milli ruhlu məktəblər açılır, onlara uyğun proqram və dərsliklər, oxu kitabları hazırlanır, habelə «Dəbistan», «Rəhbər» və s. kimi uşaq jurnalları nəşr edilirdi. Sabir də bütün bu işlərdə öz imkanları daxilində yaxından iştirak edirdi. O, bir tərəfdən «Dəbistan» və «Rəhbər» jurnalları ilə əməkdaşlıq edib orada uşaqların yaş və anlama səviyyələrinə uyğun olan orijinal və tərcümə əsərlərini çap etdirir, digər tərəfdən də qurultayın qərarlarına uyğun olaraq hazırlanan kitablar üçün şeirlər yazırdı. 1907-ci ildə çap olunan «Milli nəğmələr» məcmuəsində şairin «Məktəbə tərqib», «Birinci il» dərsliyində isə «Uşaq və buz», «Yaz günləri», 1908 və 1909-cu illərdə çıxan «İkinci il» və «Yeni məktəb» dərsliklərində isə «Ağacların bəhsi», «Cütçü», «Qarğa və tülkü» şeirləri çap olunmuşdur.
İdeya-bədii cəhətdən qüvvətli olan bu şeirlərin əsas məziyyətləri sırasına onların uşaq psixologiyasına uyğunluğu ilə yanaşı, böyük vətəndaşlıq məsuliyyəti, səriştə və yüksək poetik istedadla yazılmaları da daxildir. Təsadüfi deyil ki, həmin əsərlər indinin özündə də dillər əzbəri olub, orta məktəb dərsliklərimizin ən parlaq səhifələrini tutmaqdadır. Müasirləri – F.Köçərli, M.Mahmudbəyov, A.Səhhət, A.Şaiq, Ə.Cəfərzadə və b. Sabirin uşaq əsərləri yazmaqda malik olduğu böyük qabiliyyət və məharəti yüksək qiymətləndirir, özlərinin pedaqoji əsərlərini hazırlayarkən Sabirə, onun yaradıcılığına tez-tez müraciət edirdilər.
Getdikcə Sabir məktəb və maarif sahəsinə, millətin tərəqqi və inkişafa hazırlanması işinə həm poetik yaradıcılığı, həm də əməli işləri ilə daha yaxından bağlanmağa başlayır. O, bir tərəfdən mədəni-kütləvi tədbirlərin hazırlanmasında və həyata keçirilməsində, mədəni-maarif ocaqlarının təşkilində, ermənilərin Qarabağda və ətraf yerlərdə Azərbaycan türklərinə qarşı törətdikləri soyqırım tədbirlərinin nəticələrinin aradan qaldırılmasında yaxından iştirak edir, digər tərəfdən də 1907-ci ilin axırlarından başlayaraq birbaşa pedaqoji sahədə işləmək üçün müəllimlik hüququ almağa çalışır. Nəhayət, təşkilati və sənəd toplama işlərini qurtaran Sabir özünün Şamaxıdakı baqqal dükanını da satır və yuxarıda göstərdiyimiz kimi, 1908-ci il aprelin 11-də Bakıda imtahan verərək müəllimlik şəhadətnaməsi alır. Lakin Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində onun müəllim yerini tutması üçün boşalacağı gözlənən yer barədəki ümidləri puça çıxır.
63 Daha dəqiq desək, Firudin bəy Köçərlinin o zaman boş olan şeyxülislam vəzifəsinə namizədliyi keçmədiyi üçün Sabirin də Qori Müəllimlər Seminariyasında onun tutduğu yerə işə düzəlməsi baş tutmur. Belə olduqda o, dostlarının köməyi və Hacıbala Zamanov adlı bir həmyerlisi ilə bərabər «Ümmid» adlı bir məktəb açdı.
***
Lakin «Ümmid» məktəbi cəmi bir – 1908/1909-cu tədris ilində fəaliyyət göstərə bildi… Çünki Sabirin ictimai-milli fəaliyyət dairəsi genişləndikcə onun tərəfdarları, dostları və pərəstişkarları ilə yanaşı, düşmənləri, əleyhdarları da artırdı. Bunlardan birincilər yenilik, tərəqqi və inkişaf, ikincilər isə gerilik və avamlıq, cəhalət və xurafat tərəfdarları idilər. Arxiv və dövrün mətbuat materiallarından, müasirlərinin xatirələrindən Sabirə, onun vətəndaşlıq fəaliyyətinə qarşı qaragüruhçuların təzyiqlərini, şairin həyatının ağırlığını aydın görmək olur. Məsələn, 1907 və 1908-ci illərdə Şamaxıda olub oradakı mənəvi-psixoloji iqlim və Sabirin vəziyyəti barədə şəhadət verən «Tazə həyat» qəzetinin müxbiri Mahmud Nədim Qaragözovun və şairin həmyerlisi, dövrünün tanınmış maarif xadimi Əbdürrəhman Tofiq Əfəndizadənin «Tazə həyat» və «İrşad» qəzetində ayrı-ayrılıqda çap etdirdikləri məqalələrdən aydın olur ki, Şamaxıda Sabirin getdikcə artan nüfuzuna və genişlənən fəaliyyət dairəsinə son dərəcə qısqanclıqla yanaşaraq, onun nüfuzunu və gördüyü mütərəqqi ruhlu işləri canfəşanlıqla gözdən salmağa çalışan qüvvələrin sayı artmaqdadır.
64 Özü də bu qüvvələrin cəmiyyətdəki mövqeləri və gücləri kifayət qədərdir. Həmin qüvvələr zahirən özlərini yenilik tərəfdarı kimi göstərib, yeri gələndə milli tərəqqinin əhəmiyyətindən və vacibliyindən danışsalar da, söhbət Sabirdən, onun göstərdiyi vətəndaşlıq fəaliyyətindən düşəndə ağız büzərək şairin üstünə kölgə salmağa, tərəqqipərvər fəaliyyətinə əyri güzgü tutmağa çalışırdılar. Belə hadisə və faktlardan biri haqqında Ə.Tofiq Əfəndizadənin «Məktub» başlıqlı məqaləsində oxuyuruq: «Keçən yayda (1907-ci ilin yayında – A.B.) mən Şamaxıda ikən bir cümə günü, bir yerdə oturub mədəniyyət və tərəqqi xüsusunda iki zat ilə söhbət edirdik. Əsnayi-söhbətdə rəfiqlərdən birisi bir ədəd qəzetə götürdü. Bən bir qədər qəzetə maraqlısı olduğumdan bunlar qəzetəni bənə verib, oxunmasını xahiş etdilər.
Bənaye-aliyə, bən də qəzetəni açıb adəti olmaq üzrə ibtida səhifələrə baxdım. Bu halda üçüncü səhifədə Şamaxıdan Sabir imzası ilə yazılan bir məktub gözümə çarpdı. Bən:
– Əfəndilər! Dinləyiniz! Sabir əfəndinin məktubunu oxuyuram, baxalım şəhərimizin hansı eybini göstərir.
Birisi:
-Öylə isə daha oxumağa lüzum yoqxdur. Bir sözü, bir fikri ki, Sabirlər yazacaq, onun nə faydası olacağdır?
Buna cavabən digəri:
-Görünür, qəzetin nə olduğunu siz indi bilirsiniz?! Qəzetə yazanlar cümləsi Sabir kibi adamlardır. Vallah, yaxşı adamlar qəzetəyə yavuq olmaz.
Bən bunların böylə cahilanə sözlərindən darılır, «Canım! Gözüm! Biz Sabirə baxmayalım, Sabir nə olursa olsun, yalnız sözünə baxalım. Görəlim yazdıqları səhihdir, ya yanlışdır?
Onlar:
-Rica edirik oxumayınız! Kəndi söhbətimiz daha şirindir.
Buna görə bən də bunların sözünə heyran-heyran baxıb çar-naçar qəzetəni büküb saxladım. İşbu hali-əsəfe-iştmal üçün dərin-dərin düşünərkən üdəbadan birinin şu İNSAN OLMALI Kİ, MƏTBUATIN NƏ OLDUĞUNU ANLAMALI! sözü yadıma gəldi»
65.
Göründüyü kimi, bu «iki zat» tərəqqi xüsusunda söhbət etsələr də, onların Sabir kimi sözdə yox, işdə tərəqqi və inkişafa dair konkret əməli iş görənləri görməyə gözləri yoxdur. Sabir də özünə qarşı olan bu ikili münasibətlə hesablaşmalı olub kəskin ictimai ruhlu satira və felyetonlarını imzasız və ya satirik gizli imzalarla çap etdirirdi. Bu barədə şair ona əməkdaşlıq təklif edən «Bəhlul» jurnalının redaktoruna 27 may 1907-ci ildə Şamaxıdan göndərdiyi cavab məktubunda yazırdı:
«…Həyati-milliyyəmizə dair şeir yazmaq ilə müavinətinizdə bulunmaqda olacağımızı, yazdığım şeirləri imzasız dərc etməniz şərtilə vəd ediyorum.»
Sabir onun adından və imzasından başqalarının şəxsi qərəzlik, tamah və ya şöhrət xatirinə istifadə edə biləcəyi ehtimalına yol verilməməsi üçün «Bəhlul» redaktorundan ehtiyatlı olmağı da xahiş edirdi. Bildirirdi ki, «ona görə lazım gətirir ki, əvvələn, mənim şiveyi-xəttimə diqqət buyurub tanıyasınız və saniyən, minbəd sizə göndərəcək olduğum kağızda imza qoymuyub, əvəzində sizin poçta nömrənizi yazacağam (248)».
