Şəxsi mağazanı necə acmaq olar?

Şəxsi mağazanı necə acmaq olar?

Geyim mağazasının açılışından bir gün əvvəl onun sahibi peyda oldu. O, artıq dizaynı bəyənmiş, ticarət avadanlığına «hə» demiş, hətta çeşidin seçimi zamanı özü şəxsən iştirak etmişdi. Fikirli halda 400 kvadrat metr ticarət meydanını gəzdi. Hər şey yaxşı idi, lakin nə isə çatmırdı… «Bəs personal?!» - deyə o, dəhşət içində qışqırdı. Gülməyin, bu, olmuş əhvalatdır. Mağaza açanda nəyi unutmaq olmaz? Aşağıda naməlum qalmaq istəyən üç mağaza direktorunun köməyilə hazırlanmış check-list verilmişdir. 1. Mağazanın ideyasının seçilməsi. Ən vacib sual budur. Sizin satmağa hazırlaşdığınız şey bazara lazımdırmı? Seçilmiş sahədə mövcud rəqiblər necədir? Böyük, orta və ya kiçik mağaza? Fikirləşin, ticarətin təşkili forması necə olacaqdır – piştaxta, özünəxidmət və ya qarışıq? Bir mağaza, yoxsa şəbəkə? 2. Potensial alıcıların müəyyən edilməsi. Sizin mağazaya kimlər gələcək? Siz əminsiniz ki, sizin mallar onları maraqlandıracaq? Bunu siz belə hesab edirsiniz, yoxsa potensial alıcılar? Onlar yalan danışmamışlar ki? Mütləq məqsədli auditoriyanın nümayəndələri ilə qabaqcadan söhbət edin. Və qonşuluqda kimlərin yaşadıqlarını öyrənin. 3. Çeşid (assortiment). Təklif olunan malların hansı çeşidi sizin piştaxtada olacaq? Sizin rəqibləriniz nə satır və onların satdıqlarına tələbat varmı? Siz bu cür mallar satacaqsınızmı? Siz icarədarlar, bank filialı və ya mübadilə məntəqəsi, şəxsi mini-istehsal üçün sahələr ayıracaqsınızmı? 4. Maliyyə hesabları. Biznes-plan son dərəcə ciddi tərtib olunmalıdır. Xərclərin çox hissəsini qabaqcadan nəzərdə tutulmamış məsrəflər təşkil edir. Ona görə də, bütün hesablamalarınızı ikiyə vurun. İdeyanızı həyata keçirmək üçün kifayət qədər vəsaitiniz varmı? Yaxşısı budur ki,sonradan əmək haqqı verə bilməyəcəyiniz personalı işdən çıxarmaqdansa, maliyyə prioritetlərini dərhal yerbəyer edin. 5. Hüquqi aspektlər. Siz zəruri olan sənədlərin siyahısını tərtib etmisinizmi? Müvafiq lisenziya almaq yadınızdan çıxmayıb ki? Bəs əsas bölgü sənədi? Bəs ilkin-icazə sənədlərinin tam paketini hazırlamısınızmı? Bütün sənədlər təsdiq olunmalı və bəyənilməlidir. Unutmayın ki, praktiki olaraq sənəd tərtibi həmişə uzadılır. Bütün tələbləri, tövsiyə və təlimatları maksimal həcmdə yerinə yetirməyə çalışın – bu, yoxlama və iradların sayını azalda bilər. 6. Mağazanın adı. Mağazanız üçün adı kim fikirləşmişdir? Siz nədən fikirləşirsiniz ki, bu, yaxşı addır? Bu adı ahəngsiz bir şeyə çevirmək üçün imkan yoxdurmu? Bu barədə potensial alıcılar nə fikirdədirlər? Onlardan soruşun: hansı adlı mağazaya onlar daha məmnuniyyətlə gəlmək istərdilər? 7. Mağaza üçün yerin seçilməsi. Mağaza elə yerləşdirilməlidir ki, ona gəlib çatmaq asan olsun. Onu da fikirləşin ki, bu rayonun sakinlərinə bu mağaza lazımdırmı? Bura başqa rayonlardan alıcılar gələcəkmi? Və kimlər gələcək? 