Katyuşa Silahı

Katyuşa Silahı

1941-ci il iyunun 21-də, Almaniyanın SSRİ-yə hücumundan bir gün əvvəl sovet hökuməti reaktiv artilleriya sistemlərinin seriyalı istehsalı haqqında qərar qəbul etmişdi. Beləliklə, adı gözəl, özü isə zəhmli «Katyuşa»nın istehsalına başlandı. «ZiS-6» markalı yük maşınlarının bazasında yaradılan «Katyuşa»lardan bu gün bütün MDB məkanında cəmi ikisi qalmışdır. Biri Peterburq Artilleriya Muzeyində, digəri isə Zaporojyedədir. Bir raket qurğusunun yaylım atəşi düşmənin başına 132 millimetrlik on altı və ya 82 millimetrlik otuz iki mərmi yağdırırdı. Raketlər, demək olar, eyni vaxtda buraxılır və hədəfə alınan rayonda ərazini bir neçə saniyə ərzində "şumlayırdı". SSRİ-də M-13 reaktiv mərmiləri və BM-13 buraxıcı qurğuları ilə təchiz edilən silahın layihələşdirilib hazırlanmasına XX əsrin 30-cu illərində başlanmışdı. 1937-ci ilin axırlarında qəlpələnən 82 millimetrlik reaktiv mərmilər havadakı və yerdəki hədəflərin vurulması üçün qırıcı təyyarələrin səmərəli silahı sayılırdı. Yarım il sonra sınaqlar keçirildi və sürətli bombardmançı təyyarələr 132 millimetrlik qəlpələnən-fuqas reaktiv mərmiləri ilə silahlandırıldı. Lakin 1938-ci ildə ilk sınaqların nəticələri uğurlu olmadı. Hərbi ixtiralar şöbəsində uzun müddət işləmiş polkovnik V.Qluxov o illərin müşavirələrindən biri haqqında xatirələrində yazır: «Budur, raketçilərdən soruşurlar: Atəşin sıxlığı məsələsində vəziyyət necədir? Onlar deyirlər: „Toplarla müqayisədə bir neçə dəfə pisdir. Salondakılar gülürlər. Bəs atəşin dəqiqliyi necə? O da toplara nisbətən pisdir. Yenə gülürlər. Yaxşı, bəs barıt məsrəfi? Toplarla müqayisədə barıtı bir neçə dəfə çox işlədir. Salondakılar uğunub getdilər“. Buna baxmayaraq, „Katyuşa“ getdikcə təkmilləşdirilir və daha səmərəli olurdu. 1941-ci il iyunun əvvəllərində BM-13-ün ilk təcrübi hissəsi hərtərəfli poliqon sınaqları üçün hazırlanıb başa çatdırıldı. Onda hələ heç kim bilmirdi ki, onları müharibədə sınaqdan çıxarmaq lazım gələcəkdir. „Katyuşa“nın heyrətamiz gücü vardı — o, düşmən nöqtələrinin külünü göyə sovurmaqla yanaşı, çox dəhşətli psixoloji təsir də göstərirdi. Yeri gəlmişkən, ona nə üçün belə gözəl ad verildiyi indiyədək məlum deyildir. Belə ehtimal var ki, bu, Komintern adına Voronej zavodunun markası ilə bağlıdır və onun buraxdığı maşınların üstündə „K“ hərfi yazılırdı. Lakin güman edilir ki, bu ad Katyuşa haqqında mahnıdan götürülmüşdür. Faşist komandanlığının məxfi sənədlərində „rusların avtomatik çoxlüləli odsaçan topu“ barədə məlumat verilirdi. „Katyuşa“nın atəşindən sağ çıxan alman hərbçiləri daha müqavimət göstərə bilmirdilər, çünki ya kontuziya olur, ya da dəhşət və qorxudan donub yerlərində qalırdılar. Almanlar „Katyuşa“nı nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırdılar. Lakin sovet komandanlığı tribunalla hədələyərək, təhlükə yarandıqda maşını partlatmağı əmr etmişdi ki, bu silah düşmənin əlinə keçməsin. Əsir düşən bir alman zabiti „Katyuşa“nı „iş başında“ gördükdən sonra dindirilərkən soruşmuşdu: „Mən yaralanmışam və tezliklə öləcəyəm. Odur ki, sirlərinizi heç kimə aça bilməyəcəyəm. Amma ölümqabağı mənə deyin, bu, nə olan şeydir? Başımıza yağan od-alov Tanrınınmı qəzəbidir?“. Mənbə. Kayzen.az
568 Views