Üzeyir Hacıbəyli xalqının dahi bəstəkarıdır

Üzeyir Hacıbəyli xalqının dahi bəstəkarıdır

Üzeyir Hacıbəyov müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur.

Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. Ü.Hacıbəyovun soy-kökü, nəsil şəcərəsi Qarabağın əsilzadə bəy nəsilləri ilə bağlıdır.

Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairə, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir.

Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. O, ev təhsili almış incə zövqlü qadın idi.

Hacıbəyovlar ailəsində beş uşaq dünyaya gəlmişdi: Sayad, Əbuhəyat, Zülfüqar, Üzeyir və Ceyhun. Valideynlərinin ədəbiyyata, musiqiyə olan böyük marağı və sevgisi uşaqlara da sirayət etmişdi.

Xüsusilə oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.

Üzeyirin dayısı Ağalar bəy Əliverdibəyov xalq musiqisinin gözəl bilicisi idi və Üzeyirin ilk musiqi müəllimi olmuşdur. Üzeyir Hacıbəyovun, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində yetişmişdir.

Şuşa şəhərini XIX-XX əsrlərdə «Qafqazın konservatoriyası» adlandırırdılar. Çünki Şuşa musiqiçiləri öz sənətkarlığı ilə təkcə Azərbaycanda deyil, bütün Qafqazda, eləcə də Şərq ölkələrində (İranda, Türkiyədə), bir sıra Avropa ölkələrində (Polşada, Almaniyada) və Rusiyanın bir çox şəhərlərində (Moskva, Peterburq və s.) tanınmışdı. Qarabağ muğam məktəbinin ənənələri üzərində neçə nəsil xanəndələr, tarzənlər və digər xalq çalğı alətləri ifaçıları yetişmişdir. Onların yaratdıqları və ifa etdikləri muğamlar, zərbi-muğamlar, təsniflər, rənglər, xalq mahnıları, rəqslər xalq tərəfindən sevilir və dillər əzbərinə çevrilirdi. Bu musiqi nümunələri qrammofon vallarına yazılaraq, dünyanın bir çox yerində yayılır və Azərbaycan musiqisini çox-çox uzaqlarda tanıdırdı.

O dövrdə Şuşanın musiqi həyatında bir çox yeniliklər baş verirdi ki, bu da sonradan Azərbaycanın digər şəhərlərində – Bakıda, Gəncədə öz davamını tapırdı. 1897-1898-ci illərdə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə xanəndə Cabbar Qaryağdı oğlunun və tarzən Mirzə Sadıq Əsəd oğlunun (Sadıqcan) ifasında Şuşada göstərilən Füzulininpoeması əsasında «Məcnun Leylinin məzarı üstündə» musiqili səhnəciyi xüsusi qeyd olunmalıdır. XX əsrin əvvəllərindən Şuşada ilk Şərq konsertləri də keçirilməyə başladı. Bu konsertlərdə aşıqlar, xanəndə və sazəndə dəstələri iştirak edirdi.

Belə bir mühitdə böyüyən Üzeyir xalq musiqisini və muğamatı dərindən mənimsəyirdi. O, hətta musiqili səhnəciklərdə xorda iştirak edirdi.

Üzeyir Hacıbəyov Şuşada ikisinifli rus-Azərbaycan məktəbində oxumuşdur. 1899-1904-cü illərdə isə Gürcüstanda yerləşən Qori müəllimlər seminariyasında təhsil almışdır. Seminariya illərində o, qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuş, klassik musiqi əsərlərini mənimsəmiş, skripka və bariton musiqi alətlərində çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Ü.Hacıbəyovun Qori seminariyasındakı tələbə yoldaşları - Müslüm Maqomayev, Əli Terequlov və başqaları sonradan onunla çiyin-çiyinə xalqın maariflənməsi uğrunda mübarizə aparmışlar. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Ü.Hacıbəyov və M.Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.

Seminariyanı bitirdikdən sonra Ü.Hacıbəyov bir il Hadrud kəndində (Cəbrayıl bölgəsi) müəllimlik etmişdir. Ü.Hacıbəyov 1905-ci ildə Bakıya köçmüşdür. XX əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində Bakıda teatr və konsert həyatı, təhsil, mətbuat yüksəlməyə başladı. Ü.Hacıbəyov Bakıda çoxcəhətli fəaliyyət göstərirdi. O, Bibiheybətdə, «Səadət» məktəbində müəllimlik edir, ana dili, rus dili, hesab, musiqi fənlərindən dərs deyir. Azərbaycan dilində «Hesab məsələləri» dərsliyini yazır. «Mətbuatda istifadə olunan siyası, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti»ni nəşr etdirir. Rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun«Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.

Ü.Hacıbəyov həmin illərdə publisist (jurnalist) kimi də geniş fəaliyyət göstərir. O, «İttihad», «Həyat», «İrşad», «Tərəqqi», «Həqiqət», «İqbal», «Yeni İqbal» qəzetlərində və «Molla Nəsrəddin» jurnalında «Ordan-burdan», «O yan - bu yan» başlığı altında çoxlu məqalə, felyetonvə satirik miniatürlər dərc etdirmişdir. Öz məqalə və felyetonlarında Ü.Hacıbəyov dövrünün mühüm ictimai-siyasi və maarifçilik məsələlərinə toxunur, xalqını maarifləndirmək uğrunda mübarizə aparırdı. O, mətbuatda «Filankəs», «U», «Üzeyir» və s. imzalarla çıxış edirdi.