Yuxarıdakı materiallardan göründüyü kimi, Sabirin bu ehtiyatlılığı səbəbsiz deyildi; şairin fəallığı və aktual məsələlərin həllinə dair çıxışları çoxlarını razı salmırdı. Bununla belə o, ictimai fəaliyyət meydanından geri çəkilməyib, kəskin ruhlu satiralar, yüksək estetik mahiyyətli növhələr, publisistik kəsərə malik felyetonlar və məqalələr vasitəsi ilə dövrün hadisələrinə özünün fəal vətəndaşlıq mövqeyini bildirirdi.
Sabirin bu dövr yaradıcılığında duma seçkiləri, demokratik azadlıq uğrunda gedən ağır mübarizə prosesləri, fəhlə və kəndli hərəkatı, sosial-siyasi oyanışdan narahat olan qüvvələrin təşviş və vahimə dolu şikayətləri, gənc nəslin tərbiyəsi problemləri, milli mətbuatın taleyi, təriqətçiliyin ləğvi və milli birliyin yaradılması, türk xalqlarının tarixi taleyi və onların birlik və həmrəyliklərinin zəruriliyi və s. məsələlər öz bədi əksini tapmışdır. Şair bir quru sözdən ötrü revolverə əl atıb qardaş qanı tökən qoçuların, «Bakı pələvanlarının» kəskin ifşasına xüsusi satira həsr etmişdir. Bu ölüb-öldürməni gördükcə Sabir ötən günləri – dava günü adətimizin ancaq daş olduğu vaxtların xiffətini çəkir. Ötən günlərdə heç olmasa daş yarasından sonra adamlar az müddətdə sağalırdılarsa, indi partapartla «milləti-islam qırır bir-birin». Sabir sonsuz vətəndaşlıq narahatlığı ilə yazırdı ki:
Qardaşa bax, qardaşını öldürür,
Vəhşi olub əhli-cəhan sərbəsər!
Milləti gördükcə belə hərcü mərc
Könlüm olur dopdolu qan qatbaqat.
Millət balalarında getdikcə artmaqda olan bu vəhşiləşmədən bağrı qana dönən Sabir belə getsə, vətənin gözəl guşələrindən olan Bakının əldən gedəcəyindən narahat olduğunu bildirir. Ona görə allahdan bu işlərin tezliklə yoluna qoyulub vətəndaş sülhünün bərqərar olmasını arzulayır:
Böylə gedərsə, Bakı əldən gedər,
Qalmaz o məvadə aman hiç, hiç!
Bari, xudaya, özün islah qıl,
Ta edələr pirü cavan sülh, sülh!
Sabir bu acınacaqlı vəziyyətin qarşısının alınması məqsədilə Bakıda təşkil olunan Hidayət məclisinin gördüyü səmərəli işləri alqışlamağı, hətta bu təcrübənin geniş yayılmasını təbliğ etməyi də unutmurdu. Bu barədə Şamaxıda baş verən növbəti qətl hadisəsindən bəhs edən məqalələrinin birində
1 qatilliyin cəhalətdən və mənasız işlərdən törədiyini bildirərək yazırdı: «… Lazım idi ki, bu gunə işlərin pişbəndliyinə hər məhəllənin rəisləri və ağsaqqalları bir əlac edəydilər.
Necə ki, bakılılar nə dərəcədə zəhmətlər çəkib və nə qədər fədalar verib sudlar və akrujnoylar bərabərində, vəkillər qarşısında boyunları çiyinlərində xar və zəlilanə durub, pullarını məsrəf edib, təngə gələndən sonra arayıb tapdıqları ən faydalı çarə həmən Hidayət məclisinin təşkilinə müvəffəq olublar və Bakının qan dəryasına dönən küçə və bazarlarını darüləman dərəcəsinə yetiriblər».
Publisist şair digər vilayətlərdəki millət rəislərinin bu cür xeyirli təşəbbüslərdən özləri üçün nəticə çıxartmaq əvəzinə ona «kəmetinalıq etmələrinə» dərin təəssüf hissi ilə sözünə belə davam edirdi: «Çox gözəl olardı ki, cəmaətimiz və rüəsalarımız Hidayət məclisinin böyük faydaların nəzərdə tutub münadiyani-millətin «qumu, qumu ya əyyühəl-qafilün» (durun, durun, ay qafillər! – A.B.) sədalərinə əhali səmi-etibar edəydilər».
Sabir özünün vətəndaşlıq arzularının həyata keçməsi yolunda əngəl olan cəhalət və xurafatı, millət «rəislərinin» şəxsi ambisiyalarından vətən övladları arasında getdikcə artmaqda olan tərəqqi və yeniləşmə əlamətlərinə qarşı doğan büğz, kin və nifrət hisslərini islah etməyə, xalqı hökumətin verdiyi yalançı siyasi vədlərdən dərhal məst olmayıb mübarizələrini davam etdirməyə çağırırdı. Bütün bunları biz şairin «Bilməm nə görübdür bizim oğlan oxumaqdan?!», «Tərpənmə, amandır, bala, qəflətdən ayılma!», «Uşaqdır», «Bakı fələlərinə», «Etdi bu fələk hər kəsə bir tövr yamanlıq», «Küpəgirən qarının qızlara nəsihəti», «Əlaman sərkəş olub…», «Ey fələk, zülmün əyandır…», «Eylə bilirdim ki, dəxi sübh olub», «Nolur şirinməzaq etsə məni həlvayi-hürriyyət», «Nəfsin qərəzi, əqlin mərəzi», «Xəsisin heyfi, varisin keyfi» və s. satiralarında rəngarəng bədii boyalarla, özü də qabarıq şəkildə görürük. Sabir öz nəfsini, şəxsi mənfəətini bütün milli-mənəvi dəyərlərdən üstün tutan rəyasətpərəst millət rəislərinin cəmiyyətin tərəqqisi üçün necə bir maneə və bəlaya çevrildiyini onların öz dilləri ilə bizə təqdim edir. O, nəfsin bu mənəvi-əxlaqi böhranını ürək ağrısı ilə ağlın böhranı, «əqlin mərəzi» hesab edərək «Nəfsin qərəzi, əqlin mərəzi»
66 başlıqlı satirada yazır:
Ey nəfs, fərz bildiyim üçün niyayişin,
Daim edəm gərək gecə-gündüz sitayişin;
Dinim və məzhəbim, əməlimdir nümayişin,
Şimdi nədir bu yolda mənə, söylə, xahişin?
İfayi-əmri-vacibül-izanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
…Bir şəxsin olsa əqli əgər min mənim qədər –
Heç olmaram riza ola təhsin mənim qədər!
Görsəm ki, xəlq edir onu təyin mənim qədər,
Bir hiylə eylərəm, edəməz cin mənim qədər.
Sanma ki, məkrü hiylədə nöqsanın eylərəm,
Məndən əmin ol, aləmi qurbanın eylərəm!
Göründüyü kimi, bu satirik tip hər vəchlə özünün başda olması naminə ağına-bozuna baxmadan hər şeyi, hər hansı tərpəniş və inkişaf, dəyişiklik və yeniləşmə əlamətini vurub yıxmağa, hər şeyi öz nəfsinə qurban verməyə hazırdır. Belələri hətta xalqın rəğbət bəsləyib sevdikləri (sevməyə başladıqları) yeni şəxsiyyətlərin ağıl və kamalının özlərinkindən min dəfə artıq olmasını özlüyündə qəbul etsələr də, reallıqla barışmağı ağıllarına belə gətirmək istəməyib məqsədlərinə çatmaq üçün cindən də betər hiylələr, fitnə-fəsad törətməyə hazırdırlar. Satirik tip xalqın gec-tez onun iç üzünü görüb tanıyacağını və ondan qəti şəkildə, nifrətlə üz döndərəcəyi günün getdikcə yaxınlaşdığını bütün dəhşəti ilə hiss edir, görür. Lakin mövqeyindən çəkilməyi təsəvvürünə belə gətirə bilmir. Odur ki, sözünə belə davam edir:
Bir gün gələr, olar da bilərlər xəyanətim,
Məndən tənəffür ilə qaçarlar cəmaətim,
Onda yəqin qopar başıma öz qiyamətim,
Artar qəmim, gedər fərəhim, izzü şövkətim,
Əhdi pozub əgərçi mən üsyanın eylərəm,
Ey dad, haray! Nə növ ilə samanın eylərəm?!
