Boş qalan dolu kitabxanalar
Elm və texnologiyanın inkişafı insanı günbəgün təbiilikdən uzaqlaşdırır. Qabaqlar hamımızın görüş yerimiz, bilgi və elm ocağı olan kitabxanalar yavaş-yavaş virtual alternativləri ilə əvəzlənir. 5-10 il öncə kitabxana salonlarında “iynə atsan yerə düşməzdi”, amma indi bu məkanlara gedənlər barmaqla sayılacaq qədər azdır. Milli.Az xəbər portalı bu dəfə kitabxanaları araşdırır.
İlk kitabxana eramızdan əvvəl olub
Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik?
Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar.
Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.
Kitabxana sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Assur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar Asurbanipal tərəfindən eramızdan əvvəl 625-ci ilə qurulan kitabxananın adı Ninova olub. Bu kitabxanalardakı kitablar üzəri şiş uclu alətlə uyazılmış gil lovhələr olub.
Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi.
Avropanın ən böyük kitabxanalarından biri bizdədir
Bizim ölkəmizdə də ənənəvi kitabxanalar mövcuddur. Amma müasir dünyada qrafik, səsli və görüntülü kitabxanaların olması barədə yəqin ki, bir çoxunuzun məlumatı var.
İnternet kitabxanalarının indiki qədər inkişaf etmədiyi dövrlərdə kitabxanalar təhsilə və elmə ən böyük yardımçı idi. Əslində, yenə də elədir, çünkü bir çox nəşrlər var ki, onları internetdən əldə etmək olmur. Belə situasiyada kitabxanaların dəyərini anlayırıq.
Azərbaycanın ən böyük kitabxanası olan M.F.Axundov adına Milli Kitabxana nəinki Qafqazda, eləcə də Avropa qitəsində, o cümlədən bütün dünyada şöhrəti olan ən böyük milli kitabxanalardan biri hesab edilir. 1923-cü ildə Milli Kitabxana 5 min nüsxə kitabla kiçik bir mənzildə işə başlayıb. İndi kitabxananın fondunda 5 milyona yaxın kitab var. Bir ildən çoxdur ki, kitabxanada elektron kataloq mövcuddur.
Kitab evləri niyə boşdur?
Mətbuatda tez-tez “kitabxanalarda oxucu problemi var” fikri dolaşır. Bununla razılaşmayan Milli Kitabxananın direktoru Kərim Tahirov belə fikirləri doğru saymır. Onun sözlərinə görə, kitabxananın oxu zalına adi günlərdə 500-800, şənbə və bazar günləri isə 1000 nəfərdən çox oxucu müraciət edir.
Tahirov deyir ki: “Bizdə oxucu problemi yoxdur. Axı virtual oxucu anlamı da var. Bizim daimi oxucularımız 38 min nəfərdir, kitabxanaya gələnlər orta hesabla 8 min, virtual istifadəçilərimiz isə 90 mindən çoxdur”.
Amma gəlin gerçəkçi bir tərzdə baxaq, bu gün bizim kitabxanadan istifadə edənlər kifayyət qədərdirmi? Xeyr. Olduqca az oxucu bu kitabxanaya baş çəkir. Səbəbləri çoxdur. Ən başlıca səbəb isə, qış aylarında oxu zalının soyuq olması, istilik təchizatının zəif və yaxud da ümumiyyətlə olmamasıdır.
Dost-tanışdan “kitabxanaya gedirsənmi?” deyə sorduqda birmənalı olaraq əksəriyyət “xeyr” deyir. Amma səbəbini hərə bir cür izah edir. Kiminə görə indi virtual aləmdə kifayət qədər vəsait var, evdən çıxmadan da istədiyin kitabı əldə etmək olur. Kimisi hesab edir ki, kitabxanalarda mühit normal deyil, qayda-qanun yoxdur. Başqa birinin fikrincə axtardığını tapa bilmirsən, ədəbiyyat qıtlığı var.
Milli Kitabxanadakı səraitin normal olmasından oxucular razılıq edir, amma oradakı vəsaitin yalnız tələbələrə və elmi işçilərə gərəkli olduğunu deyirlər. Ən yeni ədəbiyyat, dünya şöhrətli kitabları burada tapmaq müşkül məsələdir. Tapsan da “viran” olmuş, bəzi vərəqləri çıxarılmış halda olacaq.
