Qaynana filmi haqqında (Filmi İzləmək istəyən məqalənin sonunda izləyə bilər.)
Komediyanı kim sevmir, xüsusilə kinematoqrafik komediyanı? Komediyaya baxanda tamaşa zalında ətrafı gülüş səsləri bürüyür, kinoteatrdan xoş əhval-ruhiyyə ilə çıxırsan, baxdığın filmin yaradıcılarına öz ürəyində minnətdarlığını bildirirsən. Biz hamımız incəsənətin bu növünü sevirik. Çünki o, adamların əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. Kinonun janrları arasında ən populyar olanı musiqili kinokomediyadır. Musiqili kinokomediyanı "ulduzlarsız” təsəvvür etmək mümkün deyil. Azərbaycan estradasının kralı, müğənni və aktyor Rəşid Behbudov, görkəmli gülüş ustalarından Mirzəağa Əliyev, Ələkbər Hüseynzadə, Mustafa Mərdanaov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Münəvvər Kələntərli, Eldəniz Zeynalov və bu kimi digər sənətkarlarda komik və dramatik istedad, musiqi duyumu, xarici görünüş, milli temperament, zalı və ya kinokameranı hiss eləmək qabiliyyəti, tamaşaçıların sevgisini qazana biləcək digər nüanslar harmonik şəkildə birləşir. Belə aktyorlar uzun müddət musiqili komediyaların, ümumiyyətlə kinokomediyaların daşıyıcısı olurlar.
Misal üçün, xalq artisti Nəsibə Zeynalova "Ögey ana” (Fatmanisə), "Mollanın sərgüzəşti” (Gülsüm), "Ulduz” (Züleyxa), "Qanun naminə” (kəndli qadın), "”1001-cı qastrol” (Şərəbanı nənə), "Qaynana” (Cənnət), "Qorxma, mən səninləyəm” (Mərdanın anası), "Bəyin oğurlanması” (Nəsibə), "Yuxu” (Məsmə) kimi müxtəlif janrlı bədii filmlərdə mükəmməl komik obrazlar yaratmışdır. Adını çəkdiyim filmlər içərisində rejissor Hüseyn Seyidzadənin son işi olan və bu il 40 yaşına çatmış "Qaynana” musiqili kinokomediyasının kino tariximizdə öz xüsusi yeri var. Ümumiyyətlə, "Qaynana” tamaşasının və filminin maraqlı tarixçələri var. Bu tamaşa Musiqili Komediya Teatrında ilk dəfə 1965-ci ilin dekabrında göstərilmiş və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanmışdır. "Qaynana” musiqili komediyasını bəstəkar Zakir Bağırov aktyor Məcid Şamxalovun librettosu əsasında yazmışdır. İlk tamaşanın rejissoru Niyaz Şərifov, rəssamı Böyükağa Mirzəzadə idi. "Qaynana” tamaşasını məşhurlaşdıran, əsl sənət hadisəsinə çevirən əsas səbəbkar aktrisa Nəsibə Zeynalovanın əvəzsiz oyunu olmuşdur. Təsadüfi deyil ki, "Qaynana” tamaşası xalq artisti Nəsibə xanımın sağlığında teatrda 1000 dəfədən çox oynanılmışdır. Bu faktın özü həmin əsərin xalqa nə qədər yaxın olduğunu bir daha sübut edir.Maraqlı bir fakt. Ulu öndər Heydər Əliyev istər yaradıcılıq təşkilatlarında, istərsə də mötəbər məclislərdəki çıxışlarında həm teatr və kino sənətini, həm də teatr və kino işçilərinin əməyini həmişə yüksək qiymətləndirərdi. O, teatr tamaşalarına, filmlərə baxar, öz fikrini söyləyər, tövsiyələrini verərdi. Belə tamaşaların birində ulu öndər "Qaynana”ya baxandan sonra demişdi ki, kamil sənət ustası, realist sənətkar Nəsibə Zeynalovanın iştirakı ilə "Qaynana” tamaşasının ekran variantını çəkmək lazımdır. 