Ekranlaşdırılmış ədəbi əsərlər - Qoca və dəniz
Yazıçıya dünya şöhrəti gətirən, Nobel mükafatına layiq görülən əsər Santyaqo adlı qocanın dənizdə marlin balığını tutmasından, onun nəhəng balıqlarla mübarizəsindən bəhs edir.
84 gün dənizə balıq ovuna çıxan, lakin bir balıq belə tutmayan qocaya qəsəbədə hamı uğursuz kimi baxır. Yalnız balaca dostu Manolindən başqa. Manolinin atası ona Santyaqo kimi bəxti gətirməyən balıqçı ilə dənizə çıxmağa qadağa qoyur və ancaq uğurlu balıq ovu edənlərlə işləməyi tapşırır. Amma oğlan tez-tez qocanı yoluxur, onun qayğısına qalır. Onların söhbətinin əsas mövzusu Santyaqonun gəncliyi, dəniz, balıqlar və qocanın pərəstişkarı olduğu, beysbol oyunçusu Co Di Madcodur (amerikalı beysbolçu, beysbol tarixində ən görkəmli nümayəndələrdən biri).
Növbəti, 85-ci gün qoca yenə dənizə çıxır. Nəhayət, onun qarmağına nəhəng marlin balığı düşür. Amma balığı ram etmək çətin olur. İkigünlük mübarizə aparan qocanın qayığını balıq uzaqlara aparır. Gərgin mübarizə nəticəsində qoca balığı suyun səthinə çıxarır, onu qayığın bortuna bağlayaraq geri qayıdır. Amma balıqdan axan qan iyinə toplaşan akulalar onu yeyir. Akulalarla mübarizə aparan qoca onlardan beşini öldürür.
Geri qayıdanda balıqdan yalnız skelet qalır...
...Əsərin ilk ekran versiyasını 1958-ci ildə, kino tarixində daha çox Akira Kurosavanın «Yeddi samuray»a çəkdiyi remeyklə — «Möhtəşəm səkkizlik» vesterni ilə qalan amerikalı rejissor Con Sterces çəkib.
Santyaqo rolunu iki dəfə ən yaxşı kişi roluna görə Oskar mükafatı almış Spenser Treysi oynayıb. Təəssüf ki, rejissor «Qoca və dəniz»in kinodilini, bədii, təsvir modelini tapa bilməyib. Başqa sözlə desək, nə uğurlu adaptasiya alınıb, nə də sərbəst rejissor traktovkası. Film bədii mətnin uğursuz hərfi təsvirinə, illüstrasiyasına çevrilib.
Ümumiyyətlə, «Qoca və dəniz» bir balıqçının nəhəng ovunu əldə etmək uğrunda mübarizəsindən daha dərin məna daşıyır.
Uğursuzluqlarına baxmayaraq, qoca ruhdan düşmür, ümidsizliyə qapılmır, inamını itirmir, mübarizə apararaq sonadək cəhd göstərir. Ümid, inam dində əhəmiyyətli anlayışlardan biridir. Çünki ümidini itirmiş adam, həm də Tanrıdan üz döndərmiş olur. Xristianlıqda isə inam insanın Tanrıya tapınması kimi qəbul olunur. Və insanın təbiət qanunlarını adlamasında inam əsas və qaçılmaz faktor sayılır. Bu mənada ən yayğın nümunə apostol Pyotrun suda gedərkən Tanrıya inamını itirərək büdrəməsidir.
Başqa bir məsələ, qocanın həyata baxışı, dünyagörüşündəki ziddiyyətdir. Santyaqo özünü təbiətin bir parçası kimi görür, balığı qurbandan çox, tərəf-müqabili, dost kimi qəbul edir. Eyni zamanda, təbiətlə münasibətindəki konfliktli situasiyadan da qaça bilmir. Yəni qoca üçün dəniz, onun canlıları dəyərdir, amma yaşamaq, var olmaq üçün ova məcbur olduğunu da dilə gətirir, günah hissi duyur.
Bəlkə, elə təbiətin qanunlarını pozduğundan, o, ölümlə üz-üzə gəlir, sonda yırtıcı balıqlar qocanı qənimətsiz qoyaraq onu cəzalandırırlar.
Başqa bir tərəfdən, qocanın maneələri aşaraq hədəfinə çatması, mif, nağıl qəhrəmanlarının çətinlikləri keçərək niyyətlərinə çatması motivi ilə oxşardır.
Rejissor əsərin bu məziyyətlərini, fərqli məna spektrlərini gözardı edib. Santyaqonun iç dünyasını, daxili konfliktini, yaşantılarını ifadəli, dolğun vizual mətnə çevirməyib. Və ən pisi odur ki, əsər haqda yeni nəsə deməyib.
Filmdə əsas yük Spenser Treysinin üzərinə düşür. Amma peşəkar, təcrübəli aktyor olmasına rəğmən, o da obrazın həllini tapmayıb, onun konfliktini, problemini özündən, düşüncəsindən, emosional dünyasından keçirməyib. Filmə baxan Heminquey onun ifasını bəyənməyib və haqlı olaraq Treysinin ifası haqda tənqidi fikir səsləndirib: «O, yoxsul kubalı balıqçıdan çox, maddi baxımdan hərtərəfli təmin olunmuş yaşlı aktyor təəssüratı bağışlayır».