Ü. Hacıbəyov XX əsrin əvvəllərində Bakı şəhərinin mədəni həyatında yaxından iştirak edir, xarici artistlərin (rus, italyan, alman və b.) ölkəmizə səfərini, onların göstərdikləri dram, komediya və opera tamaşalarını, konsertlərini maraqla izləyirdi. O özü də yaxın dostları, məsləkdaşları ilə bərabər xalqına xidmət etmək, xalqının mədəniyyətini və musiqisini yüksəltmək üçün əlindən gələni əsirgəmirdi. Ü.Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə milli opera (azərbaycan dilində) yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar və Ceyhun, seminariya dostları, dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski,Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər.

1908 – ci il yanvarın 25-də Ü. Hacıbəyovun «Leyli və Məcnun» operasının Bakıda H. Z. Tağıyevin teatrında ilk tamaşası oldu. Bu əsərlə Azərbaycanda və bütün Şərq aləmində opera sənətinin əsası qoyuldu. Ü. Hacıbəyov operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında özü yazmışdır. Qardaşı Ceyhun bu işdə ona yaxından kömək etmişdir. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. Azərbaycanda ilk opera olan «Leyli və Məcnun» xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrınınsəhnəsində yaşayır.

Ü. Hacıbəyov 1909 – 1915-ci illərdə bir-birinin ardınca «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab»(1910), «Şah Abbas və Xurşid Banu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915) operalarını yaratdı. Bu operaların librettolarını Ü. Hacıbəyov xalq dastanları və rəvayətlər əsasında yazmışdır; yalnız «Rüstəm və Söhrab» operasının əsasını Firdovsinin «Şahnamə» əsərinin motivləri təşkil edir. Bu əsərlərin musiqi məzmununda muğamatdan, aşıq musiqisindən geniş istifadə olunmuşdur.

Opera ilə yanaşı, Ü. Hacıbəyov musiqili komediya janrında əsərlər də yaratmışdır. «Ər və arvad»(ilk tamaşası - 1910), «O olmasın, bu olsun» (ilk tamaşası – 1911), «Arşın mal alan» (1913) musiqili komediyalarının mətnini də Ü.Hacıbəyov özü yazmışdır. Bununla o, həm də Azərbaycan dramaturgiyasında mühüm rol oynamışdır. Ü. Hacıbəyov musiqili komediyalarında yaşadığı dövrdə Azərbaycan məişətini, xalq adət və ənənələrini əks etdirmişdir. Tamaşaya qoyulduğu gündən xalqın dilində əzbər olan bu əsərlər tezliklə bir çox səhnələri dolaşdı. «Arşın mal alan» musiqili komediyası 40-dan artıq dilə (rus, ingilis, ərəb, fransız, çin) tərcümə olunmuş və dünya teatrlarının səhnəsində tamaşaya qoyulmuşdur. Bu musiqili komediyalar dəfələrlə ekranlaşdırılmışdır.

Ü.Hacıbəyov bir bəstəkar kimi musiqi təhsilini artırmaq üçün 1912 – 1914-cü illərdə Moskva və Peterburq konservatoriyalarında görkəmli musiqi müəllimlərindən dərs almışdır. Bu da onun yetkinləşməsində mühüm rol oynamışdır. Lakin Birinci Dünya Müharibəsinin başlanması və maddi çətinliklər Ü.Hacıbəyovu təhsilini yarımçıq qoymağa məcbur etdi.

1918 – 1920-ci illlərdə Azərbaycan Demokratik Respublikası dövründə Ü.Hacıbəyov ölkənin ictimai – siyasi həyatında yaxından iştirak etmişdir. O, «Azərbaycan» qəzetinin redaktoru kimi fəal ədəbi yaradıcılıqla məşğul olurdu. Ü.Hacıbəyov bu qəzetə rəhbərlik edərək, onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə kömək etmişdir. Onun bütün çap olunmuş məqalələri günümüzlə həmahəng səsləşərək, Ü.Hacıbəyovu uzaqgörən siyasətçi, ideyalı publisist kimi nümayış etdirir. Həmin dövrdə Ü.Hacıbəyovun yaratdığı «Milli marş», «Çırpınırdın Qara dəniz» bu gün bütün türk dünyasının himninə çevrilmişdir. «Azərbaycan marşı» isə 1992-ci ildə Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunmuşdur.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti quruldu. Bu illər yeni mədəniyyət quruculuğu illəri kimi tarixə düşmüşdür. Bu dövrdə musiqi sahəsində təşkilati işlərin başında Ü.Hacıbəyov durmuşdu. O, Azərbaycan xalq maarif komissarlığı yanında incəsənət idarəsinin musiqi şöbəsinə rəhbərlik edirdi.

