İMAM CAVADIN (Ə) YƏHYA İBN ƏKSƏMLƏ ELMİ MÜZAKİRƏSİ

İMAM CAVADIN (Ə) YƏHYA İBN ƏKSƏMLƏ ELMİ MÜZAKİRƏSİ

Bu gün imam Cavadın (ə) doğum günüdür.
Uşaq ikən imamət məqamına çatan imam Cavadın (ə) elmi məqamını yoxlamaq və sınaqdan keçirmək üçün, həm o həzrətin dostları və şiələri, həm də onların düşmənləri tərəfindən münazirə (müzakirə) məclisləri təşkil olunurdu. Həmin münazirələrdən biri də böyük əhli-sünnə alimi, Abbasi xəlifəsi Məmunun hökumətində “qazılar qazısı” adı ilə fəaliyyət göstərən və “fiqh” elminin öndərlərindən sayılan Yəhya ibn Əksəmlə baş vermişdir.   Məmun Mərvdən (Tusdan) Bağdada köçdükdən sonra, imam Cavada (ə) bir məktub yazıb, o həzrəti Bağdada dəvət edir. Bu dəvət məcburiyyət xarakterli olduğundan, imam Cavad (ə) dəvəti qəbul edir və bir neçə gündən sonra Bağdada daxil olur. Məmun onu öz sarayına gətizdirirı və öz qızı Ümmül-Fəzli o həzrətlə evləndirməyə qərar verir. Bu xəbər Abbasilər arasında böyük səs-sədaya səbəb olur. Onlar narahat halda bir yerə toplaşıb, bu qərara müxalif olduqlarını elan edirlər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini tələb edirlər. Onlar Abbasilərlə Əli övladları arasında baş verən köhnə çəkişmələrə işarə edərək deyirlər: “Artıq Əli ibn Musər-Rzanın gördüyü işlər bəsdir! Hələ bununla belə, yenə Əli (ə) övladlarını hakimiyyətə qaytarmaq istəyirsən? Bizimlə Əli övladları arasındakı düşmənçiliyi nə tez unutdun?” Məmun “Bəs nəzəriniz nədir?” – deyə soruşduqda, onlar dedilər: “Bu oğlan hələ uşaqdır və kifayət qədər elm və biliyi yoxdur.” Məmun dedi: “Siz bu xanədanı yaxşı tanımırsınız. Onların kiçikləri ilə böyükləri arasında fərq yoxdur, hamılıqla böyük elm sahibidirlər. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Əgər mənim sözümü qəbul etmirsinizsə, istədiyiniz zaman onu sınaqdan keçirə və elmi müzakirə məclisləri təşkil edə bilərsiniz! O zaman mənim sözlərimi dərk edəcəksiniz.” Nəhayət, onlar Məmunla müvafiq olduqlarını bildirərək, imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqih Yəhya ibn Əksəmi təyin edirlər. (“Mizanul-etidal”, c.4, səh.361-362.) Yəhyanın razılığını aldıqdan sonra, uyğun məsələ üçün çətin suallar hazırlayacağını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd edirlər. Bu iş üçün müəyyən bir gün də təyin edirlər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər hamılıqla və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü haqda nə deyə bilərsiniz?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: –Heyvanı hərəmdə (Kəbənin daxilində) öldürmüşdür, yoxsa onun çölündə? –Ehramlı şəxs hökmü bilmədən heyvanı öldürüb, yoxsa bilərəkdən? –Ehram geyən şəxs azaddır, yoxsa kölə? –Həmin şəxs kiçik olub, yoxsa böyük? –Belə bir işi ilk dəfə görüb, yoxsa, neçə dəfə? –Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? –Kiçik heyvan olub, yoxsa böyük? –Bu işi gündüz görüb, yoxsa gecə? –Həmin şəxs bu işindən peşmandır, ya yox? –Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən aşkar görünür və məclis əhli də bunu gözəl başa düşür. Məmun məclisdəkilərə xitabən deyir: “Bu nemətə görə Allaha təşəkkür edirəm ki, həqiqət mən düşündüyüm kimi də baş verdi.” Sonra əlavə edərək deyir: “İndi, Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Məclis dağıldıqdan sonra Məmun üzünü imam Cavada tutub irəli sürdüyü həmin sualların cavabını öyrənmək istəyir və İmam (ə) sualları bir-bir cavablandırır. Sonra Məmun imam Cavaddan (ə) istəyir ki, qazılar qazısı Yəhya ibn Əksəmdən bir sual soruşsun. İmam (ə) Yəhya ibn Əksəmə buyurur: “Soruşummu?” Yəhya deyir: “İxtiyar sahibisiniz! Əgər bacarsam, cavab verərəm, əks halda, cavabını sizdən öyrənərəm.” İmam buyurur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qaldıqda, imam Cavaddan (ə) istəyir ki, o həzrət özü cavab versin. O həzrət belə cavab verir: “O qadın başqasının kənizidir və buna görə də, həmin kişiyə haramdır, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir (təlaq növüdür) və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda, “zihar” təlaqının kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” Bu münazirədən, sual və cavablardan sonra imam Cavadın (ə) elmi məqamı hamıya məlum olur, dost və düşmən imamət elminin yaş həddi tanımadığını başa düşür. (“Əl-irşad”, Şeyx Müfid, səh.46-51; “Əl-ehticac”, Təbərsi, səh.247.) Yazar.Rza Şükürlü Mənbə. (Maide.az)
568 Views