1978-ci ildə ulu öndər Heydər Əliyevin bu tövsiyəsi reallaşdı. "Qaynana” musiqili kinokomediyası M.Şamxalovun eyni adlı pyesinin motivləri əsasında çəkildi. Filmin ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyevadır. Müəlliflər komediyanın süjetini saxlamaqla yanaşı, onun ekran variantına bəzi mühüm ştrixlər də əlavə etmişlər. Filmin şən və baxımlı olmasına, komik səhnələrin təsvirinə xüsusi diqqət yetirilmiş, bu məqsədlə kino sənətinin imkanlarından istifadə edilmişdir. Rəngli, genişekranlı filmdə toxunulan mövzu ümumbəşəri və əbədidir. Məişət problemi kimi qaynana ilə gəlinin qarşılıqlı münasibət tarixçəsi yer üzündə ailələrin yaranışından mövcuddur. Gəlinin bəy evinə gəlməsindən bir müddət sonra iki qadın, daha doğrusu, qaynana ilə gəlin arasında ya mehriban, xeyirxah, ya da, bir çox hallarda kəskin düşmənçilik münasibətləri qurulur. Bu vəziyyətdə kim haqlıdır, kim təqsirkardır? Buna qəti cavab vermək çətindir! Təəssüf ki, mövcud ailə problemi dərin psixoloji tədqiqata cəlb olunmayıb, daha doğrusu, bu məsələyə elmi əsər, dissertasiyalar həsr edilməyib. Dünyada dərisinin rənginə, millətinə və xarakterinə görə müxtəlif olan milyonlarla qaynana yaşayır. Bizim "Qaynana” filmi isə azərbaycanlı, dəqiq desək, bakılı qaynana haqqında söhbət açır. Filmin qəhrəmanının adı Cənnətdir. Müəlliflər qayınanaya bu adı təsadüfən qoymayıblar. Bu ad çoxmənalıdır. Bu Cənnət, necə deyərlər, gəlinlərin başında turp əkən hökmlü qayınanadır. Cənnətin obrazını teatrda olduğu kimi, filmdə də görkəmli sənətkar, xalq artisti Nəsibə Zeynalova yaratmışdır. Filmdə, biz onun ifasında Cənnət xalanı daha qabarıq, daha dolğun cizgilərlə görürük. Nəsibə xanımın yaradıcılıq manerasına məxsus təbiilik, sərbəstlik və bütövlük nəinki obrazın, həm də filmin təsir qüvvəsinin xeyli artmasına imkan vermişdir. Film yüngül yumoru, ağıllı dialoqları, milli müdrikliyi, sadə süjeti və personajların parlaq xarakterləri ilə diqqəti cəlb edir. Vaxtilə rejissor Hüseyn Seyidzadədən "Qaynana” filmi ilə bağlı aldığım müsahibədən: "Filmin quruluşçusu kimi, etiraf edim ki, mən aktrisa Nəsibə Zeynalova ilə işimizdən böyük yaradıcılıq zövqü aldım. Geniş diapazon, onun aktyorluq fərdiyyətinin parlaq təkrarsızlığı, personajının obrazına tam dəqiqliyi ilə düşməsi, oyununda emosionallıq, doğruluq və kamera qarşısında özünü olduqca təbii və səmimi aparmaq bacarığı, Nəsibə Zeynalovanın rol üzərində zərgər işi həqiqətən bizim filmi zinətləndirir”. Əgər baş rolun - qayınananın ifaçısı ilə rejissorun bəxti gətirmişdisə, ona tərəf - müqabil - ikinci gəlin (Afət) roluna partnyor (oyundaş) seçmək olduqca çətin idi. Burada səhv etmək olmazdı. Ona görə ki, bu duet filmin taleyini, onun bədii səviyyəsini həll edirdi.
