Bəxtiyar Vahabzadə Təzədən Poeziyası
Bu şirin sevdaya düşəndən bəri
Neçə yol ayrıldıq bir- birimizdən
Ayrılıq günləri, hicran günləri
Uzandı...
Ömrünə ömr aldı bizdən.
Biz ki, öyrənmişik hicrana artıq,
Cövri yadda qalır, qəm unudulur.
Sevən könüllər üçün, gülüm uzaqlıq
Ən böyük, ən gözəl yaxınlıq olur
Yağış dayandımı? Qalın buluddan
Sıyrılıb yenidən təzə gün doğur
Hər uzun ayrılıq, hər qısa hicran
Səni mənim üçün yenidən doğur.
Ötən günlərimiz düşsə də yada,
Təzədən sevirəm, təzədən səni.
Elə bilirəm ki, bü gün dünyada
Ilk dəfə görürəm, gülüm, mən səni.
Ayrılıq günləri düzülür səfə,
Hər gün gözləyirik, hər gün, bir günü.
Ayrı bir adamsan, gülüm, hər dəfə:
Vüsalın əvvəli, hicranın sonu.
Teleqraf kağızı... kiçik bir varaq,
Alışan könlümə su səpir yenə.
Səndən ayrıldığım on gündür ancaq
Milyon illərdir ki, həsrətəm sənə.
On gündə əzabla neçə- neçə min,
Dəqiqə, saniyə yola saldıq biz.
Bu uzun anların, dəqiqələrin
Hansını yaşadıq bir- birimizsiz?
Sənin də yerinə danışıram mən,
Qoy olsun qəlbimiz ayrı deyildir!
Biz iki olsaq da vüsal günləri,
Ayrılıq günləri bir oluruq, bir!
Həsrət ürəyimdə qaladan möhkəm,
Hicran çöplərindən bir yuva qurmuş.
Sənin yanında da sənə həsrətəm,
Həsrət ayrılıqdan uzun olurmuş...
Görüş qışdan sonra gələn bahardır,
Ayrılıq görüşlə bitir...tez olur.
Eh!.. Ona nə var ki, müddəti vardır,
Həsrətsə ölçüsüz, müddətsiz olur.
Bil yaman gündə də, yaxşı gündə də,
Istərəm qovuşam, mən yetəm sənə.
Gözüm gözlərinə dikilən də
Həsrətəm, həsrətəm, həsrətəm sənə.