Həzm orqanları
Həzm sisteminin vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliklərə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.
Həzm sisteminə həzm kanalı və həzm sistemi vəziləri aiddir. İnsanda həzm kanalı 8-10 m uzunluğunda olub, aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar. Həzm sisteminin böyük vəzilərinə qaraciyər, mədəaltı vəzi böyük ağız suyu vəziləri aiddir.
Ağız boşluğuna düşmüş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra əsnək vasitəsilə udlağa, oradan qida borusuna, mədəyə keçir. Mədədə həzm olunmuş qida nazik bağırsağa, sonra yoğun bağırsağa daxil olur və nəhayət, qalıq hissə xaric olur. Qida həzm olduqdan sonra lazımi maddələr qana sorulur.
Qidalanma orqanizmin normal böyüməsi, inkişafı və həyat fəaliyyəti üçün vacib şərtdir.
Müxtəlif qida məhsullarının tərkibində əsas qida maddələri - zülallar, yağlar, karbohidratlar, habelə mineral duzlar, su və vitaminlər vardır. Bitki və heyvan mənşəli qida məhsulları bir-birini tamamlayıb, orqanizmin hüceyrələrini bütün lazımi qida maddələri ilə təmin edir. Su, mineral duzlar və vitaminlər qidada olduğu şəkildə mənimsənilir. Zülalların, yağların və karbohidratların molekulları iri olduğu üçün həzm yolunun divarlarından keçə bilmir. Ona görə də bu maddələr kimyəvi və mexaniki çevrilməyə uğrayır, parçalanır, yəni həzm olunur.
Ağız boşluğu həzm kanalının başlanğıcını təşkil edir. İki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi ön və yan tərəflərdən dodaqlar, yanaqlar, arxadan isə dişlər və alveol çıxıntıları ilə əhatə olunur. Ağız dəhlizi ağız yarığı vasitəsilə xaricə açılır. Ağız yarığı dodaqlarla əhatə olunur. Dodaqlar daxildən selikli qişa, xaricdən isə dəri ilə örtülmüşdür.
Yanaqlar xaricdən dəri, daxildən selikli qişa və bunların arasında yerləşən yanaq əzələsindən əmələ gələrək, ağız dəhlizinin yan divarını təşkil edir.
Xüsusi ağız boşluğu yuxarıdan sərt və yumşaq damaqla, ön və yan tərəflərdən dişlər, aşağıdan isə ağız diafraqması ilə əhatə olunur. Ağız qapandıqda, xüsusi ağız boşluğu, demək olar ki, dil ilə tutulur. Xüsusi ağız boşluğu əsnək dəliyi vasitəsilə udlaqla birləşir.
Damaq ağız boşluğunun damını təşkil edərək iki hissədən ibarətdir. Ön 2/3 hissə sərt damaq, arxa 1/3 hissə yumşaq damaq adlanır. Yumşaq damaq sərt damağın arxaya doğru davamı olub, qurtaracağında dilçəyi və iki cüt damaq qövslərini əmələ gətirir. Damaq qövslərinin arasında cib əmələ gəlir ki, burada damaq badamları yerləşir. Damaq badamları həzm sisteminin selikli qişasının ən böyük limfoid törəmələridir. Əsnək bir dəlik olub, yuxarıdan yumşaq damaq, yan tərəfdən damaq qövsləri, aşağıdan isə dil kökü ilə əhatə olunur. Əsnək vasitəsilə ağız boşluğu udlaqla birləşir.
Ağız boşluğu selikli qişasının üzəri çoxqatlı yastı epitellə örtülür və çoxlu selikli vəzilərə malikdir. Bu vəzilər ağız suyu ifraz edir.
Dil qan damarları, sinirlər və vəzilərlə zəngin olub, selikli qişa ilə örtülmüş əzələvi orqandır və ağız boşluğunda yerləşir. Dilin əzələləri xüsusi və xarici olmaqla iki yerə bölünür. Dilin xüsusi əzələləri yığıldıqda dilin forması dəyişilir. Dilin xarici əzələləri isə onu arxaya-yuxarı, arxaya-aşağı, önə-aşağı, önə-yuxarı hərəkət etdirir. Dil üç hissəyə bölünür: ucu-zirvəsi, orta hissəsi - cismi və arxa hissə - kökü adlanır. Dil arxasının selikli qişası məməciklərlə örtülür. Dil taktil və dad orqanı olub, çeynəmədə, qida porsiyasının təşəkkülündə iştirak edir. Bundan başqa, insanda dil aydın danışmaqda mühüm rol oynayır.
