Rusiyada inqilab

Rusiyada inqilab

Rusiyada və Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş,siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada iki milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət "dərin faciə" qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı. Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən üç siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar. Kadetlər partiyasının başçılıq etdiyi liberal burjuaziya cəbhəsi hakimiyyətə can atan qüvvələrdən idi. O, çarizmi ləğv etmədən, konstitusiyalı monarxiyaya keçmək yolu ilə mülkədar burjua quruluşunu möhkəmləndirmək fikrində idi. Onlar 1915-ci ilin yay-payız böhranı gedişində öz konstitusiya proqramından müəyyən dərəcə geri çəkilmişdilər: Duma qarşısında məsuliyyət daşıyan hökumət yaratmaq tələbindən əl çəkib onu "ictimai etimad hökuməti" tələbi ilə əvəz etmişdilər. Bununla kadetlər mütləqiyyətə güzəştə getmişdilər. Belə ki, "ictimai etimad hökuməti" Duma tərəfindən deyil, çar tərəfindən təyin edilməli idi. Kadetlərin fikrincə, mütləqiyyətə bu güzəşt çar II Nikolayı real hakimiyyətdən əl çəkməyə və onu burjuaziyaya verməyə şirnikləndirməli idi. Lakin çar dairələrinin burjua müxalifətinə qarşı hücumları iri burjua nümayəndələrinin qəti əməli addımlar atmağa məcbur etdi. Çarın ətrafındakı bəzi şəxslərin Almaniya ilə birtərəfli sülh bağlamaq cəhdləri və inqilab təhlükəsi liberal burjuaziyanı saray çevrilişi ilə məsələni həll etməyə yönəltdi. Bu işdə ona birtərəfli sülh bağlanmasından ehtiyat edən İngilis-fransız imperialistləri də kömək edirdilər. İri burjua dairələri II Nikolayın yerinə onun azyaşlı oğlu Alekseyi taxt-taca oturtmaq, çarın qardaşı Mixaili isə onun qəyyumu təyin etmək fikrinə düşmüşdülər. Lakin 1917-ci il fevral inqilabı nə saray çevrilişinə, nə də burjua-mülkədar qəsdinin həyata keçirilməsinə imkan vermədi. Xırda burjua mövqeyindən çıxış edən eser-menşeviklər də əsasən iri burjuaziyanın siyasətini, "ictimai etimad hökuməti" yaratmaq xəttini müdafiə edirdilər. Demokratik cəbhədən olan qüvvələr öz qarşılarında tamamilə başqa vəzifələr qoymuşdular. Onlar demokratik respublika, 8 saatlıq iş günü, mülkədar torpaqlarının müsadirə edilməsi və s, tələblər irəli sürürdülər. Bu cəbhəyə proletariat, kəndlilər, şəhərin orta təbəqələri və tələbələr də daxil olmaqla demokratik ziyalılar daxil idi, Bu cəbhədə eser və menşeviklərin sol cinahından olan hissələri, "mejrayonçular" adlanan qrup və bolşeviklər böyük fəallıq göstərirdilər. 1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 (22) yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi. Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinə çatmışdır. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri də çarın və onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar. Dövlət Dumasının sədri M.V.Rodzyankonun Dumanın səlahiyyətini uzatmaq və hökumətin heyətində dəyişikliklər etmək barədəki 1917-ci il fevralın 10-dakı xahişinə cavab olaraq fevralın 13-də çar II Nikolay Dövlət Dumasının buraxılması haqqında fərman imzaladı (Fərman fevralın 26-da elan edilmişdi). 