Vaxtilə sovet partiya və dövlət rəhbərlərinin istifadə etdikləri ZİM və «Çayka» markalı avtomobillər təkcə keçmiş SSRİ mənkanında deyil, bütün dünyada məşhur idi.
ZİM-in “doğuluşu”
QAZ-ın tarixində ən orijinal modellərdən biri 12-ci seriyadan olan, ömrünün ilk yeddi ili ərzində ZİM adlandırılan avtomobillər olub. 1948-ci ildə Molotov adına Qorki avtomobil zavodu altı yerlik avtomobil hazırlamaq barədə hökumətdən tapşırıq alıb. Tapşırığa görə, yeni avtomobil öz komfortuna, yanacağa qənaət etməsinə və dinamikliyinə görə prestijli ZiS-110 ilə kütləvi «Pobeda» avtomobilləri arasında aralıq mövqe tutmalı idi. Bu modelin hazırlanması üçün Qorki avtomobil zavodunun mütəxəssislərinə 29 ay vaxt ayrılımışdı. Zavodun mütəxəssisləri yeni modelin hazırlanmasında QAZ-ın əvvəlki buraxılışlarının bəzi elementlərindən istifadə etməli oldular.
Gərgin zəhmət sayəsində 100 km məsafə üçün 18-19 litr yanacaq işlədən, 1940 kq çəkisi olan, maksimal sürəti saatda 125 km-ə çatan və 37 saniyə ərzində saatda 100 km sürət yığa bilən səssiz mühərrikli yeni model yaradıldı. Konstruktorlar kuzovu hazırlayarkən əsas diqqəti onun möhkəmliyinə yönəltmişdilər. Avtomobilin salonuna üç sərgə oturacaq yerləşdirildi. Orta cərgədəki oturacaqları yığmaq və qabaq oturacağın arxasına qatlamaq olurdu. Bu zaman arxada oturan sərnişinlərin ayaqları üçün olduqca geniş məsafə yaranırdı. ZİM-in uzunluğu 5,53 metrə çatırdı.
Salon o dövr üçün zəngin işlənmiş, üçdiapazonlu radioqəbuledici ilə, bir həftəliyə qurula bilən saatla, siqaret çəkmək üçün elektrik alışqanı və külqabılarla ilə təchiz olunmuşdu. Bundan başqa, cihazlar panelində lampalar vardı ki, onların yanması sürücüyə əl əyləcinin dartılması və soyutma sistemində suyun temperaturunun çox qızması barədə xəbərdarlıq edirdi. ZİM-in maraqlı xüsusiyyətlərindən biri də onun kapotu idi. O, istənilən tərəfə açılırdı və tamamilə çıxarıla da bilərdi. Qatlanan arxa şüşə də bu avtobilin maraqlı xüsusiyyətlərindən idi. Bu, o zaman sovet avtomobilqayırma sənayesi üçün yenilik idi.
Stalin ZİM-in baş konstruktorunu niyə cəzalandırıb?