Qeyd etdiyimiz kimi, bütün bunlar ağlın böhranı, onun mənəvi-əxlaqi iflicidir. Sabir cəmiyyətdə bütün bu tipli mövcud xəstəlikləri öz poetik qələminin satira güzgüsündə qabarıq şəkildə oxucuya göstərirdi. Təsadüfi deyil ki, şair həmin satiranı «İrşad» qəzetində məhz «Mirat» – Güzgü imzası ilə dərc etdirmişdir. Sabir özünün satira güzgüsündə qabarıq bədii boyalarla əks etdirdiyi sosial-mənəvi eybəcərliklərin islahını xalqın geniş kütlələrinin maariflənməsində, onun əqli, siyasi və milli-mənəvi şüurunun inkişafında, cəmiyyətin saflaşdırılmasında görürdü. Odur ki, «Vah!.. Bu imiş dərsi-üsuli-cədid?!», «Oxutmuram, əl çəkin!» deyən valideyinləri yeni tipli məktəblərin yaranmasından darılıb «Səs ucalaşdı, qoymayın! Millət oyaşdı, qoymayın!» harayı ilə özü kimi köhnəfikirliləri imdada çağıran ictimai tipləri tənqid və ifşa edir, gənc nəsli isə «Mənim bağım-baharım, fikri ziyalı oğlum, Məktəb zamanı gəldi, Dur, ey vəfalı oğlum!» – deyə elm öyrənməyə, təhsil almağa səsləyirdi. Sabir ziyalı, alim şəxsiyyətləri, vətən və millət yolunda təqdirə layiq xidmətlər göstərən ictimai xadimləri vəsf edir, onların əməllərinin yaşadılıb, inkişaf etdirilməsini, xatirələrinin daim əziz tutulmasını, bir tərbiyə örnəyi kimi, vacib sayırdı. Məsələn, o, məşhur Şamaxı qazisi Hacı Məcid əfəndinin vəfatı münasibəti ilə yazdığı növhələrin birində onun alimliyinə işarə ilə alimi tanrının xalqa bəxş etdiyini bildirirdi:
Çünki vücudi-alim bir neməti-xudadır,
Nemət ki getdi əldən qan ağlamaq rəvadır!
67
Eyni ilə də Həsən bəy Zərdabinin xatirəsinə, onun xidmətlərinin və xeyirli əməllərinin təbliğinə həsr etdiyi əsərdərində bu böyük millət xadiminin xatirəsi önündə özünün sonsuz ehtiramını bildirirdi. Həsən bəyin xidmətlərini birbəbir nəzərə çatdıran şair millətdaşlarının onun xatirəsinin əbədiləşdirilməsinə yadigarlıq ola biləcək işlər görməsini vacib hesab edərək yazırdı:
… Leyk millət fəqət sifatın üçün,
Mütəzəkkir nüuti-zatın üçün,
Əsəfa, bir bina simatın üçün
Yadigar olmasın da səndənmi?
Bütün bu əsərlər sadəcə təbliği xarakter daşımırdı. Sabir əslində xalqı, gənc nəsli elmin, maarifin qədrini bilməyə çağırır, həmvətənlərini millət yolunda tərəqqi və inkişafa xidmət edən işlər görməyə təşviq edirdi. Eyni zamanda övladının tüfeyli həyat sürüb, hətta quldurluq edib qarşısına çıxan saili vurub qan qusdurmasından fərəhlənən nadan valideynləri, pulu hər cür müqəddəslərdən də müqəddəs bilib ona səcdə qılan var-dövlət hərislərini tənqid atəşinə tutub, onların islahına çalışırdı. «Adəmi adəm eyləyən paradır»
68 prinsipi ilə yaşayanların mənəvi kasıblıqlarını və gələcək faciələrini «Xəsisin heyfi, varisin keyfi»
69 satirasında bu cür açıb göstərirdi:
Ey pul! Ey zövqi-dilü ruhi-tənü qüvvəti-can!
Biəbi əntə və ümmi sənə canım qurban!
Əhli-aləm arayıb axtarır, ey can, səni,
Hərə bir növ qılır dərdinə dərman səni,
Bir para şəxs eləyir mayeyi-ehsan səni,
Qədrini bilməz edir millətə qurban səni;
Aşiqəm mən sənə ancaq olasan munisi-can,
Biəbi əntə və ümmi sənə canım qurban!
Mailəm, cümlə bilir, dövləti-didarına mən
Ki, baxam sübhü məsa şövq ilə rüxsarına mən,
Dinimi, məzhəbimi sərf edəm isarına mən,
Dəyməyəm batsa cahan dirhəmü dinarına mən,
Müstəhəqlər qala sənduqunə yeksər nigaran.
Biəbi əntə və ümmi sənə canım qurban!
Sabir dərin təəssüf və kədər hissi ilə göstərirdi ki, insanların, «millət rəislərinin», özünü zahirdə din və millət təəssübkeşi kimi qələmə verənlərin nəfs aclığı, var-dövlət hərisliyi aradan qalxmayınca həlli vacib ümummilli problemlərin həyatda istənilən səviyyədə tikiş tutması mümkün deyil. O, elm və maarif qədri bilən millət rəislərinin varlığından razı qalsa da, kədərlə bildirirdi ki, «ancaq bu aralıq bəzi ərbabi-qərəzlər, yəni kisədustlar, xudpərəstlər, – məktəb açılır isə kisələrindən pul alınır, – qorxusundan üsuli-cədidəni əvamünnasın nəzərlərinə bir əmri-qəbih və bir əməli-naməşru kimi göstərirlər». Bu tiplər «… öz kisələrini mühafizə etmək üçün övladi-vətəni, elm və tərbiyə acları olan övladi-vətəni acından öldürüb məhv və nabud etmək istəyirlər. Bu da insafmı?…»
Sabir vətəndaş yanğısı, publisist qələmin gücü ilə belələrini qəzəblə lənətləməklə yanaşı, ümidvar olduğunu bildirirdi ki, açıq gözlü, qeyrətli həmvətənləri onun arzularının çin olacağında mühüm rol oynayacaqlar. Odur ki, sözünə belə davam edirdi:
«İndi mənim kisədustlara deyəcək bir sözüm yoxdur. Qoy onlar bu ləamət ilə mühafizə etdikləri kisələrini qəbirlərinə aparsınlar. Qoy onlar millət övladı deyil, öz övladların da oxutmasınlar. Mənim bir təvəqqəm, bir xahişim var isə – islamiyyət qədri, insaniyyət rütbəsi, milliyyət şəni, maarif dərəcəsi tanıyan qeyrətməndani-vətənimizdəndir».
Sabir pul kisələrini öz övladlarından belə üstün tutan dargöz nəfsgirləri sonralar qələmə aldığı «Pula təvəccöh»
70 satirasında da onların öz dilləri ilə ifşa edərək yazırdı:
Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, arım, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Bu satirik tipin həyatda amalı ancaq pul toplamaqdır. Ancaq o, pulu hansısa işdən və ya probleminin həllindən ötrü toplamır. Sadəcə olaraq, pulu qatbaqat sandığa yığmaqdan, onun getdikcə çoxalmasından şövqə gəldiyi üçün belə edir. Bununla belə bu pul hərisini ən çox narahat edən varislərinin ondan, topladığı puldan mənfəətbərdar olmağa çalışmalarıdır. Bütün bunlar «pula təvəccöh» edən həmin tipi can üstə olanda da, canı ağzından çıxanda da narahat edir. Hətta o, canının yox, pulunun ağzından, əlindən çıxmasından öirü ah çəkir:
Səndən əl çəkməzdim, olsaydı əlimdə iqtidar,
Lakin icbarən əcəl eylər məni səndən kənar.
Canım ağzımdan çıxınca söylərəm biixtiyar:
Nuri-çeşmaımmısan, ey pul, ya canımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?
Bu tiplər öz həyat fəlsəfələrinin üstünlüyünü, hər kəsin ondan baş çıxara bilmədiyini iddia edirlər. Belələri cəmiyyətdə özlərinin pul qədrini cəmiyyətdə hamıdan artıq və doğru bildiklərindən, buna görə də onu toplayıb sandığa yığmaq üçün hər cür əzab və alçaqlığa qatlaşmalarından fərəh duyurlar:
… Canım üzülüb səndən ötür xəlqi soyunca,
Bir yatmamışam ta səni sənduqə qoyunca!
Derlər mənə; pul yığmayı boşla, ye doyunca!
Eşq əhlini sevdadan usandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
Bu pul aşiqinin canına qor dolduran yeniliklərdən biri də məktəblərin açılması və millət balalarının oxuması üçün onlardan pul istənilməsidir. O, qəzəblə etirazını bildirir ki:
Dəxli mənə nə elm oxuya millət uşağı?!
Təhsili kəmalət edə ya ümmət uşağı?!
Getsin işə bu tənbəlü biqeyrət uşağı!
Canım, gözüm, arifləri qandırmaq olurmu?!
Naəhl olana mətləbi andırmaq olurmu?!
Sabir öz tənqid hədəfini axıradək ifşa etmək üçün onu dönə-dönə diqqət mərkəzinə gətirib hər dəfə də mənəvi-əxlaqi eybəcərliyinin digər bir çalarını, cəhətini göz önündə canlandırır. Yığdığı, daha doğrusu xalqı talayaraq topladığı sərvətdən bir quruşunu belə millətin nəfinə sərf etməyib «Vermirəm a!.. Vermirəm a!…» – deyə həyasızlıqla tüklərini qabardan bu tiplər öz rahatlıqları naminə «Arzu» edirlər ki, «Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı! Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!…» Onlar bütün xərc aparan, tərəqqiyə rəvac verən əlamətlərin hamısının birdəfəlik məhv olmasını, əvəzində isə hər şeyin özləri üçün müftə başa gəlməsini arzulayırlar. Bu fürsətdən artıqlaması ilə barınmaq üçün bütün insanlıq sifətini itirən nəfsgirlər yığdıqları sərvətdən öz boğazlarına belə qıymadıqları halda «müftə görcək özlərini bozbaşa, ətə tuturlar». Onların ən böyük arzuları öz evlərindən başqa bütün digər evlərdə qonaqlıq olmasıdır, özü də həmin qonaqlıqların hamısında başda oturmalarıdır. Müftə yemək görəndə insanlıq sifətini belə itirən bu tipləri Sabir oxucuya onların öz dilləri ilə belə təqdim edir:
O qədər xoşlanıram tüstüsü çıxcaq kababın –
Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!