Dişlər ağız dəhlizi ilə xüsusi ağız boşluğu arasında, alveol çıxıntılarında yerləşir. Qidanı tutmaq və xırdalamaq vəzifəsi daşıyır. Eyni zamanda nitqin aydın olmasında da iştirak edir. Vəzifə və formasına görə kəsici, köpək, kiçik və böyük azı dişləri ayırd edilir.
Ağız suyu vəziləri üç cütdür: qulaqaltı, çənəaltı və dilaltı vəzilər.
Qulaqaltı vəzi çənəarxası çuxurda, qulaq seyvanının aşağı və ön tərəfində yerləşir. Çənəaltı vəzi çənə altında yerləşir, dilaltı ətciyin üzərində ağız boşluğuna açılır. Dilaltı vəzi ağız boşluğu dibinin selikli qişasının altında yerləşərək, öz sekretini xüsusi ağız boşluğuna ifraz edir.
Ağız suyu böyük və kiçik ağız suyu vəzilərinin sekreti olub, tərkibində karbohidratlara təsir edən ptialin (amilaza) və salivain fermentləri vardır. O, ağız boşluğunda qidanı isladır və həm də onun həzmində iştirak edir.
Udlaq 12-14 sm uzunluğunda borulu orqan olub, ağız boşluğunu qida borusu ilə, burun boşluğunu qırtlaqla birləşdirir. Udlaq öndən burun boşluğu, ağız boşluğu və qırtlaqla, arxadan boyun fəqərələrinin cisimləri və yanlardan boyun damarları, sinirləri ilə əhatə olunur. Yuxarıda kəllə əsasına bağlanır.
Udlağın divarı selikli, lifli, əzələ və birləşdirici toxuma qişasından təşkil olunmuşdur. Udlağı qaldıran əzələlərin, yumşaq damağın və dilin əzələlərinin birgə yığılması nəticəsində udma aktı meydana çıxır. Udma zamanı qırtlaq yuxarı qalxır və dilin kökü geriyə dartılaraq qırtlaq qapağını aşağı və arxaya basır, qırtlaq girəcəyini qapayır. Beləliklə, qida udlaqdan qida borusuna keçir.
Qida borusu 25-30 sm uzunluğunda boruşəkilli orqan olub, 3 hissəyə bölünür: boyun, döş, qarın hissə. Qida borusu udlaqdan gələn qidanı mədəyə ötürür. Onun diametri hər yerdə eyni olmayıb, üç daralma əmələ gətirir: başlanğıcda - üzüyəbənzər qığırdağın arxasında, IV-V döş fəqərələri bərabərində, diafraqmadan keçən yerdə.
Mədə həzm kanalının ən geniş hissəsini təşkil edir. Uzunluğu 21-25 sm, eni 12-14 sm, tutumu 3 litrdir. Mədənin qida borusu açılan hissəsinə girəcək, onikibarmaq bağırsağın başlandığı hissəsinə çıxacağı deyilir. Girəcək dəliyi ilə çıxacaq arasında olan hissəsi cismi, girəcək dəliyindən yuxarı olan hissəsi isə dibi adlanır. Mədənin iki əyriliyi vardır: bunlardan kiçik əyriliyi sağa, böyük əyriliyi sola baxır. Mədənin divarları selikli, selikaltı, əzələ və seroz qişalarından təşkil olunmuşdur. Selikli qişası çəhrayı rəngdə olub, üzərində mədə şirəsi ifraz edən çoxlu vəzilər vardır. Mədə vəziləri mədə dibi və mədə çıxacağı vəzilərinə bölünür. Qismən həzm olunmuş qida mədədən onikibarmaq bağırsağa keçir. Mədə soldan dalağa, yuxarıdan diafraqmaya, sağdan qaraciyərə, aşağıdan köndələn çənbərbağırsağa və arxadan mədəaltı vəziyə söykənir. Mədədə zülallar və qismən yağlar həzm olunur. Qida ilə mədəyə daxil olmuş mikroblar xlorid turşusunun təsirindən tələf olur.