Afət rolunun ifaçısı artistlik istedadından başqa əla xarici görünüşə, musiqi qabiliyyətinə, plastikliyə və ekssentrikliyə malik olmalı idi. Çünki bu obraz filmdə müzik-hollun solistidir. Bu rola kinosınaq üçün rejissor tərəfindən Leninqrad və Moskvadan dörd gənc aktrisa dəvət olunmuşdu. Sınaq nəticəsində, necə deyərlər, yaradıcılıq yarışında Moskva Dövlət Operetta Teatrının aktrisası İnarə Quliyeva qalib gəldi. Aktrisa İ.Quliyevanı tamaşaçılar "Alma almaya bənzər”, "Dədə Qorqud”, "Günlərin bir günü” filmlərindən də yaxşı tanıyırlar. Filmdə Ayaz rolunda aktyor Ceyhun Mirzəyev çəkilməli idi. O, hətta kinosınaq çəkilişindən də uğurla çıxmışdı. Amma çəkilişlər başlanarkən onu Fuad Poladov əvəz etdi. Digər rollarda İlham Əhmədov (İlqar, o, müzik-hollun rejissorudur), Tənilə Əhmərova (Sevda, birinci gəlin), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) iştirak edirlər. Mən bu aktyor heyəti arasında Tənilə xanım haqqında bir qədər ətraflı məlumat vermək istəyirəm. Azərbaycanın əməkdar aktrisası Tənilə Əhmərova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Elə həmin il "Sevinc buxtası” filmində Leyla roluna çəkilmişdir. 1978-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərmişdir. Bundan sonra o, "Şir evdən getdi”, "Üzü küləyə”, "Yarımçıq qalmış mahnı”, "Üzeyir ömrü”, "Əlavə iz”, "İşarəni dənizdən gözləyin”, "Dağıdılmış körpü” və s. filmlərdə müxtəlif rollar ifa etmişdir. Bir neçə xarici filmdə də çəkilmişdir. T.Əhmərova 2015-ci il avqustun 4-də vəfat etmişdir. Filmin operatoru Fikrət Əsgərov, rəssamı Nadir Zeynalov, baletmeysterlər Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Filmdə bir çox milli, eyni zamanda müasir caz, vokal və rəqs nömrələri səslənir. Bütün bunlar xalq artisti, bəstəkar Tofiq Quliyev tərəfindən yazılmışdır. Bəstəkarın hadisələrlə həmahəng səslənən musiqisi filmi bir növ tamamlayır. Tamaşaçıya ümumi hadisələr axınını daha aydın başa düşməyə imkan verir. Bir-birindən şən və lakonik olan mahnıların mətnini şair Fikrət Qoca yazmışdır. Bu mahnıları müğənnilərdən Flora Kərimova, Akif İslamzadə, Mirzə Babayev və Yalçın Rzazadə ifa edirlər. Şirin yumor, canlı komik səhnələr və hadisələrin dinamikliyi "Qaynana” bədii filmini daha da baxımlı etmişdir. Qayınana rolunun ifaçısı Nəsibə Zeynalovanın xatirələrindən: "1965-ci ildən doğma teatrımızda bu rolda çıxış etmişəm. Lakin teatr səhnəsi bir başqa, kino sənəti bir başqadır. Çox sevdiyim bu obrazı ekranda görmək mənim ən böyük arzum olub. Rejissor Hüseyn Seyidazadə yeni çəkəcəyi "Qaynana” kinokomediyasına məni baş rola dəvət edəndə çox sevindim. Elə rejissorla filmin çəkilişi zamanı yaxından tanış oldum. Çox istedadlı sənətkar idi. Əfsus ki, "Qaynana” onun son işi oldu.” Xalq artisti, kinorejissor Muxtar Dadaşovun dediklərindən: "Azərbaycan kinosunun ən peşəkar rejissorlarından olan Hüseyn Seyidzadənin çəkdiyi "O olmasın, bu olsun”, "Yenilməz batalyon”, "Dəli kür” və "Qaynana” filmləri milli kinomuzun qızıl fonduna daxil olmuşdur. Moskvada "Qaynana” musiqili kinokomediyası göstəriləndə moskvalılar bizi araya alıb, ürək sözlərini deyirdilər. Film barəsində ağız dolusu danışırdılar. Əfsus ki, Hüseyn Seyidzadə o dövrdə artıq həyatda yox idi.”Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir: tanınmış və varlı ailədən qız almaq və qız vermək, bazarlarda qiymətlərin süni yolla artırılması, cehiz məsələsi, ailə qədrini bilməmək, qondarma adların qoyulması və s. 1979-cu ildə Aşqabadda keçirilən XII Ümumittifaq kinofestivalında "Qaynana” filminin musiqisinə görə bəstəkar T.Quliyevə priz, aktrisa N.Zeynalovaya diplom verilmişdir. Hazırda bizim planet sosial, iqtisadi, siyasi və hərbi münaqişələrlə doludur. Bir tərəfdən də minlərlə ailə münaqişələri. Belə bir çətin vəziyyətdə "Qaynana”, "Bəyin oğurlanması”, "Evlənmək istəyirəm”, "Bəxt üzüyü”, "Əhməd haradadır?” kinokomediyaları insanlara sağlam gülüş, gözəl əhval-ruhiyyə bəxş edir.
Mənbə. http://artkaspi.az/
Müəllif. Aydın Kazımovski yazır
Qeyd. Bu filmi çox sevdiyimdən bu dəyərli maqələni sizinlə paylaşıram həqiqətən çox gözəl anlatılıb.
Filmi izləmək istəyənlər xoş seyrlər