Görürəm ta əti qəssab dükanından asılıb,
Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!
Nuş olur canıma ət, xasə o həngamədə kim,
Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa ətə!
Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!
71
Sabir millətdən zəhləsi gedən, millət adı gələndə bədəni süstəlib heydən düşən satirik tiplərin öz talelərindən və zəmanələrindən şikayətləri, gündən-günə artan yenilik, tərəqqi və inkişaf əlamətlərinə qarşı çılğınlıqla göstərdikləri müqavimətləri göstərməklə işini bitmiş hesab etmirdi. O, köhnəpərəstlər, milli ictimai bəlaya çevrilən düşüncə və əxlaq daşıyıcılarından heç də az təhlükəli olmayan millətə yadlaşmış cavanların tüfeyli həyat tərzinə meyl etmələrinə, getdikcə onların öz köklərindən qopub milli təəssüb hisslərindən məhrum olmalarına da laqeyd baxa bilmirdi. Şair bu təhlükəli simptomların qarşısının vaxtında alınması üçün sözün publisist kəsərindən, poeziyanın satirik təsir gücündən məharətlə istifadə edirdi. Sabir məqalələrində vətən övladlarını maarif və mədəniyyət ocaqlarının şəbəkəsini genişləndirmək və əvamünnası, habelə sərvətdarları bu işə cəlb etməklə xalqın ümummilli tərəqqisinə xidmətə çağırırdısa (bu cür məqalələrin bəziləri haqda yuxarıda danışmışıq), satiralarında bu keyfiyyətlərdən uzaq olan üzdəniraq «inteligent» cavanları ifşa etməyi vacib bilirdi. Məsələn, «Ürəfa marşı»
72 satirasında öz soydaşlarına yadlaşmış həmin üzdəniraq ziyalı cavanlar özlərini belə təqdim edirlər:
İntiligentik, gəzərik naz ilə,
Ömr edərik nəşeyi dəmsaz ilə,
Həftədə bir dilbəri-tənnaz ilə
Həmdəm olub işləri samanlarıq,
Ay bərəkallah, nə gözəl cavanlarıq!
Bir para biəqlü fərasət bizə
Eyləyir isnadi-qəbahət bizə,
İstəyir etsin də nəsihət bizə,
Bir bunu qanmır ki, biz irfanlarıq.
Ay bərəkallah, nə gözəl canlarıq!
Bu özlərinə vurğun bəzi ziyalılar öz milli simalarını o qədər itiriblər ki, ana dilində danışmağı, oxumağı, hətta əllərinə qəzet almağı belə şənlərinə sığışdırmırlar. Milli və dini hissiyyatlarını belə itirən bu zümrə –
Yox işimiz məcməi-islam ilə,
Püxtə nasıl söhbət edər xam ilə? –
deyə öz millətdaşlarına və dindaşlarına həqarətlə baxırlar. Onların bu çürük mənəviyyatlarını Sabir «İntiligentlər deyir ki:» başlıqlı taziyanəsində belə təsvir və təqdim edir:
Deyirik haləti-təhsildə millət! Millət!
Diplom alcaq görünür bizlərə illət millət!
Basırıq bağrımıza hər birimiz bir hacını,
Canı çıxsın ki, görür min cürə zillət millət!…
Millət, vətən qeydinə qalmaqdansa, bir «dilbəri-pakizəəda Sonya»nın fəraqı ilə alışıb yanan, onun əmri ilə əhlü əyalını, millətini, cümlə heysiyyətini atan üzdəniraq inteligentləri, onların iç üzlərini, kasıb mənəviyyatlarını xalq çox yaxşı tanıyır. Belələrinə bel bağlamağı ağlına belə gətirmir. Bu barədə şairin «Millət deyir ki:» başlıqlı taziyanəsində oxuyuruq:
İntiligent ağalar, biz sizi çoxdan tanırıq…
Bilirik sizdə bu gün qeyrəti-millət yoxdur!
Biz niyə məktəbi, təhsili-ülumi sevirik,
Çünki məktəb adına bizdə xəyanət yoxdur.
Şairi bəzi oxumuşlarda milli hissin yoxluğu nə qədər kədərləndirirsə, millətdə oxumağa, elmə olan tükənməz sevginin varlığı bir o qədər (bəlkə də artıq) sevindirir. Ancaq dünyəvi təhsil alanların bir çoxunun dindən-dondan çıxması onu bir vətəndaş kimi düşündürürdü. Bu ağrılı düşüncələrini taziyanələrinin birində belə ifadə edirdi:
Çox təəccüb edirəm tərzi-cədidə ki, onu
Əcnəbilər oxuduqca hünər izhar ediyor.
Halbuki millətimizdən onu kim ki, oxuyur,
Qaliba həzrəti – Allahı da inkar ediyor.
Sabirə görə, dünyəvi təhsil, üsuli-cədid təlimi milli ruhun və dini heysiyyətin diqqət mərkəzində olması şərtləri daxilində qurulmalı və bu işi ancaq açıq fikirli, elmli və «islamiyyət qədri, insaniyyət rütbəsi, milliyyət şəni, maarif dərəcəsi tanıyan qeyrətməndi-vətənimiz» olan ziyalılara tapşırmaq lazımdır ki, görülən işlərin, çəkilən zəhmətlərin sayəsində «…hər cəhətlə qeyrəti- islam və namusi-millət mülahizə olunsun». Şairə görə, bəşər övladının əldə etdiyi elm və ürfan xəzinəsinə vaqif olmaqdan başlıca məqsəd milli qeyrət və dini heysiyyətimizin daha da rövnəqləndirilməsi olmalıdır. Belə olsa, görülən işin məzmunu ilə forması bir-birinə uyğun gələr və xalqımız milli varlığını elmi-texniki tərəqqinin gözqamaşdırıcı cazibəsinə qurban verməz. Bütün bu fikirlər onun «Qeyrət», «Zaman nə istəyir? Amma biz…», «Cümə» başlıqlı, habelə «Şamaxı uyezdi Bakı quberniyasının..» sözləri ilə başlanan məqalələrində
73 hələ bir neçə il əvvəl (1907-1908) irəli sürülüb tutarlı elmi və məntiqi dəlillərlə əsaslandırılmışdı.
4
Şairin həyat və fəaliyyətinə dair çoxsaylı tarixi faktlar və ədəbi-publisistik nümunələr göstərir ki, o, dinə, şəriətə bütün varlığı ilə inanmış və həmvətənlərini də milli inamlı, dini əqidəli, sabitqədəm görmək istəmişdir. Ancaq Sabir İslam dinini əldə «quldurçuluq tüfəngi» kimi yox, qəlblərdə etiqad yeri kimi qəbul edirdi. İslam qanunlarını təhrif edib onu dolanışıq, xalqı ətalət və cəhalətdə saxlamaq vasitəsi edənləri Sabirin görməyə gözü yox idi. O, belələrini «vəz etdiyin inandı, amma sən inanmadın», «kəssin məni həqiqi isə (məhz sənin tapındığın) «dinin», ey əmu!» – deyə ittiham edir, həmin qansoranların pəncəsinə düşüb cəhalət məngənəsində özlərindən xəbərsiz çırpınıb fəlakət girdabına yuvarlananları isə hər cür rəzalətdən çıxmağa, səbr, təvəkkül fəlsəfəsindən qurtarmağa, xabi-qəflətdən, quru, boş xülyalardan reallığa enməyə çağırırdı.
Sabir əsl islama, millətin heysiyyətini, insanın şərəfini ucaldan, xalqı tərəqqi və inkişafa, daim elmə və maarifə sövq edən həqiqi, təhrifsiz İslam dininə inanır, müəllimlik fəaliyyətində də, bədii və ictimai-publisist yaradıcılığında da insanları, soydaşlarını ruhu təzələyib, onu daim irəliyə aparan islam dinini mənimsəməyə, ona tapınıb həm dini, həm də milli-əxlaqi şərəflərini ucaltmağa səsləyirdi.
74
Eyni zamanda, Sabir öz həmvətənlərinin heç də hamısının qəflət yuxusundan oyanmadığını gördükdə dərin təəssüf hissi ilə belələrini silkələyərək, «Durma, yıxıl yat hələ Fərhad kişi, Əsri görüb qalma belə mat, kişi!» – deyib onları məzəmmətləyirdi. Başqa bir satirasında isə həmvətənlərini zamanla, digər xalqlarla ayaqlaşmağa belə təhrik edirdi:
Qonşuların cəhd eləsə sənətə,
Yetsə də qeyriləri hürriyyətə,
Vermə qulaq söhbəti-milliyyətə,
Onlar əbəsdir ki, düşür möhnətə.
Ey adı insan, özü kərtənkələ!
Qovzama başın, cocuğum, səbr elə!
