Öz yerini tapanlar hekayesi

Öz yerini tapanlar hekayesi

Sultan Mahmuda dedilər ki: - Əfəndimiz, bir nəfər özünü peyğəmbər elan edib. Sultan dedi: - Onu mənim yanıma gətirin. Yalançı peyğəmbəri gətirdilər. Ayaqyalın, başıaçıq, aclıqdan ordu-orduna keçmiş, üst-başı tökülmüş bir nəfər idi. Sultan Mahmud dedi: - Aparın onu qırx gün yağ-balla, fındıq-kişmişlə paxlava-fəsəli ilə bəsləyin! Qırx gün sonra Sultan Mahmud həmin adamı yanına çağırtdırıb, soruşdu: - Hə, yenə də peyğəmbərsən? - Bəli... - Çox yaxşı, peyğəmbərlərə vəhy gəlir. Sənə də vəhy gəlirmi? - Bəli, gəlir. Cəbrayıl vasitəsilə gəlir... - Vəhydə nə deyilir? - Cəbrayıl vasitəsi ilə allah mənə xəbər göndərir ki, «Sən öz yerini tapdın, oradan daha heç bir yerə tərpənmə!»... Diksindim. Mənə elə gəldi ki, nadinc məhəllə uşaqlarının topu pəncərəmin şüşəsini qırdı və yazı stolumun yanına düşdü. Birdən diksindim. Yox, stolumun qabağına düşən top deyil, canlı adamdı. Otağımın qapısını gumbultu ilə açıb, düşmüşdü. Saçları dağılmış, sifəti pörtmüş, qızarmış gözləri yuvasından oynamış, ağzı əzilmişdi. Nəzərləri heybətlə baxırdı. Əvvəl tanımadım. Qorxmadığımı desəm, yalan söyləmiş olardım. Sonradan-sonraya tanış olduğumuzu xatırladım. Adını bilmirdim. Haradasa onu yoldaşlarımın yanında bir-iki dəfə görmüşdüm, bəlkə az-maz söhbət etmişdim. - Xoş gəlmişsiniz, buyurun, əfəndim! - deyə ona yer göstərdim. Qorxudan səsim də başqalaşmışdı. O, bir yumruğunu belinə vurmuşdu, o biri yumruğunu havada oynadaraq, sözləri elə bil ağzından atəş kimi püskürürdü. - Bu iş belə getməyəcək. Bu qayda-qanunsuzluq çox sürməz. Biabırçılıqdır! Onun nə demək istədiyini başa düşmədim, ancaq azca yumşaltmaq üçün dedim: - Çox düz buyurursunuz. Xahiş edirəm, oturasınız! Üzü qıpqırmızı idi, içərisinin atəşi yanaqlarına vurmuşdu. Mən: - Sərin bir şey içərsinizmi? - deyə soruşdum. Sözlərimi eşitmirmiş kimi: - Yıxmalı, yıxmalı! - deyə bağırdı. Mən ehtiyatla onun çiyinlərindən tutub, kresloya oturtdum. Əlinə siqaret verib yandırdım. Pəncərəni açdım. Stəkana su töküb ona uzatdım. - Suzamamışam, - dedi. - Eybi yoxdur, için, için! - dedim. Qeyri-ixtiyari suyu içib dərindən nəfəs aldı. Ondan ötrü qəhvə də hazırladım. Bir az sakitləşmişdi. O birdən:   - Mən müsbət və müvazinətli adamları xoşlayıram - dedi. - Nə kimi, bəyəfəndi? - deyə soruşdum. Bir işə düzəldilərmi, öldürsən də yerlərindən tərpənməzlər. Müntəzəm bir həyat sürürlər. Günün hansı saatında, nə iş görəcəklərini, kimlərlə nə danışacaqlarını bilirlər. Onları cədvəllə işləyən nümunəvi trolleybuslarla müqayisə etmək olar. Günün hansı saatında ayaqyoluna gedəcəklərini bilir və bunu heç vaxt unutmurlar. Məsələn, onlar heç də bizim kimi gülünc vəziyyətə düşmürlər... Yol gedərkən ayaqyolu axtarmaq üçün bizim kimi özlərini ora-bura vurmurlar. Onların başları, mədələri çox yaxşı işləyir, iş yerlərindən ya təqaüdə çıxdıqda, ya da öldükdə ayrılırlar... Bu üsyankar adam elə bil mənim həyatımı danışırdı. O, belə bir həyatı sevdiyini bildirirdisə də, ancaq