1917-ci il fevralın ortalarında böhran daha da dərinləşdi. Fevralın 14-də Petroqradda "Rədd olsun müharibə!", "Rədd olsun çar hökuməti", "Yaşasın ikinci rus inqilabı" şüarları altında böyük tətil keçirildi. Bundan on gün sonra, fevralın 24-də tətil kütləvi xarakter aldı. Həmin gün təkcə Petroqradda tətilçilərin sayı 200 mindən çox idi. Hətta fevralın 25-də bir sıra müəssisələrdə fəhlələr Petroqrad Sovetinə nümayəndələr seçdilər. Tətil ümumsiyasi tətilə çevrildi. Bəzi yerlərdə polis ilə toqquşmalar da baş verdi. Fevralın 26-da çarın, Ali Baş Komandanın əmri ilə tətilçilər qoşunlar tərəfindən güllə-boran edildilər. Sonrakı gün ümumsiyasi tətil silahlı üsyana çevrilməyə başladı. Fevralın 27-də 67 min əsgər üsyançılar tərəfinə keçdi. Artıq fevralın 28-də üsyançılar tərəfinə keçən əsgərlərin sayı 127 minə çatmışdı. Martın 1-də isə onların sayı 170 min idi. Fevralın 27-də axşam artıq paytaxtın əksər hissəsi üsyançıların əlinə keçmişdi. Lakin həmin günlərdə mütləqiyyət üsyana qalxan xalqla mübarizə aparmaq üçün hələ real qüvvəyə malik idi. Ordunun ali rütbəli zabitləri, polis, jandarm onun tərəfində idilər. Mülkədarlar, sənaye-ticarət burjuaziyasının yuxarı təbəqələri də çarı müdafiə edirdilər. Fevralın 27-də, hələ bir gün qabaq çar tərəfindən buraxılması elan edilən Dövlət Dumasının iclasında Petroqradda qayda yaratmaq üçün başda M.V.Rodzyanko olmaqla 12 nəfərdən ibarət Müvəqqəti Komitə yaradılmışdı. Komitənin tərkibinə 6 kadet, 1 nəfər kadetlərə yaxın olan, 2 oktyabrist, 1 menşevik, 1 trudovik və 1 mütərəqqi millətçi daxil idi. Elə həmin gün menşeviklərin, eserlərin və trudoviklərin liderləri menşevik Çxeidze başda olmaqla Petroqrad fəhlə deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar. Eser-menşeviklərin rəhbərlik etdikləri Petroqrad Soveti İcraiyyə Komitəsinin razılığı ilə 1917-ci il martın 1-dən 2-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi knyaz Q.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil etdi. Beləliklə, 1917-ci il martın 1-də çar mütləqiyyəti devrildi, martın 2-nə keçən gecə Romanovlar sülaləsindən olan axırıncı çar II Nikolay tac-taxtdan əl çəkmək haqqında akta imza etmək məcburiyyətində qaldı. Rusiyada Fevral inqilabı baş verdi. Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, Rusiya monarxiyasını dağıtdı. O Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabi Rusiyanı respublika və demokratiya yoluna, saf kapitalizm yoluna çıxaran zəmin hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demokratiyasına qoşulmalı idi. Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvələrin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı üsyan yolu ilə gözləmədən böyüyüb proletar-sosialist inqilabına keçməli idi. Burada marksistlərin "cəmiyyətin inkişafının lokomotivi" saydan sinfi mübarizə, sinfi qarşıdurma əsas rol oynamalı idi. Sosialistlərdən bir qrupunun, o cümlədən menşeviklərin, habelə bolşeviklərin müəyyən hissəsinin (Kamenev, Zinovyev, Rıkov və b.) fikrincə Rusiya sosialist inqilabı üçün hələ yetişməmişdi. Fevral inqilabından keçən 85 illik tarixi dövrün yekunları və bu dövr ərzində Rusiyada bərqərar olmuş sosializmin dərin uğursuzluqları bu fikri təsdiq etmişdir. Doğrudur, Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi. Dünya müharibəsi şəraitində baş vermiş sosial-iqtisadi böhranın təqsirkarı hesab edilən mütləqiyyət devrilsə də, fevral inqilabından sonra da Rusiyada bu proses davam etməkdə idi. Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hökumət və onu müdafiə edən qüvvələr böhrandan çıxmaq üçün hələ ciddi sosial-iqtisadi tədbirlər görə bilmirdilər. Fevral inqilabı demokratiya və aşkarlıq şəraiti zəminində bütün təbəqələrin sosial-siyasi fəallığına güc imkan versə də, dövlət quruculuğu, iqtisadi dirçəliş, müharibəyə və sülh məsələləri, sosial təminat və s. vacib problemlər həll edilməmiş qalırdı: Xalq təsərrüfatının dağılması davam edir, sənaye müəssisələri bağlanır, təsərrüfatsızlıq baş alıb gedir, işsizlik artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enmişdi. Siyasi qüvvələr, ictimai hərəkatlar, siyasi partiyalar və təşkilatlar, sosial qruplar arasında konsensusun olmaması da ölkədəki bu vəziyyəti daha kəskinləşdirirdi. Fevral inqilabından sonra da Rusiyada ictimai-siyasi qüvvələr üç cəbhədə qruplaşmışdı: burjuaziya və mülkədarlar, xırda burjuaziya (kəndlilər, şəhərin orta təbəqələri) və fəhlə sinfi və kəndin yoxsul təbəqələri. Rusiyanın gələcək inkişafı barədə onların hər birinin özünəməxsus proqramı və məqsədi var idi. Bu dövrdə Rusiyada siniflərin və sosial qrupların mənafeyini təmsil edən 90-a qədər siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlardan ən fəalları kadetlər, eserlər və menşeviklər idi. Bolşeviklərin də fəallığı artmışdı. 1917-ci ilin yayında "Xalq azadlığı (kadetlər) partiyasının sıralarında 80 minə qədər, eserlərin sıralarında 500 mindən çox, menşeviklərin sıralarında 200 minə qədər, bolşeviklərin sıralarında 220 mindən çox adam birləşmişdi (Fevral inqilabı üçün bolşeviklərin sıralarında 23.6 min adam var idi). Burjua-mülkədar partiyaları qrupuna daxil olan Oktyabristlər (liberal respublikaçılar) Fevral inqilabından əvvəl olduğu kimi hakimiyyəti mülkədarların və iri burjuaziyanın əlində saxlanmasını, konstitusiyalı monarxiya yaradılmasını, sonralar respublika qurulmasını, müharibənin son qələbəyə qədər davam etdirilməsini, torpaq üzərində xüsusi mülkiyyətin saxlanılmasını, mülkədar torpaq sahibliyinin toxunulmazlığını təklif edirdilər. Həmin qrupdan olan kadetlər ("xalq azadlığı") Fevral inqilabından sonra konstitusiyalı monarxiya ideyasından əl çəkərək respublika strukturlu quruluş yaratmağı müdafiə edirdilər. Bu partiyanın proqramında 8 saatlıq iş günü, kilsə və dövlət torpaqlarının paylanması, azad həmkarlar ittifaqlarının yaradılması tələbləri irəli sürülürdü. Bu partiya inqilabın burjua mərhələsində saxlanılmasına, Müvəqqəti hökumət timsalında təkhakimiyyətliliyin yaradılmasına çalışır, müharibənin davam etdirilməsinə tərəfdar çıxır, bölünməz Rusiya uğrunda mübarizə edirdi. Onların fikrincə, Fevral inqilabı ölkənin uzunmüddətli, sabit kapitalizm inkişaf mərhələsinin başlanğıcıdır, Ölkə əhalisinin əksəriyyətini təmsil edən xırda burjua partiyaları (bu zaman Rusiyada 30-a yaxın belə partiya var idi), o cümlədən eserlər və menşeviklər ölkəni islahatlar yolu ilə burjua demokratik respublikasına çevirmək niyyətində idilər. Onlar milli burjuaziya ilə ingilis-fransız kapitalistləri arasında saziş əsasında müharibəyə