1949-cu il noyabrın 7-də QAZ-12-nin (ZİM) sınaq nüsxəsi Qorkidə bayram nümayişində iştirak edib. 1950-ci il fevralın 15-də avtomobil, qəbul edilmiş qaydalara uyğun olaraq, dövlət rəhbərlərinin xidmətinə verilib. Məlumatlara görə, sovet partiya və hökumət rəhbərləri yeni avtomobili çox bəyəniblər, deyilənlərə görə, hətta ölkə rəhbəri İosif Stalin özünü saxlaya bilməyərək maşını tərifləyib də. Lakin o, ZİM-in baş konstruktorunun Andrey Aleksandroviç Lipqart olduğunu öyrənərkən əsəbiləşib. Məsələ burasında idi ki, Lipqartın ondan öncə hazırladığı «Pobeda» modeli Stalinin xoşuna gəlməmişdi. ZİM Stalinin xoşuna gəlsə də, o, baş konstruktorun cəzalandırılmasını əmr edib. Rəhbərin göstərişindən sonra üç dəfə «Lenin», iki dəfə «Qırmızı Əmək Bayrağı» ordenləri ilə təltif edilmiş, beş dəfə «Stalin» mükafatı almış Andrey Aleksandroviç Lipqart 1951-ci ilin dekabrında QAZ-ın baş konstruktoru vəzifəsindən azad edildi və bir neçə aydan sonra isə Ural ZiS-ə sıravi mühəndis vəzifəsinə göndərildi. Çox maraqlıdır ki, ona sonuncu «Stalin» mükafatını məhz ZİM-ə görə vermişdilər. Konstruktor 1953-cü ilin martında, Stalinin ölümündən sonra rəhbər işə qaytarıldı, ancaq QAZ-a deyil, başqa müəssisəyə. ZİM 7 ilə yaxın rəhbər şəxslərin xidmətində oldu. Sovet hökumətinin rəhbərliyi artıq onu köhnəlmiş avtomobil hesab etdiyindən yeni, daha yüksək kateqoriyalı model hazırlamaq məsələsi gündəmə gəldi. Nəticədə Qorki Avtomobil Zovoduna QAZ-13 modelini hazırlamaq tapşırığı verildi.
Sovet rəhbərləri üçün yeni maşın-“Çayka”
Yeni avtomobilin ilk sınaq nümunəsinin yığılması 1957-ci ilin iyulunda başa çatdı. QAZ-13-ün ilk buraxılışı Sov.İKP-nin XXI qurultayının keçirildiyi ayda - 1959-cu ilin yanvarında hazırlandı. Bu avtomobilin istehsalı 1978-ci ilədək davam etdi. «Çayka» adlandırılan yeni model öz sələfindən, yəni ZİM-dən görünüşü və quruluşuna, texniki göstəricilərinə görə fərqlənirdi. «Çayka»nın kuzovu qapı şüşələrini qaldırıb-endirən elektrik qurğu ilə, şüşələrin qaldırılıb-endirilməsini mərkəzləşdirilmiş qaydada idarə edən sistemlə, şüşə yuyucusu ilə, «panoramlı» möhkəm şüşə ilə, dumana qarşı faralarla təchiz edilmişdi. ZİM-dən fərqli olaraq, «Çayka»nın arxa qapısı ortadan arxaya doğru deyil, qabaq qapilar kimi açılırdı. «Çayka»da beş oturacaq yeri, habelə oturacağın qatlanması sayəsində iki əlavə yer vardı. Ümumi çəkisi 2100 kq olan avtomobil saatda 160 km-dək sürət yığa bilirdi. Bu cür güclü avtomobil xeyli yanacaq işlədirdi-hər 100 kmə 21 litr.
Xruşşovun Fidel Kastroya «qara qanadlı» hədiyyəsi
O vaxtlar bir ildə Qorki Avtomobil Zavodunun konveyerindən 150-yə yaxın «Çayka» çıxırdı. Vaxtı ilə Nikita Xruşşov səxavət nümayiş etdirərək adları hamıya yaxşı tanış olan Fidel Kastroya, Yuri Qaqarinə, Mixail Şoloxova və Qalina Ulanovaya xüsusi xidmətlərinə görə «qara qanadlı» «Çayka» bağışlamışdı. Ötən əsrin 70-ci illərində əsasən qara və ağ rəngdə buraxılmış «Çayka»ları da artıq köhnəlmiş avtomobillər saymağa başladılar. İstismar müddəti başa çatmış avtomobillər adətən nazirliklərin qarajlarından nikah saraylarının sərəncamına verilirdi. Hazırda bütün MDB ölkələri kimi Azərbaycanda da ZİM və «Çayka»lar gözə dəyir. Bu «qocalmış» avtomobillər hansısa rəhbər şəxsi deyil, toy mərasimlərinə tələsən bəy və gəlinləri daşıyır.
Mənbə: modern.az, Kayzen.az