hiss edilirdi ki, belə həyat sürənləri heç də xoşlamır. - Mən sakit və intizamlı həyatı xoşlayıram, - dedi. - Ancaq buna nail ola bilmirəm. - İnşallah olarsınız - dedim. Sağ əliylə çallanmış saçlarından yapışdı: - Olar deyirsən? Bəs nə zaman? - deyə bağırdı, - bu yaşımdan sonramı? Məsələn, siz mənə deyə bilərsiniz ki, xırda pullarınızı harada saxlayırsınız? - Xırda pullarımı? Şalvarımın sağ cibində... - Bəs iri pullarınızı? - Pencəyimin sol qoltuq cibində, portmanetdə. - Bəs yaylığınızı? - Mənim iki yaylığım olur; biri şalvarımın sol cibində, o biri isə pencəyimin sağ cibində... - Darağınız? - Şalvarımın dal cibində. - Gördünüzmü, şeylərinizin harada olduğunu bilirsiniz. Mən isə bilmirəm... - Nə üçün bilmirsiniz? - Yoxdur, ona görə də bilmirəm... Arada əlimə pul keçsə də, hansı cibimə gəldi, qoyuram. İnsanın öz pulunu, yaylığını, darağını, qələmini, dəftərini müəyyən yerdə daşıması üçün bu şeyləri daşımağa alışması lazımdır. Onun səsi yenə birdən ucaldı: - Bəyim, məndə pul haradan olur? İki gündür ağzıma bir tikə çörək almamışam. Ayaqqabılarımı görürsünüzmü? Pəncəsi timsah ağzı kimi açılmışdır. Bəli, bəli, biz uçuruma doğru gedirik. İşsizlik, bahalıq, bizi ağzına alıb. Millət qırılır. Əxlaq pozulub. Fahişəlik artıb. Qumar azar kimi yayılıb. Xəstələr dərman tapmırlar. Xəstəxanalar dolub. Yoxsulluq... Susdu, dirsəyini stola dayayaraq üzümə yaxınlaşdı: - İnqilab lazımdır, inqilab! - dedi. - Siz mənimlə razısınızmı? Yerimdə donub qaldım... Özümü ələ almağa çalışdım. - Sizə edə biləcəyim ən böyük yaxşılıq bu sözlərinizi eşitməmiş olmağımdır. Siz mənə heç bir şey demədiniz, bura "gəlmədiniz, mən sizinlə danışmadım. Mən heç bir şey bilmirəm. Bu qədər! Onun kefi pozulmuşdu. Ayağa qalxdı. - Bəs belə! Çox təəssüf! Mən sizi mötəbər bir adam sanırdım... - Xahiş edirəm ki, mənimlə danışdığınızı, məni gördüyünüzü heç kimə deməyəsiniz. Sizi ələ verən də deyiləm. O, əzgin və ümidsizcəsinə çıxıb getdi. Qorxumdan evdə dayana bilmədim. Bir az gözlədim və küçəyə çıxdım. Saatımı da yarım saat geriyə çəkərək, bir neçə yoldaşımın yanına getdim. Sözarası bir neçə dəfə saatıma baxıb ucadan vaxtı soruşdum. Bunları qorxumdan eləyirdim. Həmən adam mənimlə danışdığını bir yerdə ağzından qaçırardısa «mənim yanımda olmamışdır. Mən həmin saatlarda filankəslərin yanında idim» - deyə onları şahid çəkə bilərdim. Evə gəldim. Cibimdən min lirə pulum yox olmuşdu. Həmin adam huşumu başımdan elə çıxarmışdı ki, şoferə on lirə əvəzinə bütöv minlik vermişdim. Elə bil beynimə güllə çaxılmışdı. Mənim kimi az qazanan bir adam üçün min lirə böyük şey idi. Fikirdən bütün gecəni yata bilmədim. Ertəsi gün işə gedərkən dünənki adama yolda rast gəldim. Yanında bir tanışım da vardı. Məni görməsin deyə üzümü yana çevirdim. Lakin o məni gördü və mənə yaxınlaşdı. - Kefiniz necədir, bəyəfəndi? Çox soyuq bir tərzdə: - Təşəkkür edirəm, - dedim. - Hava da bu gün nə gözəldir, - dedi. Əslində isə səhərdən bəri aramsız yağış yağırdı. - Bu havanın nəyi