son qoymağı, təsərrüfatı bərpa etmək, fəhlə, torpaq və milli münasibət problemlərini həll etmək üçün Müəssislər Məclisini çağırmağı, ölkədə burjua-demokratik qaydaları bərqərar etməyi təklif edirdilər. Onların siyasi-strateji xəttinin mahiyyəti "orta yol" olan sazişçilikdən, Sovetlərin köməyinə arxalanan burjua-demokratik respublikası yaratmaqdan ibarət idi. Proletariatın adından çıxış edən bolşeviklər və onlara qoşulan qrup və təşkilatlar burjua demokratik inqilabının gözləmədən böyüyüb sosialist inqilabına keçməsi xəttini irəli sürürdülər. Bu keçid onların fikrincə kəskin sinfi mübarizə və qarşıdurma şəraitində baş verməli idi. Bolşeviklərin fikrincə, Rusiyada guya sosialist inqilabı üçün tam obyektiv və subyektiv şərait var idi; şəraitə uyğun olaraq dinc və ya silahlı üsyan yolu ilə sosialist inqilabı edib sovetlər formasında proletariat diktaturası yaratmaq və sənaye sahəsində - ictimai istehsal və məhsulların bölgüsü üzərində nəzarət qoyulması; ölkənin bütün banklarının vahid milli bank halında dərhal birləşdirilməsi; aqrar sahədə - mülkədar torpaqlarının müsadirə olunması və bunun əsasında ölkədəki bütün torpaqların milliləşdirilməsi kimi sosialist tədbirlərini həyata keçirmək lazım idi. Bolşeviklər müharibəni demokratik sülhlə başa çatdırmaq vəzifəsini irəli sürməklə yanaşı, onu hakimiyyət məsələsi ilə sıx əlaqələndirirdilər. Siyasi partiyalar 1917-ci ilin aprelindən oktyabrınadək həmin strateji məqsədlər uğrunda mübarizə aparırdılar. Liberal və xırda burjua partiyaları Müvəqqəti hökuməti saxlayıb möhkəmləndirməyə, ölkədə etibarlı sabitlik yaratmağa çalışırdılar. Eser-menşevik sovetləri də bu işdə onlara kömək edirdilər. Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar. Müəyyən dövrlərdə müxtəlif məna kəsb edən (1917-ci ilin aprelindən iyuluna kimi, avqustun 30-dan sentyabrın 1-nə kimi dinc, sentyabrın əvvəllərindən oktyabrın 25-dək silahlı yolla) "Bütün hakimiyyət sovetlərə!" taktiki şüarını irəli sürürdülər. 1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin bu da Rusiyada başlanmış siyasi və iqtisadi böhranı aradan qaldırmadı. Ölkədə iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinliyi davam edirdi. Ümumməhsul istehsalı 36.4 faiz azaldı. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiyalar ölkəni çıxılmaz vəziyyətdə qoyan fəlakətə qarşı mübarizə etmək üçün, ölkəni böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar. Burjuaziya və onu müdafiə edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura yaratmaqda görürdülər. ABŞ-ın, İngiltərənin və Fransanın hakim dairələri də bu xətti müdafiə edirdilər. 1917-ci il avqustun 12 - 15-də Moskvada keçirilən Dövlət Müşavirəsi bu məqsədi güdürdü. Hərbi diktaturaya hələ iyulun 18-də Baş Komandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adından çıxış edən bolşeviklər və onların tərəfdarları iri burjuaziyanın diktaturasına qarşı inqilabi çevriliş nəticəsində yaradılacaq proletariat diktaturası alternativini irəli sürürdülər. Beləliklə, 1917-ci ilin payızında inqilabi burjua demokratiyası mövqeyindən siyasət yürüdən, lakin ölkəni iqtisadi və siyasi böhrandan qurtarmaq iqtidarında olmayan Müvəqqəti hökumətə qarşı iki siyasi alternativ yaranmışdı: hərbi diktatura və proletariat diktaturası. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təhlükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı. Onların güclü hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən Sovetlərə verilməsi təklifləri geniş yayılmışdı. İmperialist müharibəsi və Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti ölkəni getdikcə uçuruma aparırdı. Ölkədə yaranmış ümummilli böhran getdikcə dərinləşirdi. "Sülh, torpaq və çörək" tələblərinin həllinin sonu görünmürdü. Bundan istifadə edən Lenin, bolşeviklər hakimiyyətin hər vasitə ilə bolşevikləmiş Sovetlərə verilməsini tələb edirdilər. 1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırdılar. Nəhayət, 1917-ci il oktyabrın 25-də partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər kütlələrin Müvəqqəti hökumətin daxili və xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq və çörək" şüan altında dövlət çevrilişi etdilər. Həmin çevriliş nəticəsində burjua diktaturası devrildi və bolşeviklər başda olmaqla proletariat diktaturası - Sovet höküməti yaradıldı. Oktyabr inqilabı, doğrudan da, XX əsrin tarixində çox böyük hadisə olmuşdu. Əvvəla, o, dünya miqyasında birinci olaraq yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə - kapitalizm və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil edən Rusiya imperiyasında sovet rejimi bərqərar etmişdi; üçüncü, Oktyabr çevrilişi vahid, bölünməz kapitalizm dünyasını parçalayaraq hələ XIX əsrin ortalarında meydana çıxan ideya (burjua və sosialist) qarşıdurmasını ictimai sistemləri müxtəlif olan dövlətlərin yetmiş ildən çox müddət ərzində əməli qarşıdurmasına gətirib çıxarmışdı. Oktyabr inqilabı Rusiyada ictimai-siyasi inkişafın qanunauyğun nəticəsi deyil, 1917-ci ilin payızında Rusiyada yaranmış ümummilli böhran şəraitindən Leninin, bolşeviklərin istifadə etmək məharətlərinin, hərbi diktatura təhlükəsinə qarşı proletariat diktaturası alternativini irəli sürməyin zəruriliyini gecikmədən qiymətləndirmələrinin, müharibədən, böhran və çətinliklərdən səbri tükənmiş xalq kütlələrinin ümidlərinə cavab verəcək çevik taktika yürütmələrinin nəticəsi idi. O, marksizmi təftiş etmək nümunələrindən olan sosialist inqilabı haqqında Lenin nəzəriyyəsinin kapitalizmin inkişaf səviyyəsi cəhətdən orta səviyyədən də aşağı olan Rusiyada əməli tətbiqinin təzahürü idi. Oktyabr çevrilişi bölünməz, toxunulmaz və tənqid olunmaz vahid ideyalı, vahid siyasi  partiyalı  totalitar sosializm yaradılmasının başlanğıcını qoymuşdu. Habelə o, "xalqlar həbsxanası" adlandırılan keçmiş çar Rusiyası imperiyasının beynəlmiləlçilik şüarı altında mexaniki olaraq Sovet imperiyasına çevrilməsinə təminat vermişdi. İctimai-siyasi və iqtisadi münasibətlər, habelə millətlərarası münasibətlər sahəsində Oktyabrdan keçən 74 ildən sonra özünü kəskin göstərmiş dərin böhran halları, sosial və milli qarşıdurmalar bu çevrilişin uğursuz taleyinin nəticələridir. Mənbə.kayzen.az Qeyd. Ancaq Öz fikrimi demək istəyitəm ən rəzil dövlət quruluşu sahib olan SSRi kölələştirmə siyasəti ilə hər kəsə zülm etdi və deyərdim ki, ən böyük köləlik Bizim məsum xalqımız gördü . Min Şükür Allaha Artıq Esir deyilik
568 Views