Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?...
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur:
“Ey Əbuzər! Behiştə getmək istəyirsən?” Əbuzər cavabında ərz edir: “Atam sənə qurban, bəli!”
Peyğəmbər (s) Əbuzəri behiştə dəvət etmək əsnasında üç əsaslı şərti bəyan edir:
1. –
Uzun arzuları başından çıxart:
Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır.
Uzun arzuların təhlükəsi barəsində, onların insanı şübhəyə salib sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən imam Əli (ə) buyurur:
“Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaq, digəri isə uzun arzulara qapılmaqdır. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular isə axirəti unutdurur.” (“Nəhcül-bəlağə” (tərc.), xütbə 42, səh.127.)
2. –
Ölümü gözlərinin önündə gör:
İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki insan əgər uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. Buna görədir ki, uzun arzuları kənarlaşdırmaqla ölümü fikirləşmək arasında sıx əlaqə mövcuddur. Arzu etmək kamil olaraq insanın ixtiyarında deyil. İnsan maddiyyata önəm verən bir mühitdə tərbiyə tapdığı zaman, görməlilər və eşitməlilər ona təsir edir; onun gözünü və qulağını dünyaya dikdirib istər-istəməz dünyəvi arzuları onun qəlbinə yeridir. İndi nə etməliyik ki, dünyanın bər-bəzəyi bizi özünə cəlb etməsin və başımızda uzun arzular bəsləməyək?! Peyğəmbər (s) Əbuzərə tövsiyə edir ki, ölümü həmişə gözlərinin qabağına gətirsin. Əgər bir kəs həmişə bu həyatın sonunun ölüm olduğuna layiqincə diqqət yetirə bilsə, anlayacaqdır ki, bu dünyaya ürək bağlamağına dəyməz. Ürək bağlanası şey sonsuz, tükənməz olmalıdır. Bu da ancaq axirətin pak həyatıdır.
Rəvayətlərin birində Peyğəmbər (s) buyurur:
“İnsanlarin ən zirəki ölümü tez-tez xatırlayandır.” (“Biharul-ənvar”, c.6, səh.130.)
Məlumdur ki, zirək insan aldanmaz, dünya və axirət arasında ən yaxşısını seçər. Zirək insan biləndə ki, dünyanin axırı ölümdür, ona məhəl qoymaz. Hər halda, ölümü anmaq dünya məhəbbətindən və onun arzularına mübtəla olmaqdan yaxa qurtarmaq üçün təsirli bir dərmandır.
3.
Allahdan necə lazımsa həya et:
Behiştə daxil olmağın üçüncü şərti Allahdan həya etməkdir. Peyğəmbərn (s) Allahdan həya etməyin lüzumunu açıqlayarkən Əbuzər fikirləşir ki, yəqin Peyğəmbərin (s) xüsusi məqsədi var, buna görə də soruşur:
“Ey Allahin Rəsulu (s), elə bizim hamımız Allahdan həya edirik.”
Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyəndən sonra, Allahdan həya etməyin üç cilvəsini qeyd edir:
“Allahdan həya etmək siz düşünən kimi deyil, Allahdan həya etmək odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan.” Qəbiristanlıqlara üz tutub torpağın altında uyuyan ölülər və onların aqibəti haqqında fikirləşəsən. Əxlaq ustadları da şagirdlərinə tövsiyə edirdilər ki, hər gün qəbiristanlığa getsinlər, ən azı həftədə bir dəfə olsa, qəbiristanlığa baş çəksinlər ki, bir az da olsa, ürəklərindən dünya məhəbbəti və maddi həvəslər təmizlənsin; heç olmasa, dünya və axirət arasında ümumi tarazlıq yaransın. Elə olmasın ki, insan dünyəvi işlərə qapanıb qalsın və dünya eşqi onun ürəyinə kölgə salsın, Allah xofunu dərk etmək istəməsin və imam Hüseynin (ə) adı gələndə gözləri yaşarmasın. Ya da behiştin və onun nemətlərinin adı çəkiləndə ürəyi çırpınmasın.
İlahi həyanın ikinci nişanəsi budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur sönməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa, onda ibadətə meyil zəifləşəcək və ürəyində Allah qorxusu, behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət zəruridir. Qurani-Kərimdə insana tövsiyə edilir ki, nə yediyinə fikir versin:
“(Ey) insan, nə yediyinə bir bax!” (“Əbəsə” surəsi, ayə 24.)
İlahi həyanın üçüncü nişnəsi budur ki, insan baxıb görsün, başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir. Həzrət buyurur:
“Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.”
Hədisin davamında Peyğəmbər (s) Əbuzərə buyurur:
“Axirətin kəramətini istəyən kəs dünya zinətlərini tərk etməlidir. O vaxt ki belə ola bildin, bil ki, Allaha dostluq məqamına çatmısan.”
Elə ki, insan dünyadan qırıldı, ona etinasız oldu, meylini axirətə, onun əbədi nemətlərinə və Allaha yaxınlaşmağa salacaq, axirətdə əziz və kəramətli kəslərdən olacaqdır. Bunun müqabilində, əgər dünya insanın nəzərində böyük görünsə, axirət nəzərində kiçiləcəkdir.
İlahi, bizi Öz nemətlərindən düzgün istifadə etməkdə müvəffəq et və behişt yolundan uzaqlaşdırma! (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, 25-ci dərs, səh.63-73.)
Mənbə. (Maide.az)