Sabir dərin təəssüf və kədərlə düşünürdü ki, xalqın geniş kütləsi ətalət və cəhalət məngənəsindən, xurafat torundan, tənbəllik azarından xilas olmayınca ümummilli tərəqqi və hürriyyətə çatmaq mümkün deyil. Odur ki, qələm dostu Məhəmməd Hadinin «Yaşamaq istər isək, haizi-şan olmalıyız» şeirini təhzil edərək qələmə aldığı satirasında
75 dostunun siyasi sadəlövhlüyünə gülürdü:
Yaşamaq istər isək dəhrdə əmniyyət ilə,
Elmə, fənnə, üdəbayə baxalım nifrət ilə,
Uyalım fitnələrə əldəki vəhşiyyət ilə,
Yatalım bəstəri qəflətdə uzun müddət ilə;
Püxtəlikdən nə yetər, biz hələ xam olmayılız!
Yaşamaq istər isək sırf əvam olmalıyız!
Qəflət yuxusundan ayılmaqdansa, «balışa baş qoyub», «səhneyi-röyadə» şirin-şirin xəyallara dalmağı üstün tütan, başqa xalqların elm, texnikanın sirlərinə yiyələnmələrini özlüklərində xamlıq, ağılsızlıq hesab edən düşüncə sahiblərinin çürük fəlsəfələri belədir:
Qoy olar kəşfi-bədaye eləsin sənət ilə
Paraxod, ya vaqon icad eləsin zəhmət ilə,
Biz verib pul minərik, yol gedərik rahət ilə,
Nə münasib ki, rəqabət edək hər millət ilə?!
Bizə ağalıq edən əhlə qulam olmalıyız!
Yaşamaq istər isək, sırf əvam olmalıyız!
Bu hal Sabirin şair-vətəndaş ürəyini həm də ona görə dağlayırdı ki, həmin çürük fikir və xülyalarla yaşayan kütlənin mənsub olduğu xalq şöhrətli keçmişə, tarixən əldə etdiyi parlaq uğurlara malikdir. Hazırda isə həmin nəslin övladları xalqı firqələrə bölüb parçalamaqda, digər xalqlar, xüsusən xristianlar inkişaf etdikləri halda bunlar yenə öz ətalət və cəhalət yataqlarında «ağır yatmaqda»dırlar. Qələmə aldığı satirada bütün təəssüf və vətəndaş yanğısı, ifşaçılıq pafosu da bu duyğu və düşüncələrdən doğur. Bu haqda «Millət şərqisi»
76 şeirində oxuyuruq:
Qeyrət edib çalışdın, düşdün qabağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Şah beytdəki ironik ifşa bütün satira boyu davam edir. Şair kədərlə bildirir ki, bütün xalqlar elm və texnikanın sirlərinə yiyələnib elmi-texniki tərəqqinin bəhrələrindən faydalandıqları halda «bizimkilər» onlara «yolunu azmışlar» kimi baxırlar. Çünki aşağıdakı çürük fəlsəfə ilə firavan ömür sürməyi yox, əslində ömrü çürütməyi üstün tuturlar:
Bunlar bütün cahanın əsbabi-etidası,
Onlar əsiri dünya, biz axirət fədası,
Beş gündür ömri-dünya, yoxdur onun bəqası,
Bizcə, xətadır uymaq böylə məzağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
İslam üçün gərəkməz kafirlərin şüarı,
Qoy oların ucalsın həp qəsri-zərnigarı,
Biz gözlərik fəqət bir eyvani-xüldzarı
Ol yerdə hurilərlə dolluq otağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!..
Göründüyü kimi, satira sona yaxınlaşdıqca Sabirin ifşa oxları öz hədəfinə daha böyük qəzəb və kəskinliklə sancır. «Qaç, at basdı!» satirasında da milli-siyasi şüurumuzun zəifliyi ucbatından çoxsaylı partiyalara bölünməyimiz, həm daxili, həm də xarici (yaxın qonşu dövlətlərin) təhlükənin mövcudluğunu görə bilməyib özümüzə vurğun olmağımız tənqid hədəfi seçilmişdir. Satirada bu kor-koranə yürüş örüşdən evə yön alan sürünün axınına bənzədilir:
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
Örüşdən çıxan bir cəmaət gəlir!
Edib cümlə əqvamə səbqət, gəlir!
Verib hər kəsə dərsi-ibrət, gəlir!
Qaç, oğlan! Qaç, at basdı! Millət gəlir!
Guya bizdə hər şey o qədər nizamlıdır ki, heç bir nöqsandan, milli nifaqdan söhbət gedə bilməz. Hər şey idealdır. Əslində isə hər bir işin baş-ayaq olduğunu Sabir ironik tərzdə nəzərə çatdırır.
Sabir xalqın bu milli-siyasi qeyri-müəyyənliyinə dərin təəsüf və kədərlə «dindirir əsr bizi – dinməyiriz, açılan toplara diksinməyiriz,» – deyir. Onun qənaətinə görə, «əcnəbi seyrə balonlarla çıxdığı, yerdəkilərin quş kimi göydə uçduğu» bir dövrdə bizi yerə gömənlər, diri-diri dəfn edənlər bəzi minbərdəkilərdir. Ona görə «Zahida, gəl soyunaq…»
77 satirasında hər bir həqiqətin üzə çıxarılmasını, hər şeyin xalqa «öz donunda» göstərilməsini tələb edir.
Sabir öz tənqid hədəfinin riyakarlığını və simasızlığını axıradək ifşa edərək, üzünü ona tutub yazırdı:
Vəz etdiyin inandı, sən amma inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadan?!
Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!
Zahidlərin, minbərdəkilərin fitnəsinə uyub təvəkkül fəlsəfəsi ilə ayaqlar altında qalıb bütün insanlıq ləyaqəti, haqqı və hüququ tapdalanan həmvətənlərini «Bəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!» – deyə hərəkətə, belini dikəldib özünü insan kimi dərk etməyə çağırırdı.
***
Şair dərin təəssüf və kədər hissi ilə bildirirdi ki, indi hər millət öz nəfsini elmə, irfana qurban etdiyi halda, bizdəki qara məxluq bir yana dursun, ariflər də vətən övladının mənafeyini öz cibinin xeyrinə güdaza verir. Sabiri ən çox təəccübləndirərək onun qəzəbinə səbəb olan cəhətlərdən biri də bu idi ki:
Başqa millətdən hüquq almaq üçün hər zaman
İnqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
Bizdən isə satmağa namusü irzü-milləti
Etidaliyyun, himariyyun, fəsadiyyun çıxar!
Bütün bu nizamsızlığın, sosial-siyasi şüurun mənəvi-əxlaqi naqisliyinin nəticəsi idi ki, cəmiyyətdə varlı kasıbı, oxumuş savadsızı bəyənməyib, ona həqarətlə baxırdı. «Fəhlə, özünü sən də…», «Əkinçi», «Dilənçi» və s. satiralarda
78 bu acınacaqlı vəziyyətin ayrı-ayrı mənzərələri ilə tanış oluruq. Fəhləni, pulsuz olduğu üçün, insan hesab etməyən, kəndliyə
Verdin keçən il borcuna yorğanını neynim?
Ol indi palaz satmağa amadə, əkinçi!
Yoxsa soyaram lap dərini, adə əkinçi! –
deyə özünün və əhli-əyalının acından gəbərməsini belə vecinə almayıb ona hədə-qorxu gələn varlı təbəqə nümayəndələri dilənçi vəziyyətinə düşən həmvətəninin üzünü belə görmək istəmir. Bir parça çörək vermək əvəzinə qəzəblə onun üzünə bu sözləri söyləyir:
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Vaqqıldama bayquş kimi, idbar dilənçi!
…Dəxli bizə nə boşda qalıb dəsti-süalın?!
Yainki acından mələşir əhlin, əyalın?!
Bax, bax, necə çirkindir o mənhus cəmalın!
Hax-tüf üzünə, surəti murdar dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Belə bir düşüncə və münasibətin nəticəsində varlılar özlərini bir insan kimi kasıblarla yanaşı görməyi heç təsəvvürlərinə də gətirmirlər. Onların həyata, cəmiyyətə baxış və münasibətləri aşağıdakı kimidir:
Fəqr əhli qənilərlə mülaqat edə bilməz,
Dövlətliyə insanlığın isbat edə bilməz,
Dövlətli fəqir ilə müsavat edə bilməz,
Nöqsan gətirər şəninə bu kar, dilənçi!
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi!
Sabir cəmiyyətdəki ayrı-ayrı təbəqə və qruplar arasındakı bu cür ayrıseçkiliyin və qarşıdurmanın olduğu bir şəraitdə millətin istiqbala gedən yolunu qaranlıq görürdü. O, «Təhəssür»
79 şeirində cəmiyyətdə hökm sürən ayrıseçkilikdən dərin təəssüf və kədər hissi ilə yazırdı:
Olsaydı səfa zümreyi-irfan arasında,
Qalsaydı vəfadan əsər əyan arasında,
Dursaydı sədaqət bəy ilə xan arasında,
Qalmazdı kədər zərrəcə insan arasında!
Sabir həmvətənlərini və dindaşlarını heç olmasa tapındıqları islam dininin, bu dinin bütün qanunlarını özündə əks etdirən baş kitabın – Quranın tələblərinə əməl etməyə çağırırdı. Kədərlə yazırdı ki, heç kəs nizam-intizama əməl etmir. Əslində əgər
Dai bə üxüvvət olur ikən bizə Quran,
Əmr eylər ikən birliyə peyğəmbəri-zişan,
Tapmazsan iki müttəfiqürrəy müsəlman
Qafqazda olan bir neçə milyan arasında!