Hansı dildə kitablara üstünlük verilir?
Həm kitab bazarında, həm də kitabxanalarda böyük əksəriyyət rusdilli ədəbiyyata üstünlük verir. Belə ki, araşdırmamıza görə, kitab alıcılarının 12 faizi azərbaycandilli. 80 faiz oxucu rus dilində kitab alır. Yerdə qalan 8 faizlik bir qisim isə ingilis, fransız, alman və s. dillərdə olan vəsaitlərdən istifadə edir. Burada həm ictimai-siyasi situasiyanın, həm cəmiyyətin mənəvi-psixoloji, sosial-iqtisadi durumunun, həm də düşüncə tərzinin önəmli rolu var.
Birincisi, etiraf etməliyik ki, Azərbaycan dilində ciddi ədəbiyyat, elmi-texniki çox azdır. İkincisi, kitab oxumağa maraq aşağı səviyyədədir. Etiraz edənlər ola bilər. Amma etiraz etməzdən öncə ətrafınıza fikir verin, sonuncu dəfə yaxınlarınızın, ətrafınızdakıların ciddi bir şey oxuduğunu nə zaman müşahidə etmisiniz?
Rus dilində kitablara üstünlük verənlər bu seçimi müxtəlif fikirlərlə izah edirlər. Bir qisim oxucu hesab edir ki, azərbaycandilli kitablar olduqca bəsit, ötəri və “həvəskar” yazılır. Peşəkarlıq az hiss olunur.
Başqa bir qisim oxucunun fikrincə rus dilindən öz dilimizə tərcümə edilən kitablar da yaxşı deyil, çünki tərcümə üzdən, dayaz edilir, keyfiyyətsiz iş görülür, dilçilik qanun-qaydalarına əməl edilmir.
Üçüncü qisim isə hesab edir ki, bizim dilimizə tərcümə edilən ədəbiyyat xarici dilli vəsaitin necə deyərlər “tör-tüküntüsü”dür. Tərcümə üçün hər hansı bir kitab götürülür və tərcümə edilir. Kim yazdığına, necə yazıldığına, nədən yazıldığına önəm verilmir.
Yazıçını rüsvay edən tərcümələr
Yeri gəlmişkən, bir şeyi qeyd etmək yerinə düşər: Bu günlərdə məhşur yazıçı Çingiz Abdullayevin bir neçə kitabını aldıq. Bildiyiniz kimi, Çingiz Abdullayev rusdilli yazardır, bütün əsərlərini də rus dilində yazır.
Onun əsərlərini Azərbaycan dilində oxumaq istəyənlər isə elə bir tərcümə ilə rastlaşırlar ki, sanki bu tərcüməçi qarşısına dünya şöhrətli yazarı rüsvay eləmək məqsədi qoyub.
Kitabı rus dilindən tərcümə edən “Çıraq”, “Nurlar” kimi nəşriyyat evlərində dilimizin qrammatik qaydalarını bilən bir savadlı tərcüməçi yoxdur deyəsən. Çünki öz dilimizə tərcümə edilərək nəşr edilən kitablardakı səhvləri sayıb qurtarmaq mümkün deyil. Bir kitablardakı yüzlərlə səhv heç başadüşülən deyil.
“Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür”. Bunu Herbert Spencer deyib. Sözsüz ki, söhbət mənəvi dəyərdən gedir. Con Lilton isə deyib ki, əgər siz bir insanı öldürsəniz, Tanrının güzgüsünü, ağıl sahibini öldürmüş olursunuz. Əgər ağıl məhsulu olan bir kitabı yox etsəniz ağılın özünü yox etmiş olursunuz. Çünki Tanrı bunu bağışlamır.
Makedoniyalı İsgəndər yandırdığı saysız-hesabsız kitablarla nə qədər günah alıbmış… Eləcə də ərəblər “bu kitablarda yazılanlar Quranda varsa artıqdır, yoxsa küfrdür” düşüncəsi ilə dünyanın ən böyük kitabxanalarını yandırmaqla nə qədər böyük günaha batıblar...
Mənbə. kayzen.az