8. Dizayn. Mağaza üçün binanın seçilməsindən əvvəl onun xarici görkəmini və interyerinin dizaynını fikirləşmək lazımdır. Gələcək mağazanızı təsəvvürünüzə gətirin: xaricdən və daxildən o, necə görünür? Unutmayın ki, «istəyirəm hər şey gözəl olsun» ifadəsini hər kəs, xüsusilə də dizaynerlər müxtəlif cür qəbul edirlər. Ona görə də onların qarşısına konkret tapşırıqlar qoyun. Və əmin olun ki, sizi başa düşüblər. Xarici reklam üçün – mağazanın adı yazılan lövhə, digər panel və stendlər üçün sənədləri almısınızmı? 9. Binanın seçilməsi. Siz bu binanı özünüz tikəcəksiniz, alacaqsınız, yoxsa icarəyə götürəcəksiniz? Hər halda bina öz sahəsinə və planirovkasına görə sizə uyğun olmalıdır. Seçim zamanı xarici kommunikasiyaların – elektrik, su və soyuducu təchizat sistemlərinin, ventilyasiya və kondisioner qurğularının, telefon və internet xətlərinin, müdafiə sistemlərinin və s. qoşulmasının texniki şərtləri də yaddan çıxmamalıdır. Sizə yük maşınlarının girməsi mümkün olan daxili xidməti yolun lazım olub-olmaması barədə qərar qəbul edin. Yardımçı sahələr necə olmalıdır? Onlar rahat yerləşdirilibmi? Satmaq istədiyiniz malların hamısı bu sahələrdə yerləşəcəkmi? Unutmayın – avtomobil dayanacağı, mağazayanı təmiz məkan sizin mağaza haqqında xoş təsəvvür yaradacaq. 10. Avadanlıq. İxtisaslaşdırılmış şirkətlərdən vaxtında ticarət-texnoloji avadanlıqlarının seçilməsi və sifarişi çox mühümdür. Bunlar sizin mağazanın spesifikasına və səviyyəsinə cavab verirmi? Aldığınız avadanlığı elə qoya biləcəksinizmi ki, onların arasında gəzişən alıcıya rahat olsun? Bəs avadanlığın və interyerin dizaynının rəng qammaları uyğundurmu? Kassa avadanlığı mağazanın keçirmə qabiliyyətinə təsir edir. Onun müasirliyi, kassir üçün rahat və zəruri sayda olmasını fikirləşin. 11. Tədarükçülər. Siz tədarükçünü seçərkən, nəyə əsaslanırsınız? Qiymətə, məhsulun keyfiyyətinə, tədarükçünün yerləşdirilməsinə, firmanın iş göstəricilərinə (məcburilik, punktuallıq), tədarüklərin qrafikinə xüsusi diqqət yetirin. Siz bir, yoxsa bir neçə tədarükçü ilə işləyəcəksiniz? Sabit tədarükçülərlə uzunmüddətli münasibətlər nəinki pula, həmçinin sizin əsəblərinizə qənaət etməyə imkan verəcək. Tədarükçü tərəfindən satıcılar üçün məhsullar üzrə treninqlər, POS-materiallar və reklamlar şəklində dəstək fikirləşin. Sizin tələblərinizi yerinə yetirməyə hazır olan tədarükçülərin analizini etmək lazımdır. 12. Logistika və malların uçotu sistemi. Tədarüklərin həcmini və tezliyini düşünün. Tədarükçünün uzaqlığı və tədarük olunan malların həcmindən asılı olaraq nəqliyyat növü seçmək lazımdır. Daşıdığınız malı sığortalamağı unutmayın. Malların anbarda düzgün yerləşdirilməsinin qayğısına qalın. Düzgün olmayan daşınma, yükləmə-boşaltma və saxlamada mağazalar böyük pullar itirir. Malın hər vahidini hələ anbarda markalamaq daha yaxşı olar. Bu, bir tərəfdən, malın daxili yolunu izləməyə imkan verər, digər tərəfdən, malın sortunun dəyişməsinin və oğurluq hallarının qarşısını alar. 13. Daxili tərtibat və malların düzülməsi. Siz merçandayzinqin qaydaları ilə tanışsınızmı? Və ya siz malları necə gəldi (yəni, necə yerləşibsə) düzmüsünüz? Sizin özünüzə həmin mallara baxmaq və rəflərdən götürmək rahatdırmı? Bəs qiymətlər haradadır? Yaddan çıxarmayın ki, onlar asan oxunmalı və malın yaxınlığında yerləşdirilməlidir. Yerləşdirilmiş reklam informasiyası digər malların görünüşünü bağlamamalıdır. 