1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyası yaradılır (indiki Ü.Hacıbəyli adınaBakı Musiqi Akademiyası). Həmin ildə Ü.Hacıbəyov Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi məktəbini (sonralar texnikum) təşkil etmiş və onun ilk direktoru olmuşdur. 1926-cı ilə bu təhsil ocağı ADK ilə birləşdirilmişdir.

Ü.Hacıbəyov burada musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənlərindən dərs demişdir. Həmin illərdə bir çox bəstəkar və musiqişünaslar onun tələbəsi olmuşlar. Azərbaycan xalq musiqisinin və muğamların nota yazılması, qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məsələsi Ü.Hacıbəyovu daim düşündürürdü. 1927-ci ildə Ü.Hacıbəyov M. Maqomayevlə birlikdə «Azərbaycan türk el nəğmələri» məcmuəsini nəşr etdirmişdir. Bu, xalq mahnılarının ilk not nəşri idi.

Ü.Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» (1945) fundamental elmi əsəri isə musiqi elmində yeni səhifə açdı, xalq musiqisinin nəzəri cəhətdən öyrənilməsinin vacibliyini önə çəkdi.

Ü.Hacıbəyov bir sıra musiqi kollektivlərinin yaradıcısıdır. Konservatoriyada o, ilk çoxsəsli Azərbaycan xor kollektivi (1926) yaratmışdır. 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasınəzdində Ü.Hacıbəyov yeni bir xor kollektivi təşkil etdi. Həmin xor bu gün də öz yaradıcılıq uğurları ilə dinləyiciləri sevindirir.

Ü. Hacıbəyov 1931-ci ildə Azərbaycan Radio komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini təşkil etmişdir. Bu orkestr üçün «Çahargah» və «Şur» fantaziyalarını bəstələmişdir. Ü.Hacıbəyov xalq çalğı alətlərinə not sistemi tətbiq etməklə sübuta yetirmişdir ki, qədim dövrlərdən şifahi ifaçılıq ənənələri əsasında mövcud olan Azərbaycan xalq çalğı alətləri Avropanın mükəmməl orkestr alətləri ilə bir sırada durmağa layiqdir. Ü.Hacıbəyov bu orkestrin ilk dirijoru olmuş, sonradan isə bu vəzifəni öz tələbəsi Səid Rüstəmova həvalə etmişdir. Hal-hazırda xalq çalğı alətləri orkestri Səid Rüstəmovun adını daşıyır.

1930-cu illərdə Ü.Hacıbəyov bir sıra instrumental əsərlər, mahnılar, kantatalar bəstələmişdir. («Aşıqsayağı», «Süvari mahnısı», «Pilotlar» və s.)

1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında «Koroğlu» operası ilk dəfə tamaşaya qoyuldu (librettosu H.İsmayılov və M.S.Ordubadinindir). Xalq qəhrəmanlıq dastanınınmotivlərinə əsaslanan «Koroğlu» operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Ü.Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir.

Ü.Hacıbəyov Böyük Vətən müharibəsi illərində «Çağırış», «Yaxşı yol», «Ananın oğluna nəsihəti», «Şəfqət baçısı», «Döyüşçülər marşı» və s. vətənpərvər ruhlu mahnılar, eləcə də xalq çalğı alətləri orkestri üçün «Cəngi» (1941) pyesini, «Vətən və cəbhə» (1942) kantatasını bəstələmişdir. Onun bu illərdə yaratdığı vokal musiqi əsərləri içərisində Nizami Gəncəvininanadan olmasının 800 illiyinə həsr etdiyi «Sənsiz» (1941) və «Sevgili canan» (1943) romans-qəzəlləri xüsusi yet tutur. Ü.Hacıbəyov Azərbaycan Respublikasının Dövlət Himnlərinin (1945, 1992) musiqisinin müəllifidir. Ü.Hacıbəyov həyatının son illərində «Firuzə» operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.

Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Xalqımız Üzeyir Hacıbəyovun xatirəsini əziz tutur. Onun Şuşada və Bakıda ev-muzeyləri açılmış, heykəlləri ucaldılmışdır. Azərbaycan Dövlət Konservatoriyasına (Bakı Musiqi Akademiyası), Azərbaycan Dövlət Simfonik Orkestrinə onun adı verilmişdir. Bakıda Üzeyir Hacıbəyovun adına küçə, onun adını daşıyan gəmi vardır. Bəstəkar və şairlər onun xatirəsinə əsərlər həsr etmişlər (məsələn, F.Əmirov, «Bəstəkarın xatirəsinə»). Onun həyat və yaradıcılığına həsr olunmuş 2 seriyalı «Üzeyir ömrü» (ssenari müəllifi və rejissoru Anar) bədii filmi, sənədli filmlər çəkilmişdir. Onun əsərləri çap olunmuşdur. UNESCO-nun qərarı ilə 100, 110, 120 illik yubileyi beynəlxalq miqyasda keçirilmişdir.

Respublikamızda hər il Üzeyir bəyin anadan olduğu gün – 18 sentyabr «Musiqi günü» kimi qeyd edilir.

Mənbə.ders.musigi-dunya.az

 
568 Views