yaxşıdır? - dedim. - Çox axmaq havadır... O gülümsədi: - Mən belə havanı çox sevirəm. Əsil kino havasıdır. Günortadan sonra kinoya gedəcəyəm... Sağlıqla qalın. - Gülə-Gülə. O getdi, lakin yanımdakı adam gedənin dalınca baxaraq, dedi: - Bu adamlar çox qəribədirlər. Cibində pulu olanda adam pis havaya da gözəl hava deyir. - O gedən bəyin pulu varmı? - Yoxuydu. Ancaq dünəndən bəri vardır. Dünən axşam Bəyoğluda bir yoldaşı ilə gedərkən evlərdən birindən ikisinin də başına şey düşür. Bunun başına dolu portmanet, yoldaşının başına isə çiçək dibçəyi. Yaralını xəstəxanaya aparırlar, bu adam da ara qarışıqda portmaneti götürüb ortadan çıxır... Bir həftə sonra avtobusda bir cibgir pencəyimin cibini kəsərək bir aylıq maaşımı və uzun illərdən bəri artıra bildiyim üç min lirəmi qoyduğum portmanetimi apardı. Bu hadisədən bir gün sonra gəmidə gedirdim. Yenə həmin adam gəlib yanımda oturdu... Baxdım... Üst-başı təptəzə idi... - Deyəsən qanınız qaradır? - dedi. - Yox, elə bir şey olmayıb...- dedim. Üzü gülürdü: - Ölkənin iqtisadi vəziyyətini necə görürsünüz? - dedi. - Doğrudur, belə şeylərdən başım çıxmır, - dedim, - ancaq o qədər də yaxşı deyil... Onun üzü birdən ciddi bir ifadə aldı: - Yox! Allaha şükür, indi daha əvvəlki kimi deyil. Gündən-günə də yaxşılaşır. İşləmək istəyən üçün iş vardır... Təki insan tənbəl olmasın. Gəmidən düşərkən sərnişinlərdən biri onun arxasınca baxıb yanındakı yoldaşına belə deyirdi: - Bu adamı görürsünüzmü, qardaşım. Keçən gün ona xüsusi bir avtomobil toxunur. Yıxılıb, burnu qanayır. Avtomobilin sahibi çox varlı imiş. İstəmir ki, qəzetlər bu hadisəni öz səhifələrində yazsınlar və əzilən adam məhkəməyə şikayət etsin. Bunun üçün cibindən üç min lirə çıxarıb ona verir. Doğru deyiblər, bəla gəldimi bir-birinin üstündən gəlir. On lirə əvəzinə, şoferə min lirə verdikdən, oğru portmanetimi çırpışdırdıqdan bir neçə gün sonra bir əclaf qohumum məni səkkiz min lirə zərərə saldı. Mən qardaşım oğlunu deyirəm. O yanıma gəlib: - Əmican, bir maşın alaq, taksi kimi işlədək. Dünyanın pulunu qazanarıq, - dedi. Sən demə səkkiz min lirə peşin və üstəlik veksel verib köhnə, ancaq yaxşı bir maşın almaq olurmuş. Əlimdən çıxmış pulları qaytarmaq eşqi ilə mən də bu sözlərə inandım. Uzun illər ərzində topladığım səkkiz min lirəni bankdan alıb, qardaşım oğluna verdim. Maşın alındı. Bundan əlavə mən 20 min lirəlik borc veksellərini də imzaladım. Bundan sonra qardaşım oğlu da, maşın da yox oldular. Səkkiz min lirə havaya getdiyi kimi, iyirmi min lirə də borca düşdüm. Dünya gözümdə deyildi. Belə günlərin birində yenə həmin adamla dolmuşda yan-yana düşdük. Kefi kök idi. Gülümsəyirdi. Arada dedi: - İstədiyin zaman taksi də tapa bilmirsən. Buna görə də dolmuşa minmək məcburiyyətində qaldım...