14. Personalın seçilməsi. Personal, sizin mağazanın dövriyyəsi və mənfəətinin asılı olduğu insanlardır. Personalı qabaqcadan planlaşdırmaq və «tanışlıqla» yığmaqla məhdudlaşdırılmamalıdır. Neçə nəfər işləməlidir? Bir, yoxsa iki növbədə? İşdə onların hərəkətlərini nizamlayan nədir? Sizin mağazada əməkdaşlar üçün xüsusi iş geyimi tətbiq olunacaqmı? Sizə sadə kadr, yoxsa personal üzrə həqiqi direktor lazımdır? 15. Personalın tədrisi. Əməkdaşların qabaqcadan tədrisi artıq ilkin mərhələdə nizamlı komanda yaratmağa, korporativ mədəniyyətin əsasını qoymağa və işdə lazım olacaq bilik və vərdişləri əldə etməyə imkan verəcək. Sizin satıcılar mal sata bilirlərmi? Siz niyə bu qərarı vermisiniz? Menecerləriniz rəhbərlik edə bilirmi? Onlar hər dəqiqə suallarla yanınıza qaçmayacaq ki? Satıcınızın nəyi bilməsinin və bacarmasının zəruri olduğu siyahısını yazın və fikirləşin ki, bu siyahıda olanlardan məhz hansıları satıcıya öyrətməlisiniz. 16. Reklam. İnformasiya dəstəyi çoxlu sayda alıcının cəlb edilməsinə imkan verəcək. Siz mağazanı necə açacaqsınız? Bu şou olacaq, yoxsa endirilmiş qiymətlərlə satış aksiyası? Mağaza açıldıqdan sonra alıcıları necə cəlb edəcəksiniz? Çalışın ki, mağazada keçirilən hər hansı tədbir (məsələn, bazar ertəsi günləri tədaüdçülər üçün edilən endirimlər) informasiya tipli olub KİV-də işıqlandırılsın. 17. Boş sahələrin icarədarları. Sizin boş sahənizin icarəyə verilməsi yaxşı pullar gətirsə də, qonşuları ciddi seçmək lazımdır. İcarədarlarınızın tərzləri və imicinin sizin mağazanın bütövlüyünü pozmasına yol verməyin. Məsələn, əgər siz idman malları satmaqla sağlam həyat tərzi təbliğ edirsinizsə, tütün və alkoqollu içkilərlə qonşuluqdan uzaq olmağa çalışın. 18. Təhlükəsizlik. Siz öz mağazanızı necə qoruyacaqsınız? Büdcədən asılı olaraq və məqsədyönlü surətdə oğurluğa qarşı müxtəlif avadanlıqları birləşdirmək olar. Malların müdafiəsinin oğurluğa qarşı sisteminin tətbiqi mağazadan haqqı ödənilməmiş malların çıxarılmasının qarşısını almağı mümkün edəcək. Həmçinin videomüşahidə sistemləri, xüsusi güzgülər, kassirin əməliyyatlarının müşahidəsi və təhlili sistemləri mövcuddur. Beləliklə, özünüzə son sualı verin: mağazanın açılması ilə bağlı işlərə başım qarışmış və bir şey unutmamışam ki? Bu suallara cavabların köməyilə biz mağazımızın gələcəkdə uğurlu inkişafı üçün fundament hazırlayırıq. Fundament möhkəm olduqca, daha çox mərtəbə tikərik və binamız daha uzun müddət dura bilər. Mağazanın möhkəm fundamenti – onun gələcək uğurlarının 50%-i deməkdir.
Mənbə www.finan.az  kayzen.az Müəllif Samir Məstəliyev
568 Views