Azərbaycan dövlətçiliyinin bərpası
IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı.
Şirvanşahlar dövləti (861-1538).
Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq Şirvanşahlar dövləti yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü.
X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi.
Səlcuq imperatorluğu (1038-1157)
Səlcuqlar oğuz boyu olmuşlar. Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul, qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi.
Səlcuqlar 1040-ci ildə qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu. I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı.
Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı.1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü.
Sacilər dövləti (879-941).
Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəçiliyini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəllərində Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə, Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı.
Salarilər dövləti (941-981). Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi.
Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü.
Qəznəvi dövləti (962-1187) əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qəznə şəhəri idi.Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal-qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı.
XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu.
Şəddadilər dövləti (971-1086) Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı.
Bir sıra yürüşlər nəticəsində Şəddadilər səlcuqlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması slavyanlara qarşı mübarizəni çətinləşdirirdi.
Atabəylər (Eldənizlər) dövləti.
Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də Atabəylər dövləti oldu.
Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın "atabəyi" təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoymuşlar. Şəmsəddin Eldəniz II Toğrulun ölümündən sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O, 1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətdə oldular.
XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı.
Müəllif R.F.Sadıqov Mənbə Bunu hər bir Azəri Türkü bilməlidir kitabı
Mənbə.kayzen.az