Rejissor uyğun ifadə vasitələrindən yararlanmaq əvəzinə, asan yola qaçıb. Bədii mətnin poetikasını, dramatizmini, psixoloji situasiyaları bəsit bir yolla həll edərək — kadrarxası müəllif mətnilə ötürüb. Başqa cür desək, ekranda nəsə baş vermir, sözlərlə yüklənmiş nəql tamaşaçını qocanın həyəcanına, ağrısına şərik edə bilmir, üstəlik, effekti, təsir gücü olmayan musiqidən istifadə olunur. Nəticədə musiqi təsviri bitkinləşdirmir, əksinə, izafi, kənar element kimi qalır.
Dəniz səhnələri naturada — Kubada, Havayda çəkilsə də, aktyor oyunu ilə dəniz təsvirlərinin ayrı-ayrı çəkilməsi reallıq duyğusunu heçə endirir, uyğunsuz, pinti rakurslar süni məkan hissini yaradır. Qocanın qarmağına düşən balığın isə mulyaj (əyani vəsait kimi istifadə etmək üçün obyektin dəqiq sürətinin çıxarılması) olduğu aşkarca görünür.
Maraqlı bir faktı da deyim ki, əsərin ekranlaşdırma hüququnu, məşhur amerikalı aktyor Hamfri Boqart əldə etmək istəyirdi. O, bu rolda özünü görürdü, rejissor kimi isə Nikolas Reyi dəvət etməyi planlaşdırırdı. Amma aktyor bu arzusuna çata bilmir.
Rus rejissoru Mixail Rommun filmlə bağlı fikirləri maraqlıdır: «Məncə, film nəinki əsərdən pisdir, o, ümumiyyətlə, pis kinematoqrafdır».
Əsərin növbəti ekranlasdırmasını 1990-cı ildə, daha çox teleserial, telefilm rejissoru kimi tanınan amerikalı Cad Teylor reallaşdırıb. Baş rolda isə dövrünün ən yaxşı aktyorlarından biri Entoni Kuinn çəkilib.
Film romanın müəyyən dəyişikliklərlə çəkilmiş ekran versiyasıdır. Əhvalatda iki paralel xətt əsas götürülür. Birinci xətt Santyaqonun dənizdə mübarizəsi, digər xətt isə qəsəbəyə gələn yazıçı və arvadının çətin münasibəti, yaradıcı böhran keçirən yazıçının Santyaqoya olan marağıdır. Çox güman ki, yazıçı Heminqueyin prototipidir. Çünki bir dönəm Heminquey də yaradıcı böhran yaşamışdı, yaradıcılığının sonrakı mərhələsinin estetik prinsiplərini müəyynləşdirməyə çalışmışdı.
Mövzu axtarışında olan yazıçının diqqətini 84 gün dənizə çıxan və heç nə əldə etməyən qoca çəkir. Ona maraqlı gələn bu hadisəni yazmağı qərara alır.
Əsərdən fərqli olaraq qocanın bioqrafiyası ilə bağlı bəzi detallar da artırılıb: arvadının erkən vəfatı, onun tənhalığı, Havanada yaşayan qızının ara-sıra onu yoluxması. Qızı atasını yanına aparmağa dilə tutsa da, qoca doğma yerləri tərk etmək istəmir. Amma funksional əhəmiyyət daşımayan, dramaturji yükü olmayan belə bir miks yanaşma əsərin ideyasına, problematikasına təsirsiz ötüşür.
Rejissor əlavə xətlərlə təhkiyənin tempini dinamikləşdirməyə, vizual baxımdan zəngin etməyə çalışsa da, bədii mətnin dərinliyinə baş vurmayıb. Hər halda, Treysidən fərqli olaraq, Kuinn mənalı, ifadəli susqunluğunu, daxili emosiyalarını zahiri soyuqluqdan keçirərək ötürə bilir və bununla da qocanın şəxsiyyətini açır, qarşımızda güclü xarakterli, yaşam modelini müəyyənləşdirən, prinsipləri aydın insanı görürük.
Rejissor qocanın təslim olmamasına xüsusi vurğu edir. Barmen ilə söhbətində yazıçının «84 gündü ovu yoxdu, amma o, təslim olmur. Və burda bir müstəsna ləyaqət üstünlük var»- fikri ilə həm də öz əhvalatının əsas niyyətini vurğulayır.
1958-ci il versiyası ilə müqayisədə, burda ölkədəki sosial gerçəklik, insanların məişəti, dəniz təsvirləri real, dolğundur.
«Qoca və dəniz»in ən yaxşı ekranlaşdırması qazax rejissoru, yazıçı Ermek Tursunova məxsusdur. Müxtəlif festivallarda mükafatlar alan Tursunov kinomütəxəssislər tərəfindən qazax kinosunun parlaq nümayəndəsi kimi dəyərləndirilir.