Məhz bu cür başıpozuqluğun nəticəsidir ki, müsəlmanlar hər cür xarici və daxili talan və təhqirlərə məruz qalırlar. Şair həmvətənlərinə irad tuturdu ki, islamı, onun şərəfini beləmi qoruyub ucaldırıq? Bu halda bizdə dini təəssübkeşliklə yanaşı, milli qeyrət hissi də çatışmır. Odur ki, Sabir təhdid dolu nalə çəkərək sözünü belə tamamlayırdı:
Biz millətə lazımmı deyil bu təbəiyyət?
Biz ümmətə vacibmi deyil qeyrəti-millət?
Ey vay ki, qeyrət oxuyur bizlərə lənət,
Milliyyətə xidmət edən insan arasında!
Burada Sabirin milli-dini təəssüb və özünüdərkdən doğan vətəndaş kədəri sonsuzdur. Bu azmış kimi, xalqın canına zəli kimi daraşan başqa bir qrupun işi-peşəsi cəmiyyətdaxili sabitliyi pozmaq, hər hansı yeniliyin qarşısını cürbəcür çirkin əməllərlə almaqdır. «Dini-müsəlmanı öz malı bilən bu şələsaqqal, yalı ağarmış» «möminlər» törətdikləri əməllərin müqabilində çatacaqları cənnət xülyası ilə keflənirlər. Onlar özlərini satiranın əvvəlində əsl simalarına uyğun olaraq belə təqdim edirlər:
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
Bu əvamlıqla belə hər sözü təfsir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
Hər sözə çulğaşarıq, hər bir işi qurdalarıq.
Harda bir nur görürsək, ona qarşı olarıq,
Bəzinə diş qıcadıb, bəzinə quyruq bularıq,
Bizə hər kəs çörək atsa, onu təqdir edərik!
Mümkün olduqca müsəlmanları təkfir edərik!
80
Əlbəttə, Sabir bu sifətlərlə təqdim olunan və öz mənhus keyfiyyətləri ilə fəxr edən qaraguruhu insanlığa ləkə, cəmiyyətə dözülməz ağrılı yara hesab edir. Bəzi islam xalqlarının, o cümlədən soydaşlarının tarixin müxtəlif mərhələlərində özlərinə qənim kəsilib bir-birinin qanına susamalarını «Fəxriyyə» satirasında bir daha və geniş şəkildə diqqətə çatdıraraq həmin düşüncəsizliyin törətdiyi qanlı faciələri, nəticə olaraq bütün bunların milli və dini tənəzzülümüzə bais olmasını tarixi ardıcıllıqla, həm də yüksək poetik pafos və şair-vətəndaş yanğısı ilə qələmə almışdır. Şair kədərlə bizim yerimizdə saydığımızı, «əvvəl nə idiksə, yenə biz şimdi həman» olaraq qaldığımızı, bizim bir-birimizə qənim kəsilməyimizdən istifadə edən düşmənin taxt-tacımızı qarət etdiyini bildirirdi. O, gah təriqətlərə, gah da tayfa və dövlətlərə bölünüb qanlı müharibələrə qatılmağımızı nəzərə belə çatdırır:
Ol qədər qırıb bir-birimizdən ki, yorulduq,
Qırdıqca yorulduq və yorulduqca qırıldıq…
Turanlılarız, adiyi-şüğli-sələfiz biz!
Öz qövmümüzün başına əngəlkələfiz biz!
Bununla Sabir xalqın milli-tarixi yaddaşını oyatmağa, soydaşlarının tarixin dərslərindən ibrət alıb nəticə çıxartmasına çalışırdı. O, bütün bu bəlalardan xilas olmağın yeganə yolunu cəmiyyətin, xalqın ümummilli təlim və tərbiyəsində görərək yazırdı:
Ümmətin rəhnüması tərbiyədir,
Millətin pişvası tərbiyədir.
Tərbiyətlə keçir ümuri-cəhan.
Hər işin ibtidası tərbiyədir.
5
Sabir dünyada, o cümlədən Avropa ölkələrində, Azərbaycanda, İranda və Türkiyədə (Osmanlıda) gedən proseslərə də ayıq siyasi və elmi bir nəzərlə baxırdı. Ona görə də onun həmin hadisə və proseslər haqqında gəldiyi nəticələr, söylədiyi qənaətlər öz obyektivliyi və sərrastlığı ilə digər müasirlərinin, o cümlədən alovlu romantik şair Məhəmməd Hadinin qənaətlərindən seçilir. Əgər qeyd etdiyimiz kimi, M.Hadi bəzən hadisə və proseslərin zahiri cazibəsinə uyaraq şövqə gəlib «İstiqbalımız parlaqdır!», «Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir», deyirdisə, Sabir dostunu hadisələrin mahiyyətinə varmağa, obyektiv nəticələr çıxarmağa çağırırdı. Odur ki, M.Hadinin bu mövzuda yazdığı şeirlərini və məqaləsini təhlil edərək, onlara cavab şəklində qələmə aldığı «İstiqbalımız lağlağdır», «İstiqbal bizimdir» satiralarını çap etdirmişdir. Əslində hər iki sənətkarın parlaq istiqbal haqqında düşüncələrini özündə əks etdirən nümunələrə daha çox əsər daxildir.
81 Hər iki mütəfəkkirin eyni problem ətrafında fikir və düşüncələrinə dair əsərlər silsiləsinə M.Hadinin «Rəhgüzari-mətbuatda bir şukufeyi-məarif», «İstiqbalımız parlaqdır», «Lövheyi-bahar», «Bariqeyi-zəfər parlayır, istiqbal bizimdir», «Yaşamaq istər isək» və s. şeirləri və «Maziyi-müzlimə ircayi-nəzər. Halımız münəvvər, İstiqbalımız yenə parlaqdır» məqaləsi, Sabirin isə «Tömeyi-nəhar», «Dilbər», «Rəhgüzari-məxluqatda bir möhtaci-məsarif», «İstiqbalımız lağlağdır», «İstiqbal bizimdir» və «Yaşamaq istər isək…» satiraları daxildir. Bu əsərlərdə Sabir, öz qələm dostundan fərqli olaraq, soydaşlarının fitri istedad və qabiliyyətinə, onların parlaq istiqbala layiq olub, bu nemətə gec-tez çatacaqlarına bütün varlığı ilə inandığını bildirirdi. Lakin o, bunun üçün qarşıda duran bir çox mühüm vəzifələrin – milli ətalət və cəhalətin maariflənmə yolu ilə aradan qaldırılmasının, milli mənlik şüurunun düzgün formalaşdırılaraq sosial-siyasi düşüncənin inkişafına, habelə beynəlxalq siyasi və diplomatik proseslərdən düzgün nəticələr çıxarıb onlara müvafiq hərəkət etmək məsələsini irəli sürürdü. Şair inanırdı ki, bütün bu işlər layiqincə görülərsə (və görüləcək), xalqımız özünə layiq olan istiqlalı əldə edib parlaq, işıqlı istiqbala qovuşacaq.
Əlbəttə, soydaşlarının milli azadlıq və istiqlaliyyət uğrunda qəhrəmancasına döyüş meydanına atılmaları Sabirin ürəyini bir vətəndaş kimi cuşa gətirirdi. O, özünün bu hədsiz sevinc hissindən doğan sonsuz hissiyyatlı vəziyyətinə baxıb onu dəli hesab edə biləcək oxucusuna müraciətlə bildirirdi ki, bütün bunlar Səttarxanın mərdliklə atıldığı azadlıq mübarizəsində əldə etdiyi qələbələrdən, həmin qələbələrin doğurduğu fərəh və qürur hissindən irəli gəlir. Axı, bu işdə gənc türklər də Səttarxanla həmrəy olduqlarını bildirmişdilər. Bu milli-etnik və dini həmrəylikdən doğan razılıq qələbə sevincinə qarışdığı üçün Sabir sözünə belə davam edirdi:
Ta ki, millət məcməin Tehranda viran etdilər,
Türklər Səttarxan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə, milliyyətə can nəqdi qurban etdilər,
Ayeyi- «zibhi-əzim» itlaqı ol qurbanədir,
Afərinim himməti-valayi-Səttarxanədir.