- dedi. O, yaman gəvəzəlik edirdi. - Məmləkətin vəziyyətini necə görürsünüz? - Vallah, bilmirəm. Deyəsən, o qədər də yaxşı deyil. - Yooox... Şükür eləməliyik. Çox şükür məmləkətdə pul çox, gəlir də öz yerində. İş tapmaq da asandır... Bundan artıq bir şey arzulamaq nankorluq olardı... O maşından düşdü. Şoferin yanında oturmuş bir sərnişin dedi: - Gördünüzmü, o hərifi, nə dedi? Məmləkətdə pul çoxmuş. Mən onu tanıyıram. Fırıldaqçının biridir. Bu yaxınacan acından köpük qusurdu. Yolda qəzet kağızına sərili bir dəstə pul tapandan sonra belə optimist olmuşdur. Pul insanın kefini kökəldir, belə dilləndirir. Son vaxtlarda başımıza gələn bəlalar hələ az imiş ki, evimizə də oğru gəldi. Arvadımın bilərziklərini, üzüklərini, çəkidə yüngül, qiymətdə bahalı nə vardısa hamısını çalıb apardı. Oğrunun tapılıb-tapılmamasını öyrənmək üçün hər axşam polis idarəsinə gedirdim. Bir axşam yenə polis idarəsinə gedərkən o adamı gördüm. Mən öz hayımda idim, o isə öz kefində. O: Əfəndim, - dedi, - bir para adamlar güzəranın çətinliyindən şikayət edirlər. Ancaq günah kimdədir? Özlərində... Çünki qeyri-müntəzəm, laybalı həyat sürürlər. İnsan gərək proqramla yaşasın... Siz buna nə deyirsiniz? - Bəzən proqramı həyata keçirmək olmur. - Elə deməyin... Bu dövlət əleyhinə propaqanda kimi səslənir. Belə söhbət edə-edə o da mənimlə polis idarəsinə getdi. Orada ayrıldı. Polis nəfərlərindən biri onu tanıyırmış. Dalınca dedi: - Adamların bəxti necə də gətirir. Keçən həftə cıdırda bir at üçün on üç lirə mərc çəkdi və iyirmi yeddi min beş yüz lirə uddu. Biz oğrunu axtararkən atadan qalma evimiz də od tutub yandı. Yanğın qonşumuzdakı evdən başladı və dörd ev bir-birinin dalınca yandı. Bunlardan bircə bizim ev sığorta edilməmişdi. Yanğından yalnız bir çiçək dibçəyini və bir də qəlyanı xilas edə bildik... Arvadım özünü itirdiyindən dibçəyi götürmüş, mən də qəlyanı küçəyə tullamışdım. Birimizin əlində çiçək dibçəyi, o birimizin əlində qəlyan küçənin ortasında qalmışdıq. Müvəqqəti olaraq qohumlarımızdan birinin evinə sığındıq. Mən kirələmək üçün ev axtarırdım. Pəncərəsində elan asılmış bir evə girdim. Ev sahibi kim olsa yaxşıdır? Həmin adam! Məni özünün yaşadığı mərtəbəyə apardı. Hey danışırdı: - Allah işləyənə verir. Təki insan işləsin. Elə deyilmi, əfəndim! İnsan sidq ürəklə allaha bağlanmalıdır. Məsələn, götürək məni... Sonra o: - Siyasi vəziyyəti necə görürsünüz? - deyə soruşdu. - Siyasətdən başım az çıxır, - dedim. - Ancaq bir az qarışıq kimidir. - Yooox... Ölkəmiz heç zaman bu günkü qədər rifaha qovuşmamışdır. Allaha çox şükür ki, bizdə tam intizamlı bir idarə var. Düzdür, bəzi pozğun adamlar orada-burada danışıb, qarışıqlıq yaratmaq istəyirlər... O açıqdan-açığa məni məzəmmətləyirdi... Kirayə qiymətində razılaşmadıq. Qapıdan çıxarkən evin qapıçısına: - Üç otaq altı yüz lirəyə çoxdur, - dedim. Qapıçı: - Bəyim, bunlarda insaf yoxdur, - dedi. - Alnının təri ilə qazanıb ki, insafı da olsun? Lotereyadan yarım milyon lirə uddu və bu evi aldı. Doğrudan da bəla, bəla üstündən gəlir. Dörd yüz lirəyə kirayə etdiyimiz üçotaqlı rütubətli bir zirzəmiyə köçdükdən bir neçə həftə sonra işlədiyim fabrik bağlandı. İşsiz qaldım. Sahibkar iflasa uğradığı üçün təzminat da ala bilmədik. Nə edəcəyimi düşünə-düşünə