O, 2012-ci ildə çəkdiyi «Qoca» dramında hadisələri müasir Qazaxıstana gətirir. Balıqçını çoban Qasımla (Erbolat Toquzakov), dənizi meşə, Manolini nəvəsi Eralla, Santyaqonun beysbol sevgisini qazaxlı qocanın futbol azarkeşliyi ilə əvəz edir. Üstəlik, rejissor qazax koloritini, musiqisini, məişət mədəniyyətini, təbiətini əhvalatın strukturuna yerləşdirir və bu, filmə spesifik atmosfer gətirir.
Qoca Qasım gəlini və oğul nəvəsi ilə birgə kənddə yaşayır. Onun əsas əyləncəsi televizorda futbol izləməkdir. At və qoyun saxlayan qoca bir gun çöldə, sürünü aparanda dumana düşür və azır. Bir neçə gün əvvəl isə bura şəhərli ovçular canavar balalarını ovlamaq üçün gəlirlər. Və qocadan onların harda olduğunu soruşanda o, yolu göstərir. Qəzəblənmiş canavarlar ovçuları öldürür və sonra isə Qasıma hücum edir, onun sevimli atını və bir neçə qoyununu öldürür. Qasım şaxtalı-sazaqlı gündə canavarlarla tək döyüşə çıxır...
Dram-triller janrında çəkilən filmdə çağdaş dövrümüzün aktual problemləri təsvir olunur. Misalçün, torpağa bağlı baba və bahalı avtomobillərə, texnoloji yeniliklərə maraq göstərən nəvənin simasında nəsillər arasındakı qırılma nöqtəsi xüsusi vurğulanır. Onların həyata fərqli baxışı, müxtəlif dəyər daşıyıcısı olmaları səbəbindən aralarında tez-tez mübahisə baş verir. Amma baba itkin düşəndə nəvə bütün aulu ayağa qaldırır. Babanın gözlənilməz itkisi nəvəni sanki bir günün içində böyüdür, o, yalnız bu itki ilə həyatındakı boşluğu anlayır. Belə bir həssas vəziyyətlə də rejissor fərdin indisini, gələcəyini keçmişi dərk etmədən, tanımadan qura biləcəyini şübhə altına alır.
Canavarlar şəhərli ovçulardan, sonda isə qocadan qətlə yetirilmiş balalarına görə qisas alır və qoca ölümlə üzləşəndə nəvəsini düşünərək onun varlığından güc alır. Bu, həm də keçmişlə gələcək arasındakı bağlantının zəruriliyini eyhamlaşdırır.
Bir tərəfdən də ateist düşüncəyə sahib olan Qasım məhz ekstremal vəziyyətdə Tanrıya tapınır, ondan kömək istəyir. Onun mübarizə əzmi nümayişində inam da böyük rol oynayır.
Santyaqo marlin balığını ovlamaqla təbiətin qanununu pozur, Qasım isə ovçulara canavarların yerini bəlli etməklə təbiətə qarşı gedir. Və o, bu günahını sevimli atını itirməklə, sağ qalmaq üçün qoyunlarını canavarlara yem etməklə ödəyir. Çünki insan təbiətə xəyanət edirsə, harmoniyanı pozursa, bu, bir gün daha sərt, amansız şəkildə onun özünə qarşı tuşlanacaq.
Santyaqo kimi, Qasım da canlılara dost, tərəf-müqabil statusunda baxır. Onun sevimli atını parçalayanda Qasım məyusluqla «nahaq bunu etdin, mənin boz qardaşım» deyir. Onların mübarizəsi iki alicənab döyüşçünün savaşı səviyyəsində təsvir olunur. Özəlliklə də iki səhnə təsvir gücünə görə yaddaqalandır: final səhnəsində ana canavarın qocaya çağırış edən, meydan oxuyan nəzərlərlə baxışı və sanki onu bağışlaması və çox yaxın planda qocanın bu mübarizədə əzmkarlıq, xarakter ifadə edən siması.
Həyatının son dönəmində Qasım ağır imtahandan keçir, yenilənir, mühüm həyat dərsi alır və sanki katarsis yaşayır. Yuxuda özünü körpə kimi görməsi, anasına can atması da buna işarədir.
Əhvalat saspens elementləri ilə zəngindir: paralel xətti — qocanın hüquq-mühafizə orqanları tərəfindən axtarış səhnəsi, şəhərli ovçuların meyitlərinin gözlənilmədən əhvalata girməsi, canavarların hücumu və s.
Keyfiyyətli operator işi, soyuq, ekspressiv təbiət mənzərələri kadrları dərinləşdirir, ona dokumentallıq duyğusu verir.
«Qoca» 2013-cü ildə «Xarici dildə ən yaxşı film» nominasiyasında Oskar mükafatına irəli sürülüb.
Sevda Sultanova
«Ekranlaşdırılmış ədəbi əsərlər» layihəsindən
Ədəbiyyat qəzeti
Mənbə.kayzen.az