Sabir sevinirdi ki, nəhayət, «həq mədədkar oldu Azərbaycan ətrakına» (türklərinə). Lakin bu sevinc uzun sürmədi. Tezliklə rus, ingilis, fransız və digər imperialist quvvələr İran hökumətinə kömək edərək, burada başlayan milli azadlıq hərəkatını fitnə-fəsad burulğanında və qan dənizində boğdular. Pərdəarxası oyunları, İran şahının və yüksək rütbəli əyanlarının xalqa və vətənə zidd əməllərini, xarici imperialist qüvvələrin əlində oyuncağa çevrilib hər cür alçaqlığa getmələrini, xalqın onlara yönələn nifrət və qəzəblərini gördükcə şair «Satıram», «Bura say!», «Şahnamə», «Avropada Məmdəlinin eşqbazlığı», «Müxabirə», «Osmanlılar, aldanmayın, allahı sevərsiz!», «Əhli-İranda, pah oğlan, yenə himmət görünür», «Mürtəce xadimlərim, ha indi xidmət vəqtidir», «İranlı deyir ki», «Mürtəcelər, sevinin, kişvəri-İranə yenə», «Şurə gəlib şad olun, iranlılar», «Almaniya imperatoru deyir ki:» və s. satiralarını qələmə aldı. Bu əsərlərdə İrandakı milli azadlıq hərəkatı ətrafında həm ölkədaxili, həm də beynəlxalq aləmdə baş verən proseslərlə yanaşı, Osmanlıda (Türkiyədə) cərəyan edən siyasi proseslərə də münasibət bildirilir, gənc türklər siyasi sayıqlığa, fitnələr burulğanında «iranlı kimi yanmamağa» çağrılırdı. O, İran şahı Məhəmmədəli Mirzənin öz taxt-tacını xilas etmək üçün gah o, gah da bu dövlətə üz tutub kömək istəməsini və bu uğursuz cəhdlərin biabırçı sonluqlarını Sabir dönə-dönə, həm də hər dəfə bu beynəlxalq siyasi oyunların yeni bir səhifəsini işıqlandırıb ifşa etdiyi kimi,
82 Osmanlı Sultanı Əbdülhəmidi, onun xalq və vətən mənafeyinə zidd hərəkətlərini də yeri gəldikcə ifşa etmişdir.
83 «Müxabirə», «Tərcümani-Həqiqət» deyir ki:» və «Əbdülhəmid deyir ki:» adlı qoşalaşdırılmış taziyanələrdə Əbdülhəmidin qəddarlığı, hakimiyyəti dövründə xalqa zidd hərəkətlərinin mahiyyəti və s. satirik bir şəkildə poetik dillə ifşa edilmiş, onun nəinki hakim, ümumiyyətlə bir insan kimi cəmiyyətə yararsızlığı açılıb göstərilmişdir. Məsələn, «Müxabirə»
1taziyanəsində Məmmədəli Mirzə ilə Sultan Əbdülhəmidin belə bir «söhbətinin» şahidi oluruq:
Məmdəli:
Sevgili sultan babam, söylə, sənin halın nədir?
Mən ki, bir şux madmazel eşqində əldən getmişəm!
Şəhrdən şəhrə gəzib, Avropanı uğraşmışam,
İt qızı ram olmadı, hər dürlü ilhah etmişəm!
Həmid:
Məmdəli, artıq maranqozluq marağım qalmamış,
Kərki, mişarı yığıb başqa evə göndərmişəm!
Ölkədə tək-tək vəba var, derlər ondan qorxmuşam,
Xanəmə daru yığıb bir aptekə döndərmişəm!
Bu qarşılaşdırmadan bir daha aydın olur ki, hər iki ölkənin keçmiş rəhbərləri nəinki hakimiyyət, hətta bütövlükdə insanlıq üçün arzuolunmaz şəxslərdir. Bütün bu əsərlərdən iranlıları və turanlıları (osmanlı türklərini), eyni zamanda onların timsalında Azərbaycan xalqını öz istiqlalı və istiqbalı uğrunda apardığı mübarizədə siyasi və diplomatik ayıqlığa, qarşıya qoyulan əsas məqsədə çatmaq üçün bütün incəlikləri nəzərə almağa çağırır. Bu baxımdan Sabir həmin əsərlərdə gözümüzün qarşısında həm də siyasi və diplomatik şüuru yetkin olan bir ictimai xadim, siyasətşünas kimi canlanır. Akademik M.Arif M.Ə.Sabirin bu satiralarında digər mövzularla yanaşı, İran və Türkiyədə baş verən siyasi proseslərin də doğru və düzgün, bütün tərəfləri ilə əks etdirilməsini nəzərdə tutaraq yazır: «Bu mövzunun qabaqcıl mövqedən işıqlandırılması, hadisələrə ayıq münasibət, hər cür irticanın amansızcasına ifşası, kapitalist dövlətlərin ikiüzlü siyasətindən, hiyləgər diplomatiyasından şairin baş çıxarması bir daha göstərir ki, Sabir dünyaya çox geniş baxış dairəsinə malik olmuşdur. Öz yaradıcılığında Sabir böyük bir insanpərvər, həssas bir ictimai xadim kimi hərəkət etmiş, səsi çatan, ünü yetən hər yerə öz təsirli şeirləri ilə müraciət etmiş, xalqlarda oyanan ictimai şüurun daha sürətli parlamasına çalışmışdır».
2
Sabir yaradıcılığında Rusiya Dövlət Dumasına seçkilər, imperiyanın seçki oyunbazlığı, bir çox siyasətbazın bu proseslərdən öz mənafeyi üçün istifadə cəhdləri, seçki zamanı törədilən saxtakarlıqlar və s. məsələlər də özünün geniş və dolğun əksini tapmışdır. «Öylə bilirdim ki, dəxi sübh olub», «Hə, de görüm nə oldu bəs, ay balam iddialərın», «Qlasnı seçkisini qoydu dum müzakirəyə», «Yuxu» və s. satiralar buna parlaq misaldır. Əgər əvvəlki iki satirada çar hökumətinin xalqa verdiyi vədlərin əslində xalqın azadlığına deyil, onun aldadılmasına xidmət etdiyi və saxta mahiyyət daşıdığı göstərilib bu cür vədlərə aldananlar siyasi ayıqlığa çağırılırsa, sonrakı satiralarda seçkilərdə baş verən siyasi möhtəkirliklər ifşa olunur. Çarizmin duma oyunlarının mürtəce mahiyyəti bütün bunların xalqın istiqlaliyyəti uğrunda mübarizəsini səngitmək məqsədi daşıdığını Sabir izah edərək yazırdı:
Hə, de görüm nə oldu bəs, ay balam iddialərın?
Tutmuş idi yeri-göyü naləlrin, nəvaların…
Yoxsa qanıb da eybini boşlamısan ədaların?
Şimdi, hərif, söz həman mən deyən oldu, olmadı?
Sən o deyilmidin, dedin: dumdur ümidgahımız?
Mən demədimmi, var buna dumduru iştibahımız?
Bakı vəkili getdimi, oldumu dadixahımız?
Get, hələ xamsan, dolan, mən deyən oldu, olmadı?
Şair göstərirdi ki, xalqın başı üstündə azadlıq günəşi doğmaq əvəzinə indi «qara buludlar oynaşır», ona çarə axtarmaq lazımdır. Çünki, birdən-birə, «nagəhan pərdə açılanda» hər şeyin ağı da, qarası da aydın göründü.
Dumaya deputat (qlasnı) seçkisi zamanı əl atılan saxtakarlıqlar barədə isə şair yazırdı:
Qlasnı seçkisini qoydu dum müzakirəyə,
Çatır sezon ki, yenə əlbəəl gəzə rüşvət.
Qlasnı olmaq iki şərtə bağlıdır ancaq:
Birinci rüşvət, ikinci hədə, fəqət xəlvət.
Sabir qlasnı olmaq istəyən əyanların seçkidə qalib gəlmək üçün əl atdıqları riyakar, xəlvət tədbirləri bir qədər sonra Şamaxıda ikən yazıb «Palanduz» satirik səhifəsinə göndərdiyi «Yuxu» satirasında daha ətraflı şəkildə təsvir və ifşa etmişdir:
… Görürəm mən dünən gecə yuxuda
Yenə də sakin olmuşam Bakuda…
… Görürəm bunda bəzi əyanı,
Həpsinin var nəcabəti, şanı;
Qapını birbəbir döyür, danışır,
Bəzisilə hələ təzə tanışır.
Söz alır, pul verir, rica ediyor,
Ayrıla-ayrıla dua ediyor;
Bəzinə iştəhayi mədə verir,
Bəzinə başqa-başqa vədə verir…
6
Elmi ədəbiyyatda göstərildiyi kimi, Sabir ədəbi məktəbi «Molla Nəsrəddin» jurnalı səhifələrində formalaşıb kamala çatmışdır.
84
Həmin ədəbi məktəbin əhatə və təsir dairəsi getdikcə genişlənmiş, «Molla Nəsrəddin» jurnalı ənənəsi ilə nəşr olunan «Bəhlul», «Zənbur», «Arı», «Məzəli», «Babayi-Əmir», «Mirat», «Lək-lək» və s. satirik jurnallarla yanaşı, bəzi qəzet səhifələrində də Sabiranə şeirlər dərc olunmuşdu. Hətta Bakıda nəşr olunan «Günəş» və sonra onun davamı kimi çıxan «Yeni Həqiqət» qəzetlərinə əlavə olaraq, həftədə bir (bəzən bir qədər gec) «Palanduz» adlı satirik səhifə də çıxmağa başlamışdı. Həmin səhifədə Sabir də iştirak edərək öz əsərlərini «Çuvalduz» ümumi başlığı və «Nizədar» imzası ilə dərc etdirirdi.
85 Qeyd edək ki, bu satirik səhifənin adı ilə xalq şairinin orada çap etdirdiyi əsərlərin ümumi başlığının həmqafiyə olmasına («Palanduz» – «Çuvalduz») da təsadüf kimi baxmaq olmaz. Sabirin burada işlətdiyi imza da «Palanduz»un digər müəlliflərinin imzalarından seçilir; o biri müəlliflər səhifənin sadəcə olaraq «Nizə»si, «Biz»i, «Mismar»ı, «İynə»si, «Töylə mıxı», «Arığ»ı və s. idilərsə, Sabir «Nizədar»ı, yəni bayraqdarı idi. «Palanduz»un üzvləri Sabiri özlərinə ustad hesab edir, onun adını (daha doğrusu, səhifədə işlətdiyi əsas gizli imzası olan «Nizədar»ı) hörmətlə çəkir, satirasının ictimai-bədii gücünə, şairin sənətkarlıq qüdrətinə yüksək qiymət verir, xalq şairinin əsərləri mövzusunda əsərlər yazırdılar.