gedərkən birdən qarşımda xüsusi bir maşın durdu. Maşından birisi səsləndi: - Buyurun, minin, - dedi. - Sizi evinizə aparım. Baxdım, o idi. Mindim. O, kökəlib piylənmiş, qarın salmışdı. Yerli-yersiz qəhqəhə çəkərək danışırdı: - İnsanla heyvanın fərqi nədir? Fərqi budur: heyvan qarnı acıyanda yeyər. İnsan isə elə deyil... İnsan nəyi nə zaman edəcəyini bilməlidir. Yeməyi də müəyyən zamanlarda olur. Lətifəsi sənə gəlməsin, bəziləri vardır ki, nə tapırsa, nə zaman tapırsa yeyir... Buna görə, aydın şeydir ki, mədəsi də, bağırsaqları da müntəzəm işləmir... Sonra yollarda qarnını tutub ayaqyolu axtarır. Bu insanlıqdır? Siz nə edirsiniz, necə yaşayırsınız? - Sağ olun, yaxşıyam. - Məmləkətin vəziyyətini necə görürsünüz? - Yaxşı deyil... Birdən çığırdı: - Sən nə deyirsən... Deyəsən sən müxalifətçisən? Yooox... Günəşin üzünə palçıq yaxmaq olmaz. Bu günkü vəziyyətimiz heç tarixdə görünməmişdir. Bu fövqəladə... - İcazə verin, burada düşəcəyəm... Düşdüm. Maşının dalınca baxa-baxa qalmışdım. Yoldaşlarımdan biri mənə yaxınlaşıb salam verdi və: - Nə fikrə getmisən, onu tanımırsan? - deyə soruşdu. - Kimi? - Maşında gedəni... Hərifə dörd milyon lirə miras qalıb. Onun Misirdə bir əmisi varmış, heç özünün də xəbəri yoxmuş. Üzünü belə görməyibmiş. Əmisinin başqa adamı olmadığı üçün öləndə pulları buna qalıb. Bütün ümidim on üç min lirə alacağım olan bir İstanbul tacirinə idi. Əlimdə onun qəbzi vardı. Arvadımın torpaq sahəsini bu tacirə satmışdıq. Torpaq pulundan bizə on üç min lirə borcu qalmışdı. Bu pulu alandan sonra bir iş görəcəkdim. Borcumu almaq vaxtı çatınca sənədi götürüb, tacirin yanına getdim. Orasını deyim ki, çox namuslu adamdı. Sənəd olmasa da pulu verərdi. Ancaq pulu vermədi. Çünki iflas olmuşdu. Sənədin indi bir qəpik əhəmiyyəti yox idi. Torpaq sahəsi də başqa borcluların əlinə keçmişdi. O gecə həyatımda ilk dəfə olaraq, meyxanaya getdim. O adamı da meyxanada gördüm. Özü yanıma gəldi. Arağı da ona mən sifariş etdim. - Qanınız nə üçünsə qaradır? - dedi. - Nə etmək olar. Ölkə bu qədər ağır vəziyyətdə... Bahalıq milləti lap boğazına yığıb. Əlbəttə, bu vəziyyət belə sürməz. Bunun axırı yoxdur, - dedim. Ona dediyim sözlər yalnız bu oldu. Bir az sonra yerindən qalxdı və meyxanadan çıxdı. Onu tanıyan xidmətçi dedi: - Keçmişdə buraya tez-tez gələrdi. Evlənəndən sonra isə çox seyrək gəlir. - Evlənibdir... Hərif milyoner bir qadını alıb, var-dövlət sahibi olub, pambıq tarlalarına yiyələnib. Qapıdan çıxarkən iki nəfər qolumdan yapışdı. Məni polis idarəsinə gətirdilər. O adamı da burada gördüm. Məndən şikayətə gəlmişdi. Barmağını mənə tərəf uzadıb komissara dedi: - Bəli, bu adamdır! Onun evimə ilk dəfə gələrkən mənə söylədiyi, mənim də o zaman “Bunları eşitməmiş olum” dediyim sözləri meyxanada ona söylədiyimi iddia edərək şikayətlənirdi. O, sözünə inanılmayan adama oxşamırdı. Mən də elə vəziyyətdə deyildim ki, sözümə inanalar. Ayaqqabımın pəncələri timsah ağzı kimi açılmışdı. Mənbə Əziz Nesin Kor döyüşü kayzen.az
568 Views