Aristotel kimdir

Aristotel kimdir

Ərəstun adı ilə xalq arasında tanınmış Aristotel (E.ə. 384-322) Qədim Yunanıstanın ən görkəmli filosofu və alimidir. O, Yunanıstanın Stagir koloniyasının indiki Xalkis şəhərində anadan olmuşdur. Aristotel e.ə. 367-ci ildə Afinaya gələrək Platonun şagirdi olub. Platonun məktəbi Afina yaxınlığında qədim Yunan əfsanəvi qəhrəmanı olan Akademin heykəli yanında yerləşirdi. Orada kölgəli bağda Platon öz şagirdlərinə mühazirə oxuyub, söhbətlər edirdi. Buna görə də onun məktəbi xalq arasında Akademiya (Platon Akademiyası) adlandırılmışdır. Akademiya sözü də oradan götürülmüşdür. Aristotel 20 il Platon «akademiyası»nda iştirak etmişdir.Platona şagird olduğu dövrdə o, heç kəsin dediyinə inanmır, müəllimindən öyrəndiyi hər şeyi özü yoxlamağa çalışırdı. Belə yoxlamalar nəticəsində o, həqiqəti aşkara çıxarar, doğrunu yalandan ayırardı. Bu barədə Aristotel demişdir: «hərçənd Platon mənim üçün əzizdir, həqiqət isə daha qiymətlidir». Aristotel e.ə. 343-335-ci illərdə Makedoniyalı İsgəndərin tərbiyəçisi olmuşdur. Makedoniyalı İsgəndər öz müəllimi barədə belə demişdir: «Mən Aristotelə öz atam qədər mərhəmət bəsləyirəm, ona görə ki, əgər atama həyatımla borcluyamsa, Aristotelə həyatıma zinət verən hər bir şeylə borcluyam». E.ə. 335-ci ildə Aristotel Afinaya qayıdıb öz məktəbini (Peripatetik məktəb) yaratmışdır. Aristotelin dövründə adamlar təbiət haqqında çox az bilirdilər. Dərin zəkalı Aristotel isə dünya və təbiət haqqında hər şeyi bilməyə çalışırdı. Aristotel çoxcəhətli yaradıcılığa malik olmuşdur. O, məntiq, psixologiya, təbiətşünaslıq, etika, siyasət, poeziya, tarix və s. aid əsərlər yazmışdır. Onun ən çox məşhur olan əsərləri: «Fizika». «Metafizika», «Poetika», «Ritorika», «Orqanon» və s. Fizika elmi öz adını Aristotelin «Fyuzika» kitabının adından kəsb etmişdir. Yunanca «füzis» təbiət. «Fyuzika» «Təbiət haqqında» deməkdir. Heç də Aristotelin «Fizikası» müasir fizikaya uyğun gəlmir, o təbiət haqqında ən ümumi təlim kimi ifadə olunmuşdur. Məsələn, varlığın ümumi başlanğıcları məsələsi, materiya və formanın əksliyi, hadisə və zərurət, sonsuzluq, boşluq, hərəkət və s. Aristotelin fizikasına daxil idi. Aristotel bütün cisimlərin qarşılıqlı çevrilməsini təsdiq edərək, atomların mövcud olmasını qəti inkar etmişdir. O, bütün cisimlərin sonsuz parçalanmasının mümkünlüyünü qəbul edirdi. Aristotel Platon idealizminə qarşı etirazlar irəli sürərək, maddi aləmin obyektiv surətdə mövcudluğunu göstərmişdir. O, hesab edirdi ki, təbiət heç bir ideyadan asılı deyil, ideyalar isə onun əsasında yaranır. Aristotel təbiəti, onun cisim və hadisələrini daim hərəkətdə və inkişafda görürdü. İlk dəfə hərəkətin növlərini o təsnif etmişdir. Bunlar üç əsas hissədən - meydana gəlmə, məhv olma və dəyişmədən ibarətdir. Aristotelə görə Yer dünyanın mərkəzində yerləşir və kürə formasında olub tərpənməzdir. Bütün göy cisimləri Yer kimi kürə formasındadır. Aristotel mexaniki hərəkət haqqında təlimin əsasını qoyanlardandır. O, belə hesab edirdi ki, bütün cisimlərin mexaniki hərəkətinin təbiətdə öz yeri var və onu iki qrupa bölmək olar: birincisi göy cisimlərinin hərəkəti; ikincisi, bütün qalan cisimlərin hərəkəti. Ona görə hər bir cisim materiya ilə formanın vəhdətindən ibarətdir. Aristotel materiyanı ilk səbəb kimi qəbul etsə də onu passiv başlanğıc sayırdı. Onun fikrincə yüksək «forma» allahdır. O, allahı əbədi və dəyişməz hesab etmişdir. Buradan aydın olur ki, Aristotel materializmlə idealizm arasında tərəddüd etmişdir. Aristotel hava haqqında elmin-meteorologiyanın əsasını qoymuşdur. O, xəstəlikləri müalicə etmək üçün yeni vasitələr tapmışdır. Bunlarla yanaşı Aristotelin səhvləri də olmuşdur. Məsə­lən, o belə hesab edirdi ki, havanın çəkisi yoxdur; əşya nə qədər ağır olsa, bir o qədər sürətlə düşər; şaquli düşən cisimlər bərabər sürətli düşür və s. Aristotel nəinki təbiəti öyrənmişdir, eyni zamanda təbiəti öyrənməyin metodlarını da göstərmişdir. O, dünyanı öyrənmək üçün ilk təcrübə aparanlardan biri olmuşdur. Dinə qarşı cinayətdə təqsirləndirilən Aristotel təqibdən qurtarmaq üçün Evbey adasına qaçmış və bir il sonra mədə xəstəliyindən vəfat etmişdir. Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı Qaynaq. Kayzen.az
568 Views