Elə buradaca qeyd edək ki, Sabir Balaxanı məktəbinin o zamnkı müdiri Əhməd Kamalla yaxın ünsiyyətdə olmuş, hətta Ə.Kamal «Həqiqət» qəzetinə «Sər mühərrir» kimi işə dəvət olunanda Sabiri də özü ilə bərabər həmin qəzetə cəlb etmişdi. Xalq şairi də bir sıra didaktik əsərini və satirasını «Həqiqət», «Günəş» və «Yeni həqiqət» qəzetlərində, habelə onlardan son ikisinə əlavə olunan satirik səhifədə dərc etdirmişdi. Sabirin Balaxanı məktəbində fəaliyyəti, bu məktəb ətrafında yaranan bəzi problemlərlə bağlı qələmə aldığı «Saxtə bir xətti-xam ilə…», «Şimdi hər millət edir…», «Haləti-məstliyində nə olur, ey əyyaş» sözləri ilə başlanan taziyanələri və «Şikayət!» felyotonu həmin qəzetlərdə işıq üzü görmüşdü.
Sabir müəyyən səbəblər üzündən xalqın nəzərindən düşmüş Balaxanı məktəbində, öz gəlişi ilə, böyük canlanma yaratdı. Qısa müddət ərzində məktəbin nüfuzu elə yüksəldi ki, növbəti dərs ilində ona gözləndiyindən daha çox şagird gəldi. Məktəb binasında yer çatışmadı… Məktəb rəhbərliyi ilə camaat arasında yaranmış problemdən istifadə edən bəzi qara qüvvələr, o cümlədən müəllimə yaraşmayan əməllərinə görə məktəbdən xaric edilən keçmiş şəriət müəllimi Molla Abdulla məktəbin qabaqcıl müəllimlərinə qarşı böhtan və hədə kompaniyası təşkil etdilər. Bu cür hədələr Sabirin də ünvanına gəlirdi. Başda camaat vəkili Baxış Əhmədov olmaqla qabaqcıl görüşlü adamlar şairi layiqli müəllim və əməlisaleh bir insan kimi müdafiə etdilər. Sabir də hədə-qorxulardan çəkinməyib, onu savadsızlıqda, müəllimlik qabiliyyətinin yoxluğunda, Azərbaycan (türk) dilini bilməməkdə günahlandıranlara cavab olaraq «Saxtə bir xətti xam ilə…», «Haləti məstliyində nə olur, ey əyyaş» taziyanələrini və «Şikayət!…» başlıqlı felyetonunu yazaraq Molla Abdullanın və onun tərəfdarlarının şəxsində qaraguruhçuları, ümumən qara fikirli, bəd əməlli, böhtançı insanları ifşa etdi. Qeyd edək ki, bu hadisələr zamanı böhtan və hədə hədəfi olan müəllimlərdən biri də məktəbin direktoru Əhməd Kamal idi. Əhməd Kamal M.Ə.Sabir şəxsiyyətinə və yaradıcılığına hörmət bəslədiyi üçündür ki, onu «Həqiqət» qəzeti redaksiyasına işə cəlb etmiş, Sabirin «Ruhum!..» şeirini «Sər Mühərrir» olduğu «Yeni füyuzat» jurnalında dərc edərkən ona yaxın bir dost, qələm yoldaşı yanğısından gələn belə bir qeyd varmışdi: «Sabir, böyüklüyün ən böyük sifəti səbrdir. İştə sən də bu sifətlə mövsum və mövsufsan. Əzizim, səni incidənlərə həmpa olmamaq üçün Sabir ol, sən ölmə! Sən ölürsən, ölümünlə sevinəcək qədər binəsib insaniyyət təsəvvür edəməm. A Sabir! Sana da əğyar olacaq qədər tədənniyyi-əxlaqəmi düşdün?…
Fələk hər dürlü əsbabi-cəfasın toplasın, gəlsin,
Dönərsək, alçağız millət yolunda bir əzimətdən!»
Bu sətirlərdə Sabirə məhəbbət, rəğbət və həmrəylik ifadə olunur, o daha əzmkar və dəyanətli olmağa səslənilirdi.
1
***
Yuxarıda göstərdiyimiz kimi, Sabir milli mənlik şüurumuzun düzgün istiqamətdə formalaşması naminə məktəb və maarifin təbliği, tərəqqi və inkişafa çağırış, nəfs, ədavət və təriqətçiliyin tənqidi, dövlətin duma siyasətinin, beynəlxalq imperializmin Şərqdə yürütdüyü riyakar və məkrli siyasətinin mahiyyətini açıb göstərən dərin ictimai-siyasi ruhlu, yüksək bədii-estetik səviyyəli əsərlər yazıb nəşr etdirirdi. Bütün bu əsərlər dövrün bədii-poetik salnamə və sənədləri olmaqla, xalqın milli-ictimai və siyasi şüurunun milli mənafelərimizə uyğun formalaşmasında mühüm rol oynamışdır. Şair eyni işi Ana dilinə, bədii tərcümə məsələlərinə münasibətdə də əsl vətəndaşlıq mövqeyindən görürdü. O, prinsipial məsələlərdə ən yaxın dostuna da güzəştə getmirdi. Məsələn, bir əsərin osmanlıcadan türk dilinə tərcümə olunması ilə bağlı «Günəş» qəzetində belə bir xəbər dərc olunmuşdu:
«Gəncə Nəşri-Maarif cəmiyyəti Mirzə Məhəmməd Axundovun «Röyam» nam əsərini basıb və nəşrə başladı. Müşarileyhin osmanlıcadan tərcümə edilmiş «Nədamət» nam əsəri dəxi «Dram» cəmiyyəti tərəfindən nəşr edildi. Hər iki əsər Gəncədə Hacı Həsənovlar mətbəəsində basılmışdır».
1
Sabir bu xəbərdəki fikrin mahiyyətində duran «Osmanlıcadan türk dilinə tərcümə» fikrinə etiraz edərək yazırdı:
«Osmanlıcadan tərcümə türkə» – bunu bilməm
Gerçək yazıyor gəncəli, yainki hənəkdir.
Mümkün iki dil bir-birinə tərcümə, amma
«Osmanlıcadan tərcümə türkə» nə deməkdir?!
Burada Sabir diqqəti Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsinin eyni kökdən olub, ortaq dil ailəsinə mənsubluğuna cəlb edərək, həmin fikirdəki tərcümə sözünün yerinə düşmədiyini nəzərə çatdırmışdır. O, həmin fikrin türk xalqlarının birliyinə deyil, bir-birindən süni surətdə ayrı salınmasına xidmət etdiyindən narahat olmuşdu. Qələm dostu Ə.Qəmküsar həmin mühüm cəhəti nəzərdən qaçırdığı üçün Sabirin tənqid və şərhi ilə qarşı-qarşıya dayanmalı olmuş və öz səhvini etiraf etmişdi. Sabirin mövqeyini «Molla Nəsrəddin» jurnalı da, dövrün məhşur tənqidçisi və ədəbiyyat tarixçisi Abdulla Tofiq Sur da müdafiə etmişdi.
2
Bədii tərcüməyə belə həssas münasibət bəsləyən Sabir həmin məsələyə «Öylə tərcümə kim…» taziyanəsində də qayıtmış, eyni zamanda özü müxtəlif dillərdən Azərbaycan dilinə bədii tərcümələr etmişdir. Buraya farscadan tərcümə edilmiş «Gördüm neçə dəstə tazə güllər» şeiri, «Şahnamə» poemasından bir parça, «Ləffazlıq» məqaləsi və ərəb dilindən məşhur şair Şeyx Məhəmməd Əbdonun iki şeri – «Tərcümeyi-qovləl-Müfti» və «Tapşırma sirrini məgər…» əsərləri daxildir. Bu əsərlər həm ideya-məzmun xüsusiyyətinə, bədii-estetik dəyərinə, həm də tərbiyəvi-əxlaqi mahiyyətinə görə diqqəti cəlb edir və Sabirin bütün digər sahələrdə olduğu kimi, bədii tərcüməyə də həssas və ciddi münasibət bəslədiyinə şahidlik edir.
Sabir müxtəlif vaxtlarda – 1907-ci və 1910-cu illərdə qəzəllər də yazmışdır.
3 Həmin qəzəllər şairin öz satiralarında böyük qəzəl ustası M.Füzulinin sənətinə yaradıcı münasibətinin və sonsuz ehtiramının növbəti ifadəsi olmaqla, yüksək bədii-estetik səviyyəli nümunələrdir. Bu qəzəllərdə lirik qəhrəmanın öz sevgilisinə bəslədiyi yüksək bəşəri duyğular, ülvi münasibət, öz sevgisində vəfadarlıq, dözümlülük keyfiyyətləri ifadə olunmuşdur.
Yazar.
Alxan Bayramoğlu
Mənbə. sabirmuseum.az