Nazik bağırsaq 5-6 m uzunluğunda olub, üç hissəyə bölünür: onikibarmaq, acı və qalça bağırsaq.
Onikibarmaq bağırsaq 25-30 sm uzunluğunda olub, yuxarı, enən və aşağı hissələrə bölünür. Onikibarmaq bağırsağa öd axacağı və mədəaltı vəzinin axacağı açılır. Acı və qalça bağırsaq birlikdə 5 m uzunluqda olub, anatomik hüdudlarından məhrumdur. Nazik bağırsağın selikli qişasının səthində dairəvi büküşlər, xovlar, aqreqat limfatik follikullar və bağırsaq şirəsi ifraz edən vəzilər yerləşir. Bağırsaq xovları qida maddələrinin sorulması prosesində iştirak edir.
Xovlarda limfa damarları, qan damarları və sinirlər vardır. Xovlarda olan saya əzələlər həzm zamanı yığılaraq, onları hərəkətə gətirir və möhtəviyyat, yoğun bağırsağa doğru hərəkət edir. Qalça bağırsaq kor bağırsağa açılır.
Yoğun bağırsaq xarici səthində zolaqların, çömçələrin, köndələn şırımların və piy çıxıntılarının olması ilə nazik bağırsaqdan seçilir. Kor bağırsağın içəri-və aşağı tərəfindən bir çıxıntı başlanır ki, bu da soxulcanabənzər çıxıntı (appendiks) adlanır.
Yoğun bağırsağın axırıncı hissəsi - düz bağırsaq 15-20 sm uzunluğundadır. O, anus dəliyi ilə xaricə açılır.
Qaraciyər bədəndə ən böyük vəzi olub, çəkisi 1500 qrama bərabərdir. O, qarın boşluğunda sağ qabırğaaltı, xüsusi qarınüstü və az hissəsi sol qabırğaaltı nahiyədə yerləşir. Yuxarıdan diafraqmaya, soldan mədəyə, aşağıdan onikibarmaq bağırsağa, sağ böyrəküstü vəziyə və çənbərbağırsağın sağ əyriliyinə və arxa səthi qarın boşluğunun arxa divarına söykənir. Rəngi tünd qırmızıya çalır. Qaraciyər sağ və sol paylardan, bunlar isə paycıqlardan və qaraciyər hüceyrələrindən təşkil olunmuşdur. Qaraciyər hüceyrələrinin bir qismi öd ifraz edir. Onun daxilində iki cür damarlar - öd və qan kapillyarları keçir. Qaraciyərdən öd kisəsinə öd axacağı açılır.
Öd yaşıl-sarımtıl rəngdə neytral reaksiyalı maye olub, yağları emulsiyalaşdırır, mədəaltı vəzinin yağları parçalayan fermentini aktivləşdirir. Öd ifraz etməkdən başqa, qaraciyər bağırsaqlardan qana daxil olmuş şəkərlərin artığını qlikogen halında özündə saxlayır. Eyni zamanda bədənə düşən toksinləri neytrallaşdıraraq mühafizə funksiyası daşıyır.
Öd kisəsi armud şəklində olub, qaraciyərin sağ payının alt səthində yerləşir. Ümumi öd axacağı 6-8 sm uzunluğunda olub, mədəaltı vəzinin axacağı ilə bir yerdə onikibarmaq bağırsağın enən hissəsinə açılır. Öd qaraciyərdə daim əmələ gəlir, yalnız həzm zamanı onikibarmaq bağırsağa tökülür. Öd kisəsində ödün konsentrasiyası artır, öd qatılaşır.
Mədəaltı vəzi yaxud pankreas böyük qarışıq vəzi olub, mədənin arxasında onikibarmaq bağırsaqla dalaq arasında yerləşir. Mədəaltı vəzinin ifraz etdiyi şirənin tərkibində olan fermentlərin təsirindən zülallar, yağlar və karbohidratlar parçalanır. Mədəaltı vəzinin Langerhans adacıqlarından ibarət hissəsi insulin hormonu ifraz edir ki, bu da qana keçərək bədəndə karbohidrat (şəkər) mübadiləsinə təsir edir, qanda şəkərin miqdarını azaldır.
Mənbə.kayzen.az